Modern.az

İnstitut direktoru: “Hamı dərk etməlidir ki, burda elə-belə işləmir” - MÜSAHİBƏ

İnstitut direktoru: “Hamı dərk etməlidir ki, burda elə-belə işləmir” - MÜSAHİBƏ

15 Noyabr 2013, 10:57

Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində ixtisarlar gözlənilir. Akademiya vitse-prezidenti İsa Həbibbəyli bir sıra institutların da birləşdiriləcəyini dilə gətirib. Modern.az qarşıdakı dəyişikliklər ərəfəsində Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadədən müsahibə alıb.

İnstitutun fəaliyyətində əsas prioritet istiqamətlər hansılardı?

– Ən əsas üç prioritet istiqamətimiz var. Birincisi, fənlərarası tədqiqatlarda fəlsəfə və fəlsəfə tarixi. İkinci, tanınmış xarici fəlsəfi mərkəzlərlə münasibətləri genişləndirmək, universitetlərlə daha sürətli iş birliyində olmaq, reytinqli elmi jurnallarda çap olunmaq. Üçüncüsü, identiklik, multikulturalizm və fəlsəfənin inkişafıdır. Milli ideologiya və fəlsəfənin inkişafı institutun əsas işlərindən biridir.

Təbii ki, problemlərimiz də az deyil. Elmi problemləri həll edə bilsək, o birilər də qaydasına düşə bilər. “Elmdə problem” dedikdə alimin, araşdırmaçının qarşısına qoyduğu hədəflərə çatmaq üçün ortaya çıxan suallar nəzərdə tutulur. Fənlərarası təhlildən və metodologiyadan danışırıqsa, fəlsəfə bunu bacarmalıdır. Amma deməzdim ki, bu cür yanaşma bütün alimlərə məxsusdur. Bəzi alimlər hesab edir ki,  fəlsəfənin klassik metodologiyası var və fənlərarası istiqamət onları bir o qədər də maraqlandırmır. Əsas problem və ziddiyyət budur. Məncə, axır vaxtlarda fəlsəfədə müəyyən dəyişilmə var. Məsələn, müəyyən layihələrimiz və məqalələrimiz fəlsəfə və sosiologiya, fəlsəfə və hüquq, yaxud sosiologiya və hüquq arasındakı yaxınlaşmanı, qarşılıqlı münasibətləri əks etdirir. Bu o deməkdir ki, sosioloq, filosof və hüquqşünasların birgə fəaliyyəti daha çox səmərə verə bilər. Məsələn, bu günlərdə III Beynəlxalq Forum təşkil olundu. O, humanitar forum olsa da, orda sosioloq, filosof və hüquqşünasların eləcə də bir sıra sahələrə aid olan alimlərin birgə elmi diskussiyası baş tutdu. Bu çox yaxşıdır. İctimai elmlər bir-birilə bağlı olduğu kimi humanitar elmlər də fundamental elmlərlə bağlıdır. Çünki fundamental elmlər humanitar elmləri dərk etməsə inkişaf edə bilməz. Ona görə ki, fundamental elmdə əsas məsələ alimin dərk olunmasıdır. Biz əvvəlcə alimi dərk etməsək fundamental elmlərdə heç bir irəliləyişə imza ata bilmərik. Bizim institutda da filosoflar, sosioloqlar, hüquqşünaslar dərk etməlidir ki, onlar burda elə-belə işləmirlər, onların əsas işi bir-birilə qarşılıqlı əməkdaşlıq olmalıdır. Məqsədimiz həm ictimai elmlər, həm də fundamental elmlərlə qarşılıqlı işlərin görülməsidir.

– İnstitutda çalışan alimlərin elmi fəaliyyəti sizi qane edirmi?

– Desəm ki, bütövlükdə qane edir,  bu yaxşı çıxmaz. Bizim institutda fəal alimlər də var. Onlar konfranslarda tez-tez iştirak edirlər. Arasında həm cavan, həm də yaşlı alimlər var. Bir alimimiz var ki, son ayda həm Venesiyada, həm də Nitsa universitetinə dəvət olunaraq mühazirə oxuyub. Bir qrup alimimiz də Fransanın üçüncü universiteti olan Nitsada elmi konfransda iştirak edib. Oktyabrın 10-da nümayəndə heyətimiz orda çox uğurlu elmi fəallıq göstəriblər. Daha sonra Parisdə UNESCO tərəfindən Seyid Yəhya Bakuviyə həsr olunmuş bir konfrans keçirib. İki əməkdaşımız orda iştirak edib. Amma o biri tərəfdən baxanda reytinqli jurnallarda çap olunmağa çalışırıq. Oktyabrda keçmiş postsovet məkanında yeganə  reytinqli fəlsəfə jurnalı olan “Voprosı filosofii” jurnalında bir dəyirmi masamız işıqlandırıldı. Amma vəziyyət bütövlükdə məni qane etmir. Çünki nəticələr həli ki, azdır. Bilməliyik ki, bütün institut və təşkilatlarında kadrları 3 yerə bölmək olar: yaxşılar, ortalar və zəiflər. Hər yerdə çalışırlar ki,  zəiflərin sayını azaldıb, ortaları olduğu kimi saxlayıb yaxşıların sayını artırsınlar. İnstitutun elmi jurnalına böyük diqqət ayırırıq. Elmi jurnalımızda ABŞ, Rusiya, Türkiyə və başqa ölkə alimlərinin elmi məqalələri çap olunur.

Zəif tərəf nədir?

– Alimlərimizin zəif tərəfi xarici dillə bağlıdır. İnstitutda 3 qrupumuz var ki, italyan, fransız və ingilis dili pulsuz tədris olunur. Fransa, İtaliya səfirlikləri bu işdə bizə böyük kömək etdilər. Onlar hər ay ödənişsiz olaraq instituta müəllim yollayıb öz dillərini bizim alimlərə öyrədirlər. Xarici dil problemi institutun əsas problemidir. Hazırda bizdə bir neçə dil bilən alim var.

– İnstitutun hansı xarici ölkələrlə qarşılıqlı elmi əlaqələri var?

Əsasən Rusiya, Türkiyə, ABŞ və bir sıra Qərb ölkələri ilə əlaqələrimiz var. Həmin ölkələrə bizim əməkdaşlarımız tez-tez dəvət olunur.

– Dövlətin instituta maddi dəstəyi sizi qane edir?

– Konfranslarımızın təşkil olunmasında  dövlətin dəstəyi təbii ki, var. Heydər Əliyev Fondu bu istiqamətdə bizə yardım edir. Bir neçə kitabımızı Rusiyada fəlsəfə institutunda çap edərkən də onların köməyi oldu. 3 böyük kitabımız çap olunub. Deməsəm yaxşı çıxmaz, hamı istəyər ki, maaşlar çoxalsın, hamı istəyər ki, maliyyə yardımı artsın. Hamı istəyir ki, Akademiya prezidenti Akif Əlizadə islahatlar aparsın.

– Gənclərin elmə münasibəti necədi?

– Anar Qafarov adlı alimimiz üçün elə bu gün sənədə qol çəkdim, Türkiyəyə gedəcək. Amma o yaxınlarda Amerikada simpoziumda olub. Bir cavan müdir müavini var, Ruhidə Rzayeva. Gənc olmasına baxmayaraq xeyli konfranslara dəvət alır. Postmodern fəlsəfəsini çox gözəl bilir.

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu