Modern.az

Ehtiraslar labirintdə-3

Ehtiraslar labirintdə-3

15 Noyabr 2013, 15:08

[email protected] 

Hekayə

 (əvvəli var)

Svetlananı qəfildən işə çağırmışdılar. O, oğlunun qırxını gözləmədən getməli olmuşdu. Valehin qohum-əqrəbası yaman narazıydı bu gedişdən. Səriyyə arvad lap mat qalmışdı gəlininə. - Oğlumu itirdim, işimi də itirmək istəmirəm- demişdi Svetlana.

Qırxda ağalıq edən Nuraydı. Ev də, məclis də onun ixtiyarındaydı. Fikri vardı ki, Bənövşəgili qəti yaxına buraxmasın. Nənəsigil birtəhər yola gətirmişdilər onu. Aslanın evində ab-hava tamam dəyişmişdi. Soyuq ruzgarın əsdiyi bu malikanədə Bənövşəli günlərin hərarətindən, işığından, qonaqpərvərliyindən əsər-əlamət qalmamışdı. Nura qardaşıyla arvadının şəkillərini də ortadan götürmüşdü. Evdəki dəyişiklik camaatın gözündən yayınmadı. Svetlananın gedişindən cəmi bir həftə keçirdi, amma ev suyu sovulmuş dəyirmana oxşayırdı. Nuraya söz demək olmurdu deyə, ərki çatan hirsini Vaqifə tökürdü. Yeznəni xəcalət təri basmışdı. Hərdən özü də iyrənirdi arvadının əməllərindən. Amma qoyub gedə bilmirdi. Tənələrdən bezən Vaqif mərasim bitər-bitməz Nuranı da götürüb evinə dönmək fikrindəydi. O axşam ər-arvad yaman deyişdilər.

– Mən atamın yurdunu boş qoyub heç yerə gedən deyiləm! Bunu sırqa elə, as qulağından.

– Atanın yurdunun qeydinə qalmaq sənə düşüb? Oğlu ölübsə, yerində arvad-uşağı durur, dağ kimi nəvəsi var. Bu gün uşaqdı, sabah yekə kişi olacaq!  - deyə Vaqif içinə yığılmış hirsi püskürməyə başladı. Xeyli söz güləşdirəndən sonra Nura baxdı belə olmayacaq, indiyədək gizlətdiyi niyyətini açıb ərinə dedi:

– Bu boyda mülkü “sarı pişiyə” verənə oxşayıram, səncə? Baax, anamla da danışmışam. Evi mənim adıma saldıracaq.

O danışdıqca Vaqifin gözləri təəccübdən böyüyürdü. Sifəti hirsdən qaralırdı. Bunu sezən Nura səs tonunu dəyişib nazlanmağa başladı.

– İstəməzsən uşaqlarımız gen-bol yerdə böyüsün, biz də adam kimi yaşayaaq?

–   Öz evimizə nə gəlib ki burda uşaq böyüdək? Sən Bənövşəylə yola gedənsən? Qəsdin nədi, mənim evimin çırağını söndürəcəksən? Ayrılmaq istəyirsən?

Nura ərinin sinəsinə qısılıb - sinirlənmə, həyatım,- dedi. - Ayrılmaq nə sözdür. Sənə kim deyir ki, Bənövşəylə bir evdə yaşa. Onun kitabı bağlandı. Bir də bura dönəmməz.

– Bəs Seymur? Aslanın oğluu...

– Seymuru boş ver. Onu mayor babası oğulluğa götürüb. Neyləyir iki mülkü? - Sözünə bir az ara verib əlavə etdi - bizim evi də satıb sənə yağı üstündə modnı bir maşın alarıq, köhnə “X5”-dən yaxan qurtarar. İstəsən lap “Rance Rover” alarıq. Bilirəm, çoxdan gözün ondadı.

Vaqifə elə gəldi ki, eşitdiklərini yuxuda görür. Arvadı ağlasığmaz şeylər danışırdı. Nura əlini köynəyin düymələrinin altından salıb ərinin tüklü sinəsini sığallamağa başladı. Bu, Vaqifin zəif damarıydı. Birdən arvadının ətrini duydu, nəvazişdən kişinin beyni dumanlanırdı...

***

Aslanın ölümündən sonra Bənövşə düz bir il işə çıxa bilmədi. Hamıdan utanırdı. Kişi tayfasından qorxurdu. Ailəvi dostlarından da qaçırdı. Çalışırdı ki, köhnə tanışlardan heç kəslə rastlaşmasın. Elə bilirdi bütün qəsəbə ona gülür. Anası nə qədər danlasa, öyüd-nəsihət versə, xeyri olmurdu. Bənövşə özünü bütün dünyadan təcrid etmişdi. Söz-söhbət səngisə də, Kəngərli camaatı o məşum hadisəni unutmamışdı. Dükana-bazara çıxanda bir balaca işarət duyan kimi canı sıxılırdı Bənövşənin, yenidən evə qapanırdı.

Qayınanası Almaniyadan hər gələndə Laləzarı qudasıgilə göndərib nəvəsini yanına gətirtdirirdi. Amma bir dəfə də olsun gəlinini evə çağırmamışdı. - “Uşağı görsəm bəsimdi, Fianı görəndə gözüm ağrıyır. Oğlumu nətəhəri perikdirdisə evdən, balam küçə arvadlarının ümidinə qaldı. Axırı da o boyda igid əldən getdi”, - deyirdi Svetlana. Laləzar ha çalışsa da, qonşusunun inadını qıra bilmirdi. O bilirdi ki, Svetlana ağıllı qadındır, başa düşür gəlinin günahsız olduğunu, amma qəbul edə bilmir.

Bir axşam yaman sözləşdilər. Svetlana Bənövşəyə olan hirsini-hikkəsini Laləzara tökdü. Qonşuluq pərdəsi aradan götürüldü. Laləzar da dişinin dibindən çıxanı əsirgəmədi.

Nazim kişi evə girən arvadının qaşqabağından anladı ki, yenə Bənövşənin üstündə Svetayla mübahisə edib. Himə bənd olan Laləzar qapını örtər-örtməz gileyə başladı:

– Ay kişi, belə iş olar? Sənin oğlun getsin lotusuynan mazaqlaşanda ölsün, sən gəl yapış gəlinin yaxasından?

– Noolub, laləm-gülüstanım. Gəl bir çay iç. Dincəl. Sonra danışarsan.

Laləzar ərinin  dediklərinə məhəl qoymadan ürəyini boşaltdı.

– Başa düşürəm, oğlunun itkisiylə barışammır. Qınamıram da. O, anadır.  Ancaq ta belə də olmaz axı. Oğlunun biabırçı ölümünün acısını çıxartmağa “günah keçisi” axtarır, yapışıb Bənövşənin yaxasından. O yazıq gəlin bunnarın əlində zülmə düşdü, atası evində xan kefində yaşayırdı, kaş heç gəlməyəydi Aslana. Svetin əlində əlacı olsa, günü bu gün qızı qəbrə gömər. Aslandan sonra Bənövşənin yaşaması darıxdırır onu. Elə hey deyir - kaş o maşında ölən Fia olaydı, oğlum sağ qalaydı. Ya da ikisi birlikdə öləydi. - A kişi, belə olmaz axııı...

Laləzar yanını divana qoyub ərinin süzdüyü çayı əlinə aldı. Bir qurtum içib sözünə davam elədi: - Hərdən görürəm, Seymur da Svetada qısqanclıq doğurur. Başa düşəmmirəm, bu necə nənədir? Nəvələrimə qurban olum, onnarsız biz nəyə lazımıq? Nənə olan bəndənin içində uşağa qarşı necə qəzəb kükrəyirsə, başlayır ki, Seymur doğulmasaydı oğlum arvadıyla şən və məsud yaşayardı, indi sağ olardı. Deyir, uşaqdan sonra Bənövşə oğlumdan soyudu. Ər də kişidir, gedəcəkdi də... - Laləzar çaydan bir qurtum da alıb əllərini dizlərinə çırpdı -  mən ölü olaram, sən diri, baxarsan, bu xəmir hələ çox su aparacax, Nazim...

***

Bənövşə qayınanasındakı dönüşün fərqinə varmırdı. Onun soyuqluğuna fikir vermirdi. Huşu-fikri Aslanın əməlindəydi. Sevgili ərinin xəyanətini yozmağa çalışırdı. Hara getsə, Aslanın səmadan zillənmiş gözləri Bənövşəni izləyirdi. O gözlər hər gecə Bənövşənin yatdığı otağa gəlir, sübhədək projektor kimi yamyaşıl işığını arvadının üzünə salırdı. Bənövşə o gözlərin təqibindən yaxa qurtarammırdı. Qorxu canına hakim kəsilmişdi. Ürəyində belə Aslanın barəsində pis düşünməyə çəkinirdi. Elə bilirdi o saat yuxarıdan baxan gözlər qəlbindəkilərdən xəbər tutacaq və onu öz atəşində qovuracaq.

Camaatsa danışırdı. Deyirdilər ki, Aslan öldü, Valehin yurdunda bayquşlar ulayır. Deyirdilər ki, yəqin Bənövşə başqa ərə gedəcək, o boyda xəyanətdən sonra oturarmı, o üzdən yığışmır öz ev-eşiyinə... Deyirdilər ki, yazıq Sveta, nə oğuldan yarıdı, nə gəlindən, qız da qardaşının mülkünü bəhlənmək hayındadı, qardaş balasını salıb küçələrə. Deyirdilər ki, bu boyda haqsızlıq olar, indi cavanlıqdı, bir qələt eləmişdi Aslan, əvəzini də canıyla ödədi, dalda oğlu var axı...  

***

Aslanın ili verilən gün yenə hava qaşqabağını sallamışdı. Kəngərli qəsəbəsi şaxtadan donurdu. Ayaz kəsirdi adamları. Qanıqara insanları soyuq da bir yandan sərtləşdirmişdi. Mərhumun başına gələn qəza yaddaşlarda bir də çözələnib-təzələndi. Dilini dinc qoya bilməyənlər ölənlərdən çox, qalanların dərdiylə əlləşirdi: - “Bənövşə niyə evinə qayıtmır? Svetlana doğrudan gəlinini çölə atıb? Bənövşədə günah yoxdursa, raykom kimi arvad niyə belə hərəkət eləsin? Seymur harda böyüyəcək? Yazıq uşaq, atadan yetim qaldı, üstəlik də yurdsuz-yuvasız...”

Ehsan bişirilən yerdə ocaq başındakı pıçıltılar, açıq-aşkar eyhamlar Bənövşəni təbdən çıxartdı:

– Seymurun atası ölüb, anası da ölməyib ki, dərdini el çəkə... Oğlumu nazir balası kimi böyüdəcəm. Oxudacam. Atasızlığını hiss etdirməyəcəm.

Səriyyə qarı da söhbətə qarışıb Bənövşəyə qahmar çıxdı: - Nəslimizi yer-yurd tutmur, Valehin bircə nəvəsinə sahib durammayacıx? Belə mənim balam oturacax atasının mülkündə, böyüyüb Aslanımın nəslini davam etdirəcək, - deyə söz-söhbətə son qoydu. O anda içəri girən Nuranı nədənsə gülmək tutdu.

Nuranın rişxəndli baxışı Səriyyənin gözündən yayınmadı. Axşam camaat dağılışandan sonra nəvəsini yanladı. Az keçməmiş ilan vurmuş kimi geri sıçradı: - Allah bəlanızı versin, bu nə qələtdi, elədiz?! Ay Sivet,  yekə gəlinsən, sən niyə buna qoşulub Aslanın balasını çöllərdə qoydun? Gözünə soxacax bu boyda mülkü sənin qısır qızın? Almaniyada otura-otura nə vaxt düzdün-qoşdun o sənədləri?  Məhkəməni nətəhəri yoldan çıxartdın? Heç vicdanın sızlamadı? Axı, bu uşaq sənin nəvəndi... Otuz illik gəlinimi indi tanıyıram deyəsən. Bərəkallah sənə.

Pərtlikdən qıpqırmızı qızarsa da Svetlananın cavabı qısa oldu: - Dağ kimi oğul əmanət etmişdim Fiaya, o mənim oğlumu qoruyammadı! Evimi necə etibar edəydim?!

Səriyyə qarı kəlağayısını başına atıb evi tərk etdi. Yol boyu deyinə-deyinə gedirdi. Əsəbdən hövllənmişdi. Oğulları arxadan güclə yetişdilər ona. İlki Valeh öləndə infarkt keçirən qadın o axşam ikinci infarktla xəstəxanaya qaldırıldı. Valehgilin tayfası olanlardan dəhşətə gəlmişdi. Svetlanadan gözləməzdilər bu addımı, onu ədalətli qadın bilirdilər.

– Ana-bala bunların heç birində qan yoxmuş. O Seymur sənin oğlunun belindən gəlib axı, ay Svet, necə yeyəcəksən onun haqqını?

–  Görmürsən, o ifritə Nura nələr deyir? Deyir ki, mayorun oğlu Səməd Kürdə boğulanda Seymuru övladlığa götürübmüş, ona ev lazım deyil. Deyən gərək, Aydının evi kimə qalacaqsa-qalsın, sənə nə, ay qansız? 

–  Deyir, Bənövşə bu gün-sabah ərə gedəcək, gətirib mənim qardaşımın evinə salacaq ərini, hazır özüm oturaram daa.

–  Hamısı bunların uydurmasıdı. O gəlin bir ildə evdən bayıra çıxmayıb. Bir kişiyə gözünün ucuyla baxmayıb. Adamın üstündə Allah var. Heç ərə gedənə oxşayır o? 

– Vallah babalı Svetin boynuna, bu Nurada bizdən əsər yoxdu! Heç deməzsən, Valehin qızıdı. Bizim tayfada belə nanəcib görünməyib. Kimə çəkdi bu?.. Əstəğfürullah.

***

Əhvalatın məğzi Bənövşəgilə çatanda şok oldular. Zavallı Bənövşə ərinin eşq ehtirasının labirintindən çıxmamış, baldızının sərvət hərisliyinin labirintinə düşmüşdü. Nura bir yana, qayınanasının belə işə qol qoymağına inana bilmirdi. Əslində o hələ depressiyadan çıxmamışdı. Ərinin ruhuyla əlləşirdi. Var-dövlət hayında deyildi. Amma ortada günahsız körpə vardı. Və “nənə, bibi” olan doğmaları Seymurun haqqını tapdamışdılar. Oksana yenə qızını danlayırdı:

–                   Sən vaxtında özünü toplayıb ayağa dursan, gedib evində otursan, bu iş də başına gəlməzdi. Sən hələ yas saxla. Çox matah ərin vardı... Sənə yaman hörmət qoymuşdu...

Anasına heç nə demədən Bənövşə yataq otağına girib qapını bağladı. O, baş verənləri çözməyə çalışırdı. “Mən mübarizə aparmalıyam. Oğlumun haqqını almalıyam. Sabahdan işə çıxmaq lazımdı. Dünya dərəbəylik deyil.”

***

Mayor Aydın Rüstəmzadə aylarla çalışdı, dost-tanışa üz tutdu, məhkəmələrə nə qədər gedib-gəldisə xeyri olmadı, qızının ər mülkündəki haqqını ala bilmədi.

–  Məsələ evdə deyil, Oksana. Bir balam var. Ona canım da qurban, evim də. Məsələ haqsızlıqda, vicdansızlıqdadı. O qız necə beynini yedisə, raykom Svetin başını xarab elədi. - Aydın əsəbi-əsəbi var-gəl edib - “eybi yox, Svetlana Qriqoryeva, eybi yox, - dedi.- Bir gün möhtac olarsan nəvənə! Onda deyəcəm sözümü.

***

Gözəl bir yay günüydü. Azərbaycanın aran rayonlarına məxsus bürkülər hələ başlamamışdı. Qış soyuq keçdiyindən isti ləzzət eləyirdi. Bankdan dönən Bənövşə Katerinayla şirin-şirin söhbət edirdi. Onun toyundan sonra ilk dəfəydi dayısı qızının buralara qonaq gəlməyi. Qızlar qəsəbənin mərkəzindəki parka çatanda oturdular. Söhbət hərlənib-fırlanıb qeyri-ixtiyari Aslanın üstünə gəldi.

–  Evliliyimizin ilk illərində elə bəxtəvər idik ki! Aslanın dostlarıyla dağlara gedirdik, çadır qurub iki-üç gün orda qalırdıq... O məni çox sevirdi. Heç xətrimə dəyməzdi. Yadında, o vaxtlar xörək-zad da bişirə bilmirdim. Evdarlıq hara, mən hara? - deyib gülümsündü.- On səkkiz yaşında ərə getmişdim. Sevincdən göylərdə uçurdum. Sevdiyim oğlan yanımdaa. Həyat gözəəl, maraqlıı. Tələbəliklə ailə həyatım bir-birinə qarışmışdı, Aslanın köməyi olmasa öhdəsindən gələmməzdim.

Bənövşə başını yuxarı qaldırıb səmaya baxdı. Barmağını bir nöqtəyə tuşlayıb - bax, Aslanın gözləridir, məni izləyir,- dedi. Vahimələnən Katerina ha boylansa da yuxarıda heç nə görməyib Bənövşəni lağa qoydu: - Bəsdi ay qız, lap mövhumatçı olub gedibsən. Göydə göz nə gəzir? Dünən gecə də otağın küncündən Aslanın yaşıl gözlərinin parıldadığını dedin, xətrinə dəymədim, amma bütün gecə qorxudan yatammadım. Bir də belə şeylər uydurma.

–  Doğrudan görmədin?

–  Bəsdi, bəsdi. Aslanın sümükləri də çürüyüb, sən hələ onun gözlərini axtarırsan.  İncimə, Fialka, mənim elə ərim olsa, bir gün yasını tutmazdım.

– Nə olur-olsun, ərim mənə Seymur kimi oğul qoyub gedib. Ona minnətdaram. Təsəvvür edirsən, Seymursuz həyat necə cəhənnəmə dönərdi?

–  Dönməzdi. Əgər sənin ağlın olsa. Qadınsan, qadınlığını yaşa. Aslan öldü, getdi. Ya zəlzələdən, ya vəlvələdən. Nə fərqi var? Əsas odur indi yanında yoxdur. Səninsə cəmi otuz yaşın var. Beş ildir özünə zülm edirsən.

–  Mənim oğlumun on yaşı var. Bir azdan  sevib-sevilməyə başlayacaq. İndidən qızlarla arası yaxşıdı.

–  De ki, atasına çəkib daa... -  Katerina bilmədi bu söz ağzından necə çıxdı. Bibisi qızının tərs baxışlarını görüb, özünü yığışdırdı.

–  Seymur oxuyacaq, institut qurtaracaq. Evlənəcək.  Mənə nə yaraşır ər?

– Demədim ki, mütləq ərə get. Deyirəm, həyatını yaşa. Yazıqsan.

– Katya, bilirsən ki, kişilərdən iyrənirəm. Hamısı yalançıdı. Xaindi. Pozğundu.

– Hamısı deyil.

– İlk vaxtlar deyil. Sonra hamısı eyni bezin qırağı olur.

–  Yox, ay qız. Görürəm Aslanla birgə kişi tayfasına olan inamını da qəbrə gömübsən. Amma nahaq. Sən bir sına. Odur ey, şöbə müdiriniz. Ölür sənin dərdindən. Ona get. Ya da hər gün bir bəhanəylə banka gələn biznesmenə. Əgər rəsmi surətdə ailə qurmaq istəmirsənsə, əlaqə saxla. Nəsə bir şey elə. Belə yaşama.

Bənövşə eşitdiklərinə məhəl qoymadan yenə ərindən danışdı. Danışdıqca neçə illər ürəyində yığılıb qalan, heç kəslə bölüşmədiyi sirlərin üstü açılırdı.  

–  Bilirsən, Aslan son illər necə dəyişmişdi? Bilirsən, niyə gecələr məni döyüb çölə atırdı? 

–  Bilməsəm də anlayıram. Məlum məsələdi. Evə sərxoş gələn kişi  arvadının yanında olduğunu unudur. Orda-burda könül əyləndirəndə vərdiş etdiyi rəftarı istəyir. Qadın da razılaşmayanda küçəyə atılır.

“Görəsən, bu hardan bilir?”- deyə heyrətlə dayısı qızına baxan Bənövşə - “həə...” - deyə yazıq səslə Katerinanın sözlərini təsdiqlədi. Dərhal da əlavə etdi: – Heç kimin yanında demə haa, Katya, utanıram. Ayıbdı.

– Demərəm. Amma  sən Aslana yas saxlamağı burax. Həyatını qur.

– Məni ancaq oğlumun gələcəyi maraqlandırır.

– Oğlun da onların toxumudu daa, ay Fialka, niyə başa düşmürsən? Qayınanan evi də əlinizdən aldı, səni afsayda qoydu. Atangil olmasa, bir uşaqla çöllərdə nə edəcəkdin? Demirəm ki, oğlunu at. Deyirəm, özünü də düşün. Lap köç gəl Kiyevə. Bizimlə yaşa. Həyatını dəyiş. Elə bilirsən, bədbəxt ananın oğlu olmaq uşağa xoşdur? Seymuru ürəkli-böyrəkli böyütmək istəyirsənsə, özün xoşbəxt olmağa çalışmalısan. - Katerina ona diqqətlə baxan Bənövşənin bulud kimi tutulmuş çöhrəsinə nəzər salıb - bir üzün gülsün daa, ay qız, gülmək qadağan deyil haa?- dedi.

Katerinanı  Kiyevə yola salandan sonra Bənövşə uzun müddət onun öyüd-nəsihətini unuda bilmədi. Hey fikrində təkrarlayıb, Katyaya acıqlandı, özünə bəraət qazandırdı: “Yeddi il ərdə olmuşam, bəsimdi. Həyat bir dəfə qurular. Bir daha özümü sınaq meydançasına çevirə bilmərəm.”

Hərdən də tərəddüd edirdi: - “Amma Kiyevə köçmək pis fikir deyil. İndiyədək heç ağlıma gəlməyib. Camaatın ağzını bağlamaq olmur. Seymur böyüyür, günün birində atasının ölüm səbəbini öyrənəcək, sınacaq uşağım, utanacaq yoldaşlarından. O gün məktəbdə dava eləməsi də deyəsən, atasıyla bağlıydı. Nə qədər soruşdum, bir söz demədi, eləcə “ata” deyib ağladı. Oğlumu buralardan uzaqlaşdırsam, pis olmaz.”

***

– Ərimdən sonra həyatımda iki kişi olub.

– Danışma, heç nə bilmək istəmirəm.

–  Yox, mən səninlə tam səmimi olmaq istəyirəm. Aramızda sirr qalmasın. Hərəsiylə bir-iki dəfə görüşmüşəm.

–  Dedim, heç nə bilmək istəmirəm. Sus. Sən mənim mələyimsən. Tanıdıqlarım arasında ən təmiz qadınsan. Bu, riyakarlıq deyil.

Kişi əsəblərini cilovlayıb özünü ələ alana qədər Bənövşə də dilinə qıfıl vurdu.

– Mən evli adamam. Heç vaxt ailəmi atmayacam. Sənin də oğlun var. Yəqin məni başa düşərsən. Ancaq səndən çox xoşum gəlir. Razılaşsan, bundan sonrakı həyatımızı birləşdirərik. Razılaşmasan, dost kimi qalarıq. Anlayıram, mənə inanmırsan. Həyatında o qədər ağır şeylər yaşayıbsan ki... Mən sənin yaralarını sarmağa hazıram.

Neçə aylardı Kişi dostyana davranışıyla Bənövşənin rəğbətini qazanmışdı.  Bu gün ilk dəfə eşqini bəyan edirdi. Qəlbindəki səs deyirdi ki, mətləbi açmağın məqamı yetişib, ya bu gün, ya heç vaxt.  O da intuisiyasına arxalanıb ürəyini açırdı.

***

Bənövşənin intim dünyasına baş vuran Katerina onu dilə tuturdu ki, finlandiyalı namizədə ərə get. Bu kişi səni sevsə də, almayacaq. Ya da “Facebook”da yazışdığın kandalıyla ailə qur. İkisinin də yaxşı imkanı var. Neçə ki cavansan fürsəti əldən vermə, gələcəyini təmin et. Qara günlərin əsarətindən çıxmış Bənövşə yenə dirənirdi:

– O məni həqiqətən sevir. Rəsmi qeydiyyatımız olmasa da, özünü ərim sayır.  Günəşimdi mənim, şirinimdi. Dəlicəsinə aşiqəm ona. Ömrüm boyu bu münasibəti gözləmişəm, Katya, belə incəliklə sevilmək istəmişəm. İndi sən deyirsən, ərə getmək naminə əl çəkim ondan? Nəfəsim kəsilər.

– Başını gicəlləndirən bu sevda günün birində yoxa çıxacaq. Arzum budur, o vaxt səninçün çox gec olmasın, - deyə Katerina növbəti məğlubiyyətilə barışdı.

***

Seymur Kiyevdəki həyatlarından çox razıydı. Nəhayət, anasının üzü gülürdü. Burda xoşbəxt idilər. Nənəsi Svetlana da mehribanlaşmışdı. Tez-tez  Avropadan zəng edir, Seymurun təhsiliylə bərk maraqlanırdı. Yay aylarında gəliniylə nəvəsini Krımda, Antalyada, ya da Bodrumda dincəlməyə yollayırdı. Aradakı buzlar ərimişdi.

Nura ərinin evini satdırandan bir müddət sonra onu oturduqları mülkdən qovmuşdu. Vaqif də təhqirlərə dözməyib arvadını boşamışdı. Ayrılandan sonra Nuranı Kəngərli qəsəbəsinə bağlayan tel qalmamışdı. Onsuz da qohumlar üzünə baxmırdılar. Nura qardaşı Aslanın mülkünü satıb Moskvaya köçmüşdü.

***

Bənövşə Kişinin yataqdan qalxdığını hiss edincə oyandı. Amma onu duyuq salmamaqçün gözlərini açmadı. Yumulu kipriklərinin arasından izləməyə başladı.

Sevdiyi qadını oyatmaqdan qorxan Kişi barmaqlarının ucunda yeriyib dəhlizin işığını yandırdı. Otağa dönüb Bənövşəyə nəzər saldı. Könlünün kraliçası mışıl-mışıl uyuyurdu. Kişi çarpayının yanında yavaşca diz çökdü. Yatmış gözəlin çöhrəsini bir qədər seyr etdikdən sonra astaca adyalı üzərindən çəkdi. Bənövşə bir anlıq üşəndi, az qaldı özünü ələ versin. Ancaq təhlükə olmadığını duyub rahatladı və vücudunu sevgilisinin nəvazişlərinə təslim etdi. Qadının bərk yatdığına inanan Kişi onun ayaqlarını öpür, sığallayır, gözəlinə heyranlıqla tamaşa edirdi. Ehtirasın ağuşunda mürgü döyən Bənövşə ömrünün ən xoşbəxt anlarını yaşayırdı... O, yenə labirintdəydi.

noyabr, 2013

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi