Modern.az

Azərbaycan filmlərində istifadə olunan rekvizitlər –FOTOLAR

Azərbaycan filmlərində istifadə olunan rekvizitlər –FOTOLAR

Mədəni̇yyət

16 Noyabr 2013, 11:07

Bir həftəmi, on günmü əvvəl C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov xalqa müraciət etdi: “Evlərimizdə olan köhnə və lazımsız əşyaları – mebelləri, pal-paltarı bizə bağışlayın. Xüsusi qeydiyyat siyahısı da tərtib edə bilərik ki, məsələn, filan əşyanı kinostudiyaya kim bağışlayıb”.
Müşfiq Hətəmovun bu istəyi anlaşılan idi. Kino elə bir sənət növüdür ki, orda hər şey – əşyalardan tutmuş geyimədək ekranda baş verən hadisələrlə zamandaş, çağdaş olmalıdır.

Yaxşı ki, M. Hətəmov bu elanı verdi. Çünki onun vasitəsilə həm də kinostudiyada rekvizit sexinin mövcudluğu bir çoxlarına əyan oldu. Modern.az əməkdaşları da həmin sexə baş çəkiblər. “Azərbaycanfilm”in revizit sexində  kinostudiyanın Rekvizitlər şöbəsində “Fətəli xan” filmindən tutmuş “Bəxt üzüyü” nə qədər müxtəlif filmlərdə istifadə olunan əşyalar, geyimlər toplanıb. Bura bir növ Azərbaycan kino aləminin arxividir. Özümüzü nağıllar aləmində hiss edirdik. Kinostudiyanın birinci mərtəbəsində yerləşən sexlə tanış olmaq üçün şöbənin əməkdaşı Həyat Həsənova bizə bələdçilik edirdi. Həyat xanım deyir: “Hansısa film çəkiləndə əvvəlcə elan verilir ki, köhnə əşyalar, geyimlər varsa, gətirin. Elə adamlar olur ki, gətirdikləri əşyaları bizə hədiyyə verir. Çox bahalı şeylər olanda pulla da alırıq. Ümumən köhnə əşya və ya paltarı siyahı üzrə götürürük. Bəzən olur ki, sıradan çıxmış geyimlərin eynisini hazırlayırıq”. Rekvizitlərin sayı-hesabı yoxdur. Yaxın vaxtlarda kinostudiya təmir olunacaq, onda bu sexin də ərazisini genişləndirmək nəzərdə tutulub. Hələliksə rekvizit sexində ”Bir qalanın sirri”, ”Sehrli xalat” ,“Babək”, “Fətəli xan” kimi filmlərin çəkilişi zamanı istifadə olunmuş paltarlar bir-birinin yerini “dar edir”. “Sehrli xalat”da Rəşidin geyindiyi xalat xüsusilə maraqlı idi. Onunla yanaşı hərbi geyim dəstləri, habelə silahlar – nizə, ox, qılınc və s. görməm mümkündü. Siz də o dövrün  filmlər dünyasına səyahət etmək istəyirsinizsə, buyurun çəkdiyimiz fotolara baxın.

Azərbaycan kinosevərləri, əgər evinizdə köhnə, tarixi əşya varsa, 430-17-91 nömrəli telefona zəng edin. Narahat olmayın, özünüzü əziyyətə salmayacaqsınız, əşyalar kinostudiyanın hesabına daşınacaq.

 

 

Gülşən Raufqızı 

Misranə Həsənzadə

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?