Modern.az

Atam Qabilin dostlarının həyat dərsləri

Atam Qabilin dostlarının həyat dərsləri

19 Noyabr 2013, 00:42

Mən onları öz yazımda “əmi” deyə təqdim edəcəyəm. Baxmayaraq ki, bu şəxsiyyətlər Azərbaycanın böyük söz ustaları və indiki nəslin ustadları sayılırlar. Bəlkə də indiki çızmaqaraçı məqamımda onlar mənimçün də yavaş-yavaş əmilikdən ustad mərhələsinə keçməkdədirlər.

Hər bir uşaq ailəsinin güzgüsüdür. Ona baxanda, qulaq asanda ailəsinin  hansı səviyyədə olmasını asanlıqla təyin etmək olar. Mən də atamın və anamın tərbiyəsini görmüşəm. Amma qonşumuz olan yazıçı və şairlərin də bu baxımdan rolu az olmayıb. Mənə məktəbdə savad və bilik veriblər. Bu insanların simasında isə insanlıq, kişilik məktəbi keçmişəm. “Əmi” və “müəllim” müraciətlərinin, “bəziləri” və “heç biri” sözlərinin fərqinə varmışam. Dərk etmişəm ki, küsülü oldun-olmadın, dosta bitərəf yox, həmişə tərəf olmalısan. Maşın sürəndə məsuliyyətini anlamalısan. Bilmişəm ki, kişilik insanın boyunda, xarici görünüşündə, fiziki gücündə yox, daxilində, cövhərində, mayasındadır. Bu çıxartdığım nəticələrdir.
Atam Qabilin dostlarının, qələm yoldaşlarının başlarına gələn qəribə əhvalatlardan aldığım həyat dərsləri. Uşaqlıq xatirələrimi Sizinlə də bölüşmək istəyirəm. Bilmirəm nə qədər  maraqlı gələcək. Amma yazmağa qərar verdim.


“ƏMİ”  başqa, “MÜƏLLİM” başqa...

Bir gənc şair var idi. O böyük yazıçılarımızdan birinin yaxın qohumu idi. Uşaqlığı da bizim həyətdə keçdiyindən qonşular da onu öz uşaqları kimi qəbul edirdilər. O cümlədən də Bayram əmi. Bayram Bayramov Yazıçılar İttifaqında öz həmyaşıdlarıyla oturduğu vaxt bu gənc şair də girir otağa. İlk olaraq içərilərində ən yaxın bildiyi Bayram Bayramova salam verir:

- Bayram müəllim, salam. Necəsən?

- Dur rədd ol bayıra! Tərbiyəsiz! Qanacaqsız! Özündən böyüklə bu necə danışmaqdır. Bu nə deməkdir? “Necəsən?” yox! “necəsiniz?” deməlisən. Bir-iki şeirin çıxıb deyə...  özünü böyük adam-zad sayırsan? Mərifətin, qabiliyyətin olsun.

Qohumunun yaşadığı Hüsü Hacıyev küçəsindəki  həyətdə oynayarkən dəfələrlə Bayram əmisi ilə görüşən, bu tərzdə və formada hal-əhval tutan və hər dəfə də ondan mehribanlıq, sığal görən gənc şair çaşqınlıq içində:

- Bayram əmi, nə dedim ki... Soruşdum ki, necəsən də?

- Yaxşıyam, Çingiz bala. Sən necəsən? Kefin necədir? Təhsilin necə gedir?

- Yaxşıyam, Bayram əmi – deyərək gənc şair pərt vəziyyətdə otaqdan çıxır.

Bayram Bayramovun yanında oturanlar da məəttəl qalırlar ki, bu nə deməkdir? Birinci ondan soruşanda ki, “necəsən?”... əsəbləşdi,  acıladı. İkinci dəfə keyfini soruşanda mülayim, sakit cavab verdi. Dostlarının gözlərindəki  bu nigarançılığını görən Bayram:

- Birinci dəfə salam verəndə bu uşaq “Bayram müəllim, necəsən?” -  “müəllim” deyə müraciət etdi. Mən də ondan yaşca böyük və xalq yazıçısı olaraq bu gənc şairə tərbiyə dərsi keçdim. İkinci dəfə isə o “Bayram əmi” deyərək “necəsən?” söylədi. Bu dəfə isə mən onun  əmi kimi “sən” müraciətini qəbul etdim və cavab verdim. Qoy həmişə cəmiyyətdə öz  yerini və sözünün yerini  bilsin. “Əmi” başqa, “müəllim” başqa...

SÜRÜCÜ OLMAQ BÖYÜK MƏSULİYYƏTDİR

Atam təzə “QAZ 24-10” maşını almışdı. Qarajdan çıxarıb silirdim. Bu dəm Bəxtiyar əmi (Bəxtiyar Vahabzadə) blokdan çıxdı.

- Salam, Bəxtiyar əmi.

- Salam, ay bala.  Əlini (sürücüsü) görməmisən?

- Yox.

- Mən də tələsirəm. Harda qaldı bu?

- Bəxtiyar əmi, mən apara bilərəm.

- Yox, ay bala, yolda bir qəza-zad törədərsən... Sonra gəl Qabilə cavab ver.

Güldüm. Evli, bir uşaq atası olan mənə bu sözü deməyindən özü də... Balkonda dayanan Dilarə xalaya - Əliyə deyərsən gələr universitetə. Mən tələsirəm, Mahirlə getdim- deyərək əyləşdi maşına.

- Bəxtiyar əmi, həmişə sizin də, atamın da maşını olub. Amma atam maşını özü sürür, Siz isə sürücü saxlayırsınız. Niyə?

- Ay bala, sürücü olmaq çox məsuliyyətli işdir. Birinci özünə cavabdehsən, ikinci maşına, üçüncü də maşında oturanlara. Mən bu boyda məsuliyyəti boynuma götürə bilmərəm.

BOYU BU BOYDA, KİŞİLİYİ NƏ BOYDA

Hansısa iclasların birində xalq yazıçısı Əli Vəliyevin üstünə düşürlər. Biri tənqid edir, o biri tənqid edir. Heç kim müdafiəsinə qalxmır. İclasın qızğın yerində Salam əmi - gözəl yazıçımız Salam Qədirzadə özündə cəsarət tapıb bu fikirlərlə razılaşmadığını bildirir və Əli müəllimi müdafiə edir. Əli Vəliyev bu dəm ayağa qalxır və Salam Qədirzadənin bəstəboy olmasına işarə edərək deyir:

- Boyu bu boyda, kişiliyi isə nə boyda.

“BƏZİLƏRİ” başqa sözdür, “HEÇ BİRİ” başqa

Sovet dövründə prezidentin sərəncamı ilə bir qrup ziyalıya fəxri adlar verilir. Ad alanlar sırasında Bayram əminin qardaşı da olur. İclasların birində ad almayan ziyalılardan biri tribunaya çıxıb “Bu alimlərin heç biri fəxri adlara layiq deyil” fikrini söyləyir. İclas qurtarır. Dəhlizdə bu çıxışçı Bayram Bayramovla üz-üzə gəlir:

- Bayram müəllim, yaxşı ki, Sizi gördüm. Qardaşınız fəxri ad alıb. Layiqdir. Ürəkdən təbrik edirəm.

- Özünsən- deyə Bayram əmi cavab verir.

- Bu nə deməkdir ki, Bayram müəllim.

- Necə yəni “nə deməkdir?” Səhərdən tribunadan döşəyirsən ki, “bu alimlərin heç biri fəxri adlara layiq deyil”, indi isə məni təbrik edirsən? Sən desəydin ki, “bəziləri layiq deyil”... Mən bu təbriki qəbul edərdim. Amma yenə də deyirəm: “özünsən”, yəni ki, eşşək özünsən!

“LEHİNƏ”olmalıydı, “BİTƏRƏF” yox!

Atam qonşumuz, dostu Əliağa Kürçaylı  ilə uzun müddət idi ki, küsülü idi. Hər ikisi də Sov.İKP-nin üzvü idilər. Partiya iclaslarının birində Əliağa Kürçaylının məsələsi müzakirəyə çıxarılır. Səhv etmirəmsə partiya biletini itirmişdi, ya oğurlamışdılar, ya da kimsə cırıb zibil yeşiyinə atmışdı. Bu, o dövr üçün çox böyük günah sayılırdı. Müzakirə və çıxışlardan sonra məsələ səsverməyə çıxarılır. Yazıçı partiya üzvləri Əliağa Kürçaylının əleyhinə səs verirlər. Bircə küsülü olduğu dostu Qabil bitərəf qalır.

Bir müddətdən sonra isə küsülülər barışırlar. Atamla yeyib-içəndə Əliağa əmi həmişə təkrar edirdi:

- Qabil, mənim əleyhimə səs verənlər heç vecimə də olmadı, amma sənin bitərəf qalmağın məni yandırıb tökdü. 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır