Modern.az

Ziyalılar tarixi qəhrəmanların tənqidinə necə cavab verdi: “Bu anormallıqdı”

Ziyalılar tarixi qəhrəmanların tənqidinə  necə cavab verdi: “Bu anormallıqdı”

18 Noyabr 2013, 17:32

Hər bir xalqın tarixi qəhrəmanları onun milli dəyəridir. Bu milli dəyərlər həmin xalqı zəngin tarix və mədəniyyətin sahibinə çevirir. Azərbaycan xalqı da dünya ölkələri arasında öz mədəni tarixinə, tarixi dəyərlərinə görə seçilib. Tarixi qəhrəmanlarımız Azərbaycan xalqının şücaətinin, güclü xarakterinin göstəricisi olub. Lakin son zamanlar bəzi insanlar tərəfindən həmin tarixi qəhrəmanlarımız tənqid olunur.  Babək, Koroğlu, Şah İsmayıl Xətai kimi qəhrəmanların tənqidi əslində xalqın tarixi keçmişinin tənqidi deməkdir.
Modern.az
saytı da bu yöndə ziyalılar arasında sorğu keçirib: Ziyalılar tarixi qəhrəmanların tənqid olunmasını necə qarşılayır?

Yunus Oğuz (yazıçı-publisist):

“Tarixi qəhrəmanı Milli qəhrəmana çevirə bilməyəcəyiksə, o, gələcək nəsillərin mənəvi enerji mənbəyi olmayacaqsa, həmin qəhrəmanları tənqid də edə bilmərik. Mən demirəm ki, tarixi qəhrəmanlar tənqid obyektinə çevrilməsin. Hardasa onların yanlış addımlarını müzakirə edə bilərlər. Müzakirələr vaxtı dövrün də, zamanın da şəraitini nəzərə almaq lazımdı. Uzun Həsən, Qara Yusif ümumiyyətlə tarixi qəhrəman kimi göstərilmir. Baxmayaraq ki, onlar da böyük bir imperiyanın əsasını qoyublar. Çoxları heç bilmir ki, onlar bizimdi. Nadir şaha düşmən kimi baxırlar. Yəni, bu gün artıq köhnə stereotiplərdən əl çəkmək lazımdı. Müəyyən bir ədəbiyyat var ki, Qacarı, Nadir şahı mənfi obrazda verir. Yaxud da ki, Şah İsmayıl və onun xələflərini də tənqid edirlər. Milli tarixi qəhrəmanları yaratmaq elə-belə şey deyil. Təkcə Koroğludan, yaxud Qaçaq Nəbidən milli qəhrəman yaratmaq olmaz ki. Fikirləşirəm ki, bunun başqa yolu olmalıdı. Alimlər, ziyalılar, tarixçilər, araşdırmaçılar oturub bir siyahı tərtib etməlidirlər ki, kimlərə tarixi qəhrəman demək olar. Məsələn, fransızlar Napaleonla, bütün Avropa isə İsgəndərlə fəxr edir. Artıq Almaniya və Rusiyada bəzi qüvvələr Hitleri, Stalini  müsbət qəhrəman kimi ortaya çıxarır. Bəs biz kimi çıxarırıq? O vaxt bizə başqa insanları, tarixi şəxsiyyətləri öyrədirdilər. O şəxslər ki,  bizim üçün dövlət yaratmışdılar, Azərbaycan xalqı, oğuz  etnosunu bir hala gətiriblər, təəssüflər olsun ki, onlar o qədər də yada düşmür. Dərsliklərdə xanlıqlar geniş tədris olunur. Amma bu məmləkəti vahid bir hala gətirən insanlar haqqında ya pis danışırlar, ya onları təhqir edirlər. Mən heç vaxt razılaşmaram ki, mətbuatda, ya hardasa Şah İsmayıl kimi bir şəxsiyyət tənqid olunsun. Razılaşmaram desinlər ki, Şah İsmayıl Çaldıranda həlak olub, onun əvəzində cavan bir şair gətiriblər. O da Şah İsmayılın arvadlarına yiyələnib. Bunlar anormal şeylərdi. Bu iddiaların heç biri tarixi mənbələrə söykənmir, sadəcə yazıçı təxəyyülünün məhsuludu. İstənilən millət irəli getmək istəyirsə, öz tarixi qəhrəmanlarını yaratmalıdı”.   

Məti Osmanoğlu (filoloq, BDU-nun dosenti):

“Bu məsələyə diqqət və həssalıqla – məhz ziyalı mövqeyindən yanaşmağın tərəfdarıyam. Əslində, burada medalyonun hər iki üzü nəzərə alınmalıdır: həm müəyyən ideoloji maraqlara görə yaradılmış yalançı qəhrəmanlara, həm də fərdi  münasibətlərə görə sevib-sevmədiyimiz insanlara münasibət aydın və obyektiv olmalıdır. Ən əsası isə tarixin təcrübəsindən dərs almağı bacarmalıyıq. Məsələn, vaxtilə Məhəmməd Əmin Rəsulzadə haqqında yazılanları bugün təəssüf və ağrı ilə xatırlayanda bugün də ayrı-ayrı tarixi şəxsiyyətlər haqqında dediklərimizi zamanın o biri başından qiymətləndirmək üçün özümüzdə güc tapmalıyıq.

Son zamanlar mediamızda, xüsusilə də ədəbiyyat adamları barədə səsləndirilən bir çox ifrat iddiaların mədəni və etik səviyyə naqisliyi sayəsində ortaya çıxdığı qənaətindəyəm. Özünün qəhrəman obrazını yaratmaq iddiasında olan bəzi insanlar bununla öz səviyyələrini ortaya  qoymuş olurlar və bu səviyyəsizliyin  getdikcə kütləvi hal alması təəssüf  doğurur...”.

Sayman Aruz (yazar):

“Azərbycan Milli qəhrəmanlarına hörmətsizlik etmək Azərbaycanı sevməmək deməkdir. Mən inanmıram ki, damarlarında türk qanı axan hansısa azərbaycanlı bu işi görsün. Məncə təhqir edənlərin kimliyi ilə maraqlansaq, onların bu oyunlarının səbəbi hamıya aydın olacaq. Xalqı onun qəhrəmanları ilə tanıyarlar. Necə ki, Napoleon, İsgəndər kimi qəhrəmanlar öz xalqları tərəfindən əzizlənir, bizim xalq da öz Milli qəhrəmanlarını sevir və dəyərləndirir. Xalqımızın içində yaşayan, amma xalqımıza dəxli olmayan qüvvələr bu işlə ya birbaşa, ya da dolayı yolla məşğuldurlar. Ziyalılarımız çox diqqətli olmalıdırlar ki, onların toruna düşməsinlər”

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir