Modern.az

Üzeyir Hacıbəyovun abidə kompleksinin təməlqoyma mərasimi keçirilib

Üzeyir Hacıbəyovun abidə kompleksinin təməlqoyma mərasimi keçirilib

25 Sentyabr 2009, 14:33

Sentyabrın 25-də Sumqayıt şəhərindəki Ü.Hacıbəyov küçəsində dahi bəstəkar Üzeyir Hacıbəyovun abidə kompleksinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.
Təməlqoyma mərasimində öncə iştirakçılara bədii proqram təqdim edilib. Daha sonra şəhər İcra hakimiyyətinin başçısı V.Əliyev çıxış edərək dahi bəstəkar Üzeyir Hacıbəyovun fəaliyyətindən və eləcədə son dövrlərdə şəhərdə aparılmış abadlıq-quruculuq işlərindən danışıb. V.Əliyev son 6 il ərzində Sumqayıtda yaradılan və yenidən qurulan ayrı-ayrı heykəltaraşlıq əsərlərinin Sumqayıtın 60 illik tarixində yaranmış bu cür nümunələrin sayının üstələdiyini vurğulayıb. V.Əliyevin sözlərinə görə, bu dövr ərzində Heydər Əliyev prospektində bu görkəmli dövlət xadiminin əzəmətli abidəsi ucaldılıb, Mavi Xəzərə yaraşıq verən dənizkənarı mədəniyyət və istirahət parkında böyük mütəfəkkir Nəsiminin heykəli qoyulub. Şəhərin 32-ci məhəlləsi ərazisində abad və gözəl meydan salınmış, burada dahi şair Nizami Gəncəvinin möhtəşəm abidəsi ucaldılıb. Böyük dramaturq Cəfər Cabbarlının abidəsi onun adını daşıyan küçədə qoyulub, burada sakinlər üçün yeni istirahət guşəsi yaradılıb. Şəhərin giriş hissəsində yeni salınan geniş  parkda “Tərəqqi” monumenti ucaldılıb. Sumqayıtın əsas rəmzlərindən biri olan “Sülh göyərçini” monumenti bərpa olunaraq bu yerdə gözəl fəvvarə kompleksi quraşdırılıb, sakinlərin istirahəti üçün hər cür şəraiti olan füsünkar meydan yaradılıb.  Böyük dramaturq Cəlil Məmmədquluzadənin adını daşıyan küçədə onun büstü, Hacı Zeynalabdin qəsəbəsində şair Mikayıl Müşviqin borelyefi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itgin düşmüş həmvətənlərimizin xatirə lövhəsi, Böyük Vətən Müharibəsi iştirakçılarının əziz xatirəsinə ucaldılmış monument-bunların hamısı son illərdə  yaradılmış yeni mədəniyyət guşələri kimi şəhərimizin görkəminin ayrılmaz hissəsinə çevrilib.
Qeyd edək ki, dahi bəstəkar Üzeyir Hacıbəyovun abidə kompleksinin inşa edilməsi və abadlaşdırılması nəzərdə tutulan xiyabanın eni – 23 metr, ərazinin uzunluğu – 61 metr təşkil edir. 1340 kvadrat metrlik abadlaşdırılacaq sahənin təxminən 740 kv.m. hissəsində tamet döşəmə salınması, yaşıllaşdırılan sahələrdə, əsasən, çəmən, dekorativ ağac və kolların əkilməsi, müasir işıqlandırma sisteminin və oturacaqların quraşdırılması nəzərdə tutulub.
Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu Ü.Hacıbəyovun abidəsinin ümumi hündürlüyü 12 metr, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m nəzərdə tutulub. Postament royal formasında olub, qara qranitlə üzlənəcək, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi verilib, üzərində 5 metr yüksəklikdə yerləşən bürüncdən hazırlanacaq barelyefin fonu isə ağ mərmərdən üzük qaşı formasında işləniləcək. Əks tərəfdən isə eyni fon üzərində Milli musiqi alətlərimizin, tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşəcək. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir