Modern.az

”Azərbaycanda karikatura üçün mövzu kifayət qədərdir” - MÜSAHİBƏ

”Azərbaycanda karikatura üçün mövzu kifayət qədərdir” - MÜSAHİBƏ

Mədəni̇yyət

20 Noyabr 2013, 09:47

Karikaturaçı rəssam Bayram Hacızadə: “Amerikada keçirilən siyasi mövzulu karikatura müsabiqəsində birinci yeri azərbaycanlı tutdu”


Modern.az
mədəni-ədəbi sahədə olan problemləri işıqlandırmaqda davam edir. Bu dəfə Azərbaycan karikatura sənətinin inkişafından danışılacaq. Karikatura sənəti  ölkəmizdə zəngin tarixi ənənələrə sahibdir. Məhz, bu ənənələri yaşatmaq üçün 2006-cı ildə Rəssamlar İttifaqının tərkibində Azərbaycan Karikaturçular Birliyi yaradıldı. Müsahibimiz də birliyin sədri,  fəlsəfə doktoru Bayram Hacızadədir .            

- Azərbaycan karikaturasının  100 ildən çox tarixi var. Təşkilatımızın yaradılmasında məqsəd bu janrı yaşatmaq, ənənələri bu gün də qorumaq, ən əsası da sayca az olan karikaturçu rəssamlarımızı bir araya gətirməkdir. Azərbaycan Karikaturçular Birliyi yaranandan sonra ölkəmizdə keçirilən müsabiqələrin, sərgilərin sayı tam əminliklə deyə bilərəm ki,  kifayət qədər artdı.

- Bugünkü vəziyyət necədi?  

- Karikatura müsabiqələri beynəlxalq səviyyəlidir ki, dünyada gedən müsabiqələrin önündə getməyə layiqdir. Sualınıza cavab olaraq deyirəm ki, bugünkü işimizi uğurlu saymaq olar.

- Karikaturçular İttifaqında kəmiyyət və keyfiyyətin balansı qorunurmu?

- Təşkilatın sədri kimi  istərdim ki, bugünkü rəssamlarımızın sayı çox olsun. Gənclərin bu sənət növünə marağı artsın. Rəssamlarımızın sayı 100 nəfərdən artıqdır. Amma bu təkcə say göstəricisidi. Dünyada keçirilən nüfuzlu müsabiqələrdə Azərbaycanı davamlı şəkildə yalnız  4-5 nəfər təmsil edə bilir.

- Kimlərdi onlar?

- Bu gün əsasən beynəlxalaq müsabiqələrdə Azərbaycanı  təmsil edənlər Yavər Əsədov, Telman Mirzəyev, Vəfa Allahyarova, Soltan Soltanlı, Hafiz Nəsiroğlu, Seyran Cəfərlidir. Həmçinin mən özüm də 2005-2006-cı ildən üzü bəri o müsabiqələrdə iştirak edirik.

- Nə kimi uğurlarınız olub?

- Amerikada keçirilən dünya çaplı müsabiqələrdən birində iştirak etdik. Siyasi mövzulara aid bu karikatura müsabiqəsində azərbaycanlılar birinci və ikinci yeri qazandılar. Bu günə qədər Amerikada keçirilən müsabiqədə hansısa bir müsəlman ölkəsi qalib gəlməmişdi. Biz qalib gələndən sonra internetdə belə maraqlı bir yazı çıxdı: “Axır ki, bu müsabiqədə Amerikadan başqa ölkə qalib gələ bildi”. Bu bizim göstəricidi. Yaxud, Çində keçirilən beynəlxalq müsabiqədə 100-dən çox ölkə iştirak edirdi. Çinlidən sonra bizimkilər orda ikinci və üçüncü yeri götürdülər.

- Amerikada sizi qalib edən siyasi karikatura əsərlərində nə təsvir olunmuşdu?

- Beynəlxaq müsabiqələrdə beynəlxalq mövzular, qlobal problemlər qoyulur. Məişət mövzulu, hansısa xalqın, ölkənin daxili problemlərini işıqlandıracaq mövzular olmur. Burda daha çox terrorizm, ekologiya və s. kimi qlobal problemlər işıqlanır. Bu yaxınlarda biz özümüz də Bakıda bir beynəlxalq müsabiqə təşkil etdik. “Torpaların işğalına yox”  adlı müsabiqəyə dünyanın 60 ölkəsindən 100-dən çox rəssam gəlmişdi. Deməli, biz ən azından bu rəssamlara  işğal altında qalan torpaqlarımız barədə karikaturalarla məlumat verdik. Həmçinin bu faktları beynəlxalq aləmə  çıxara bildik. Hesab edirəm ki,  biz Azərbaycan gerçəkliyini dünyaya çatdıra bildik.

- Bunlar çox gözəl,  Azərbaycan  reallığını nəzərə alsaq, bəs karikaturçu rəssamlar bu gün hər hansı bir problemlə üzləşmirlər ki ? 

- Mən bu məqamları xarici həmkarlarla danışanda xüsusilə vurğulayıram. Jurnalist karikaturası deyilən bir termin var ki, bura mediada, mətbuatda istifadə olunan, işıqlanan karikaturalar daxildir. Azərbaycanda heç bir karikaturaçı rəssam çəkdiyi rəsmə görə təqibə məruz qalmayıb. Burda söz azadlığı qorunur. Mövzu da bütün cəmiyyətlərdə olduğu kimi, kifayət qədərdir. İnsan yaşamağa başladığı andan karikatura yaranıb. Kiməsə sataşmaq,  kimisə tənqid etmək həmişə olub. Qədim Misirdən, Romadan tutmuş, ta indiyə qədər. Karikatura düşüncə tərzidir. Karikatura hadisəyə bu və ya başqa rakursdan yanaşmadı. İnsanlar bu formada öz fikirlərini istifadə edirlər. İstənilən jurnalist də bundan istifadə edə bilir. Amma mətbuatda tənqiddən təhqirə keçmə prosesi var. Karikatura bir intellekt prosesidi, burda əsas iş karikaturçunun hadisəyə orijinal yanaşmasıdı. Mən də həmişə təəssüf hissi ilə deyirəm ki, jurnalistlər tənqidi elə bir ifrat hala çatdırır ki, yazıq karikaturaçı öz karandaşı ilə heç kəsi təəccübləndirə bilmir. Nəticədə də karikaturaçı cılızlaşır. Həmin o siz dediyiniz internet dominantlıq edir və onların fonunda karikatura öz kəsərini itirib.

- Bu günki gənc karikaturçuların əsərlərində sənətkarlıq baxımından hansı qüsurlar var?

- Karikatura tək sənət əsəri deyil, ona sənətkarlıq prizmasından da baxılmamalıdı.  Karikatura daha çox jurnalistikadı. Bu sahədə olanlar hələ ortaq məxrəcə gəlməyiblər ki, karikatura təsviri sənətdi, ya jurnalistikadı. Karikatura nə jurnalistikadı, nə də təsviri sənətin bir növü. O eyni zamanda demokratik cəmiyyətin bir göstəricisidi, ideoloji silahdı. Karikatura demokratik cəmiyyətin atributlarından biridir. Təbii ki,  sənətkarlıq baxımından da bir rəssamın yaratdığı əsərdi. Mən şəxsən peşəkar rəssam olaraq istəmişəm ki, karikaturçu rəssam həm hadisəyə orijinal yanaşması ilə seçilsin, həm də bir sənət əsəri kimi yüksək səviyyədə təsvir əmələ  gətirsin. Karikaturçu rəssam Sokrat kimi düşünməli, Dürre kimi çəkməlidi. Bu ən gözəl variantdı.     

- Bəs hansı qüsurlara yol verilir?

- Gənclərdə tələskənlik hiss olunur. Əsərlərinə  sənət əsəri kimi baxmırlar. Sadəcə olaraq fikirlərini çatdırma forması kimi baxırlar.

- Dünya karikatura sənətində sözlü rəsmlər artıq dəbdən düşüb. Amma bizim karikaturçular hələ də sözlərdən istifadə edir. Sizcə,  bizim rəssamlar dünya karikatura sənəti ilə ayaqlaşa bilmir?

- Sözsüz  karikatura beynəlxalq dildə danışan karikaturadı. Biz bunu belə adlandırırıq. Sözsüz karikatura təxminən 60-cı illərdə  meydana çıxdı. Amma buna qədər əsasən sözlü karikaturalardan istifadə olunurdu. Deyək ki, əsasən iki insan arasında dialoq əsasında qoyulmuş, yaxud müəllifin öz dilindən deyilmiş sözlər verilirdi. Amma bu gün sözsüz karikatura daha çox qəbul olunur. Rəssamın ustalığı ondan ibarətdir  ki, o sözlərdən istifadə etmədən öz fikrini sətiraltı mənada şəkillərdə çatdıra bilsin. Bunun da gözəlliyi ondan ibarədir ki,  həmin karikaturanı istər çinli, istər afrikalı,  istərsə də azərbaycanlı başa düşə bilir. Amma sözlü karikaturanı öz ölkəndən başqa başa düşən olmayacaq.

- Birliyiniz Rəsamlıq İttifaqınının tərkibindədir. Onlar sizə dəstək olurmu?

- Birlik 2006-cı Rəssamlar İttifaqının tərkibində yarandı. Mən fəxrlə və cəsarətlə deyə bilərəm ki, karikatura sənətində Karikaturaçılar Birliyinin yaranması “Molla Nəsrəddin “jurnalının  yaranması kimi tarixi bir hadisədir. Rəssamlar İttifaqı 40 ildən artıq idi ki, yaranmışdı, amma tərkibində karikatura bölməsi yox idi. İttifaqın bizə dəstəyi təbii ki, var. Bütün sərgilərimizi və görüşlərimizi onların salonlarında keçiririk.


Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?