Modern.az

Avropa Liseyinin şagirdlərinə 100 notebook verilib

Avropa Liseyinin şagirdlərinə 100 notebook verilib

Təhsil

25 Sentyabr 2009, 14:50

Bu gün Avropa Liseyində İntel korporasiyasının və Təhsil Nazirliyinin birgə həyata keçiriyi «1 şagird - 1 kompüter» layihəsi çərçivəsində məktəblilərə 100 ədəd notebookun verilməsi mərasimi keçirilib. Modern.az-ın məlumatına görə, mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov notebookların 5-6-cı sinif şagirdləri üçün nəzərdə tutulduğunu deyib. O, şagirdlərin notebookdan həm məktəbdə, həm də evdə istifadə edə bilcəyini söyləyib. M.Mərdanov layihənin Azərbaycanın təhsil sistemi üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, azyaşlı məktəblilərə notebookların verilməsi onların informasiya-kommunikasiya texnologiyaları vasitəsilə effektiv təhsil almalarına yaxından kömək edəcək: «Bu layihə çərçivəsində 2010-cü ilin sonuna kimi İntel Azərbaycan məktəblilərinə 1000, Təhsil Nazirliyi isə 3000 notebook təqdim edəcək. 2009-cu ilin sonuna kimi layihə çərçivəsində Elitar Gimnaziyaya, Avropa Liseyinə, 23 və 6 saylı orta məktəblərə ümumi olaraq 400 notebookun verilməsi planlaşdırılır. Notebookların 100-ü İntel, 300-ü isə Təhsil Nazirliyi tərəfindən veriləcək. Artıq Elitar Gimnaziya məktəbliləri notebookları alıblar».

Təhsil naziri qeyd edib ki, «1 şagird - 1 kompüter» layihəsi «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» çərçivəsində həyata keçirilir. 

Aqil LƏTİFOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub