Modern.az

Təbii fəlakətlə üzləşən rayonların deputatları yerlərdə olublarmı?

Təbii fəlakətlə üzləşən rayonların deputatları yerlərdə olublarmı?

5 May 2010, 14:22

Son günlər Kür çayında suyun səviyyəsinin kəskin artması, aramsız yağışlar Salyan, Kürdəmir, Şirvan, Sabirabad, Neftçala, Zərdab rayonlarında bəzi əraziləri fəlakətlə üz-üzə qoyub. Bu rayonlarda onlarla ev uçub, yüzlərlə ev qrunt sularının içində qalıb. Subasma nəticəsində taxıl əkininə, pambıqçılığa, həyətyanı sahələrə ciddi ziyan dəyib. Belə bir zamanda adları çəkilən rayonların seçicilərinin öz deputatlarının da köməyinə ciddi ehtiyacı var. Modern.az təbii fəlaktlə üzləşən rayonlardan seçilmiş deputatlarla əlaqə saxlayaraq onlardan  həmin bölgələrə baş çəkib-çəkmədiklərini, son vəziyyətin nə yerdə olduğunu  xəbər alıb. Kürdəmir. Fərhad Qəribov: “Mən hazırda Kürdəmirdəyəm. Ümumi durum yaxşı olmasa da, başqa rayonlara baxanda Kürdəmirdə vəziyyət babatdı. Kürün daşıb kəndləri basma təhlükəsi yoxdur. Fövqəladə Hallar Nazirliyinin, “Melorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndələri burdadır. Bəndatma işlərinə texnikalar cəlb edilib. Kür tam nəzarətdədir. Ancaq çox istərdik ki, daha çox texnika gətirilsin”.

 

Neftçala. Fəzail Ağamalı: “Dünən Neftçalada oldum. Nefçalada Şorşu kəndi üçün də təhlükəli vəziyyət movcuddur. Kürün bəndləri aşma təhlükəsi var. Bu istiqamətdə Fövqəladə Hallar Nazirliyinin və rayon İcra  Hakimiyyəti nümayəndələri intensiv işlər aparırlar. Hazırda təbiətin bu şıltaqlığı ilə mübarizə davam etdirilir. Bəzi kəndlərin həyatyanı sahəsini su basıb. Qrunt suların səviyyəsi xeyli qalxıb. Ancaq xüsusi fəsad törədəcək hal mövcud deyil. Əgər Kür çayı bəndləri aşarsa, çox ciddi hadisələr baş verə bilər. Bu gün də rayon ilə əlaqə saxlamışam. Təhlükəli durumla mübarizə davam edir”.

 

Zərdab. Jalə Əliyeva: “Mən indi Zərdabdayam. Kürün səviyyəsi çox yüksəkdir. Zərdabda son durum çox təhlükəlidir. 71 ev yenidən sökülüb tikilməlidir. Təxminən 10-a yaxın kəndə daha çox ziyan dəyib. Fövqəladə Hallar Nazirliyinin texnikası mütəmadi olaraq işləri davam etdirirlər. Dünən daha çox təhlükə vardı. Bu gün artıq sevindirici xəbər var ki, Kürün səviyyəsi 5 sm aşağı düşüb. Bəndatma işləri davam edir. Bütün rayon əhli də bu işlərə cəlb edilib. Dünən məktəblər də məcburən fəaliyyətlərini dayandırmışdı. Lakin belə qərara gəlindi ki, hansı məktəblərdə dərs keçməyə imkan varsa, orada tədris işləri davam etdirilsin. Ancaq şəhərdə 8 illik əsas orta məktəb çöküb. Yenidən bərpa olunmalıdır. Səhər-səhər yağış yağırdı. Ancaq indi yağıntı da dayanıb”.

 

Salyan. Əkrəm Abdullayev: “Hazırda Salyandayam. Gecə bəndlərdən sızma nəticəsində Babacanlı, Aşağı Kür kəndlərində taxıl sahələrinə ziyan dəyib. Hazırda həqiqətən də rayonun mərkəzində, kəndlərdə kritik durum mövcuddur. Bu gün gələn xəbərə görə Sabirabadda suyun səviyyəsi 5 sm azalıb. Ancaq səviyyənin aşağı düşməsi Salyanda 2 gündən sonra müşahidə edilə bilər. Fövqəladə Hallar Nazirliyinin, İcra Hakimiyyətinin nümayəndələri, rayon camaatı Kürlə mübarizə, həyətlərin qrunt sularından təmizlənməsi işlərinə qoşulub. Təhlükə hələ sovuşmayıb”.

 

Sabirabad. Pənah Hüseyn: “Sabirabadda srağagün olmuşam. Müntəzəm əlaqə saxlayıram. Hazırda gərgin vəziyyət davam edir. Sabirabadda kritik mərkəzlərdən olan Əlicanlı kəndində suyun səviyyəsinin düşmə halı müşahidə edilib. Gecə suyun səviyyəsi stabil olub. İndi də yağışlar davam edir. Bütün aidiyyatı qurumlar bu işlərə cəlb edilib. Texnika artıb, təchizat yaxşılaşıb. Ümumiyyətlə fəlakətin baş verdiyi ərazilər yanacaqla, ərzaqla təmin olunmalıdır. Açığı bu fəlakətin baş verməsi açıq-aydın mövcud qurumların bu kimi hadisələrə hazır olmadığını göstərdi. Sel, daşqın, bu kimi hallar əleyhinə Dövlət Proqramının olmaması işi daha da çətinləşdirir. Bununla bağlı mayın 7-də Milli Məclisdə çıxış edəcəkdim, ancaq Mili Məclisin iclası mayın 11-nə keçirilib. Həmin iclasda məsələ qaldıracağam”. Şirvan şəhərindən seçilmiş millət vəkili Azay Quliyev İngiltərədə ezamiyyətdə olduğundan olunla əlaqə saxlaya bilmədik. Təhminə Paşayeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir