Modern.az

Milyonlarla insanı satışa qoyan biznes

Milyonlarla insanı satışa qoyan biznes

1 May 2010, 09:24

Müasir köləlik cinayətkarlara milyardlar qazandırır

 

İki il əvvəl 18 yaşında olan Fəridəni aldadıb Türkiyəyə aparıblar. Ona yaxşı iş, tezliklə varlanmaq, hətta varlı ər də vəd olunub. Amma Türkiyəyə ayaq basan kimi Fəridəni beynəlxalq şirkətin təmsilçiləri yox, sutenyorlar qarşılayıblar...

 

Yəqin bu cür başlayan çox məqalə oxumusuz. Qızın və ölkənin adı fərqli ola bilər, bundan mahiyyət dəyişməyəcəkdi. Mahiyyət - insan alveridir.

 

Nədənsə, çoxları insan alverindən söz düşən kimi  aldadılıb başqa ölkədə fahişəliyə cəlb olunan qızlar haqqında düşünürlər. Amma trafikinq adlandırılan bu bəşəri problemin kökündə heç də qadınların satılması dayanmır. Araşdırmalar və statistika onu deyir ki, hazırda insan alverinin əsasını ucuz mallara, deməli  ucuz fəhlə qüvvəsinə olan tələbat təşkil edir.

 

Dünyada ən sürətlə inkişaf edən biznes

 

İnsan alveri - gəlir səviyyəsinə görə narkotiklərdən sonra dünyada ikinci yeri tutur. Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən, hər il dünyada 3 milyona yaxın insan alverin qurbanı olur. 600-800 min qadın və uşaq aldatma yoluyla xaricə aparılaraq satılır. Bu alverdən gələn illik gəlir isə 10 milyard dolları aşıb keçir. Özü də son illər bu alverin maliyyə dövriyyəsi sürətlə artmaqdadır.

 

Beynəlxalq Miqrasiya Təşkilatı isə hazırda dünyada 12 milyondan çox insanın məcburi əməklə məşğul olduğunu, yaxud da cinsi istismara məruz qaldığını açıqlayır. Özü də cinsi istismar üçün satılan insanlarla müqayisədə tikintilərdə, plantasiyalarda, balıqtutan gəmilərdə, emalatxanalarda ağır işlə məşğul olanlar, qulluqçu kimi işləyənlərin sayı günü-gündən artır.

 

Son 5 il ərzində bu tendensiya daha da güclənmək üzrədir. Avropanın özündə hazırda 250 mindən çox miqrant amansız şəkildə istismar olunur.  Onlar ağır işlərinə görə qəpik-quruş alsalar da (bəzən heç pul almayanları da olur) bu əməkdən əldə olunan gəlir 2,5 milyard dollara çatır. Bütün dünya üzrə bu rəqəm isə 20 milyard dollar civarındadır.

 

Bir qədər tarix

 

İşçi qüvvəsinin ilk kütləvi hərəkəti qulların Afrikadan Amerika qitəsinə məqsədyönlü daşınması olub ki, bunun da nəticəsində XVII-XIX əsrlərdə Afrikanın əhalisi xeyli azalıb.  Quldarlığın süqutundan sonra ABŞ-a Avropadan ikinci iri emiqrasiya dalğası başlayıb. XIX əsrin birinci yarısında sənaye işçilərinin beynəlxalq miqrasiyası üstünlük təşkil edirdisə, həmin əsrin sonuna miqrasiyaya daha çox müflisləşmiş kəndlilər cəlb edilmişdi.

Avropadan ABŞ-a növbəti miqrasiya dalğası ötən yüzilliyin 20-ci illərində qeydə alınıb. Yaxın tariximizdə isə ABŞ-a Meksika, Karib hövzəsi ölkələri və Asiyadan əsasən aşağı ixtisaslı işçi qüvvəsi axını fərqləndirilir. 1990-cı illərdə Birləşmiş Ştatlara gələn bütün immiqrantların 84 faizi  məhz bu üç regiondan olub.

 

Oğurladığı qadını öz plantasiyasında işlədib

 

Elə indinin özündə də ABŞ əmək istismarına məruz qalan insan alveri qurbanlarının daha çox toplaşdığı ölkələrdəndir. Hazırda Amerikanın 48 ştatında bu cinayətlə əlaqədar müxtəlif xarakterli işlərə baxılır. Bu qəbildən işlər arasında mətbuatda sensasiya doğuran olay Portlend ştatında baş verib. Oreqon ştatının sakini şəxsən özü Meksikadan bir qadını oğurlayıb və onu illərlə özünün narkotik plantasiyasında işlətməyə məcbur edib. Miluoki ştatında isə bir ailə 19 il ərzində Filippindən olan bir qadını qulluqçu kimi işlətdiklərinə görə məhkəməyə cəlb olunub. 

Rusiya çinlilər və özbəkləri yığışdıra bilmir

 

İnsan alveri şəbəkəsi elə qurulub ki, istənilən ölkə həm qurbanları göndərən, həm də qəbul edən ölkə ola bilər. Məsələn, Rusiyanın özündə yüz minlərlə çinli qul kimi işləyir. Hələ Çərkəz bazarı bağlanmazdan əvvəl orada minlərlə çinlinin gecə-gündüz işlədiyi qanunsuz sexlər tapılmışdı. Bazar bağlanandan sonra orda istismar olunan çinli və özbəklər küçədə qalmışdılar. Hətta bir ara Rusiya hökuməti bu insanlarla bağlı nə qərar verəcəyini bilmirdi. Çünki onları  saxlamaq da hökumətə baha başa gəlirdi, ölkədən çıxarmaq da.

 

Digər tərəfdən, Çinin özündə də Rusiya vətəndaşları istismar olunur. Son məlumatlara görə, yalnız Tailanda son 2 il ərzində 5 min rus qadını fahişə kimi aparılıb.

 

Azərbaycandan gedənlər...

 

Transmilli cinayət sayılan insan alveri Azərbaycandan da yan keçməyib. Hər il minlərlə azərbaycanlı qızların müxtəlif ölkələrə - Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, müxtəlif Avropa ölkələrinə aparılaraq cinsi istismara məruz qaldığı bəllidir. Bundan əlavə, azərbaycanlı kişi və qadınlar həm də xarici ölkələrdə çox ucuz işçi qüvvəsi kimi işləyirlər. 

 

Gedənlərin 67 faizi kişilərdir 

Dövlət Statistika Komitəsi 2009-cu ilin cəmi 3 ayı ərzində ölkənin bütün sərhəd-buraxılış məntəqələrində müayinə keçirib. 15 min miqrantı əhatə edən bu proses zamanı ölkədən gedənlərin sayı 7499 nəfər olub. Onların da 66,8 faizini kişilər təşkil edib. Bu insanların 16,3 faizi işləməyə gedirmiş. Müayinə zamanı məlum olub ki, Azərbaycandan işləməyə gedənlərin sayı ölkəmizə işləməyə gələnlərin sayından 2,2 dəfə çox olub. Ölkədən gedənlər arasında 30-49 yaşında miqrantlar çoxluq təşkil edib. Ölkədən gedənlərin 47,7 faizi MDB ölkələrinə (əksəriyyəti Rusiyaya) 13,8 faizi Türkiyəyə, 11,5 faizi Gürcüstana,10,8 faizi İran İslam Respublikasına, 16,2 faizi isə digər ölkələrə gedənlərdir. Ölkəmizdən gedən, əvvəllər fəhlə işləmiş miqrantların 51,3 faizi, ticarət işçilərinin 26,7 faizi, işsizlərin 25,3 faizi, rəhbər vəzifələrdə işləmiş miqrantların 23,6 faizi və nəqliyyat işçilərinin 17,2 faizi işləməyə getdiklərini bildiriblər. Azərbaycandan gedənlər arasında əvvəl yaşadığı ölkəni tərk etməyin əsas səbəbləri kimi şəxsi və ailə problemləri, iş tapmaq imkansızlığı, əmək haqqının azlığı göstərilib. İş tapmaq imkanı olmadığına görə gedənlərin 85 faizini azərbaycanlılar təşkil edib.

Kölə kimi işləyib evə xəstə qayıdırlar

 

İnsan alveri ilə məşğul olan cinayətkarlar da məhz bu cür insanları tilova salırlar. Onlar iş tapmaq istəyənləri xarici ölkələrə aparır və qul vəziyyətinə salırlar. Belə insanlar uzun müddət kölə vəziyyətində çalışdıqdan sonra, xəstə yarımcan halda ölkəyə, öz ailələrinin yanına qayıdır. Bəzən belə kişilər özlərini günahkar saydıqları üçün ailələrinin yanına dönməkdən çəkinirlər.

 

Bu cür hallardan biri haqqında bizə Mingəçevir Valideynlər Assosiasiyasının rəhbəri, BMT-nin təlimçisi Fərman Nəbiyev danışır. Dediyinə görə, bir müddət əvvəl Mingəçevirdən bir qrup şəxsi aldadaraq Permə aparıblar. Orada onlara uzunmüddətli iş, yaxşı maaş vəd ediblər:

 

“İş doğrudan da uzun müddətli olub. Amma maaş verilməyib. O qrupla Permə gedənlərdən biri, Nazim adlı bir şəxs deyirdi ki, hər gün səhər saat 8-dən gecəyə qədər tikintidə işləyiblər. Bir neçə ay onları aparan adam “bu gün maaş veriləcək”, “sabah veriləcək” deyərək vaxtı uzadıb. 8 aydan sonra isə yoxa çıxıb”. 

8 ay Permdə pulsuz işləyəndən sonra borcla geri qayıdıb

 

Nazim Permə gemək üçün yol pulunu da borc aldığından çox pis vəziyyətdə qalıb. Bir ay ərzində ordakı azərbaycanlıları tapıb onlardan pul yığıb və bura qayıdıb. Məlum olub ki, gərgin iş rejiminə görə onun böyrəklərində də problem yaranıb. Ona görə Nazim bir daha borc alıb səhhətini düzəltmək məcburiyyətində qalıb.

 

F.Nəbiyev deyir ki, onlar regionalrda əhali arasında təlim keçəndə xaricə gedən hər bir kəsə ayıq-sayıq olmağı məsləhət görürlər:

“Tövsiyə edirik ki, sərhədi keçən hər bir kəs doğmalarına xaricdə qalacağı ünvanı, əlaqə telefonunu və həmçinin pasportunuzun birinci səhifəsini, viza səhifəsinin və müqavilənin surətini versin. Bundan əlavə, pasportu heç kimə verməmək, sənədləri itirəndə isə dərhal həmin ölkənin polisinə və Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyinə və ya konsulluguna müraciət etmək məsləhət görürük”. 

“Qul kimi işləsəm də, gedərəm”

 

Amma təlimçilər bəzən acınacaqlı hadisələrlə də üzləşirlər. Məsələn, Fərman Nəbiyev deyir ki, rayonlardan birinə insan alveriylə bağlı təhlükə haqqında məlumat verəndə iştirakçılardan biri “dəxli yoxdur, təklif etsələr, elə bu gün gedərəm” deyib. O,Azərbaycanda iş tapmadığını, ünvanlı yardım ala bilmədiyini, buna görə lap qul kimi olsa belə xaricdə işləməyə razı olduğunu deyib... 

...Azərbaycana gələnlər

 

Bizdən gedənlərin sayı çoxdur. Amma gələnlər də az deyil. Azərbaycana işçi miqrantlar o ölkələrdən gəlir ki, orada sosial-iqtisadi şərait çox ağırdır. Bəzən bura təşrif buyuranlar aclıq əlindən gələnlər olur. Belələri üçün maaşın fərqi olmadığından qazancı azərbaycanlını qane etməyən işlərə də gedirlər. Azərbaycanda adətən belə işçilər tikinti sahəsinə, həmçinin xırda istehsalat sahəsinə iaşə obyektlərinə cəlb olunurlar.

Elə miqrantlar var ki, heç bir iş yerinə girmədən küçə ticarəti ilə məşğul olurlar. Bu, əsasən çinlilər üçün xarakterikdir. Əvvəllər yalnız Bakı şəhərində görünən çinlilər indi ölkənin bütün bölgələrində keyfiyyətsiz, lisenziyasız Çin mallarının satışı ilə məşğul olurlar. 

Sahib Məmmədov: “Bəzi işlərdə elə xaricilər işləsə yaxşıdır”

 

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov hesab edir ki, Azərbaycanda bəzi sahələr var ki, həmin sektorlara həqiqətən də xaricdən işçilərin, kadrların gəlməsi yaxşı olardı: "Elə iş yerləri var ki, həmin sahələrə Azərbaycanda kadr tapmaq mümkün deyil. Bu cür problemi həll etmək üçün Avropa ölkələri "green-kart" sistemi tətbiq ediblər, bununla da özlərində çatışmayan yüksək səviyyəli işçiləri ölkələrinə cəlb edirlər. Ancaq bizdə bu mexanizm yoxdur”.

Sahib Məmmədov deyir ki, hazırda Azərbaycanın əmək bazarında xarici işçilərin sıxışdırılması tendensiyası yoxdur. Amma gələcəkdə onların əmək bazarına ciddi  təsir göstərəcəyi istisna deyil.  Ona görə də bu sahədə dövlət tənzimlənməsinə ehtiyac var: “Amma tənzimlənmə elə olmalıdır ki, bu, miqrantların və onların ailə üzvlərinin hüquqları tapdanmasın".

 

“Miqrantlar dönərxanalarda, restoranlarda işləyirlər”

 

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov da təsdiqləyir ki, hazırda Azərbaycan çox yaxın ölkələr miqrantlar üçün mənşə hesab olunur: "Gürcüstandan ölkəmizə tez-ez gedib-gələn çoxsaylı soydaşlarımız var. Rusiya, Türkiyə və İrandan da gələn miqrantlar var ki, onlar əmək fəaliyyəti adı altında viza alır. Ölkədə olan miqrantlar müvafiq icazəsi olmadan əmək fəaliyyəti ilə məşğul olur. Dönərxanalarda, restoranlarda Türkiyə vətəndaşları, ticarət mərkəzlərində isə Pakistan, Çin və s. ölkələrin vətəndaşları çalışır”.

A.Allahverənov deyir ki, qanuna əsasən, əcnəbi vətəndaşlar Azərbaycanda əmək fəaliyyətilə məşğul olmaq üçün lisenzya almalıdırlar və buna görə büdcəyə vəsait ödəməlidirlər: “Amma adətən bu vəsait ödənilmir. Məsələn, çinlilər turist kimi Azərbaycana gəlir. Amma səyyar ticarətlə məşğul olurlar”. 

Azərbaycana 130-dan artıq ölkədən miqrantlar gəlir

 

Dövlət Miqrasiya Xidmətinin rəhbəri Arzu Rəhimovun dediyinə görə, Azərbaycana 130-dan artıq ölkədən əcnəbilər gəlir. Onlar arasında MDB ölkələrindən - Gürcüstan, Rusiya, həmçinin Türkiyə, İran, ABŞ, İngiltərədən gələnləri çoxdur: “"Dünyada davam edən iqtisadi böhran Azərbaycana elə də ciddi təsir göstərməyib. Bu da əcnəbilərin Azərbaycana marağının artmasına səbəb olub. Onlar həm iş, həm də normal yaşayış şəraiti ilə bağlı Azərbaycana gəlirlər".

 

Miqrasiya Məcəlləsi hazırlanmalıdır

 

Bu tövsiyəni isə BMT-nin Fəhlə Miqrantları və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında komitə Azərbaycana verib. Komitənin hesabatında deyilir ki, indiyə qədər qanunvericilikdə fəhlə miqrant anlayışı yoxdur. Digər tərəfdən, əməklə məşğul olmaq üçün fərdi icazənin alınması proseduru ağır və mürəkkəb olaraq qalmaqdadır. Bu icazə 1 ilədək müddətə verilir  və onun müddəti hər dəfə 1 ildən çox olmamaq müddətilə 4 dəfə uzadıla bilər.

 

Daxili miqrantlar

 

Bəli, belələri də var. Şərt o deyil ki, alver qurbanı mütləq sərhədi adlayıb keçsin. Elə ölkə daxilində də hüquqları tapdanan, aldadılıb işlədilən, zorla fahişəliyə cəlb olunanların sayı az deyil. Əmək sahəsində isə belələrinin sayı həddən artıq çoxdur. Düzdür, xaricdə olan insan alveri qurbanları ölkəyə qayıtmaq üçün yollar tapmır, uzun müddət çarəsiz qalıb orda kölə kimi işləyirlər. Onları daxili  miqrantlardan fərqləndirən əsas cəhət demək olar elə bundan ibarətdir. Yerdə qalan məqamlar – cüzi maaş, məcburi əmək, hədələməklə, zorla nəyəsə məcbur etmək – bunların hamısı daxildəki qurbanlar üçün də keçərlidir.

 

Elə Beynəlxalq Miqrasiya Təşkilatı da bu faktı diqqətdən kənarda saxlamayıb. Təşkilatın son hesabatından bildirilir ki, miqrantların əksəriyyəti ölkə sərhədlərini keçmədən ölkə daxilində miqrasiya edir. Hazırda dünya üzrə 740 milyon insan daxili miqrantlardır ki, bu da beynəlxalq miqrantların sayından dörd dəfə çoxdur.

 

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin məlumatına görə, dünyada hər 35 nəfərdən biri, ölkəmizdə  isə hər 8 nəfərdən biri miqrantdır. Mərkəzin statistikasına görə, hazırda dünyada miqrantların sayı 200 milyon, burda  isə 1 milyona yaxındır. Azərbaycan dünyada ərazisində ən çox daxili miqrant məskunlaşan ölkədir.

Çıxış yolu – qınaqdadır?

 

Miqrantların sayını azaltmaq üçün bütün dünyanın hüquq-mühafizə orqanları tədbirlər görür, iri layihlər həyata keçirilir, qanunlar, normativ aktar qəbul edilir. Bunlarla yanaşı, beynəlxalq qurumlar quldarlıq dövrünə qayıtmağın qarşısını almaq üçün alternativ variant kimi ictimai qınağı təklif edirlər. Belə ki, bir çox ölkə vətəndaşlarına ucuz və keyfiyyətsiz malları almamaq, bununla da həmin məhsulu hazırlayan insanın əməyindən istifadəyə etiraz bildirmək təklif olunur. Milyardlarla dövriyyəsi olan cinayət şəbəkəsinə qınaq necə təsir edəcək – bunu demək çətindir. Amma ekspertlər deyir ki, milyonları əhatə edən bu bəlaya qarşı istənilən növ mübarizə alqışlanmalı və dəstəklənməlidir.

 

Fərəh Sabirqızı

 

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı