Modern.az

Azərbaycan milli ideyasının nüvəsi: Türkçülük - I Yazı

Azərbaycan milli ideyasının nüvəsi: Türkçülük - I Yazı

23 Noyabr 2013, 09:35

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru

XX əsrin əvvəllərində dünyada və çar Rusiyasında baş verən sosial-siyasi, iqtisadi dəyişikliklər və inqilablar fonunda müstəmləkə altında olan bir çox millətlər kimi, Azərbaycan xalqı da milli azadlıq hərəkatlarından kənarda qala bilməzdi. Şübhəsiz, digər müstəmləkə millətlər kimi Azərbaycan türklərinin də milli azadlıq hərəkatının əsas özəyində milli ideya və yaxud milli ideyalar dayanırdı. Çünki müstəmləkəçilikdən qurtulmaq istəyən millət ilk növbədə, milli ideya və yaxud milli ideyalarını müəyyənləşdirməli və onu milli ideologiya səviyyəsinə qədər yüksəltəmli idi.

Azərbaycan milli ideologiyası probleminin mahiyyətini dərindən başa düşmək üçün, öncə milli ideya, yaxud milli ideyalar və milli ideologiya məsələsinə aydınlıq gətirməyə çalışmışıq. Çünki hər bir millətin varlığı ilk növbədə, milli ideya və yaxud da milli ideyalarla bağlıdır. Məhz bir və yaxud bir neçə ideyanın sonucu olaraq milli ideologiya yaranır. Ümumiyyətlə, millətin həyatında yalnız bir ideyanın olması və onun əsasında milli ideologiyanın təşəkkül tapması çətindir. Burada ən yaxşı halda hansısa milli ideyanın aparıcı rolundan bəhs oluna bilər. Yəni istənilən halda, milli ideologiyanının tərkibinə bir neçə ideya daxil olur.  Ancaq burada diqqət yetirələcək əsas məsələ ondan ibarətdir ki, birincisi, hansı millət üçün hansı ideyalar önəmlidir. Yəni bir millət hansı bir neçə ideyanı milli ideologiyanın tərkib hisəssinə qəbul edir. İkincisi isə, həmin ideyalar arasından hansı milli ideya milli ideologiyada aparıcı mövqeyə malik olur.

O da istisna deyil ki, zaman-zaman milli ideologiyanın tərkibinə ya kənardan, ya da cəmiyyətin öz daxilindən yeni ideyalar daxil olsun. Çünki ideologiya ideya, yaxud ideyalar haqqında təlim olduğuna görə, hər hansı millət müəyyən zaman kəsiklərində yeni ideya ilə üzbəüz qala bilər. Bu zaman yeni ideya və yaxud ideyaların mövcud ideyaların üstündən ya bir dəfəlik xətt çəkməklə (zoraklıqla), ya da müxtəlif üsullarla onları kölgədə qoymaqla cəmiyyətin şüurunda özünə yer tapması da mümkündür. Bu cür hallar ayrı-ayrı millətlərin taleyində dəfələrlə baş vermişdir. Bununla qarşılaşan millətlər yeni ideyalarla mövcud ideyalar arasında ya uzlaşdırma tapmağa çalışmış, ya yeni ideyanı qəbul etməmiş, ya da onun qarşısında məğlub duruma düşmüşlər. Məsələn, ruslar onlara kənardan daxil olan marksizmi rus milli ideyasının bir forması halına gətirmiş, bununla da çar Rusiyasının yerində Sovetlər Birliyi imperiyasını qurmağı bacarmışlar. Bunun eynisini onlardan öncə farslar, Hind-Avropa nəzəriyyəsinin yaradıcılarının yardımı ilə etmişlər. Belə ki, farsların bir neçə əsr milli dövlətləri olmamış, yalnız İslamı şiəlik adı altında farsçılıqla-irançılıqla eyniləşdirdikdən sonra İranı bir fars dövləti etməyi bacarmışlar. Almanların əksəriyyəti isə bir əsrdə həm millətçiliyin ən mürtəce forması olan faşizmi-hitlerizmi qəbul etmiş, həm də çox keçmədən ondan imtina etmişlər.


Maraqlıdır ki, çar Rusiyası və Qacarlar dövləti arasında gedən müharibələrdən və həmin müharibələrin nəticəsi olaraq bağlanan müqavilələrdən  (1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay) sonra iki yerə: Quzey Azərbaycana və Güney Azərbaycana parçalanan Azərbaycan türklərinin həyatında da özlərinin müəyyənləşdirdikləri milli ideyalar qədər (türkçülük, islamçılıq, müasirləşmək, milli azərbaycançılıq), kənardan daxil olan qeyri-milli ideyalar (farsçılıq-irançılıq, ruslaşdırma, marksizm-leninizm və b.) da mühüm rol oynamışdır. Məsələn, 1925-ci ildə türk sülaləsinin idarə etdiyi Qacarlar dövlətinin devrilməsində və farsların hakimiyyət gəlməsində ilk növbədə, Güney Azərbaycan türklərinin İslam adı altında onların şüurlarına yeridilən farsçılıq-irançılıq ideyası qarşısında yenilmələri olmuşdur. Təxminən 100 ilə yaxın, özü də demək olar ki, birtərəfli şəkildə aparılan ideya savaşından farsların qalib çıxmasından sonra Güney Azərbaycan türkləri yenidən milli ideyalarını, xüsusilə türkçülüyü dirçəltməkdən başqa yol tapmamışlar.

Quzey Azərbaycan türkləri isə çar Rusiyası və Sovet Rusiyasının işğalı müddətində ruslaşdırma, erməniləşdirmə, rus bolşevizmi və sovetləşdirmə kimi kənar ideyaların təsirinə məruz qalmışlar. Fikrimizcə, Quzey Azərbaycan türklərinin Güney Azərbaycan türklərindən fərqli olaraq kənar ideyalara dirəniş göstərməsində, bunun da nəticəsi olaraq türkçülük və müasirlik anlayışlarını onlardan öncə mənimsəmələrində Vətənlərinin iki yerə parçlanmasından sonra fərqli vəziyyətlərdə yaşamaları səbəb olmuşdur. Monoqrafiyada da bu məsələlər geniş şəkildə izah olunmağa çalışılmışdır.

Ümumiyyətlə, fikrimizcə, Azərbaycanda milli ideologiyanın tərkib hissəsinə bir yox, bir neçə ideya daxildir. Doğrudur, bu ideyalar sıralamalarına görə zaman-zaman yer dəyişdirmiş, hətta bəzən milli ideyaları qeyri-milli ideyalar belə əvəz etmişdir. Məsələn, Azərbaycan xalqının milli ideologiyasının tərkib hissəsində dörd ideya: türkçülük, isldamçılıq, müasirləşmək, azərbaycançılıq arasından 20-ci əsrin əvvəllərində islamçılıq, daha sonra türkçülk öndə olmuşdursa, SSRİ dövründə (1920-1991) onları marksizm-leninizm və sovet beynəlmiləlçiliyi, müstəqillik dövründə (1991-…) isə azərbaycançılıq əvəz etmişdir. Ola bilsin ki, müəyyən müddətdən sonra yeni bir ideya, məsələn modernləşmək ideyası azərbaycançılığı üstələyəcəkdir. Əlbəttə, bütün bu yer dəyişmələrin baş verməsində istər dünyada, istər regionda, istərsə də cəmiyyətin öz daxilində baş verən proseslər mühüm rol oynamışdır və oynayır da. Yəni heç bir şeyi mütləqləşdirərək demək ki, yox bu heç vaxt mümkün ola bilməz və s. bu doğru deyildir.

 20-ci əsrin əvvəllərində milli fəlsəfi fikir tariximizdə milli ideyalardan biri və birincisi millilikdir - milli kimlikdir, milli özünüdərkdir, milli özünütəyindir. Bu mənada, Azərbaycan milli ideologiyasının əsas milli ideyası türklükdür, Azərbaycan türk milliyyətçiliyidir, Azərbaycan türk millətidir. Müəyyən bir coğrafiyada çoxluq təşkil edən etnosların vahid dildə danışmaları, adət-ənənələrə sahib olmaları, mədəniyyətə və tarixi keçmişə sahib olmaları, iqtisadi çıxarları olmalıdır ki, bununla da özlərini milliyyət və millət kimi tanısınlar. Özəlliklə, müstəmləkə halına gətirilmiş, zaman-zaman milli-mənəvi dəyərlərinə qəsd edilmiş bir millət üçün yenidən milli özünüdərk, milli özünütəyin əsas və vacib ideyalardan biridir. Fikrimizcə, istisna hal olaraq, yalnız bu cür milli ideya - milli özünəməxsusluq, milli özünütəyin yetərli ola bilər ki, digər ideyaların yardımı olmadan belə milli ideologiyaya çevrilsin. Ancaq bunun çox zor olmasını da söyləmədən keçmək mümkün deyildir. Buna başlıca səbəb də milli özünəməxsusluğun, milliliyin əksər hallarda mürtəce millətçilik-şovinizm kimi yozulmasıdır. Bu mənada, müstəmləkə halında olan bir millətin milli özünməxsusluqdan çıxış edərək milli azadlıq uğrunda mübarizə aparması nə qədər müsbət sayılırsa, artıq müstəqillik əldə etmiş millətin həmin ideyanı eynilə uyğulamağa davam etməsi bir o qədər də mənfi qəbul edilir.

Ona görə də, 20-ci əsrin əvvəllərində milli azadlıq hərəkatı uğrunda mübarizə aparan Azərbaycan xalqının əsas milli ideyasının türkçülük olması nə qədər təbii idisə, 1930-cu illərin sonlarından etibarən Sovetlər Birliyi dövründə, eləcə də hazırda müstəqil Azərbaycan Respublikasında məsələnin bu cür qoyuluşuna birmənalı baxış yoxdur. Bu baxımdan biz, araşdırıdığımız dövrdə əsas milli ideya kimi türkçülükdən, onun Azərbaycan Cümhuriyyətinin yaranmasında və inkişafında oynadığı əvəzsiz rolu, indiki zamanın baxışından deyil, dövrünün tələblərinə və şəraitinə görə dəyərləndirmişik. Həmin dövrün əsas tələbi də ondan ibarət idi ki, müstəmləkədən azad olmaq istəyən bütün millətlər kimi Azərbaycan türklərinin də məhz milli özünütəyindən - türkçülükdən çıxış etməkdən başqa bir yolu yox idi. Çınki türkçülük çar Rusiyasının müstəmləkəsi halına gətirilmiş Qafqaz-Azərbaycan müsəlmanlarının yeni bir dövlət qurmağın əsas açarı idi. Ən azı ona görə ki, Qafqaz müsəlmanlarının, o cümlədən Azərbaycan müsəlmanlarının böyük əksəriyyəti nə qədər islama-müsəlmanlığa bağlı olursa-olsunlar, nə qədər marksizm-leninzmə rəğbət göstərirlər göstərsinlər ilk növbədə, özlərini türk kimi tanıyır və türk mədəniyyətinə aid edirdilər. Eyni zamanda, yalnız Qafqaz deyil, çar Rusiyasının müsəlman əhalisinin böyük əksəriyyəti də türk-tatar xalqları adlanan bir türk millətinə, yaxud da türk irqinə aid edilirdi. Bu baxımdan çar Rusiyasında, o cümlədən Qafqazda yaşayan müsəlmanların milli azadlıq hərəkatı uğrunda mübarizədə əsas milli ideya olaraq türkçülüyü qəbul etmələri çox təbii idi.

Xüsusilə də, din ideyasının heç cürə özünü doğrulda, yəni qeyri-müəyyən «İttihadi-İslam» - «İslam Birliyi» ideyasının gerçəkləşə bilməyəcəyi bir dövrdə milli ideya kimi türkçülüyün aparıcı yer tutması başa düşüləndir. Doğrudur, ilk dövrlərdə türkçülük də islamçılıq, «İslam birliyi» ideyası kimi ümumi xarakter daşımış, bəzi türk ideoloqlar bunun əsasında Turan imperiyasını dirçəltmək haqqında mülahizələr belə yürütmüş, hətta Ənvər paşa kimi hərbi sərkərdələr silah gücünə bunu reallaşdırmağa belə çalışmışlar. Bütün bunlara baxmayaraq, fikrimizcə, türkçülük din ideyasından - «islam birliyi»ndən fərqli olaraq milli ideologiyanın formalaşmasında əsas rol oynayaraq Azərbayca Cümhuriyyətinin yaranmasında həlledici rola malik olmuşdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi