Modern.az

Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI - “Yaramaz” Hətəm

Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI - “Yaramaz” Hətəm

Mədəni̇yyət

23 Noyabr 2013, 15:42

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.

Modern.az saytı “Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı rubrikasında oxuculara milli filmlərimizdə əsas rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir. 

Rejissor Vaqif Mustafayevin 1988-ci ildə çəkdiyi “Yaramaz” filmi keçmiş SSRİ-nin dağılmasını sürətləndirən yenidənqurma dalğasının ab-havasını göstərən ən yaxşı ekran əsəri hesab edilir. Amerikan tənqidçisi R.Hollouey "Faynənşl Tayms" qəzetində "Yaramaz" filmini sovet kinosunda yeni dalğanın ilk uğurlu müjdəçisi adlandırıb.

Faciəvi komediyaya yaxın olan filmdə yaxşı adamın pis adama necə çevrilməsindən danışılır. Dövrün bəlaları çılpaqlığı ilə üzə çıxarılır, insan şəxsiyyətinin deformasiyasının, mənəvi düşkünlüyunun səbəbləri tədqiq olunur.

Filmin baş qəhrəmanı Hətəm adlı cavan oğlan əvvəlcə həyatda işi düz gətirməyən adam kimi təsvir olunur. Sadəlövhlüyü ucbatından onu "işgüzar" adamlar lağa qoyurlar. Hər tərəfdə alver gedir, oğurluq edilir, sövdələşmə aparılır. Bütün bunların isə Hətəmə dəxli olmur. Nəhayət Hətəm onunla edilən şit zarafatlardan təngə gəlib, "ağıllanmağı" qərara alır. Və çox qısa müddət ərzində ağlasığmaz müvəffəqiyyətlər qazanır. O, fəhləlikdən suvenir fabrikinin direktoru vəzifəsinədək yüksəlir. Eyni zamanda "işgüzar" adamlara xas olan keyfiyyətlərə yiyələnir. Yalançılıq, amansızlıq, satqınlıq onun iliyinə işləyir. Nəticədə... Hətəm “dünyanın sahibi” olur. Bu hakimiyyəti ona pul verir, pul da onun qəlbinin təmizliyini əlindən alır.

“Yaramaz” filmində həmin Hətəmi canlandıran aktyor azərbaycanlı deyil, bu, sovet və gürcü aktyoru, kinorejissor Mamuka Kikaleyşvilidir.

Həyatda cəmi 40 il yaşayan Mamuka Kikaleyşvili 1960-cı ildə Tiflisdə anadan olub. O, Rustaveli adına Dram Teatrının aktrisası, Gürcüstanın əməkdar artisti Leyla Dziqraşvili və həmin teatrın direktor müavini Andrey Kikaleyşvilinin ailəsində doğulub. 1981-ci ildə Şota Rustaveli adına Tiflis Dövlət Teatr və İncəsənət İnstitutunu bitirən Mamuka aktyorluq təhsili alıb. O, 1984-cü ilədək Marcanaşvili adına teatrda çalışıb. Həmin ildən “Gürcüstanfilm” kinostudiyasında çəkilməyə başlayıb.
40-a yaxın filmdə rol alan Mamuka 1988-ci ildə Vaqif Mustafayevin "Yaramaz" filminə dəvət alır. Bu ekran əsərindəki Hətəm rolu onu daha da məşhurlaşdırır. Elə bu filmdəki aktyor oyununa görə Mamuka 1988-ci ildə Bolqarıstanın Qabrovo şəhərində keçirilmiş festivalda “Ən yaxşı komediya aktyoru” nominasiyasının qalibi olub.
Mamuka 1994-cü "Məğlub mələk" filmində özünü rejissor kimi də sınayır.

Qeyd edək ki, Mamuka Kikaleyşvili Azərbaycan rejissorlarının daha iki filmində rol alıb. O, 1990-cı ildə rejissor Cahangir Mehdiyevin çəkdiyi “Girişmə öldürər!” adlı filmində sərnişin və elə həmin Vaqif Mustafayevin 1995-ci ildə ekranlaşdırdığı məşhur “Fransız” filmində müğənni rolunu oynayıb.

Mamuka Kikaleyşvili keşməkeşli həyat yaşayıb.

90-cı illərin sonunda Gürcüstanı tərk etməli olan M. Kikaleyşvili Moskvaya köçməyə məcbur olmuşdu. O, siyasi qalmqalların iştirakçısı olduğuna görə, doğma ölkəsini tərk etmişdi. Mamuka Gürcüstanın eks-prezidenti Zviad Qamsaxurdiyanın dəstəkçilərindən idi. Məhz buna görə, onu həbs də etmişdilər.

Moskvaya köçəndən sonra Mamuka bir sıra filmlərdə rollar aldı. Təzyiqlərə baxmayaraq, sonradan onu bağışladılar və Gürcüstanın Rusiyadakı səfirliyində iş verdilər. Mamuka Kikaleyşvili səfriliyin mədəniyyət üzrə attaşe vəzifəsində çalışırdı.

M. Kikaleyşvili həyatının son illərini  Gürcüstanın Rusiyadakı səfirliyində çalışdı. 2000-ci il aprelin 26-da Mamukanın həyat yoldaşı Tatyana onu çarpayıda huşsuz vəziyyətdə tapdı. Məlum oldu ki, Mamuka yuxu dərmanını həddindən artıq qəbul edib. Həkimlər gürcü aktyoru xilas edə bilmədilər. Moskvada vəfat etmiş Mamuka Kikaleyşvilini doğma vətənində - Tiflisdə torpağa tapşırdılar.
Aktyorun oğlu Andro Kikaleyşvili atasının soyadını yaşadır.










A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir