Modern.az

Müstəqilliyimiz dona bilər - TƏHLİL

Müstəqilliyimiz dona bilər - TƏHLİL

24 Noyabr 2013, 22:56

Azərbaycanı “Qarabağla”, Ukraynanı isə təbii qazla “boğan” Rusiya 

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Şimaldan soyuq, Cənubdan isə isti küləklərin əsdiyini hamımız bilirik. Amma nədənsə indi əsən küləklərin istisi soyuğuna, soyuğu isə istisinə qarışıb, daha doğrusu qarışdırılıb. Aydın məsələdir ki, nə Rusiya, nə də İran bizi heç vaxt ürəkdən müstəqil dövlət kimi qəbul və ya həzm edə bilir. Bunun səbəbini əlbəttə ki bilirik, “Gülüstan” və “Türkmənçay” kəndlərinin adlarını “əbədiləşdirən” müqavilələr hamımıza yaxşı məlumdur. Azərbaycan kəndbəkənd, şəhərbəşəhər Rusiya və İranın arasında dədə malı kimi olmasa da, istədikləri kimi bölündü. Yaxşı bəs indi bunların dərdləri nədir, yoxsa yenə də bölünməmiş hansısa yerimiz qalıb biz bilmirik. 

İranda, yəni Cənubi Azərbaycanda yaşayan qardaşlarımızın müstəmləkədən azad olmaq istəyi, dövlət tərəfindən təzyiq olaraq digər məsələlərlə yanaşı, əsasən, Urmiya gölünün qurudulmasına gətirib çıxardır. İran hökuməti bunu qəsdən edir ki, Urmiya gölü ətrafı bölgələrdə yaşayan insanlar həm torpaqların məhsuldarlığı baxımından, həm də ekoloji problemlərlə üzləşsinlər. Belə olan halda əlbəttə ki, demoqrafiya baş verəcək və insanlar yaxşı həyat, eləcə də iş axtarışı üçün digər bölgələrə üz tutacaqlar. Nəticədə soydaşlarımızın daha çox kompakt yaşadıqları bölgələrdə insanların sayının azalması baş verəcək və mövcud İran rejimi tərəfindən isə, sayca azaldılmışların istənilən arzu və istəklərini gözlərində qoymaq heç də çətin olmayacaq. Burasını bildik, bu, tutaq ki İran dövlətinin daxili işidir.
Bəs onda dindaşlarımız bizim yolumuzu niyə kəsməyə başladılar, Qərb İranı uranın zənginləşdirməsi ilə olan məsələlərlə bağlı sıxışdıranda biz ki onlara qarşı qəbul olunan hər növ sanksiyalara və digər təzyiqlərə “yox” dedik. Amma indi İran tərəfindən bizə qarşı maraqlı tələblər irəli sürülür. Dünənə qədər buraxılan Azərbaycana məxsus ağır tonnajlı yük avtomobilləri indi nədənsə İran yollarına “ağırlıq” edir. İndi deyirlər ki, 30 tondan çox yüklənən avtomobillər gərək artıq yüklərini boşaldsınlar və sonra sərhəddi keçsinlər. Bu avtomobillərdə olan yüklərin isə çoxunun yanacaq və mavi qaz olması, yükün boşaldılıb 30 tona qədər azaldılmasını əlbəttə ki çətinləşdirir. Bir sözlə, İran bizim nəyə görəsə “qazımızı almaq istəyir”. Onda bəs niyə bu ağaların özlərinə məxsus olan ağır tonnajlı avtomobilləri 40 tona yaxın yüklərlə sərhəddi keçib bizim “ipək yollarımızın” karvanına dönürlər?

Aydın məsələdir ki, bizim çörəyimizin duzu heç vaxt bilinməyib, bu o demək deyil ki biz çörəyi duzsuz bişiririk, xeyr, sadəcə başqaları bizim çörəyi yeyəndə nədənsə onun duzunu sanki hiss etmirlər. Ermənilər bunu bizə, eyni zamanda bizi az-çox başa düşənlərə ən yüksək səviyyədə “təsdiq” ediblər. Yoxsa, getdikcə farslar da erməniləşirlər, belə deyilsə, onda bəs İran tərəfi niyə belə yolkəsənlik edir?
Məgər İran Naxçıvanın demək olar ki mühasirə şəraitində olduğunu bir dindaş kimi başa düşmürmü? Yoxsa İran Naxçıvana Yəzidilərin təzyiq üsulu ilə Məhərrəm ayının ağırlığını yaşatmaq istəyir? Axı, Yəzidilər də o vaxtlar İmami Hüseyni və onun əsabələrini Kərbəla çölündə mühasirəyə salıb, onların hətta suya gedən yolunu bağlamışdılar. Nə isə, məncə burda barmaq söhbəti var, yəni “kiminsə barmağı var”. Gəlin özümüzü yormayaq, 1979-cu ildə İran şahını öz taxtı-tacından kimin saldığını və onu ölkəsindən qaçmağa məcbur edəni və bu taxtı mollalara kimin verdiyini onsuz da biz yaxşı bilirik.

Əlbəttə, Rusiya prezidenti Vladimir Putinin Sovet İttifaqını yenidən bərpa etmə istəyini eşitməmiş deyilsiniz. Çünki Rusiyada bu gün ümumi vəziyyət heç də onların ürəyincə deyil. Dünyanın geosiyasi vəziyyətinin ilbəil Rusiyanın əleyhinə dəyişməsi Putin İmperiyasını çox narahat edir. Bu arada Putinin Gömrük İttifaqı adı altında “yeni” Sovet İttifaqı qurmaq planı isə hələ ki öz həllini tapmır. MDB ölkələri arasında buna mane olan, əsasən, Ukrayna və Azərbaycandır. Bu ölkələr yaxşı bilir ki Gömrük İttifaqına üzv olmaq Sovet İttifaqı dövründəki kimi, yenidən Rusiyanın köləsinə çevrilmək deməkdir. İqtisadi baxımdan özlərini təmin edən həm Ukrayna, həm də Azərbaycan daha çox üstünlüyü Avropa birliyi ilə əməkdaşlığa verir. Amma nədənsə Ukrayna hökuməti son günlərdə Avropa birliyinə qoşulmağı sual altına qoydu. Bu isə hazırda bu ölkədə avropalılar kimi yaşamağa üstünlük verənlərin ciddi narazılığına səbəb olub. Azərbaycan isə müstəqillik əldə etdikdən sonra Qərbyönümlü xarici siyasətə daha çox önəm verdi və hal-hazırda da bu istiqamətdə öz siyasətini uğurla aparmaqdadır. Bütün bunlara görə Rusiya hər cür vasitə ilə həm Ukraynaya, həm də Azərbaycana təzyiqlərini davam edir.

Azərbaycanı “Qara-bağla”, Ukraynanı isə təbii qazla daim “boğan” Rusiya, indi bu istiqamətdə xüsusən Azərbaycana qarşı daha da ciddi addımlar atır. Bizi Gömrük İttifaqına qoşmaq üçün Orxan Zeynalovun timsalında “bazarımızı bağlayır” və azərbaycanlıları kütləvi şəkildə deportasiya edirlər. Halbuki, Orxan Zeynalovun hansısa “bazara” heç bir aidiyyatı yoxdur. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təbirincə desək, “Orxan Zeynalov hansısa bir kosmik zavodda işləsəydi, onda necə, o zavodu bağlayacaqdılarmı?”. Sadəcə olaraq, bazar kimlərinsə biznes marağında olan bir məsələdir, onu söküb yerində nə isə başqa bir şey tikmək istəyirlər.

Təzyiq vasitəsi kimi həm də Balxaşovdan qalma “keçəlbaşlara” tam külli “ixtiyar” verilib ki, qorxma, harda “üzüqara və ya qarabaş” gördünsə, döy öldür. Yəqin ki, belə olmasaydı, Moskvada ictimai nəqliyyat vasitələrində demək olar hər gün döyülüb təhqir olunan soydaşlarımız barədə məlumatlar eşitməzdik.

Azərbaycan prezidentinin qardaş Türkiyə Cümhuriyyətinə səfəri zamanı Türkiyə hava qüvvələrinə məxsus hərbi helekopterlərə baxışı və bu sıradan olan digər məsələlər Rusiyanı dərhal qıcıqlandırmış kimi oldu. Sanki buna cavab olaraq, Vladimir Putin yüksək rütbəli zabitlərin təqdim edilməsi mərasimində Belarusun Hava Hücumundan Müdafiə Sistemini təkmilləşdirərək Qazaxıstan və Ermənistanla bu müdafiə sistemini formalaşdıracağını bəyan etdi. Güya, bu addım Avrasiya regionunda sülhün inkişaf etməsinə yardımçı olacaq. Bundan əlavə, üstəlik gələcəkdə Ermənistan, Belarus, Qazaxıstan və Tacikistan qoşunlarının iştirakı ilə regional qruplaşmaların yaradılması məsələsinin də gündəmdə olduğunu vurğuladı.

Rusiyanın bir neçə ay bundan əvvəl Monqolıstanı öz öz tərkibinə daxil edəcəyi xəbəri də hamımızın yadındadır. Amma gəlin etiraf edək, Azərbaycan Monqolıstan deyil axı. Politiloq Vəfa Quluzadə öz müsahibələrinin birində çox doğru vurğulayır ki, “Azərbaycan əgər Gömrük İttifaqına qoşulsa, qolu bağlı halda ayaqlar altında təpiklənən Orxan Zeynalova dönəcək” və ya digər bir müsahibəsində dediyi kimi, “Azərbaycan Ermənistana çevriləcək”. Həqiqətən də Azərbaycanın Gömrük İttifaqına qoşulması bizim milli maraqlarımıza tamamilə zidd olar.

Rusiyanın bizə qarşı təzyiq kimi öz sərhəd-keçid məntəqələrində mütəmadi şəkildə yolkəsənlik eləməsinin dəfələrlə şahidi olmuşuq. Lakin bu yolkəsənliyi onlar həmişəlik edə bilmirlər. Çünki bu iqtisadi baxımdan həm də onların özlərinə sərf etmir. Bütün bunlar belə deməyə əsas verir ki, Rusiya bizə qarşı təzyiqdə özlərinə kömək məqsədi ilə həm də “köhnə şəriklərini” qoşur. Yəni, Rusiya İrananın vasitəsi ilə yolumuzu kəsməyə və ya qismən maneələr yaratmağa çalışır. Məncə şimal və cənub küləklərinin bir-birinə qarışmasının səbəbi elə budur. Biz isə özümüzü bu anomal qeyri-sabit havadan qorunmaq üçün, gərək “əynimizə” fikir verək. Bunun bizə heç bir isti-soyuğu yoxdur deməyək. Əks təqdirdə müstəqilliyimiz dona bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır