Modern.az

Ədəbiyyatın üz qarası: Cümhuriyyət dövrü niyə işıqlandırılmır?

Ədəbiyyatın üz qarası: Cümhuriyyət dövrü niyə işıqlandırılmır?

28 Noyabr 2013, 11:09


Azərbaycan tarixinin Cümhuriyyət dövrü kimi şanlı səhifəsi çağdaş Azərbaycan ədəbiyyatının diqqətindən tamamilə kənarda qalıb. Prezidentin Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi barədə verdiyi fərman isə yəqin ki, bu mövzunu çoxlarının yadına salacaq. Bəs bu mövzu dünənə qədər niyə yazılmırdı?

Modern.az saytı da bu barədə söz və fikir adamlarının mövqelərini sizə çatdırır:

Poeziyasında Vətən idealı ilə İlahi sevgi idealını sintez edən şair Vaqif Bayatlı Odər  boşluqları hiss etsə də çox da bədbin danışmır: “Sovet dövrü  Azərbaycan ədəbiyyatında Cümhuriyyət dövründən çox yazılıb. Təbii ki, zamanın tələbinə uyğun olaraq burada Cümhuriyyət və onun qurucuları tənqid olunub. Bolşevik ənənələri alqışlanır, Müsavatçılar, millətçilər isə mənfi planda təsvir olunur, aşağılanırdılar. Hətta bizim məşhur yazarlarımız da bu işlə məşğul  idilər. Buna görə dövlət mükafatı alanlar da olub. Müstəqillik dövründə isə vallah, yazılıb-yazılmadığını bilmirəm. Bilirsiniz, hər bir bədii əsər bədii ümumiləşdirmədi. Ola bilər ki,  yazılan əsərdə Cümhuriyyət dövrü və onun ictimai-siyasi mənzərəsi işıqlandırılmasın. Amma elə hadisələr təsvir olunar ki, özündə dolayısı yolla Cümhuriyyət dövrü və  onun tarixi qəhrəmanlarını işıqlandırar.

Ədəbi tənqidçi Vaqif Yusifli isə ümumiyyətlə, bu barədə danışmaq istəmədi. Amma təsdiq etdi: “Hansı mövzudan yazıb,  hansı mövzudan yazmamaq yazıçının öz şəxsi fikridir. Amma mən çağdaş Azərbaycan ədəbiyyat tarixini araşdıran bir tənqidçi kimi deyə bilərəm ki, həqiqətən də bu sahədə böyük boşluqlar var. Tarixi romançılıqda bu mövzuya müraciət olunmayıb.

Cümhuriyyət dövrü mətbuatının araşdırmaçısı, BDU-nun jurnalistika fakültəsinin müəllimi  Qərənfil Quliyeva da ədəbi sahədə boşluqların çoxluğunu dilə gətirib. Xanım araşdırmaçı publisistikaya nisbətən ədəbiyyatın Cümhuriyyətə münasibətinin zəifliyini qeyd etdi: “Mən özüm Cümhuriyyət dövrü mətbuatını araşdırmışam. Əminliklə deyə bilərəm ki,  bu mətbuat tarixi və publisistikasının araşdırılması baxımından elə də çox boşluq yoxdu. Amma siz düz deyirsiniz, bu gün Azərbaycan  ədəbiyyatı da Cumhuriyyət mövzusuna toxunmalıdı. İstər poeziya, istər nəsr, istərsə də dramaturgiyada çox yaxşı olardı ki, Cümhuriyyət qəhrəmanlarımızın, istiqlal  mücahidlərimizin surəti yaradılsın. Çox gözəl olardı ki, Məmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Topçubaşov, Ceyhun Hacıbəyli kimi şəxsiyyətlər romanların dram əsərlərinin qəhrəmanı olsun. Bu həm də çox böyük diqqət cəlb    edərdi. Yaxınlarda prezident Məmməd Əminin yubileyinin keçirilməsi ilə bağlı fərman verib. Bu iş daha da sürətlənməlidi”.

Tarixi romanların müəllifi olan yazıçı Elçin  Hüseyinbəyli   isə boşluqları təsdiq etməklə yanaşı hətta onları doldurmaq üçün gənc yazarlara istiqamət də verdi:  “Sizinlə tam razıyam. XX əsrin əvvəlləri tariximizdə kifayət qədər işlənsə də ədəbiyyatda bu yöndə passivlik var. Özü də bu dövrə aid tarixi  materiallar çoxdu. Tarixi materiallar çox olanda da    tarixi roman yazan yazıçı üçün işləmək daha asan olur. Məsələn, Şah Abbas barədə materiallar çox az idi. Mən də bir yazçıçı kimi bunu yazdım ki, Şah Abbasın üzərində olan qara örtük götürülsün. Onun haqqında bizə yanlış fikir formalaşdırıblar. Mən istədim ki,  Şah Abbası daha düzgün şəkildə çatdırım.  Mən bir neçə istiqamətdə bu dövrü işləyərdim: Birinci istiqamət, hələ də bizə qaranlıq qalan Türkmənçay müqaviləsidir. Baxmayaraq ki, tarixçi Kərim Şükürov bu barədə çox dəyərli bir  tarixi araşdırma yazıb.  Ondan çıxış edib əsər yazmaq olar. İkinci istiqamət isə Cümhuriyyət dövrünə çatmamış “Qarabağnamə”lər üstündə Qarabağa aid bir əsər yazmaq istərdim. Və ən nəhayət,  gəlib siz dediyiniz mövzuda Cümhuriyyətm dövrü və ondan əvvəlki tarixi hadisələrdən yazmaq istərdim. Tarixi bilənlər bilir ki,  1918-ci il Cümhuriyyətin yaranmasından əvvəl Azərbaycanda məşrutə inqilabı, Şeyx Məhəmməd Xiyabani hərəkatı olub. Beləliklə də,    xronoloji ardıcıllığı  qoruyub bu istiqamətdə gözəl tarixi əsər yazmaq olar. Amma bu adamdan xeyli enerji aparar.  Buna hər adam girişməyəcək. Amma mən səninlə razıyam. Amma yaxşı olardı ki,  bu bir neçə istiqamətə bölək. Məsələn, məşrutə inqilabı yazılsın. Bu çox vacibdir. Ona görə vacibdir ki,  bilmək yaxşı olardı ki,  fransız və ingilislər necə elədilər ki, 250 ildən çox öz yerlərində olan Qacarları devirdilər. Hakimiyyəti də farslara, pəhləvilərə verdilər. Cümhuriyyət dövründə türklər gəlib bizi yadellilərdən xilas etdilər. Bunun əsl mahiyyəti nə idi, niyə gəlmişdilər? Siz bilirsiz ki, Türkiyə daim Səfəvilərlə Azərbaycan üstündə döyüşüb. XIX əsrin sonunda Yekaterina bura gələndə Osmanlı Səfəvilərə kömək edirdi ki, Azərbaycan rusların əlinə keçməsin. Görürsüz, mövzu çoxdu. Amma düz vurğulayırsız ki,  çağdaş ədəbiyyatımızda buna girişməyiblər. Mənim buna enerjim çatacaq,  ya çatmayacaq bunu bilmirəm. Amma kimsə  yazmaq istəsə mən sizin vasitənizlə ona istiqamət verdim. Sidq ürəkdən də öz yaradıcılıq mətbəximdən ona konseptual müddəaları göstərdim. Əgər yazsa mən ancaq təşəkkür edə bilərəm. Sizə də təşəkkür edirəm ki, bu cür aktual mövzuya toxunmusuz “

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir