Modern.az

Ürəyim qara kürü istədi

Ürəyim qara kürü istədi

29 Noyabr 2013, 18:18

Mahir Qabiloğlu


Nədənsə ürəyim qara kürü istədi. Uşaqlığım yadıma düşdü. Atam otuzdurardı qabağında. Əvvəl kərə yağını, sonra da qara kürünü çəkərdi çörəyin üstünə. Verərdi ki, ye. Yemirdim. Ağlayırdım. Məcburi yedizdirərdi ki, “xeyrinədir”. Bu xatirələrlə bir an fikrə getdim. Görəsən indi qiyməti neçəyədir? Dostlardan soruşdum. Onlar da konkret bir rəqəm demədilər. Sadəcə “çox bahadır” dedilər,  “qızıldan da baha”. Məcbur olub bazara getdim. Gördüm ki, piştaxtanın  üstünə  “CAVİAR” qara kürü etiketi yapışdırılmış banka qoyulub. Satıcı yaxınlaşdı:

- Qədeş, nə lazımdır?

- Qara kürü. Neçəyədir?

- Qədeş, sən kürü alana oxşamırsan.

- Niyə ki?

- Kürü almağa gələn qiymət soruşmur. Sadəcə neçə kilo istədiyini deyir. Sən isə lap məqalə yazan jurnalistlər kimi danışdın. Qiymət soruşurlar, sonra da üstünə beşin də qoyub qəzetlərində yazırlar.

- Yaxşı, bu bankada qoyduğun kürü nə kürüsüdür? Təzədir?

- Ay rəhmətliyin oğlu, nə kürü?  Burda kürü qoymaq olar? Moment oğurlayarlar. Bankası kürü bankasıdır, içindəki isə qara semişkadır.

-  Bah... mən də elə bilirəm ki, təkcə  televiziyalarda emitasiyalar olur. Demə bazarlar da bu sistemə keçib?

-  Qədeş, görürəm ki, yaxşı oğlana oxşayırsan. Bilirəm də ki, kürü almalı duxun  yoxdur. Gözün də bu bankada qalıb. Əvvəl-axır düşüb sınacaq. Götür ... bağışlayıram sənə. Çıx get. Baş-beynimi aparma.

Bankanı götürüb evə gəlirəm.  Soyuducudan  bir manatlıq badımcan kürüsünü götürüb  içi günəbaxan tumuyla dolu ola “CAVİAR”  etiketli bankayla yanaşı  qoyuram. Badımcan kürüsünü qara çörəyin üzərinə çəkirəm. Gözüm qara kürü bankasına baxır, ağzım isə badımcan kürüsünü yeyə-yeyə deyirəm.

- İmitasiya, nə yaxşı ki, sən varsan. Yoxsa,  qara kürü üzünə  həsrət qalardıq.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir