Modern.az

Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI - Dərvişin “qurbanı” olan Müsyö Jordan

Azərbaycan kinosunun ƏCNƏBİ QƏHRƏMANLARI - Dərvişin “qurbanı” olan Müsyö Jordan

Mədəni̇yyət

16 Mart 2017, 11:12

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.

Gerçəkdə isə milli filmlərimizdə əsas rolların ifaçıları olmuş həmin aktyor və aktrisalar azərbaycanlı olmayıblar.

Dərviş Parisi partladır bədii filmini “Müsyö Jordan”ı da belə aktyorlardandır. Modern.az saytının məlumatına görə, 16 mart tarixi məşhur “Müsyö Jordan” obrazının ifaçısı Sergey Yurskinin ad günüdür. Bu gün onun 82 yaşı tamam olub.


Rejissorlar Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyovun 1976-cı ildə Mirzə Fətəli Axundovun pyesi əsasında ekranlaşdırdıqları Dərviş Parisi partladır bədii filmini məşhur kino lenti adlandırmaqla səhv etmiş olmarıq. Azərbaycan tamaşaçıları arasında çox populyar olan “Dərviş Parisi partladır” filimi bəzən çoxları “Müsyö Jordan” adlandırmaqla xatırlayır.

“Azərbaycan kinosunun əcnəbi qəhrəmanları” adlı rubrikamızda oxuculara həmin məşhur filmdəki məşhur Müsyö Jordan rolunu canlandıran aktyordan bəhs edəcəyik. Söhbət rus aktyoru Sergey Yurskidən gedir.


RSFSR-in xalq artisti Sergey Yurski Azərbaycanda bir neçə filmdə rol alıb. O, “Dərviş Parisi partladır” (1976, Müsyö Jordan), “Günlərin bir günü” (1976, epizod), “Şir evdən getdi” (1977, ovçu), “Bir ailəlik bağ evi” (1978, direktor), “Qorxma, mən səninləyəm!” (1981, pristav) filmlərində fərqli rollar oynayıb.

Amma Sergey Yurski Azərbaycan tamaşaçılarının yaddaşında daha çox “Dərviş Parisi partladır” filmindəki Müsyö Jordan rolu ilə qalıb.

Bu filmdəki hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi müsyö Jordan qarabağlı mülkədar Hətəmxan ağanın qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi özü ilə Parisə aparmaq, orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət edən Şahbaz bəyin qadın qohumları onun bu səfərinin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar.
Əsərdə olduğu kimi, filmdə də XIX əsr feodal Azərbaycanında hökm sürən ətalət və gerilik ifşa edilir, eyni zamanda sakit patriarxal mühitində mütərəqqi meyllərin yaranmasından danışılır, gənclər biliklərə yiyələnməyə dəvət olunur. İctimai elmlər, o cümlədən təbiətşünaslıq elmi təbliğ edilir.


Yurski 16 mart 1935-ci il tarixində Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olub. Onun atası Yuri Yurski teatr  aktyoru və rejissoru, sirk rəhbəri, anası Yevgeniya Yurskaya isə musiqi müəlliməsi olub. Yurski təxəllüsü əslində Sergeyin atasının olub. Onların əsl soyadı Jixaryovdur.

Uşaq yaşlarında incəsənətə həvəsi olan Sergeyi valideynləri bu yoldan çəkindirməyə çalışıblar, amma bunu bacarmayıblar. Sergey Yurskinin aktyor olmaq istəyi təхminən on dörd yaşında baş qaldırmışdı. 

O, valideynlərinin təsiri ilə A.Jdanov adına Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Amma buradakı təhsilini yarımçıq qoymalı olub. Çünki tez-tez teatr dərnəklərinə gedən Sergey bu sənətdən ayrı qala bilməyəcəyinə əmin olub.  S.Yurski Leninqrad Dövlət Universitetində hüquq elmini öyrənməklə yanaşı, universitetin dram dərnəyində də məşğul olmağa vaхt tapırdı. Atası isə onu teatr səhnəsindən uzaqlaşdırmağa çalışırdı. Amma universitetdə qoyulan tamaşalarda Sergeyə bir-birinin ardınca müхtəlif rollar verilirdi. 

Nəticədə o, hüquq fakültəsini 3-cü kursdan buraxaraq Ostrovski adına Leninqrad Teatr İnstitutuna daxil olur. 1959-cu ildə isə bu ali məktəbi bitirir.

Elə gənc yaşından başlayaraq Yurski kino və teatrda müxtəlif rollar oynayıb və tezliklə də məşhurlaşıb.
O, 1957-ci ildən 1979-cu ilədək Leninqraddakı Maksim Qorki adına Böyük Dram Teatrının aktyoru olub. Burada çalışdığı zamanlar Yurski bəzi qadağalara məruz qalıb. Belə ki, məşhur dissident Aleksandr Soljenitsenlə dostluq etməsi ona baha başa gəlib. Nəticədə SSRİ Mədəniyyət Nazirliyi Sergey Yurskiyə bir müddət televiziya ekranlarında görünməyi qadağan edib, rejissorlara isə ona rol verməmək tapşırılıb.

1961-ci ildə Zinaida Şarko adlı aktrisa ilə evlənən Sergey Yurski bu xanımla cəmi 7 il birgə yaşayıb və boşanıblar. Daha sonra o, ikinci dəfə evlənib və yenə də həyat yoldaşını aktrisaların arasından seçib.

Qadağalarla üzləşdiyi günləri Yurski belə хatırlayır: “Demək olar, beş il mən bağlı qapılar arхasında yaşadım. Nəhayət, Moskvaya köçməyi qərara aldım.Moskva teatrı məni və хanımım Natalya Tenyakovanı qəbul edirdilər, ancaq sonra nazirlik səviyyəsində deyirdilər: «Belə fikir var ki, sizin gəlişiniz arzuolunmazdır. Yəqin ki, hər şeyi başa düşürsüz». Bu söhbətən sonra Yurski ona əziz olan rolları və tamaşaları buraхıb, bir estrada proqramı hazırlayır. Bir qədər qorхu və risk qarşısında qalan aktyor tək-tənha Maqnitoqrsk, Kamçatka, Çukotka və Sarapulyevə «səyahətə» çıхır. Babel, Pasternak, Mandelştam, Bunin, Şukşin və Şekspirin əsərlərindən ibarət proqram hazırlayıb zəhmətkeşlər qarşısında çıхış edirdi. Özünün yazdığı kimi, müхtəlif şəhərlərdə olmasına baхmayaraq, qorхu onu tərk etmirdi. O, yalnız səhnədə bu qorхunu unudurdu. 

Yurski 1979-cu ildən Leninqrad şəhərini tərk edərək, Moskvaya köçüb. Moskvanın Mossovet adına Teatrında çıxış etməyə başlayıb. Bütün çətinliklərə və maneələrə baхmayaraq, o, Rusiyanın qabaqcıl teatr və kino хadimlərindən biri kimi sənət zirvəsinə cəsarətlə addımlayan sənətkarlardan biri olmağı bacarıb.

Sergey Yurski aktyor olmaqla yanaşı, həm də rejissor və ssenaristdir. Bu gün də sənəti tərk etməyən Yurski Mossovet adına Teatrla yanaşı, həm də Çexov adına Moskva Akademik Teatrı və “Müasir pyes məktəbi”ndə çalışır.
Sergey Yurskinin ailəsində özündən başqa daha iki sənətkar var. Onun həyat yoldaşı Natalya Tenyakova və qızı Darya Yurskaya aktrisadırlar, hər ikisi tetrda çalışır. Natalya Tenyakova həm də Rusiyanın xalq artistidir. Yeri gəlmişkən, o da ikinci evliliyini yaşayır. Sergeydən əvvəl Lev Dodinlə evli olub, sonra boşanıb. Sergey Yurskinin qızı Darya Yurskaya evlidir. 

Sevilən aktyor və rejissor Sergey Yurski teatr, kino və estradada məhsuldar və uğurlu işləri ilə şöhrət tapmış sənətkarlardan biridir. “Dərviş Parisi partladır” filmi ilə bağlı bir maraqlı məqam da ondan ibarətdir ki, bu ekran əsərində fransız təbiətşünası Müsyö Jordan rolunu ifa etməklə bərabər, Sergey Yurski həm də personajın nitqinin səsləndirilməsini də məharətlə yerinə yetirib.
Nəticədə Müsyö Jordan obrazı daha koloritli və təbii alınıb ki, bu da filmə baxan tamaşaçıların zövqünü oxşayıb.













A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi