Modern.az

Qənirə Paşayevanın təşəbbüsü ilə “Bilik Marafonu” keçirilib

Qənirə Paşayevanın təşəbbüsü ilə “Bilik Marafonu”  keçirilib

Parlament

6 May 2010, 22:09

Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Tovuz rayonunda mərhum prezident Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş riyaziyat, fizika, kimya və biologiya fənləri üzrə istedadlı şagirdlər arasında keçirilən  “Bilik Marafonu” başa çatıb. Rayonun müxtəlif məktəblərini təmsil edən 104 istedadlı gənc arasında keçirilən «Bilik Marafonu» yerli “SM” TV kanalı ilə canlı yayımlanıb. Marafonda çıxış edən millət vəkili görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və onun Azərbaycan dövləti və millətimiz üçün böyük xidmətlərindən danışıb. Qənirə Paşayeva marafonun canlı televiziya vasitəsilə yayımlanması təşəbbüsündən də danışıb. O, deyib ki,  bu təkcə iştirakçıları deyil bütün rayon məktəblilərinə, Tovuzla yanaşı “SM” TV televiziyasının yayımlandığı 20-ə yaxın rayonun məktəblilərinə də öz biliklərini yoxlamaq və sınamaq imkanı verir. Həm də marafonun nə dərəcədə obyektiv keçirildiyini hər kəsin görməsinə imkan yaradır və eyni zamanda məktəblilər arasında biliyə, savada meyilliyin daha da artmasına xidmət edir. Rayon Təhsil Şöbəsinin müdiri Şamil Alıyev isə deyib ki, artıq ənənə halını alan «Bilik Marafonu» rayonun təhsilinin inkişafına hər il öz müsbət təsirini göstərməklə yanaşı şagirdlər arasında elmə, biliyə meyilliyin artmasına, gənclər arasında tariximizin, ədəbiyyatımızın daha geniş öyrənilməsinə, vətənpərvərlik hissinin daha da güclənməsinə də təkan verir. O, deyib ki, hər il Tovuz rayonundan ali məktəblərə, hərbi məktəblərə daxil olan şagirdlərin sayının artmasında da təşkil olunan bu cür marafonların, olimpiadaların, yarışların müsbət təsiri böyukdür.

Dəqiq elmlər sahəsində keçirilən və 2 gün davam edən «Bilik Marafonu» zamanı hər fənn üzrə rayonun ən yaxşı müəllimlərindən ibarət münsiflər heyəti qarşısında canlı efirdə cavab verən şagirldər arasından ən yaxşıları 1, 2 və 3-cü yerin qalibləri olublar. Millət vəkili tərəfindən onlara kompüter və qiymətli hədiyyələr təqdim olunub. Hər fənn üzrə 10-dan artıq həvəsləndirici yerin sahiblərinə, ümumilikdə 60-a yaxın şagirdə də müxtəlif hədiyyələr verilib.

Rayonun istedadlı şagirdləri arasında  səkkiz fənn üzrə keçirilən “Bilik Marafonu”  5 ildir ki, keçirilir və artıq  ənənə halını alıb. Qeyd edək ki, 2-3 mart 2010-cu il tarixlərdə rayonun 102 nəfər istedadlı şagirdləri arasında Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyat, coğrafya və ingilis dili fənləri üzrə “Novruz” bayramına həsr olunmuş “Bilik Marafonu” keçirilmiş, qaliblər kompüterlər və digər qiymətli hədiyyələrlə mükafatlandırılmışdı.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir