Modern.az

“Azercell”in dəstəyi ilə uşaqların rəsm sərgisi keçirilir

“Azercell”in dəstəyi ilə uşaqların rəsm sərgisi keçirilir

7 May 2010, 13:34

“Qoy, ömrümüz çiçək açsın” - 6 may, 2010-cu il tarixində “Abşeron“ rəsm qalereyasında açılışı baş tutan sərginin əsas devizi belədir. Dörd gün davam edəcək sərgi Nəsimi rayonunda yerləşən 268 saylı xüsusiləşdirilmiş (əqli cəhətdən qüsurlu uşaqların təhsil aldığı) məktəb şagirdlərinin əl işlərindən ibarətdir.

“Azercell Telekom” MMC-nin mətbuat xidməti bununla bağlı məlumat yayıb.

“Yeni Azərbaycan” qəzeti, Nəsimi rayon İcra Hakimiyyəti və “Azercell” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən sərgi görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunub. Bu ekspozisiya hər il bu ərəfədə keçirilən Gül bayramı ilə təsviri və tətbiqi sənət nümunələrinin sintezini təşkil edir.

Sərgidə 40-dan çox məktəblinin 60-a yaxın əsəri nümayiş etdirilir. Onların arasında yaradıcı qrup tərəfindən hazırlanan əsərlər də var. Sərgidə nümayiş etdirilən əsərlərin hazırlanmasında biokompozisiya, qrafika nümunələri, applikasiya, bədii tikmə və qarışıq texnikadan istifadə olunub. Uşaqlar əl işlərini ərsəyə gətirərkən müxtəlif vasitələr – muncuq, əlvan karandaşlar, sulu boya, flomaster və digər alətlərdən istifadə ediblər.

Sərginin açılış mərasimində Yeni Azərbaycan Partiyasının rəhbərliyi, Milli Məclisin üzvləri, Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, “Azercell Telekom” MMC-nin təmsilçiləri  iştirak ediblər. “Azercell”in korporativ ünsiyyət və sosial məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadə mərasimdəki çıxışı zamanı təmsil etdiyi şirkətin uşaqların inkişafına dəstək verən layihələrin reallaşmasında hər zaman yardımçı olduğunu xatırladıb. Xanım Həsənzadə deyib ki, “Azercell” Azərbaycanda korporativ sosial məsuliyyəti həyata keçirən ilk şirkətlərdən biridir: “Biz hər zaman fəxrlə uşaqlarımızın, gənclərimizin həyatında, onların inkişafında vacib rol oynayan hadisələrin dəstəklənməsində yaxından iştirak edir və bununla da dövlətimizin gələcəyinə töhfə vermiş oluruq”.

Ülviyyə Həsənzadə 268 saylı məktəbin şagirdlərinin nümayiş etdirdiyi əl işlərinin çox gözəl olduğunu, onların öz işlərinə yaradıcı yanaşdıqlarını söyləyib: “Biz bu əsərləri görəndə çox duyğulandıq. Sevindirici haldır ki,  balalarımızın belə gözəl əl qabiliyyəti və fantaziyaları var. Həqiqətən də onların yaratdıqları bu əsərlərdə yüksək zövq, incə duyğular, həmçinin vətənə olan sevgi, böyüklərə hörmət, dostluq kimi hisslər özünü qabarıq şəkildə büruzə verir”.

“Azercell Telekom” MMC hər zaman olduğu kimi bu dəfə də uşaqların səylərini diqqətsiz qoymayıb. Belə ki, sərgidə xüsusi fərqlənən əl işlərinin müəllifləri “Azercell” şirkəti tərəfindən xüsusi hədiyyələr ilə təltif olunublar. Sərgi mayın 10-a qədər “Abşeron” rəsm qalereyasında davam edəcək.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir