Modern.az

Könüllü istəmədilər, məcbur oldular

Könüllü istəmədilər, məcbur oldular

7 May 2010, 16:25

Birləşən bələdiyyələr hələ problemlərini həll etməyiblər

“Elə bələdiyyə sədri var ki, möhürünü qoymağa da yeri yoxdur. Sədr  möhürü cibində gəzdirir, lazım olanda küçənin ortasında hansısa sənədi imzalayıb möhür vurur”. Milli Məclisdə bələdiyyələrin birləşməsi təklifini irəli sürən deputatlardan biri məhz bu fikirləri arqument kimi gətirmişdi. Həmin vaxt təklifə qarşı çıxanların sayı çox olsa da, sonradan qanun böyük səs çoxluğu ilə qəbul edildi.

Təxminən bir il əvvəl – ötən il martın 17-də «Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında» qanuna növbəti dəyişiklik edildi. Bundan sonra  ölkə ərazisində fəaliyyət göstərən 1567 bələdiyyə  birləşmə məqsədilə Milli Məclisə müraciət etdi. Bu bələdiyyələrin birləşdirilməsi nəticəsində onların sayı 572-e endirildi , 995 bələdiyyə qurumu ləğv edildi. Ümumilikdə son 1 ildə ölkə üzrə aparılan birləşmə tədbirləri nəticəsində yerli özünüidarə qurumlarının sayı 2757-dən 1718-ə qədər azaldılıb. Bu da son nəticədə bələdiyyələrin 38 faizinin azalması deməkdir. Bələdiyyələrin birləşməsi nəyə lazım idi?

Ən əvvəl, onların normal fəaliyyət göstərə bilməsinə. İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyəti sədrinin müavini Vüsal Qasımlı bunu deyir. Onun sözlərinə görə, bir müddət əvvəl Azərbaycanda  2700-dən çox bələdiyyə vardı. Ölkə əhalisinin sayının 9 milyona çatdığını nəzərə alsaq,  Azərbaycanda inkişaf etmiş Avropa ölkələrinə nisbətən adambaşına düşən bələdiyyələrin sayının daha çox olduğunu görmək olardı: “Sözsüz, yalnız  bələdiyyələrin çoxluğunu əsas gətirərək onların birləşməsini tələb etmək olmazdı. Amma orası da var ki, bələdiyyələrin sayının çox olması bir sıra problemlər yaradırdı. Birincisi, onlar öz vəzifələrini -  yerli iqtisadi, sosial və ekoloji problemləri həll edə bilmirlər. İndi ölkəmizdə hətta 50 təsərrüfatdan ibarət bələdiyyələr var ki, həmin kənddə, yaxud qəsəbədə bələdiyyə ona həvalə edilmiş problemin öhdəsindən gələ bilmir. İkincisi, bələdiyyə yerli özünü idarəetmə orqanı kimi öz-özünü təsdiqləyə bilmirdi”.

Vüsal Qasımlı: “Birləşəndən sonra İcra Hakimiyyətlərindən asılılıq da azalar”

Vüsal Qasımlı birləşmək üçün üçüncü ciddi səbəbi bələdiyyələrin İcra Hakimiyyətlərindən asılılığında görür. Onun fikrincə, bələdiyyə kiçik, gücsüz, imkansız olduqca, bu asılılıq daha da güclənir. Odur ki, bələdiyyələr birləşmə yolu ilə böyüyüb güclənər və icra hakimiyyətlərindən asılılıqlarını zəiflədə bilərlər: “Bəzən elə olurdu ki, bir rayonda 100 bələdiyyə fəaliyyət göstərir. Təbii ki, bu rayonun icra başçısı belə xırda qurumlardan daha güclü olacaq. Yəqin birləşmə yolu ilə də bu məsələdə tarazlıq yaratmaq mümkün olacaq”.

Birləşmə qaydalarına gəlincə, Vüsal Qasımlı düşünür ki, birləşmək üçün bələdiyyələrin maliyyə tutumunu əsas götürmək lazımdır. Bununla  yanaşı, yerli ənənələr, coğrafi  amil, mənəvi məsələlər, icma münasibətlər və digər şərtlər də nəzərə alınmalıdır.

Könüllü, məcburi birləşmə

Əvvəllər “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” qanunda bu qurumların birləşmək mexanizmi bir qədər mürəkkəb idi. Qaydalara əsasən, birləşmək üçün bələdiyyələr əvvəlcə əhali arasında rəy sorğusu keçirməli, sonra özləri toplanıb nəticələri müzakirə etməli, daha sonra isə qərar verməli idilər. Lakin qanunun qüvvədə olduğu 7 il ərzində bir dənə də bələdiyyə bu mexanizmdən istifadə etməyib, birləşmək qərarına gəlmədiyinə görə,  Milli Məclisin Regional Məsələlər Daimi Komitəsi həmin mexanizmi dəyişdirmək qərarına gəlib.

Komitənin üzvü Tahir Rzayev bildirir ki, dəyişikliklər nəticəsində qanunvericilikdə bu prosedur asanlaşdırılıb. Belə ki, artıq rəy sorğusu keçirmək, təşəbbüs qrupları yaratmaq, sorğunun nəticələrini hesablamaq üçün komissiyalar formalaşdırmaq, sorğuya vəsait işlətmək lazım deyildi: “Belə hesab etdik ki, bu, çox uzun və mürəkkəb prosedurdur. Qanuna edilən dəyişikliyə görə, bələdiyyələr adi yığıncaqlar keçirməklə birləşə bilərlər. Nəzərdə tutulur ki,  bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik vətəndaşların azı 25 faizi yığıncaqda iştirak edib birləşməyə səs versə, bu əsas bələdiyyələrin birləşməsinə kifayətdir”. 

Tahir Rzayev: “Birləşməni ərazi üzrə aparmaq daha yaxşıdır”

Millət vəkili təəssüflə qeyd edir ki, qanun dəyişdiriləndən sonra keçən ilk aylar ərzində birləşmək təşəbbüsünü irəli sürən bələdiyyə olmayıb. Ona görə də könüllülük prinsipindən imtina barədə respublikada müxtəlif səviyyəli toplantılar, müzakirələr keçirilib. Qərara alınıb ki, birləşmə inzibati ərazi dairələri üzrə bələdiyyələrin yaradılması formasında aparılsın: “Sovet dövründə bir neçə kiçik kəndi bir sovetlikdə birləşdirmişdilər. Biz də indiki birləşmədə həmin təcrübəni əsas götürdük.  Bununla bağlı praktikamız da var. O kəndlərin sakinlərinin hamısı bir-birinə qohumlaşıb və onlar bir-birilərini tanıyırlar”.

Milli Məclis üzvü bələdiyyələrin məcburən birləşdirilməsi haqda deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, elə bələdiyyələr var ki, onlara birləşmək barədə heç bir göstəriş verilməyib, sadəcə, özləri belə qərar qəbul ediblər: “Biz bələdiyyələrin birləşməsi  zamanı təmsilçilərin necə müəyyənləşməsi mexanizmi üzərində işləyirik. Nəzərdə tuturuq ki, mütləq digər kəndlərdən də təmsilçilər olmalıdır. Fikrimizcə, neçə kənd birləşəcəksə, hər kənddən də o qədər üzv olmalıdır. Sonra onlar özləri kollegial qaydada özlərinə sədr seçə bilərlər”. “Oturub gözləyirlər ki, nə vaxt dövlət dotasiya ayıracaq”

Tahir Rzayev düşünür ki, gec, ya tez, Azərbaycanda bu proses getməli idi: “Axı ölkədə əvvəllər mövcud olan 2757 bələdiyyənin təxminən 60 faizindən çoxu kiçik bələdiyyələr idi. Onların mülkiyyəti, torpağı, maliyyə vəsaiti yox idi. Onlar əhali arasında iş apara bilmir, vergiləri toplaya bilmir, üzərilərinə qoyulan vəzifələri icra edə bilmirdilər. Heç öz işçilərini də əmək haqqı ilə təmin edə bilmirdilər. Bəzi bələdiyyələr illərlə oturub gözləyir ki, dövlət onlara dotasiya ayırar, yaxud da mülkiyyətində olan torpağı icarəyə verər və bunun hesabına pul götürərlər. Bütün bunları nəzərə alsaq, fikrimcə, birləşmənin effekt verəcəyini demək olar”.  

Birləşmənin faydalı tərəfləri sırasında T.Rzayev  bir çox izafi xərclərin aradan qaldırılacağını qeyd edir. Məsələn, bələdiyyələrin icarə haqqı, kommunal xidmət haqları, əməkhaqqı ödəməsinə ehtiyac qalmayacaq. Digər tərəfdən, xırda bələdiyyələrdəki kadr problemi də həll olunacaq. Həmçinin, fəaliyyətdəki pərakəndəlik də aradan qalxacaq. Bütün bunlar isə son nəticədə əhalidə bələdiyyələrə etimadı artıracaq və özünüidarəetmədə ümumi bir nəzarət imkanı yaranacaq. Birləşsinlər, sonra səlahiyyət alacaqlar

Millət vəkili deyir ki, bələdiyyələrin birləşmə prosesi başa çatandan sonra “Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında” qanun layihəsi qəbul ediləcək. Həmin sənədə görə, bələdiyyələrə bir sıra əlavə səlahiyyətlərin verilməsi nəzərdə tutulub. Məsələn, kommunal xidmətlər, yaşıllaşdırma işləri, suvarma təchizatının yaxşılaşdırılması işləri bələdiyyələrə veriləcək. Hazırda bu işlərin çoxunu onsuz da bələdiyyələr görür, ancaq bunun üçün ayrılmış vəsaitləri başqa qurumlar alır. Düşünürük ki, bundan sonra  bələdiyyələr  daha geniş imkanlara və maliyyə potensialına malik olacaqlar.

Samir Əliyev: “Hələ də bir ərazidə bir neçə bələdiyyə qalır”

Amma birləşmə prosesi o qədər də rahat və problemsiz keçmir. Bələdiyyələr üzrə ekspert Samir Əliyev düşünür ki,  hökumət birləşdirməni “1 inzibati ərazi vahidi – 1 bələdiyyə” prinsipi ilə həyata keçirməliydi: “Düzdür birləşmə inzibati ərazi vahidliyi əsasında aparılıb. Ancaq hələ də bəzi inzibati ərazi vahidliklərində bir neçə bələdiyyənin qalması müşahidə edilir. Bundan başqa, birləşmə zamanı təmsilçilik də nəzərə alınmır”. Ekspert digər problemlər qismində bələdiyyə qurumunun yaradılması üçün əhali sayının aşağı həddinə məhdudiyyətin qoyulmaması və dövlət hakimiyyət orqanlarının birləşmə prosesinə hazır olmamasını göstərir. Problemlərə gəlincə, Samir Əliyev qeyd edir ki, bir sıra bələdiyyələr hələ də maliyyə əməliyyatları apara bilmirlər, işçilərinə əmək haqqı verə bilmirlər. Səbəb də Ədliyyə Nazirliyi tərəfindən birləşmiş bələdiyyələrin nizamnamələrinin təsdiqinin ləngidilməsidir: “Birləşmə qərarı 1 il öncə verilib və yeni seçilmiş bələdiyyələr 4 aydır fəaliyyət göstərir. Bu vaxta qədər nə maliyyə əməliyyatı apara bilib, nə də işçilərinə maaş verə bilib. Birləşmədən sonra bələdiyyələrin möhürlərini yığırdılar. Bir neçə ay keçəndən sonra yeni möhürlə təmin etdilər. Nizamnamələri isə hələ də təsdiq olunmayıb. Nizamnamə təsdiq olunmadığından bələdiyyə VÖEN və bank hesabı aça bilmir”. “Belə getsə, Böyük Şəhər Bələdiyyələri yaratmaq mümkünsüz olacaq”

Ekspert düşünür ki, bu problemləri aradan qaldırmaq üçün əhalinin təmsilçiliyi təmin edilməli və bələdiyyələrin formalaşması üçün əhali sayının aşağı həddinə məhdudiyyət qoyulmalıdır. S.Əliyevin fikrincə, əhali sayı üçün aşağı hədd 1500-2000 ola bilər. Əhalinin yuxarı həddinə isə qoyulmuş məhdudiyyət isə götürülməlidir. Çünki Seçki Məcəlləsinin 210.2.1-ci və 210.2.8-ci maddələrinə görə, əhalisinin sayı 500-dən az olan ərazilərdən tutmuş əhalisinin sayı 299.999–dək olan ərazilərdə bələdiyyələrin yaradılması nəzərdə tutulur: “Bu isə o deməkdir ki, əhalinin sayı 300.000 nəfərdən çoxdursa, həmin bələdiyyə bölünməlidir. Bu da böyük şəhər bələdiyyələrinin yaradılmasını mümkünsüz edir”.

Bundan başqa bələdiyyələr maliyyə fəaliyyətini bərpa etmək üçün Ədliyyə Nazirliyi tərəfindən təcili olaraq onların nizamnamələrin təsdiqi həllini tapmalıdır. Və ən nəhayət, bələdiyyələrə əlavə səlahiyyət və maliyyə təminatının verilməsi təmin olunmalıdır.

Şəmistan Yusifov: “Birləşmə iqtisadi gücümüzü artıracaq”

Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Şəmistan Yusifov da birləşməyin vacib olduğunu etiraf edir: “İndi Azərbaycanda doğrudan da bələdiyyələrin birləşməsinə ehtiyac var. Amma bunu ucdantutma bütün bələdiyyələrə şamil etmək olmaz. Axı bizdə elə iki bələdiyyə var ki, onların arasında həddindən artıq böyük məsafə var. Ona görə həmin bələdiyyələrin  birləşdirilməsi çətin məsələdir”. Sözlərini təsdiqləmək üçün misal çəkən Ş.Yusifov deyir ki,  Xızıda elə bələdiyyələr var ki, aralarındakı məsafə 30-40 kilometrdir. Və onların birləşdirilməsindən söhbət gedə bilməz: “Yaxud, elə bələdiyyə var ki,  dağlarda yerləşir, yaşayış məntəqəsindən çox uzaqdadır. Onlar istisna edilməlidir. Hansı bələdiyyələr ki, az qala bir-birinin içində yerləşir, onların birləşməsi zəruridir”. Şəmistan Yusifov da hesab edir ki, birləşmə nəticəsində bələdiyyələrin iqtisadi gücü artacaq və onlar daha səmərəli fəaliyyət göstərə biləcəklər. Assosiasiya rəhbəri güman edir ki, birləşib gücünü artıran bələdiyyələrin sayı getdikcə çoxalacaq.

Dünyada bələdiyyələr çoxdan birləşib

Sonda onu da qeyd edək ki, bizdə yeni tətbiq olunan birləşmə prosesi artıq çox yerdə həyata keçirilib. Hətta bir sıra Avropa və Amerika ölkələrində bələdiyyələrin birləşməsi prosesi bu gün də davam edir

Bələdiyyələrin birləşməsi ilk dəfə 1951-ci ildə İsveçdə reallaşıb. Əgər həmin vaxt bu ölkədə 1037 bələdiyyə var idisə, 1977-ci ilə qədər olan islahatlardan sonra bu say cəmi 279-a enmişdi. Birləşmə ilə bağlı son təcrübə isə Yunanıstan və Türkiyə nümunəsidir. Yunanıstanda əhalisi 5 min nəfərdən artıq olan ərazilərdə bələdiyyə yaradılması haqqında qərar qəbul edilib. Türkiyədə də kiçik bələdiyyələrin ləğvi və onların böyükləri ilə əvəzlənməsini dəstəkləyən qərar qəbul edilib. Orada əhalisinin sayı 2 min nəfərdən az olan bələdiyyələrin digərləri ilə birləşdirilməsi məsələsi qaldırıldı və bu proses hələ də davam edir.

Norveçdə, Almaniyada, Latviyada vaxtilə kiçik bələdiyyələr çox olub. Ancaq onların 50-100 ilkik təcrübəsi var və bu müddət ərzində kifayət qədər təkmilləşiblər. Hazırda Bolqarıstan, Latviya, Danimarka kimi ölkələrdə bələdiyyələrin sayı 200–500 arasındadır.

Fərəh Sabirqızı

Yazı  “Yerli Demokratiyaya Dəstək” QHT Koalisiyasının elan etdiyi müsabiqəyə təqdim olunur

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir