Modern.az

Dövlət qulluğu imtahanından NARAZILIQ - ikinci tur: məmurların ehtiyat skamyası

Dövlət qulluğu imtahanından NARAZILIQ - ikinci tur: məmurların ehtiyat skamyası

10 Dekabr 2013, 10:55


Azərbaycanda dövlət qulluğuna iddialı şəxslər müəyyən baryerlər aşmaqla müvafiq vəzifələrdə çalışa bilərlər. Dövlət qulluğuna qəbul üçün  qanunvericiliyin tələblərindən irəli gələn iki mərhələli baryer sistemi iddialı şəxslərin dövlət orqanlarına işə qəbulunda müəyyən problemlər yaradır. Belə ki, “Dövlət qulluğu haqqında” Qanuna görə, dövlət qulluğuna qəbulun  birinci mərhələsi test üsulu ilə həyata keçirilir. İkinci tur  isə Dövlət Qulluğu Komissiyası, vətəndaşın işə düzəlmək istədiyi müvafiq qurumun mütəxəssisi və müstəqil ekspertin  iştirakı ilə video çəkilişlə  keçirilən sual-cavab mərhələsidir. Bu hüquqi mexanizmlərdən yararlanmayan vətəndaşların sayı isə az deyil. Bir neçə dövlət qulluğuna yiyələnmək istəyib arzusuna çata bilməyən  şəxs iddia edir ki, müsahibə mərhələsində lazımi bal vermək üçün, “yuxarıların tapşırığı olmalıdır”.

Ümumiyyətlə dövlət qulluğunda müsahibə mərhələsinin keçirilməsinin əleyhinə olanlar da var.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Çingiz Qənizadə hesab edir ki, ikinci turun keçirilməsinə lüzum yoxdur.

Deputat Modern.az-a açıqlamasında bildirib ki, “Dövlət qulluğu haqqında” Qanunda test üsulundan sonrakı mərhələ sovet dönəmindən qalma ənənədir.

“Ümumiyyətlə müsahibənin ictimai nəzarət olmadan həyata  keçirilməsi və sualların həmin qurumlarda hazırlanması neqativ hallara gətirib çıxarır. Ali məktəblərə qəbul kimi test imtahanlarını müvəffəqiyyətlə başa vuranlara ikinci mərhələ lazım deyil. Əgər vətəndaş test imtahanından keçirsə, müvafiq  boş qalan yerlərə seçilib  işlə təmin olunmalıdır”.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Hüquqşünas Əlməmməd Nuriyev isə ikinci mərhələnin vacibliyini vurğulamaqla bunun əhəmiyyəti haqqında danışıb. Onun sözlərinə görə dövlət qulluğuna qəbul kifayət qədər şəffaf, təmiz keçirilir.

“İkinci mərhələdə həm də çox sadə suallar verilir. Müsahibə mərhələsi dövlət qulluğunda vəzifəyə iddialı olan şəxsin peşə hazırlığı, dünyagörüşü müəyyənləşdirilir. Vətəndaşın testdən keçməsi əsas şərt deyil. Eyni zamanda onun davranışı, qabiliyyəti, psixoloji hazırlığı  də vacib amildir. Ona görə bunu aydınlaşdırmaq üçün müsahibə mərhələsinə ehtiyac duyulur. Burada hər hansı korrupsiya sövdələşməsindən söhbət belə gedə bilməz. Azərbaycan cəmiyyətində də dövlət qulluğuna qəbulla bağlı hər hansı narazılıq da görmürük”, – deyə hüquqşünas qeyd edib. Ekspert bildirib ki, nəticələrdən narazı qalan şəxslərin iddiasını doğrultmaq üçün imkanlar da mövcuddur. “Əgər şəxs ikinci mərhələdən narazıdırsa, apelyasiya şikayəti verə bilər. Bundan sonra şəxsin özünün iştirakı ilə bütün video materiallara yenidən baxılır. Şəxs yenə də narazı qalarsa, məhkəməyə müraciət edə bilər”.

Ə. Nuriyev ikinci mərhələni adlamış şəxslərin rezerv (ehtiyat) işçi qüvvəsi olmasını məsələsinə də aydınlıq gətirib. Hüquqşünasın sözlərinə görə müvafiq nazirlik və ya qurum vakant yerlərə daha qabiliyyətli şəxsləri seçir.

 “Digərləri isə rezervdə qalır. Daha sonra həmin qurumda yeni boş yerlər olursa, dövlət qulluğuna qəbul olmuş şəxslər orda işlə təmin olunurlar. Boş yerlərə digər şəxslər götürülə bilməz. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev vakant yerlərə müqavilə əsasında işçi götürməmək haqqında qəti qərar da verib”.

Dövlət Qulluğu Məsələləri Komissiyasının dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Fuad Mayılovun sözlərinə görə, test imtahanında namizədin bilik səviyyəsi yoxlanılsa da, müsahibə mərhələsinə də ehtiyac duyulur.

“Müsahibədə həm də peşə hazırlığı, dünyagörüşü və vakant vəzifə üçün zəruri olan digər keyfiyyətlər yoxlanılır”. DQMK rəsmisi vurğulayıb ki, dünya praktikasında turların sayından asılı olmayaraq müsahibə mərhələsi vacib hesab olunur. “İstər özəl sektor istərsə də dövlət orqanlarında işə qəbul müsabiqə üsulu ilə keçirilirsə, müsahibə mərhələləri bir çox hallarda mövcuddur. Hazırda müsahibə mərhələsinin ləğv olunması fikirləri ilə razı deyiləm. Müsahibənin keçirilməsi zamanı obyektivliyin təmin olunması üçün kifayət qədər tədbirlər həyata keçirilir. Müsahibə mərhələsi üçün müvafiq proqramlar hazırlanır və əvvəlcədən komissiyanın rəsmi internet səhifəsində çap olunur”.

DQMK səlahiyyətlisi qeyd edib ki, müsahibə mərhələsində imtahanı götürən şəxslər  arasında fikir ayrılığı yarandıqda, onların namizədə verdiyi ballar arasında kəskin fərq olduqda müsahibənin nəticəsi ləğv edilir. Bundan başqa videoçəkilişdən namizədin imtina etmək hüququ da var”.

 Ehtiyat kadrların dövlət qulluğunda təmsil  olunmasından da söz açan F. Mayılov bildirib ki, onların işlə təmin olunması bir qədər nisbi xarakter daşıyır.

“Elə ixtisaslar var ki, dövlət orqanlarında ona böyük tələbat var. Ehtiyat kadrlar siyahısına düşən şəxslər həmin ixtisaslar üzrə vəzifəyə tezliklə təyin oluna bilərlər. Ancaq elə sahələr də var ki, vakansiya sayı olduqca azdır. Qanunvericiliyə görə iki il müddətində ehtiyat kadrlar siyahısında qalmaq olar. Amma onların iki ildən sonra işlə təmin olunmamasının müxtəlif səbəbləri var. Birincisi onların ixtisasına uyğun olan vakant vəzifələrin olmaması, ikincisi, onların ixtisasına uyğun vakant yer olsa da, həmin vəzifədə staj tələbinin müəyyən edilməsi, üçüncüsü namizəd staj və ixtisas baxımdan vəzifəyə uyğun gəlsə də, xüsusi biliklərə dair tələbləri ödəmir. Əgər göstərdiyimiz uyğunsuzluqlar olmazsa, namizədlər müvafiq vəzifələrə təyin edilirlər”.

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır