Modern.az

Ağ ayıların yanına gedən dayı…

Ağ ayıların yanına gedən dayı…

Aktual

13 Dekabr 2013, 09:58

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist


“İmkanınız yoxdur” eyhamı vurulan Azərbaycan müəllimi

Tələbəlik ömrün ən gözəl və yadda qalan çağlarıdır. Hərdən o günlərin həm xoş, həm də naxoş xatirələri yada düşür. Mən ali təhsilimi Rusiyada, Vladivostok şəhərində almışam. O vaxtlar bu şəhərə bizdən çox-çox uzaq olduğundan “dünyanın axırı” deyirdilər. Bu mənada mən, “dünyanın axırını” artıq görmüşəm. Uzaq olmasına baxmayaraq, demək olar ki hər il yayda Azərbaycana gəlirdim. Belə səfərlərimin birində yolum Novosibirsk şəhərindən düşdü. Novosibirsk hava limanından Bakıya təyyarə reysi səhəri gün olacaqdı. Nə isə, gecələmək üçün  şəhərə mehmanxanaya getməli oldum. Avtobus Ob çayının üstündən keçəndə elə sandım ki Şirvan şəhəri ilə Sabirabad rayonunu birləşdirən Kür çayının üstündəki körpüdən keçirəm. Xəyalımda Saatlıya qədər olan altımış kilometrlik yolu və doğmalarla necə görüşəcəyimi düşünürdüm.

     Bir azdan avtobus dayandı, gəlin, artıq çatdıq şəhərə düşə bilərsiniz dedilər. Mən Saatlı əvəzinə Novosibirsk şəhərinin mərkəzinə düşməli oldum. Evimizin yerinə isə, elə şəhərin adını daşıyan hündür bir binanı göstərdilər mənə. Bura “Novosibirsk” mehmanxanası idi. İçəri daxil olub, qeydiyyatdan keçib doqquzuncu mərtəbəyə, mənə verilən otağa qalxdım. Otaqda bir az var-gəl edib, uzanıb televizora “baxa-baxa” yatdım. Əgər buna yatmaq demək olardısa. Mən ümumiyyətlə indiyə qədər yolda olanda nə mehmanxanada, nə avtomobildə, nə qatarda, nə də təyyarədə yaxşı yata bilmişəm. Düzü heç, bir yerə qonaq gedəndə də rahat yata bilmirəm. Sanki yuxum yalnız öz balıncıma məxsusdur. Başqa balınclar məni yuxulada bilmir.

     Səhər açıldı, aşağı düşüb mehmanxananın restoranında bir fincan qəhvə içib gəldim dayanacağa. Bir neçə dəqiqədən sonar hava limanına gedən avtobus bizi ora çatdırdı. Bakıya “uçmaqçün” qeydiyyatdan keçməyə hələ üç saat vaxt var idi. Bu arada iki soydaşımızla tanış olub “dostlaşdım”. Onlar Bakıdan gəlmişdilər başqa yerə “uçacaqdılar”. Onlar mənim tələbə olduğumu, özüdə jurnalistikada oxuduğumu bildikdən sonra mənə qarşı xüsusi hörmətlə yanaşdılar. Qərara gəldik ki gedib birgə nahar edək. Dostlar məndən nə yeyəcəyimi soruşmadan masanın üstünü bəzətdirdilər və öz boxçalarında olan yeməklərdən də əlavə etdilər. Masa dörd nəfərlik idi. Bir az keçmişdi ki, üzü azca tüklü, saçı dağınıq, nimdaş geyimli  orta yaşlı bir kişi bizə yaxınlaşdı və “əgər bura boşdursa məndə oturum” - dedi. O, azərbaycanlı idi, biz etiraz etmədik. Mənim dostlaşdığım uşaqlardan biri o zamankı Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini bitirmişdi. Dayı əlindəki kiçik çantasını bizim yanımıza qoyub, getdi özünə nəsə sifariş verməyə. Bu zaman “hüquqşünas” dedi ki, “bu adam nəsə düz adama oxşamır, amma işiniz yoxdur mən ondan kim olduğunu öyrənəcəyəm”. Maraq məni götürdü, özlüyümdə - görəsən bu kişidə qeyri adi nə var ki, “hüquqşünas” ondan niyə belə şübhələndi deyə düşündüm. Nə isə, yemək yeyə-yeyə biz bu dayıya xüsusi diqqət edirdik. Amma düzünü desəm mən onda heç bir qeyri adilik görmürdüm. “Hüquqşünas” isə öz “işində” idi. Tez-tez dayıya qulluq edir, “utanmayın dayı yaxşı yeyin, görürəm “çöl” adamısız”, deyə dayını qılıqlayırdı. Bu sözlərdən xoşhal olan dayı, “hə, yollarda çox olmuşam, çox yerləri görmüşəm dedi. Hara gedirsiz dayı”, “hüquqşünas” soruşanda, “əşş, ayağım hara, başım ora” deyə dayı cavab verdi. “Hüquqşünas” bu an mənə baxıb göz vurdu. Bir neçə sorğu-sualdan qaçan dayı sonra dedi, “mən uzağa gedirəm oğul, ağ ayıların yanına…”. Bu cavabdan sonra fürsət tapıb “mən sizə nə dedim”, deyə “hüquqşünas” bizə tərəf çevrilib mızıldandı.

      Dostlarımın gedəcəkləri yerə “qeydiyyat” başladığından onlar masanın hesabını verib bizimlə, mənimlə isə bir az da isti sağollaşıb getdilər. Biz dayı ilə bir neçə dəqiqə də oturub söhbət etdik, hələ vaxtımız var idi. Dayı çox yorğun və pərişan görünürdü. Bayaqdan danışmağa sanki halı olmayan dayı, nədənsə, məni özünə ya uşaq, ya tələbə, ya da doğma hesab edirmiş kimi ürəyində nə varidisə hamısını açıb tökdü.

     Sən demə bayaqdan şübhə dolu baxışlarla baxdığımız, “düz” adam olmayan və “ağ ayıların” yanına gedən bu dayı dediyimiz, tarix müəllimi imiş. Oğluna sevdiyi qızı almaq üçün elçi gedəndə, dolayısı ilə “imkanınız yoxdur” eyhamı vurulan Azərbaycan müəllimi. O, müəllimliyini gizlədərək ötən əsrin 90-cı illərinin kasıbçılıq kabusundan yaxa qurtarmaq üçün baş götürüb gedirmiş ailəsinə bir parça çörək qazanmağa…    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir