Modern.az

«Milliyyəti islamiyyət ilə, islamiyyəti insaniyyət ilə sevərim»

«Milliyyəti islamiyyət ilə, islamiyyəti insaniyyət ilə sevərim»

Ədəbi̇yyat

13 Dekabr 2013, 12:19

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru 

Krım türklərinin tanınmış mütəfəkkiri Həsən Səbri Ayvazov Türk-İslam mədəniyyəti, o cümlədən Azərbaycan mədəniyyəti ilə çox yaxından bağlı olan bir şəxsiyyətdir. 20-ci əsrin əvvəllərində bir müddət Azərbaycanda yaşayan və burada nəşr olunan mətbuat orqanlarda («Füyuzat» və b.) fəal iştirak edən Ayvazovun dünyagörüşündə islamlıq, türklük və insanlıq-bəşərilik mühüm yer tutmuşdur. O, bu ideyalar uğrunda Qafqazda-Azərbaycanda mübarizə aparmasını təsadüfi saymırdı. Onun fikrincə,  millətin bugünkü durumundan yüz dərəcədə cahil bulunan zamanda belə Rusiya müsəlmanları-türkləri arasında ilk qəzetlər («Əkinçi», «Kəşkül» və b.) Qafqazda-Azərbaycanda açılmışdır, hazırda da bu mədəniyyət işağı məhz buradadır.

Ayvazov yazırdı ki, Əhməd  bəy Ağaoğlu və başqa Qafqaz-Azərbaycan aydınları Fransada və başqa Avropa ölkələrində təhsil almalarına baxmayaraq heç vaxt milliyyət və islamiyyətdən kənara çıxmayıblar. Əksinə, onları Avropaya üz tutmağa səbəb islamiyyət və milliyyət dərdi olmuşdur. Bu baxımdan Avropa universitetlərində dünyagörüşlərini artıran Qafqaz mücahidləri Vətənə qayıtdıqdan sonra, əvvəlkindən də daha dərin məhəbbətlə islamiyyət və milliyyət ideyalarını soydaşları və dindaşları arasında təbliğ ediblər. Ayvazov bunu nəzərə alaraq yazırdı: «Qafqaz qitəsi Rusiya müsəlmanlarına, bəlkə Osmanlı türklərinə belə hər kəsdən ziyadə xidmət etmişdir, etməkdədir və edəcəkdir. Qafqaz hər xüsusda Rusiya türklərinə rəhbər və müəllim olmuşdur və olacaqdır».

Onun fikrincə, hazırda müsəlman millətlərinin mədəniyyətlərinin, elmlərinin olmaması ilə bağlı fikir söyləmək doğru olmazdı. Belə ki, bir çox müsəlman məmləkətlərində elm və təhsil, mədəniyyət olmuş və İslam padşhaları tərəfindən də dəstək görmüşdür. Ancaq sonralar bəzi müsəlman ölkələrinin zəifləməsi (Osmanlı və b.), digərlərinin (Səfvilər və b.) isə  süquta uğraması ilə bu maarif, mədəniyyət və təhsil əcnəbi ölkələrin əlinə keçmişdir: «Məşahiri-islam pək asari-nafiə və cahanqiymət kütübxanələr tərk etdilərsə də kəndlərindən sonra qalan millət məarif nə olduğundan xəbəri olmadığından əslafi-kiramın asarı da əcnəbilərə keçmişdir. Bu gün Avropa kütübxanələri ziyarə edilirsə, ibtida gözə çarpan və kütübxanələrini təzyin edən həp əlyazısı-asari-islamdır. Əgər islamlarda maarifi-ümumiyyə cari olaydı, müsəlmanlar mədəniyyəti-islamiyyəyi kim bilir nə qədər daha tərəqqi etdirərlər idi. Və biz də bugünkü hallara qalmaz idik».

Beləliklə, Ayvazov belə bir qənaətə gəlirdi ki, birinci «bir millətdə maarifin təkəmmülü, ibtida o milləti təşkil edən əfradın, ümimiyyətlə (arabaçı, qapçı, hammalçısına qədər) lisani-milliyyəyi oxuyub-yazmağa, binaənleyh yazdığını oxumağa, oxuduğunu anlamağa müqtədir olması; ikinci: ülum və fünuni-mütənəvviə müntəsiblərinin ehtiyacati-millət və məmləkətə görə çox bulunması, üçüncü: üləmayi-məşhurə, üdəbayi-mərufə və əshabi-iqtidar, ərbabi-ixtisasın kəsrətli bulunması; dördüncü: mətbuatın, cəraidin vəfrətlə olması; beşinci: hər dərəcədə məkatibi-ümumiyyə və xüsusiyyə və darülfünunların, kütübxanələrin, cəmiyyati-elmiyyə və fənniyyənin çoxluğu ilədir».

Ayvazov «Füyuzat»da nəşr olunan «Nədən bu hala qaldıq?»məşhur əsərində sosialist, millətpərəst və islampərəstin dünyagörüşünü ifadə etməyə çalışmışdır. O, əsərdəki obrazların birinin - Əbdülislamın  dilindən yazırdı ki, artıq bir neçə əsrdir Türk-İslam düynası qəflət içindədir. Halbuki İslam-Türk dünyası son əsrlərə qədər tərəqqi içində olmuşdur. Bu gün sosial-demokratların və başqalarının da bir tələb halında irəli sürdükləri bir çox müddəalar da həmin tərəqqinin tərkibində idi. Belə ki, müsəlman ölkələrində əvvəllər həyatımız, məişətimiz, keçmişimiz ictimaiyyət və insaniyyət üzərilə təsis olunmuş idi.

Onun sözlərinə görə, əgər son əsrlərə qədər Türk-İslam dünyasının şəhərlərində, kəndlərində mükəmməl, müntəzəm məktəblər yox idisə də, insana lazım olan insaniyyəti bir müsəlmanın bilməsi və yapması borc olan şeyləri, bir vətən övladına lazım olan vətən məhəbbətini öyrənəcək qədər məktəb və mədərəslərimiz var idi: «O vaxtlarda müsəlmanlar ağzında - bugünki kimi quru gurultudan ibarət, ya ki, moda hökmündə tələqqi olunan - elm və maarif, millətpərəst, vətənəpərəst çox söylənmiyor idisə də, elm və irfan, hünər və kəmalat qədrini və əshabi-elmi haqqı ilə təqdir edən zatlar az deyildi».

Ayvazov hesab edirdi ki, o zamanlarda məskənlərimiz, xanələrimiz bugünkü yüksək saraylar kimi olmayub bu içində bulunduğumuz topaq damlı evlərdən ibarət idisə də, içində yaşayanlar çox rahat və məsud idi. Bu baxımdan  bütün həyatımız, məişətimiz, əhvali-ictimaiyyə və iqtisadiyyəmiz çox yolunda olub ömürlərimiz zövq və səfalar, həyatlarımız sakit və ümidlər içində bəxtiyaranə, məsudanə bir surətdə keçirdi. Eyni zamanda, əvvəllər Türk-İslam dünyasında  söz, şəxsiyyət, ictimaiyyət, din və sair azadlıqlar da mövcud idi. Hər adam hürr-azad olub, istədiyi sözü söylər, hər camaat arzu etdiyi vaxt bir yerdə toplaşaraq icrasına təşəbbüs edəcəkləri iş haqqında müşavirələr edərdilər. Ayvazov yazırdı: «O zamanlarda müsəlmanlar arasında bu gün avropalıların «ekonomiyi-politik», yəni fənni-təsərrüf, elmi-iqtisad dedikləri şeyə də riayət çox idi. Hər adam öz səmərəyi-səyi ilə yaşar, kimsənin malına, parasına göz dikməz və heç bir adama ovuc açmaz idi. Hər müslim: «leysə lil-insanə illa məsəa» misdaqıyca yaşamaq üçün ancaq çalışmaq və çalışmaq üçün də yaşamaq lazım olduğunu bilir idi. Həvayici-zəruriyyəsindən yeyəcək, içəcək, geyəcək şeyləri, məskən və məvalarını, çamaşirlərini kəndiləri yapar, kəndiləri tədarük edər idi».

Ayvazova görə, bütün nadanlıqlar, cahilliklər ilk növbədə, türk ellərinin, o cümlədən Krımın, Qafqazın, Türküstanın Rusiya tərəfindən işğal olunduqdan sonra baş qaldırmışdır. Digər tərəfdən  son əsrlərdə İslam-Türk dünyasında mədəniyyət adında çürük toxumların əkilməyə başlaması ciddi fəsadlara gətirib çıxarmışdır. Ayvazov yazırdı: «Came və mədrəsələrimizi, məktəb və təkyələrimizi islah edəcəgiz deyə bir idarəyi-ruhaniyyə təsis edərək ağzılarına bal, kökslərinə medal taxdığı duxovnilərdən mürəkkəb bir heyət təşkil ilə bütün ümuri-diniyyəmizi, məkatib və mədarisimizin nəzarətini onlara tövdi etmişlər. Müfti intixabını ləğv edərək bizzat hökumət kəndisi təyin etməgə başlamışdır!.. Bu sayədə məktəb və mədərəsələrimiz yıxıldı, yıxılanın yerində yenisi yapılmadı… Heyətimizi, cəmaəti-islamiyyəmizi dvoryan, ruhani, pasılan, meşçan, bəy, mirzə, çələbi siniflərinə ayıraraq parça-parça eylədi. Aramızda nifaq atəşləri, təfriqə toxumları əkildi. Həpimiz birimizə qanlı düşmən olduq. Əxlaqımız pozuldu, təbiətimiz dəyişdi. Get-gedə əhvali-ümumiyyə və heyəti-ictimaiyyəmiz pozularaq halsız, mülksüz, ac, çılpaq qalıb qırıla-qırıla bu qara günlərə, çəkişə-çəkişə bu ağlanılacaq hallara qaldıq!..».

Beləliklə, Ayvazov hesab edirdi ki, İslam-Türk dünyasının tənəzzülə uğramasında avropalılar da müəyyən pay sahibi olmuşlar. Belə ki, avpropalılar «mədəniyyət» pərdəsi altında öz maraqlarını burada həyata keçirməyə çalışmışlar və çalışırlar da: «Mədəniyyət yalnız onların ağızlarında!. Qəlbləri yalanlar, əqrəblər ilə doldur. Hankı bir məmləkətə ayaq basdılar - «maarif» və «mədəniyyət», «kultura» və «prasveşeniya» namilə zülm və həqarət toxumları əkdilər. «Ərzi-müavinət edəcəgiz» deyə insanları soymağa başladılar. «Vəhşətdən mədəniyyətə çıxaracığız» deyə həyati-ictimaiyyələrini kökündən, hissiyyati-insaniyyəyi qəlblərindən çıxardılar. Hankı qövm arasına girdilər isə dinlərini, dillərini unutdurmağa  çalışdılar və çalışıyorlar. Əziz övladlarım! Qərb mədəniyyəti, bəşəriyyətin tərəqqi və təkamülünə, cəmiyyəti bəşəriyyənin rifah və səadətinə deyil, bəlkə məhvinə çalışıyor. Onların nəzərində insaniyyət məhzən canavarlıqdan ibarətdir desəm, bəlkə xəta etməm. Onların atəşindən qurtulmaq üçün onlar kimi zalım olmalıdır ki, pənceyi-qəddaranələrinə, zəhərli tuzaqlarına düşməyəsən».

Krım türklərinin ünlü mütəfəkkirinin fikrincə, əcnəbilər islamiyyəti çəkəmədiklərindən əleyhimizə, dinimizə, kitabımıza çox böyük iftiralar yazmışlardır: «Əsrlərdən bəri islamiyyətin bir nuri-həqiqət olduğunu anladılar isə də hər zaman inkar etməyə çalışıyorlar. Fəqət əmin olalım ki, günəşi qaplayan buludlar nə qədər siyah, nə dərəcə müzlim isə də, xəfif bir ruzigarın əsməsilə bütün aləmi ziyalandırdığı kimi, islamiyyət üzərinə çəkilən qara pərdələr də qəribən puç olunub kainata həyat feyzi saçmağa başlayacaqdır».

Ayvazova görə, bu gün «millət» dediyimiz müqəddəs heyəti təşkil edən cəmiyyətin içində əxlaqı pozulmamış, dili qarışmamış çox az adam var. Eyni zamanda aramızda «üxüvvəti-diniyyə»dən, dindaşlıqdan bir əsər qalmamışdır. Artıq  müsəlmanların əksəri şəxsi mənfəətini düşünərək digər dindaşlarından uzaqlaşmış bir hala gəlmişdir. Ayvazov bütün bunlardan çıxış yolunu islamiyyətə, türklüyə və insaniyyətə qayıdışda görürdü: «Biz nicatımızı, səadətimizi keçən sənə təşkilinə təşəbbüs edilən iyirmi milyondan ibarət mütəcaviz Rusiya müsəlmanları ittifaqını bir «amiyun-islamiyun» firqəsi edərək o firqə ilə hərəkət və mücahidə etməliyiz. Hüququmuzu o firqeyi-islamiyyə ilə tələb etməliyiz. İştirakiyyun ol, istimaiyyun ol, nə olursan ol, ancaq müsəlmanlar ilə ol! Fəqət sağ firqələrdən əlhəzər! Qiyamətə qədər əlhəzər! Yalnız təəssüf olunacaq şurasıdır ki, «Rusiya müsəlmanları ittifaqı» əzaları miyanında da davayi-şəxsiyyə, sağ firqələr tərəfdarı olanlar da var imiş! Təəssüf! İştə övladım, gərək bənim və gərək arkadaşımın fikrincə milliyyət pək müqəddəs olduğundan səadətimizi də milliyyət ilə birlikdə arzu ediyoruz. Milliyyəti islamiyyət ilə, islamiyyəti insaniyyət ilə sevərim».        

Onun fikrincə ictimaiyyət, qardaşlıq, mədəniyyət və insaniyyət kimi ideyaların hamısı İslamda vardır: «Anlatmaq istərəm ki, səadəti-bəşərə xidmət edəcək mədəniyyət, maddiyyat ilə mənəviyyatdan ibarət mürəkkəb bir mədəniyyətdir. Öylə bir mədəniyyəti də insanlara bəxş edəcək bir qüvvər var isə, o da elm və maarifə rəğbət göstərən islamiyyətdir. O «islamiyyət» ki, bir çox hükəma və fəlasifə onun insaniyyətə, ədalətə, cəmiyyəti-bəşəriyyəyə mütabiq, hürriyyəti-müsavata müsaid və xadim olduğunu təsdiq etmişlər və etməkdədirlər… Əvət, o dini-islam ki, insanı əhatə edən qişayi-züləmatı tənvir ilə izaə ilə təriqi-səlamətə bir bədrəqeyi-hidayət olmuş, üquli-bəşəriyyəyi bir qaideyi-müntəzəməyə rəbt edərək sabit, mütəməkin qılmış, səbatsızlıq, təğəyyür, tələvvün isaitindən qurtarmışdır! İştə, övladlarım! Mədəniyyəti-bəşəriyyənin qüvası, insanların səadətinə xidmət edə biləcək mədəniyyət, böylə ali bir islamiyyət üzərinə təsis edilməlidir. Bir mədəniyyəti-ictimaiyyənin əsası islamiyyət kimi mətin, əhkamı kimi adil bir bina üzərinə qurulur isə, fəziləti-bəşəriyyənin ən böyüyü olan, «insaniyyət» denilən ülviyyət, qüdsiyyət yalnız kitabların qara sətirləri arasında qalmaz, yüksəkdəki siyah bulutlar üzərində uçmaz, bəlkə insanların qəlblərində cövlan edər… Və bu sayədə «ümumi qardaşlıq» da meydana gələ bilir…».

Bütün bunlarla yanaşı, Ayvazov Qərb mədəniyytəini tamamilə inkar etməyin də tərəfdarı deyildi. Onun fikrincə, müsəlmanlar Qərb mədəniyyətindəki elm və sənayəni öyrənməlidirlər: «Avropalıların elm və maarifini, fünun və sənayeni alınız! İxtiraat və kəşfiyyatların da öyrəniniz. Milli məktəblərimizə soxunuz. Ana lisanınza tərcümə ediniz. Ona görə Avropaya gedəcəyinizdə bərabərinizə lisani-milli bulunur isə, sizə böyük silahdır. Hər yerdə sizi səlamətə çıxarar. Əlinizdə islamiyyət və lisan kimi bir qüvvət olur isə, Avropanın atəşi sizi yaxamaz, məəmafih nə Fransanın Parisi, nə Almaniyanın Berlini, nə İngiltərənin Londrası, nə də Avropa məişəti milliyyət və qövmiyyətinizi unutduramaz…. İctimaiyyəti milliyətdə, milliyyəti insaniyyətdə, ədalətdə, insaniyyəti mədəniyyətdə, mədəniyyət və səadəti də vətəndə, islamiyyədə aranız».

Beləliklə, Ayvazovun fikrincə, milliy­yət çox müqəddəs olduğun­dan səadəti də milliyyət ilə birlikdə arzu etmək lazım­dır. Bununla yanaşı milliy­yəti islamiyyət ilə, islamiyyəti insaniyyət ilə sevmək gərəkdir. Bu baxımdan avropalaşmağa, sosial-demokratlara qoşulmağa meyil etməyən Ayvazov türk-müsəlman dünyasının nicatını insaniyyət və ictimaiyyət əsaslı İslam-Türk məfkurəsinin sintezində görmüşdür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!