Modern.az

Parlament jurnalistləri deputat Arif Rəhimzadəni necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat Arif Rəhimzadəni necə xarakterizə edirlər?

12 May 2010, 13:41

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Arif Rəhimzadə barədə fikirlərini bildiriblər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?  

 

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Parlamentin stajlı deputatlarındandır. Öz sahəsi ilə bağlı məsələlərə münasibət bildirməkdə maraqlıdır. Xüsusilə bələdiyyə problemləri ilə bağlı Milli Məclisdə mütəmadi çıxışlar edir. Onun rəhbərlik etdiyi Regional məsələlər komitəsi son 4 ildə bələdiyyələrin hüququ ilə bağlı bir neçə qanunverici təşəbbüs irəli sürüb. Ancaq bunun müsbət nəticə vermədiyi göz önündədir. Seçicilərilə necə işləməsindən xəbərsizəm. Arif Rəhimzadənin Milli Məclisdə seçicilərinin problemlərini qaldıırmasını yaxud onlarla görüşməsini görməmişəm. Arzu edərdim növbəti illərdə seçicilərinin problemlərini həll etməkdə aktiv olsun. Jurnalistlərlə də münasibəti normaldır. Hansısa bir məsələ ilə bağlı jurnalistlərə açıqlamalar verir”.

 

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Uzun illərdir parlamentdə fəaliyyət göstərir. Onu vitse-spiker işlədiyi vaxtdan tanıyıram. Fəal millət vəkilidir.

Rəhbərlik etdiyi komitə qanunvericilik təşəbbüsü ilə çıxış edir. Bir dəfə Arif Rəhimzadənin adı bir yaşayış məntəqəsinin adının dəyişdirilməsi ilə bağlı qalmaqalda səsləndi. Jurnalistlərlə normal münasibətləri var. Lazım olan vaxtda hansısa məsələyə də öz münasibətini bildirir”.

 

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Arif Rəhimzadəni Milli Məclisdəki ziyalı bir insan kimi dəyərləndirirəm. Ümumiyyətlə, o, bütün həyatı boyu Heydər Əliyevin yoluna sadiq olub. Tutduğu vəzifələrin öhdəsindən layiqincə gəlib. Rəhbərlik etdiyi komitənin də fəaliyyətini yüksək qiymətləndirirəm”.

 

“Xəbərlər Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Aktiv olmayan millət vəkilidir. Komitə sədri olmasına baxmayaraq onun fəaliyyəti gözə görünmür. Milli Məclisin müzakirələrində az iştirak edir. Gündəmdə olan ictiami-siyasi məsələlərlə də bağlı aktivlik göstərmir. Vaxtilə o, hardasa 1992-93-cü illərdə Milli Məclisdə Heydər Əliyevin qızğın tərəfdarı kimi yadda qalıb. O vaxtdan sonra onun yaddaqalan fəaliyyətini xatırlamıram. Jurnalistlərlə də münasibətləri yüksək səviyyədə deyil. Çalışır ki, başından etsin”.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Dünən Milli Məclisin iclasında jurnalistika fəaliyyətimdə ilk dəfə olaraq Arif Rəhimzadədən müsahibə götürə bildim. Ona görə dünənki gün mənə "undudulmaz" bir gündür. Adətən mətbuata qapalı olan Arif Rəhimzadədən müsahibə almaq mənə və həmkarlarıma müyəssər oldu. Onun fəaliyyəti barədə məlumatım yoxdur. Ancaq komitə iclaslarında fəallıq göstərməsi göz önündədir. Sadiq YAP-çıdır”. 

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “Azərbaycan siyasətində olan köhnə simalardandır. Yəni o, uzun illədir ki, siyasətdə təmsil olunur. Arif Rəhimzadə uzun illər partiya-sovet orqanlarında yüksək rəhbər vəzifələrdə işləyib. Həm keçmiş sovetlər dönəmində, həm də müstəqil Azərbaycanda bir neçə dəfə parlamentdə təmsil olunub. Hətta bir müddət parlamentin rəhbər şəxslərindən biri olub−I vitse-spiker vəzifəsində çalışıb. O, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından və məşhur 91-lərdəndir. Hazırda isə parlamentdə təmsil olunmaqla yanaşı, Regional məsələlər komitəsinə rəhbərlik edir. O, yaşının bir qədər çox olmasına və siyasətdə uzun müddət fəaliyyət göstərməsinə baxmayaraq hər zaman fəallığı, işgüzarlığı, öz əqidəsinə, Heydər Əliyev ideyalarına dönməzliyi ilə seçilib, tanınıb. Bildiyimə görə, o, 4-cü çağrış Milli Məclisə seçkilərdə də iştirak etmək istəyir. Ona uğurlar arzulayıram”.

 

“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov: “Bir çox məsələlərlə bağlı çox danışan deputat deyil. Daha çox onun rəhbərlik etdiyi komitə ilə bağlı məsələlərə münasibət bildirir. Mən fikir vermişəm, Milli Məclisdə qanun layihələrinin təqdimatı zamanı o, konkret və dolğun çıxışlar hazırlayır. Sakit təbiətli insan kimi onu xarakterizə edərdim”.

 

“Ayna” qəzetinin əməkdaşı Fərəh Əliyeva: “Adətən jurnalistlərdən uzaq gəzir. Amma şəxsən mən nə vaxt müsahibə üçün müraciət etmişəmsə, imtina etməyib. Əsasən öz sahəsinə aid məsələlər barədə danışır. Amma arada gündəmdə dayanan siyasi məsələlər haqqında da çıxış edir. Parlamentə getdiyim bu illər ərzində məndə onun haqqında təmkinli, səbrli bir insan təsəvvürü yaranıb”.

 

  “Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Arif Rəhimzadə Milli Məclisin passiv deputatlarından biridir. Onun yalnız komitə sədri kimi çıxışlarını görmək olar. Əslində vitse-spiker olmuş bir şəxs gərək hər zaman fəal olsun. Bəzi deputatlar var ki, Mili Məclisdə fəal olamasa da, seçiciləri ilə sıx təmasdadırlar. Onların az-çox qayğısına qalırlar. Amma eşitdiyimə görə, Arif Rəhimzadə heç seçiciləri ilə də maraqlanmır. Jurnalistlərlə də yaxşı münasibəti yoxdur. Belə olmasaydı, rəhbərlik etdiyi komitənin iclaslarına Kamil Həmzəoğlundan da başqa jurnalist çağırardı”.

 

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə: “Milli Məclisin ən stajlı, ən təcrübəli deputatlarındandır. Jurnalistlərlə problemi yoxdur. Qarşısındakı insana hörmət qoyan insandır. Üzv olduğu Yeni Azərbaycan Partiyasının sadiq deputatıdır”.

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “Arif Rəhimzadə deputatlar içərisində bir qədər fərqli insandır. Məsələlərə özəl yanaşması var. Bir də görürsən ki, ən adi bir məsələ barədə Arif Rəhimzadə açıqlama verir. Bəzən isə ən önəmli məsələ barədə danışmır. Hər halda mən onun jurnalistlərlə isti münasibətinin şahidi olmamışam. Parlamentdəki fəaliyyətinə gəlincə, deyə bilərəm ki, yalnız komitə rəhbəri kimi zəruri olan hallarda çıxış edir”.

 

“Azərbaycan” qəzetinin əməkdaşı Rəşad Cəfərov: “Qanunericilik sahəsində kifayət qədər təcrübəsi olan adamdır. Uzun müddətdir ki, parlamentdə çalışır. Zəhmli adamdır. Ancaq ondan heç vaxt müsahibə götürməmişəm. Ona görə də onun fəaliyyətini geniş şəkildə xarakterizə edə bilmirəm”.

 

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Parlamentdə sədr müavini olanda qanunvericilik yaradıcılığında fəaliyyəti olub. Deputat və komitə sədri kimi yalnız rayon və şəhər adlarının dəyişdirilməsində əməyi olan deputat kimi yadda qalıb. Ancaq heç inandırıcı deyil ki, coğrafi adların dəyişdirilməsi onun və ictimaiyyətin istəyi ilə reallaşır. Çünki dəyişdirilən yer adları heç bir məntiqə söykənmir. Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun rəhbəri kimi hər iki dövlət arasındakı münasibətlərin inkişafında elə də bir rolu görünmür”.

 

APA-nın əməkdaşı Elbrus Seyfullayev: “Onu xarakterizə etməkdə bir az çətinlik çəkirəm. Deyərdim ki, ciddi millət vəkilidir. Böyük təcrübəsi var. Ancaq onun siyasi tərəfdən qiymətləndirmək istəmirəm. Milli Məclis üçün çox işlər görüb. Bir çox qanunların qəbulunda aktivlik nümayiş etdirib. Yersiz, artıq danışmır. Lazım olan yerdə qısa, konkret danışır. Jurnalistlər adətən ondan müsahibə ala bilmirlər. O nəinki jurnalistlərlə, hətta öz həmkarları ilə xüsusi münasibətə can atmır. O, cəmiyyət üçün o qədər də maraqlı persona deyil”.

 

“Həftə içi” qəzetinin əməkdaşı Nahid Canbaxışlı:”Uzun illərdir parlamentdə təmsil olunur. Zaman-zaman parlamentdə siyasi çıxışları olub. Ancaq son vaxtlar müəyyən məsələlərlə bağlı fikirlərini bildirir. Mətbuata açıq insandır. Amma hər zaman jurnalistlərin ona yaxınlaşmasını istəyir. Yəni özündə olan məlumatı mətbuata verməyə can atmır. Bu il deputat seçilib-seçilməyəcəyini təmsil olunduğu partiya bilir”.

 

Günay MUSAYEVA

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu