Modern.az

Qırmızı diyarda beş gün: Tayland təəssüratları

Qırmızı diyarda beş gün: Tayland təəssüratları

12 May 2010, 16:05

“Hansı ölkəyə səfər etmək istərdiniz” sualına verilən cavablar adətən bir-birinə yaxın olur. İnsanlar daha çox Avropa ölkələrinin, ABŞ, Hindistan, Misir, Türkiyə, Yaponiya kimi məmləkətlərin adlarını çəkirlər. Açığı, bu yöndə mənə verilən suala cavabımda heç zaman “Tayland” deməmişəm. Heç ağlımın ucundan da keçməyib belə bir arzu. Lakin bu ölkədə keçiriləcək bir təqdimat mərasimində iştirak edəcəyimlə bağlı məsələdə yəqinlik hasil olandan sonra artıq Tayland da maraq dairəmə daxil oldu.

Düzdür, səfərlə bağlı bir qədər tərəddüdüm vardı. Birincisi, yolun uzaqlığına görə (Bakıdan birbaşa təyyarə reysi olmadığı üçün Taylandın paytaxtı Banqkoka İstanbuldan getmək gərəkdir. Heç bir ölkədə enmədən, on saat yarımlıq yolu qət etməklə. Banqkokdan isə daxili reyslə Puket şəhərinə). Tərəddüdümün digər səbəbi dillə bağlı idi. Axı yad məmləkətdə yeganə ünsiyyət vasitəsi olan ingilis dilini “salam, sağ ol” səviyyəsində bilirəm. Əgər buna “bilmək” demək olarsa... Bütün bu nədənlərə baxmayaraq, “yolçu yolda gərək” deyib, beş günlük səfərə qərar verdim.

“Nurgün” Şirkətlər Qrupunun dəstəyi ilə gerçəkləşən səfərdə məqsəd “Nissan” avtomobilinin yeni markasının-“Nissan Mikra”nın təqdimat mərasimində iştirak etmək idi. Qeyd edim ki, təqdimat mərasiminə Çin, Yaponiya, İordaniya, Birləşmiş Ərəb Əmirliklərindən və başqa ölkələrdən “Nissan” təmsilçiləri və media nümayəndələri qatılmışdı. Konfransın keçirildiyi salonda asılmış stendlər arasında Azərbaycanla bağlı lövhə də vardı. Təqdimat mərasimindən sonra yeni avtomobilin rahatlığının və sürətinin yoxlanması üçün test sürmələri həyata keçirildi.

Mərasimdə iştirak edən qonaqlar iki-iki avtomobillərə əyləşərək “Nissan Mikra”nın “siftə”sini elədilər. Səliqəli asfaltlanmış, geniş yollarda həyata keçirilən bir neçə saatlıq yoxlamalar iştirakçılarda məmnunluq yaratmışdı.

Yollardan söz düşmüşkən, Taylandda da əksər Asiya ölkələri kimi nəqliyyatın hərəkəti bizim “tərsinə” hesab etdiyimiz istiqamətdədir. Bu üzdən avtomobillərin sükanı sağdadır. Hətta motosikillərin qoşqusu da sol tərəfdədir.

Taylandda diqqət çəkən məsələlərdən biri insanların kütləvi şəkildə motosikl sürməsidir. Bizdə oğlan sevgilisini bahalı maşınlara mindirməyə üstünlük  verir, orada sevgililər bir motosiklin belində elə gedirlər ki, sanki, dünyanın ən xoşbəxtləridirlər. Hətta qara çadraya bürünmüş müsəlman tailandlının motosikl sürməsi çox maraqlı mənzərədir.

Bəli, orada da müsəlmanlar var. Düzdür, ölkə əhalisinin əksəriyyəti buddizmə sitayiş edir. Lakin müsəlmanlar öz varlıqlarını daha qabarıq büruzə verməyə çalışırlar. Müsəlmanları buddistlərdən seçdirən cəhətlərdən biri dindaşlarımızın rənglərinin nisbətən qara olmasıdır.

Bu gün İslam Taylandda yüksəliş dövrünü yaşayır desək, yanılmarıq. Məsələn, yollarda qarşıda neçə metrdən sonra “meçit” (məscid) olması haqda göstəricilər var. Amma budda məbədi ilə bağlı belə yol göstəricilərinə rast gəlmək olmur.

Deyilənə görə, ölkədə məscidlərin sayı da ilbəil artır. Bütün bunlarla yanaşı, müsəlmanların iş yerlərində, ümumən cəmiyyətdə ikinci sırada dayanması hiss olunur. Yəni, bir oteldə onlar müdiriyyətdə yox, xidmətçi işlərdə çalışırlar.

Ümumən isə Tayland cəmiyyətində milli kökə bağlılıq hiss olunur. İstər buddistlərdə olsun, istər müsəlmanlarda... Bu, özünü insanların bir-biri ilə ünsiyyətində, geyimlərində, mətbəxində göstərir.

Yeri gəlmişkən, Taylanda yola düşməzdən əvvəl və qayıdandan sonra daha çox qarşılaşdığım sual bu ölkənin mətbəxi haqda idi. Asiya xalqlarının mətbəxlərinə xas olan ünsürlər Tailand mətbəxində də üstünlük təşkil edir. Bitki yağları, meyvə-tərəvəz, bir də dəniz məhsulları.

Torpağı qırmızımtıl rəngdə olan bu diyarda bizim üçün tanış olmayan çox çeşidli meyvə-tərəvəzlər var. Amma bizdə olan meyvə-tərəvəzin eynisinin dadı da bir qədər fərqlidir. 3-4 gündə gördüyüm qədər deyə bilərəm ki, onların təbirilə desək “qırmızı ət”dən istifadə etmirlər. Nə quzu kababı, nə dana basdırması var. Heç çörək də gözə dəymirdi. Amma çörəyi düyü əvəz edir orada. Bizim sevdiyimiz “qırmızı ət”i isə dəniz məhsulları ... Maraqlananlara zarafatla deyirəm ki, dənizə tor atırlar, nə ilişsə bişirib yeyirlər. Həqiqətən də, bizim qida məhsulları ilə, mətbəximizlə, ağız dadımızla tamamilə əks olan yeməklərdən istifadə olunur.

Deyəcəksiniz ki, Tailand mətbəxini dada bilməyən kənardan gəlmələr nə edirlər? Acmı qalırlar? Bu halda yeganə köməyə gələn dəniz məhsulu var-balıq. Baxmayaraq ki, bizim balıqların dadını vermir. Amma ac qalmamaq üçün keçinmək olar.

Lakin maraqlı bir tendensiyanın da şahidi oldum. Yuxarıda qeyd etdim ki, təqdimat mərasiminə bir sıra ölkələrdən nümayəndələr gəlmişdi. Onların böyük əksəriyyəti Tailand mətbəxini çox rahatlıqla həzm edə bilirdilər. Hətta özləri xüsusi maraq göstərirdilər. Bu, bəlkə də bir macəraçılıqdır. Yəni, getdiyin ekzotik ölkənin mətbəxini dadmaq. Hətta o, ürəyini bulandırsa belə... Ancaq görünən həm də odur ki, bizim üçün nə qədər xoşagəlməz olsa belə, dünya Cənubi Asiya mətbəxinin məhsullarını artıq öz menyüsünə daxil edib.

Bu məmləkətdə diqqətimi çəkən nəsnələrdən biri insanların yaşadıqları evlər idi. Tədbirin keçirildiyi Puket şəhəri turizm zonası sayılır. Gəlimli-gedimlidir. Amma burada binaların mərtəbələri ikidən artıq deyil. Sadə adamların yaşadıqları kiçik evlərin ətrafı isə hasarlanmayıb. Heç qamışdan çəpər də yoxdur. Qapı-pəncərəsi açıq saxlanılır. Çünki  “oğurluq ola bilər” qorxusu yaşamır insanlar. Axı, evlərini qiymətli əşyalarla doldurmayıblar... Oğurlanacaq bir şeyləri yoxdur.

Taylandın öz əlifbası var. Özü də əlifbaları və milli pulları üzərində mühafizəkardırlar. Məsələn, aeroportlarında satılan malların qiymətləri yalnız milli pul vahidi ilə göstərilir. Halbuki, İstanbul aeroportunda “evro” dominantlıq edir.

Bu yerlərdə ingilis dili hakim mövqeyə sahibdir. Ölkədə ikinci dil statusundadır. İngilisdilli televiziya kanalları, qəzetlər var.  Bəzən, dünyanı yəhudilərin idarə etməsi haqqında fikirlər söylənilir. Amma əgər ingilislərin yaşadığı coğrafi məkandan minlərcə kilometrlərlə uzaqlarda müxtəlif millətlərdən olan insanları bir araya gətirən, onlar arasında ünsiyyət yaradan ingilis dilidirsə,  dünyanın istənilən nöqtəsində dollar çıxarıb istədiyini ala bilirsənsə, demək bu gün dünyaya diqtə edən qüvvənin adı ingilisdir. Bu, acı həqiqət olsa belə...

Və sonda, Taylandda insanların üzündə bir sevgi, bir səmimiyyət, gələcəyə inam gördüm. Kasıbı da, varlısı da, bizdəki kimi “Allahım, günüm necə olacaq” sualı qarşısında dayanmış kimi görünmürdü. Təsəvvür edin, orada olduğum günlərdə paytaxt Banqkokda kütləvi iğtişaşlar baş vermişdi. Amma bu hadisələr siyasətdən kənar olan insanların həyatına müdaxilə edə bilməmişdi.  Hər kəs öz işi ilə məşğul idi. Gülməli də olsa, Banqkokda iğtişaşların olmasını qayıdarkən burada eşitdim...

 

 

Puket şəhəri “Xoş gəldin” deyir.

 

“Nissan Mikra”nın təqdımatı.

 

Bu da yeni -  “Nissan Mikra”.

 

Siftə elədik... Çox rahatdır.

 

Təəccüblənməyin, marşrut avtobusudur.

 

Taylandlıların sevimli nəqliyyatı.

 

Uzaq diyarda uçrəngli bayrağı görmək necə də xoşdur.

 

Bu ölkədə məscidlərin sayı artır deyirlər.

 

Fil buddist taylandlılar üçün müqəddəs sayılır.

 

Burda az qala “hər şey” yeyirlər. Bizim yediklərimizdən başqa.

 

Kokteyli elə hazırlamalısan ki, yerə bir damcı da düşməsin.

 

Okean sahili taylandlılar üçün böyük qazancdır.

 

Axşamları daha gözəl olur bu ekzotik ölkə.

Aqil Camal

Bakı-İstanbul-Banqkok-Bakı

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu