Modern.az

55 yaşı tamam olan Ramiz Qusarçaylı: “Dünyaya nifrət edirəm” - MÜSAHİBƏ

55 yaşı tamam olan Ramiz Qusarçaylı: “Dünyaya nifrət edirəm” - MÜSAHİBƏ

Ədəbi̇yyat

25 Dekabr 2013, 18:21

Bu gün tanınmış şair, Yazıçılar Birliyinin Quba filialının rəhbəri Ramiz Qusarçaylının 55 yaşı tamam olub. Modern.az saytı yubilyardan aldığı müsahibəni təqdim edir.

İki 5-i yanaşı düzdünüz. Bu illərə qədər yaşadığınız həyata “5” yazmaq ya yazmamağınızı bilmək çox maraqlı olardı. Ümumiyyətlə, yubiley keçirəcəksiniz?

– Ad günü də təqvimin bir günündür. Mən yubiley, təntənəli ad günləri keçirmirəm. Sadəcə məcbursan ki, o günə tabe olub yaxşı mənada yola verəsən. Amma qohum var, dost var, tanışlar bilirlər ki, bu gün-25 dekabr mənim 55 yaşım tamam olur.

- Amma deyəsən oxucular 55-ə bir yekə “5” yazıblar...

– Şeirlərimi oxuyanlar, yazıçı dostlarım, oxucularım, Facebook dostlarım hamısı məni səhərdən təbrik edir. Bir şair kimi bu qədər insan tərəfindən qəbul olunduğumu, sevildiyimi gördüm. Fərəh hissi ilə təşəkkür etməyi özümə fəxarət bilirəm. Dağıstandan, Türkiyənin bir neçə şəhərindən, Rusiyadan, Təbrizdən təbrik mesajları, təbrik zəngləri gəlir. Yalan olmasın, bir dəqiqədə iki-üç zəng gəlir. Eləsi var ki, heç düşə bilmir.

Bu iki 5-i döyüşə-döyüşə yanakı düzdünüz. Yubiley günündə də mübarizənin yanındasınız?

– Haradasa şablon, standart cavab kimi çıxa bilər. Amma mənim içimi, daxili dünyamı bilənlər bilir. Mənim poeziyamda Bütöv Azərbaycan savaşı gedir. Hətta “Ədalət” qəzetindəki ən son şeirlərimdə yazdım: Dava nə can davasıdır, nə də yorğan davası. Azərbaycan davasıdır. Mənim işim Azərbaycan davasıdır. Başqa dava mənlik deyil.

55 yaşın pəncərəsindən dünya necə görünür?

– Bu gün 55 yaşımdan baxıram dünyaya. Baxıram görürəm ki, çox şey dəyişib. Bir gündə çox fərqli hadisələr baş verir. Dünyanın çalxalandığı bir dövrdür. Suriyada kütləvi qırğın gedir. Bunun özü də vəhşi dünyanın gözü qarşısında gedir. Dünyanı idarə edən şeytanların gözü qarşısında gedir. Amerika adlı şeytanın, Rusiya adlı ayının gözü qarşısında gedir. O günlərdə bir uyğurun başının dərisini soyublar. Yəni bunu görmürlər?! 55 yaşdan baxanda dünyaya nifrət edirəm. Məni səmimi qəbul edin. Ömər Xəyyamın bir sözü var, deyir, ədalət kainatın ruhudur. Bu ədalət ölüb. Kainatın ruhu yoxdur. Mənim də haradasa bədbəxt tərəflərimdən biridir ki, belə  bir gündə də gözümün qabağına ölən insanlar, Əfqanıstanda qırılan insanlar gəlir.

- Deməli, bu xeyirlə şərin mübarizəsində ikincinin qələbəsi sizi ad gününüzdə də sevinməyə qoymur?

– Təbii, təbii... Bu şablon sözlər deyil. Mənim ruhumun səsidir. Kim necə istəyirsə, o cür də qəbul edə bilər. Amma mən bu səslə Allahla danışıram.

– 55 illik həyat hesabatınızı bir kitab şəklində çap edəcəksinizmi ?

– Əlbəttə, nəşriyyatda 55 illiyimlə bağlı bir cild kitabım durur. Seçilmiş əsərlər buraxmaq fikrində deyiləm. Ömrümün axırına kimi fərqli adlarla şeir kitabları çıxaracağam. Şairlər var ki, yeddi-səkkiz cildlik seçilmiş əsərlər buraxıb. Bu da doğru deyil. Hərənin bir planı var. Mənim də planım 55 illik həyatımın hesabatını verən bir kitab çıxarmaqdır.

- Bəs özünüzdən savayı kimsə barənizdə kitab yazıb?

– Bir-iki il bundan qabaq Zakir Məmmədin mənim haqqımda bir kitabı çıxdı. Bu il də Gülağa Aydın mənim yaradıcılığımla bağlı kitab yazıb.

- Özünüz nə yazırsınız ?

– 55 illiyimə aid yazdığım kitabdan başqa almaya aid bir  kitab yazıram. Orda almanın indiyədək yazılmayan rəngləri, sirləri barədə danışılır. Həm də Azərbaycanın bölüm-bölüm parçalanmış formasını parçalara ayrılmış almanın timsalında təsvir etmişəm.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır