Modern.az

Sevdiyim yazıçı haqqında bir neçə kəlmə

Sevdiyim yazıçı haqqında bir neçə kəlmə

Ədəbi̇yyat

27 Dekabr 2013, 17:39

 Ən sevdiyim azərbaycanlı yazıçı Seyran Səxavətdi desəm, yalan olmaz.

Yadımdadı, yay tətillərinin birində kəndimizin kitabxanasından bir kitab götürmüşdüm: “Hamı elə bilirdi”. Və o da yadımdadı ki, həmin kitabı əlimdən yerə qoya bilmirdim. Səhv etmirəmsə, bir günə oxuyub bitirmişdim və kitabın içindəkilər, məsələn, yadıma gələnləri deyim, “Alça çiçəyi”, “Çayçı Rəşid” hekayələri, “Ağrı” povesti, digər hekayələr-hamısı mənə ləzzət etmişdi. Ən çox da “Ağrı” povesti. Məni necə təsirləndirmişdisə bir neçə gün keçəndən sonra o povesti ikinci dəfə oxumuşdum. Və bir-iki il əvvəl həmin povesti yenidən oxudum- üçüncü dəfə.

Təxminən 13-14 yaşım olardı. Bəlkə də az. Bacardığım qədər çox kitab oxuyurdum. Onda Aqil Abbasın “Ən xoşbəxt adam” kitabındakı “Günah” povesti, Seyran Səxavətin “Ağrı” povesti bəlkə də ən sevdiyim əsərlər idi.

Üç il əvvəl “Azərbaycan” jurnalında “Qaçhaqaç” romanı hissə-hissə dərc olunurdu. Romanın jurnal variantını oxuduqdan sonra Seyran Səxavətin digər kitablarını axtarmağa başladım. “Yüz ilin kişisi”, “Dar köynək”, “Daş evlər” kitablarını oxumaq nəsibim oldu...

Romanlarını nə qədər axtarsam da tapa bilmədim. Əslində tapdım, amma elektron variantını. Mən isə kitab variantını istəyirdim.


Və seyransexavet.az saytından götürdüyüm telefon nömrəsinə sms yazdım. Yazdığım mesajda Seyran müəllimdən “kitablarınızı hardan tapa bilərəm?” deyə soruşmuşdum.

Bir neçə dəqiqədən sonra həmin nömrədən zəng gələndə sevincimdən neyləyəcəyimi bilmirdim. Açdım. Xırıltılı bir səs gəldi. “Yazıçı Seyran Səxavətdi” deyə özünü təqdim etdi. Və... göndərdiyim suala cavab verdi. (Nə cavab verdiyini yazmıram)

Elə xoşbəxt idim ki... Ən sevdiyim yazıçı ilə danışmışdım indicə...

                                               *   *   *

Seyran Səxavətin həm hekayələri, həm povestləri, həm də oxuduğum “Daş evlər” romanı şirinliyi və axıcılığı ilə oxucunu əsərdən ayrılmağa qoymur. Son illərdə yazdığı “İt intervüsü”, “Cəhənnəm” və başqa hekayələri hərəsi ayrılıqda öz üzərində bir roman yükü daşıyır.

Təkcə romanları, hekayələri yox, verdiyi müsahibələr belə maraqlı olur.

Müsahibə dedim yadıma düşdü. Seyran Səxavətin “Ulduz” jurnalında işlədiyi vaxt Qədir Rüstəmovdan aldığı müsahibə yəqin çoxunuzun yadındadı...

Və qaldı şeirləri. Yaradıcılığına şeirlə başlayan Seyran Səxavətin gəncliyində iki şeir kitabı çap olunub. Oxumaq istəyənlər seyransexavet.az saytına daxil olub 50-yə yaxın yaşı olan şeirləri oxuya bilərlər...

Sonda onu da qeyd edim ki, bu yazını martda yazmaq istəmişdim- sevdiyim yazıçının ad günü ərəfəsində. Amma yaza bilməmişdim. Eybi yox, nə fərqi var, martda, ya dekabrda. Əsas odu, nəhayət ki, yazdım.

 P.S. Seyran Səxavətin “Nekroloq”, “Yəhudi əlifbası” romanlarını hələ ki, tapa bilməmişəm. Kimdə varsa və mənə göndərmək istəyirsə e-mail adresimə yaza bilər...

 Vəssalam... 

  furqan.s@box.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür