Modern.az

İlyas Əfəndiyev, Qabil və Hacıbala Abutalıbov köhnə kişilərdəndir

İlyas Əfəndiyev, Qabil və Hacıbala Abutalıbov köhnə kişilərdəndir

Ədəbi̇yyat

27 Dekabr 2013, 22:26

Mahir Qabiloğlu


Elə bilməyin ki, bu yazının oxunaqlı olması üçün adını belə qoymuşam. Əsla.  Kiçik xatirələr toplumunda nə Hacıbala Abutalıbov Bakı şəhər İcra Hakimiyyətinin başçısıdır, nə də Elçin Əfəndiyev Baş nazirin müavini... İkisi də atam Qabilin dostlarıdırlar. Biri vəfalı, biri vəfasız... Əlbəttə ki, ölümündən sonra.


Giriş bu qədər kifayətdir. Yazımın sonuna isə illər qalır. Bu illərdə bilmədiyiniz çox şeylər var. İlyas Əfəndiyev şəxsiyyətinin dərinliklərinə vara bilməsəm də (çünki cild-cild kitablar yazılmalıdır, yazılır da), atamın xatirələri və öz yaddaşım fonunda bəzilərini qələmə almağı özümə borc bildim. Əlbəttə ki, sonu müqayisəli başa çatsa belə...  Nəticəni pis qəbul etməyin, çünki bütün şəxsiyyətlərin, yaradıcı insanların öz ziddiyyətləri vardır.


QONŞUMUZ ƏFƏNDİYEVLƏR


İlyas Əfəndiyev.
Bu ad ədəbiyyat tariximizə həkk olunub. Dramaturgiyamıızın Qızıl Fondu onun əsərləriylə daha da zənginləşib desəm, yanılmaram.


Atam şair Qabil onu özünə dost sayırdı. Oğlanlarını da çox istəyirdi. Elçini və Timuçini. Timuçini Elçindən fərqli olaraq mən də çox istəyirəm. Bəlkə də uzun müddət qonşu,  uşaqları Nigar və Yalçınla (Allah rəhmət eləsin) yaşıd və dost olduğuma görə. Yaxud da xeyirxah və gözəl insan, ailə başçısı və xanımı ilə ölən gününədək İlyas müəllimin  qulluğunda durduğu üçün...


İlyas əmi kiçik oğluyla bir qalırdı. Nəvələri də ona baba yox, dədə deyirdilər.  Elçin də tez-tez atasına baş çəkməyə gəlirdi. Sonralar bizim həyətdə ona da ev verdilər. İlyas müəllim “Domsovet”in arxasındakı yeni binaya köçəndə bu ev, ata ocağı Elçinə qaldı. Elçinin ailəsini – xanımı  aristokrat-ziyalı, böyük hörmət bəslədiyim Nüşabə xanımı, qızlarını, şair Teymur Elçini də bundan sonra daha yaxşı tanımağa başladım. Atam da mənə həmişə mənə bir örnək kimi  ancaq Anar və Elçini nümunə gətirirdi. Yaradıcı bir  insan yox, ata-analarına layiqli bir övlad kimi...


İndi isə növbəylə.  Atamın “Sən, ey qadir məhəbbət” xatirə yazısını və öz yaddaşımı varaqlaya-varaqlaya...


İLYAS ƏFƏNDİYEVƏ KOSTYUM ÇOX YARAŞIRDI


Atamın dediklərindən: “Ədəbi aləmə göz açandan, Yazıçılar İttifaqına gedib-gəldiyim ilk vaxtlardan İlyas Əfəndiyevi tanımışam. 1943-44-cü illərdə o vaxtın yetirməsi olan utancaq bir uşağın heç bir yazıçıyla, o cümlədən İlyas Əfəndiyevlə yaxınlığı, salam-kəlamı ola bilməzdi. Arabir “Ədəbiyyat qəzeti” redaksiyasına gəlirdim,  guya şeir gətirirdim və geri qaytarılırdım. Bir şey diqqətimi cəlb edirdi. İttifaqda gördüyüm yazıçıların hamısı eyni paltarda idi. Sən demə Ədəbiyyat Fondu Amerikadan gələn yardım (bu gün humanitar...) xəttiylə İttifaqın üzdə olan üzvlərinə eyni biçimdə, eyni tünd mavi rəngdə, nazik ağ zolaqlı kostyum paylamışdı. Yazıçılar içində İlyas Əfəndiyev və Ənvər Məmmədxanlı yaraşıqlıydılar. Kostyum da  xüsusən onlara qiyamət yaraşırdı”.


İLYAS ƏFƏNDİYEVLƏ QABİLİN  İLK TANIŞLIĞI


Atamın dediklərindən: “1944-cü ilin aprelində “Ədəbiyyat” qəzetində Nikbin təxəllüsüylə “Gəl, baharım” adlı ilk şeirim çıxdı. Müharibə illəriydi. Dərsdən sonra Tağı adlı biriylə sabun satmaqla məşğul olurduq. Çiynimdə sabun dolu çanta Krupskaya küçəsiylə “Kubinka”ya doğru gedirdim. Ketcxoveli küçəsinin tininə çatanda qulağıma evlərin yuxarı mərtəbəsindən səs gəldi:


-  Nikbin, hara gedirsən, çiynindəki nədir heylə?


Yuxarı boylandım. Eyvanın məhəccərinə söykənmiş İlyas Əfəndiyevi gördüm. İttifaqa gəlib-gedəndə nə əcəb sifətim, hətta ilk imzam, təxəllüsüm  onun yaddaşında qalmışdı?!


-  Şeirini oxudum, təbrik edirəm, yaxşıdır, özü də əruzdur. Bu vəzn hər yazanın xörəyi deyil.


İlyas müəllimin səsi mülayim və ərkyana idi. Elə bil məni lap çoxdan tanıyırdı. İlk mətbu şeirim  haqqında ilk yazıçı sözü eşitdim. Elə bil həmin gün 18 yaşlı Qabilə 30 yaşlı İlyas müəllim şairlik vəsiqəsi verdi”.



MİRZƏ İBRAHİMOVUN ETİRAZI


Atamın dediklərindən: “İlyas müəllimin köhnə İnturistdə 60 illik yubileyi şərəfinə verilən ziyafətdə əlimdə ləbaləb piyalə saatıma baxıb sağlıq dedim:


-  Bu dəqiqə Azərbaycanda İlyas Əfəndiyevdən böyük dramaturq yoxdur!


Mirzə İbrahimov (çox qiymətli ədəbi sima, ictimai-siyasi xadim) açıq etiraz etdi:


-   İstedadları saata baxıb təyin etmək olmaz!


Sağlığımı, yəni fikrimi təxminən 30-35 dəqiqə keçəndən sonra bir də təkrar etdim. Bərk əsəbləşmiş Mirzə müəllimi Kamran Hüseynov məzəmmətlədi:


-  Ay Mirzə, cavan adamdır, keyfi yuxarıdır, deyir də... bu saat İlyasa möhürlü vəsiqə vermədi ki, bu Qabil...

Düzdür, məclis yeyib-içmək məclisiydi, ancaq dediyim sözlər mənim ayıq, aydın qənaətim idi. Möhürlü vəsiqəni də İlyas müəllimə Qabil yox, Allah vermişdi...”.


“QABİL, MƏSUD, HARANI ÇAPIB-TALAYIB QARƏT EDİBSİZ?”


Atamın dediklərindən: “1959-cu ilin bir yay gecəsi Rəsul Rza, Məsud Əlioğlu və mən Lənkərandan gəlirdik. Astarada əsgərlik çəkən Anara  baş çəkməyə gedəndə Rəsul müəllim bizi də özünə yol yoldaşı eləmişdi.  Bakıya qayıdanda yolumuza Lənkəran sovqatlarından, nemətlərindən pay qoymuşdular. Kitab passajına – evlərinə çatanda Rəsul müəllim dedi:


-   Uşaqlar kürü mənim, balıq sizin. Nigar balıq yemir.

Bəli, həyətimizə girəndə maşının yük yerindən həsirə bükülmüş balıq payımızı götürdük. Mən baltadan, bıçaqdan axtarırdım ki, iri, ağır nərə balığını iki bölüb yarısını verim Məsuda. Həsiri açanda gördük ki, balıq bir yox, ikidir və qulaq-qulağa pərçim olublar.


- Məsud, dart.


Başladıq balıqları dartışdırmağa.


- Dart.


- Dartıram.


Sən demə İlyas müəllim oyaqmış, işləyirmiş. Hay-küyümüzə balkona çıxır.


- Əhhə...əhhə. Ə, o nədi heylə, gecənin bu vaxtında dartışdırırsız, haranı çapıb-talayıb qarət edibsiz?

Məsələni ona dedik. Üçümüz də bərkdən güldük. Gecə gülüşü Hüsü Hacıyev 19-u başına götürdü. Ümumiyyətlə, bizim həyət kənd kimi bir şeydi, əgər bozbaş yemisənsə, hamı biləcəkdi ki, içində neçə dənə noxud vardı”.


“İLYAS ÇOX NÜMUNƏVİ ATADIR!.. ”


Atamın dediklərindən: “Son dərəcə xeyirxah adam olan, İlyas müəllimi qoruyan, onun qədrini bilən, istedadını yüksək qiymətləndirən qocaman ədibimiz Əli Vəliyev özünəməxsus səs və ifadə tərziylə deyərdi:


-  İlyas çox nümunəvi atadır!.. 


“ELÇİN VƏ SİQARET...”


Yuxarıda qeyd etdiyim ki, atam Anarla Elçini mənə həmişə “oğulluq nümunəsi” çəkirdi: “Mahir, bilirsən də. İlyas müəllim Elçinə deyib ki, səndən bircə xahişim var. Yerinə yetirərsən? O da deyib ki, “baş üstə”. Deyib ki, “siqaret çəkmə”. O da neçə ilin siqaret çəkəni, başı ağarmış kişi atasının sözündən çıxmayıb. Siqareti tərkidib”.


Atamın ömrünün son illərində hansı bir  məclisə gedəndə, ortaya balıq ləvəngisi gətirəndə ayrıca tıxların təmizləyər və qabağına qoyardım. O saat kövrələrdi ki, bəs Elçin də belə edirdi. Toyuğu xırda-xırda edib atasının qabağına qoyurdu. Yeməyinə nəzarət edirdi.


“FƏDAİ” ŞERİ VƏ YA QABİL NİYƏ “XALQ ŞAİRİ” OLMADI?


İlyas Əfəndiyevin hər dram əsəri, premyerası ədəbi mühit öz yerində, həyətimiz üçün də bayram idi. Hər bir qonşuya, ailə üzvüləriylə birlikdə bilet göndərərdi. Mən də bu sənət bayramlarının kiçik tamaşaçısıydım.


Xüsusilə də “Büllur”sarayda  əsərinin. Bu əsərə azı on dəfə baxmışdım. Hər dəfə də ilk dəfə baxırmışam kimi. Atamı da yaman tutmuşdu bu əsər. Premyeradan sonra, 1986-cı ildə İlyas müəllimə “Fədai” adlı 21 bəndlik şer də ithaf eləmişdi.


Səhnə ulduzları parlayır bir-bir,
Ad alır, san alır, şöhrətə çatır.
Təzə aktyorlar nəsli yetişir,
“İlyas teatrı” məktəb yaradır.


Tarix yetişdirib Şekspirləri,
Görməmiş deyildir bəşər övladı.
Ancaq,  misilsizdir məndən ötəri
Xalqımın fədai oğlunun adı.

Atam həm də söz vermişdi ki, bundan sonra İlyas müəllimin hər dəfə yeni əsəri dünyaya gələndə bu şeirə yeni bənd əlavə edəcək.


O dövrlər İsmayıl Şıxlı Yazıçılar Birliyinin sədri idi.  Eyni gündə Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Samvel Qriqoryan, Hüseyn Arif  “Xalq şairi” fəxri adına, Bayram Bayramov, İsmayıl Şıxlı isə “Xalq yazıçısı” adına layiq görülmüşdülər. Əlbəttə ki, təqdimatı Ali Sovetə  Yazıçılar İttifaqının rəhbəri kimi İsmayıl Şıxlı yazmışdı. Atam da söhbət əsnasında  “ay İsmayıl müəllim, mən də bu ədəbi nəslin son nümayəndəsiyəm. Nə əcəb mənim üçün də təqdimat vermirsən?” soruşanda cavab vermişdi:


-  Qabil, şeiri İlyasa yazırsan, təqdimatı isə...


 SON


Üstündən illər keçdi... İlyas müəllim, atam və bu yazımdakı digər korifeylər, qonşular - Əli Vəliyev, Mirzə İbrahimov, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri rəhmətə getdilər. Hamısı Fəxri Xiyabanda uyuyur. Burada gəzəndə özümü Hüsü Hacıyev 19-da  hissi edirəm. Atamla İlyas Əfəndiyevin qəbirləri üzbəüzdür. Yenə də qonşudurlar. O vaxt olduğu kimi, indi də Elçini atasına baş çəkməyə gələndə görürəm.  İlk illərdə atamın qəbirüstü abidəsini ucaltmaqda çətinlik çəkirdim. Yox. Elə bilməyin ki, hökumət pul buraxmırdı. Sadəcə bu pul normal bir heykəltaraşlıq nümunəsini ortaya çıxarmağa bəs etmirdi.


Növbəti dəfə qəbir üstünə gələndə köhnə qonşum Elçinlə rastlaşdım. O da atasını ziyarətə gəlmişdi. Qonşu və yazıçı oğlu kimi salamlaşdıq. Birdən yadıma düşdü ki, Elçin həm də Baş nazirin müavinidir axı... özü də humanitar sahə üzrə. Qərara aldım ki, qəbirüstü abidənin götürülməsində ondan kömək istəyim.  Bir də ki, söz təkcə xalq şairi Qabildən yox, həm də atası İlyas Əfəndiyevin, özünün, qardaşı Timuçinin, ümumiyyətlə Əfəndiyevlər ailəsinin dostundan gedir axı...  Ağzımı açar-açmaz əliylə məni yüngülvari itələdi, səmtimi sanki Bakı şəhər İcra Hakimiyyətinə yönəldən kimi...


-  Get, get Mahir. Get Hacıbalanın yanına. Onun ehtiyat fondu var. Get, get o eləsin, – dedi.


Öz aləmində başından elədi. Bir sözlə yazıçı oğlu, yazıçı, qonşu Elçin  bütün mənəvi kriteriyaların üstündən məmur, baş nazirin müavini Elçin Əfəndiyev kimi xətt çəkdi.


Hörmətli  Elçin müəllim, Siz deyən kimi də elədim. Demə ADAM tanıyanmışsınız. İcra başçısı yox, Qabilin dostu Hacıbala müəllimə pənah apardım. O mərhum dostuna vəfalı çıxdı. Qəbrinə də yiyə durdu. El dilində desək, Hacıbala müəllim də köhnə kişilərdəndir. İlyas Əfəndiyev və Qabil kimi.


Mən isə o gündən Baş nazirin müavini yox, yazıçı, atamın dostu Elçindən incik gəzirəm. Bəlkə də bu inciklik və küsü ona insan kimi verdiyim ən böyük qiymətdir. Əlbəttə ki, atamın bir rübaisinə inansaq.


İnci incə adamdan,
Ürəyincə adamdan,
Məhəbbətdir küsü də,
Küsmə becə adamdan.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir