Modern.az

“Mən sözün səsini eşidirəm, rəngini seçirəm, qoxusunu hiss edirəm” - MÜSAHİBƏ

“Mən sözün səsini eşidirəm, rəngini seçirəm, qoxusunu hiss edirəm” - MÜSAHİBƏ

30 Dekabr 2013, 12:40

Təranə Vahid: “Yazıçılıq şirin əzabdır”

Modern.az ədəbiyyat nümayəndələri ilə silsilə müsahibələrini davam etdirir. Budəfəki müsahibimiz yazıçı-jurnalist Təranə Vahiddir. O həm, ədəbi yaradıcılıqdan, həm də son günlərdə çap olunan “Cənnətdən yuxarı” adlı kitabından danışdı:

– 1971-ci ildə Laçın rayonunun Mişni kəndində ziyalı ailəsində anadan olmuşam. Yaradıcılığa nə vaxt başladığım yadımda deyil, amma günlərin birində şeir yazdım və deyəsən hər şey o gündən başladı... 1996-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. “Azərbaycan gəncləri”, “Panorama”, “Gün səhər”, “Mədəniyyət” qəzetlərində müxbir işləmişəm. 2005-2009-cu illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor və böyük redaktor vəzifələrində çalışdım. 50-dən artıq ədəbi-bədii verilişin, o cümlədən, İTV-nin “Carçıfilm” Yaradıcılıq Birliyində lentə alınan “Qismət”, “Müdriklik çadırı - Ömər Xəyyam”, “Çörək haqqı”, “Şirvanşahlar” bədii və sənədli televiziya filmlərinin ssenari müəllifiyəm. Hazırda Azərbaycan Televiziyasının “Xalq yaradıcılığı” redaksiyasında redaktor vəzifəsində çalışıram. 1990-cı ildən ədəbi dərgilərdə hekayələrim, esselərim çap olunur. “Cənnətdən yuxarı” adlı ilk hekayələr, esselər və miniatür duyğular kitabı bildiyiniz kimi bu günlərdə işıq üzü görüb.

- Daha çox harda Təranə Vahid var: esselərdə, hekayələrdə, yoxsa miniatür duyğularda?

- Məncə hər bir yazının arxasında bir az da mən varam.

- “Cənnətdən yuxarı” adlı kitabınız işıq üzü gördü və bir həftədə iki böyük təqdimatı keçirildi. Zəhmət olmasa təəssüratlarınızı oxucularımızla bölüşün.

- “Cənnətdən yuxarı” kitabının ayağı uğurlu oldu. İlk təqdimat dekabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirildi. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, təqdimata gələn insanlar kitab barədə çox səmimi və yüksək fikirlər söylədilər. İkinci təqdimat dekabrın 27-də “Aydınlığa doğru” Milli-Mənəvi Dəyərlərin Qorunması İctimai Birliyində “Ziyalı ünsiyyəti” layihəsi çərçivəsində keçirildi. Yüksək səviyyəli və fərqli bir təqdimat oldu. “Cənnətdən yuxarı...” ilk mükafatını da elə o gün aldı. “Aydınlığa doğru” İctimai Birliyi kitabı “İlin ən yaxşı debütü” nominasiyası üzrə mükafatlandırdı. Ədəbiyyat sahəsində aldığım ilk mükafat mənim üçün hər zaman qiymətli olacaq və fürsətdən istifadə edib/ “Aydınlığa doğru” İctimai Birliyinin sədri Solmaz Əmirliyə və birlik ətrafında toplaşan hörmətli ziyalılara öz təşəkkürümü bildirirəm.

- Ümumiyyətlə cənnətdən yuxarıda nə var, nə yox?

- “Cənnətdən yuxarıda” insan idrakının dərk edə bilməyəcəyi, daha doğrusu dərk edə bilməyə heç zaman qüdrəti çatmayacağı Tanrı var. Yaradıcı Odur. O, anaları yerdə yaradıcı seçdi və xoş bir anda cənnəti anaların ayağı altına atdı. Bilmirəm fikir vermisiniz, ya yox, dinindən, dilindən, irqindən asılı olmayaraq, Yer üzündə Allaha daha çox analar dua edir. Mən bu kitabı sözü yerdə yox, göydə axtaranlar və cənnətdən yuxarıda yaşayanlar üçün yazdım.

- Cənnətdən yuxarıdakılar “Cənnətdən yuxarı” da özünü göstərə bilibmi?

- Biz nə yazsaq, nə bəstələsək, nə çəksək də uzaqbaşı orijinalın çox solğun kölgəsi olacaq. Ancaq etiraf edim ki, elə esselər, elə duyğular, elə hekayələr var ki, onları yazanda başqa bir dünyada olduğumu hiss etmişəm.

- Nəyə görə indiki ədəbi gəncliyimizin məhsulu söz yox, vulkan lavasına bənzəyir?

- Bilirsiniz, gənclərin üstünə getmək olmaz. Gənc olanda insana elə gəlir ki, Yer kürəsini bir barmağında fırlada bilər. Elə ki, bir az yaşa dolursan, həyatı dərk edirsən, iddialarını yerə qoyursan. İstərdim ki, gənclərimiz Vezuvi, Etna kimi daimi püskürsünlər, bəlkə də günlərin birində lavanın içindən bir almaz dənəsi tapıldı.

- Ədəbi aləmdə kimlərə borclusunuz? Ümumiyyətlə bu sual doğru sualdırmı?

- Məncə bu sual doğru deyil. Ədəbi aləmdə yaxşı dostlarım var. O dostlar ki, sözü urvatdan düşməyə qoymurlar, sözün keşiyində dayanırlar, hərdən gözəl bir ədəbiyyat nümunəsi ilə ədəbi mühiti silkələyirlər. Amma ədəbi aləmdə mənə mənəvi dəstək olan insanlar var ki, onlara minnətdar olmaya bilmərəm. Kitabımın işıq üzü görməsində mənə mənəvi dəstək olan və “Cənnətdən yuxarı...” kitabına çox səmimi ön söz yazan tanınmış dramaturq Əli Əmirliyə xüsusi təşəkkürlərimi bildirirəm. Bildiyiniz kimi, kitab Azərbaycan Yazıçılar Birliyi və “525-ci qəzet”in birgə layihəsi ilə çap olunub. AYB-nın gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə və kitabın redaktoru, istedadlı şair və ədəbi mühitdə çoxdan tanıdığım dostum Qulu Ağsəsə öz təşəkkürümü bildirirəm.

- Bizdə söz qəhətdi, yoxsa söz emalatxanası?

- Bizdə hər ikisi var, nə yazıq ki, sözü olanın emalatxanası yoxdu, emalatxanası olanın sözü.

- Son sual: söz nədir? Yazıçı kimdir?

– Mən sözün səsini eşidirəm, rəngini seçirəm, qoxusunu hiss edirəm. Hərdən sözün rəqs etdiyini, hərdən də sözün uşaq kimi hönkürüb ağladığını görürəm. Söz mənim üçün əslində canlı bir varlıqdı, bir az da insana bənzəyir. Əslində isə sözün tərifini vermək üçün söz tapmaqda acizəm. O ki, qaldı sualınızın ikinci tərəfinə, əsil yazıçı həyatı birbaşa yox, qəlbindən, ağlından, ruhundan keçirib ədəbiyyata daşıyandır. Yazıçılıq Sizif əməyidir. Ağır daşı hər dəfə dağın başına çıxarırsan, nəfəs almamış daş yumbalanır və yol yenidən başlayır. Ancaq dağın başında aldığın bir anlıq zövqün xətrinə sən bütün əzablara dözməyə hazırsan. Bir sözlə, yazıçılıq şirin əzabdı.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir