Modern.az

İnsanam, insana yazığım gəlir

İnsanam, insana yazığım gəlir

30 Dekabr 2013, 22:51

Yaşasaydı bu gün 81 yaşı tamam olacaqdı. Yəqin ki, elə bu gün də sığınacaq tapdığı Gəncədən Murov dağlarına boylanıb bir daha ürəyində təkrarlayacaqdı:

Utanmasam uşaq kimi ağlaram,
Yamanca düşübdü yadıma dağlar.
İstəyirəm bir ah çəkəm ürəkdən,
Qorxuram alışa oduma dağlar.

Dünyaya gəlişindən sözün qüdrətinə güvənən, dərddən söz düzəldib və sonradan onu qəlb yaralarının məlhəmi kimi insanlara bəxş edən Bəhmən Vətənoğlu elin şairi, xalqın şairi idi. Hələ gənclik illərində yazdığı şerlər dillər əzbəri, məclislərin söz bəzəyi olsa da şan-çöhrət Bəhmən Vətənoğlunu Bakıya çəkib gətirə bilməmişdi. İlhamını, qələminin qüdrətini dağlardan alan şair bütün varlığı ilə öz doğma yurduna, Kəlbəcərə bağlı idi. Dağlar Bəhmən Vətənoğlunun arxası, dayağı, vüqarı, qüruruydu.

Qoynunda olanda çəkməmişəm qəm,
Ayrılanda gəlib gözlərimə nəm.
Bəxtimə yar olub, könlümə həmdəm,
Dar gündə yetişib dadıma dağlar.

Şerlərinin sətirlərindən ələm süzülən Bəhmən Vətənoğlu qəlbində bir dərd sarayı ucaltmışdı. Qapıları taybatay açıq olan bu sarayın divarlarına şair hər gün bir dərd yazırdı, Şüşa dərdi, Ağdam dərdi, Kəlbəcər dərdi...

Onun poeziyasında özünəməxsusluq, xəlqilik var idi. Qələmindən torpaq qoxusu gələn Bəhmən Vətənoğlunun şerlərinin cövhəri torpaq və torpaq üstündə gəzən insan idi. O, insanlara qarşı haqsızlıqla, mənasız torpaq iddiası ilə və bütün bunların müqabilində yaranan faciələrlə barışa bilmirdi. “Allahsız dünya” deyib içində haray çəkirdi:

Deyirlər bir zaman Allah varıymış
Onda bütün canlı bəxtiyarıymış
Elə ki, Allahı danıbdı bəşər
Ayaq açıb fitnə, tüğyan edib şər
İnsanlar allahlıq edəndən bəri,
Fəlakət gözləyir bütün bəşəri.

Bəhmən Vətənoğlu poeziya yaradıcılığında bir şəffaflıq, aşkarlıq qoyub getdi. «Haqqa qardaş yaranmışam, «Allahsız dünya» , «Vətən bizi bağışlamaz», «Qaldı ürəyimdə dağı dağların» , «Nə yaman aldatdın Bəhməni, dünya» şeir topluları bu gün də sevilə-sevilə oxunur. Bununla yanaşı onun yaradıcılığına qısqanclıqla yanaşanlar, onu “dərk etməyənlər” də oldu. Şair onları da cavabsız qoymadı:

Məni anlaya bilən,
Bir insan axtarıram.
Qəlbimi qana bilən,
Bir insan axtarıram!

Dediklərini dedi, deyə bilmədiklərini özüylə haqq dünyasına apardı. Amma bu gəlimli-gedimli dünyada bir həqiqəti də bəyan etdi:

Dünya kiminə kef, kiminə dəhşət,
Bunları qanana yazığım gəlir.
Duyub düşündükcə ömrün sonunu,
İnsanam, insana yazığım gəlir.

İlham Cəmiloğlu

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!