Modern.az

Allahdan qorxsaq hər şey düzələcək

Allahdan qorxsaq hər şey düzələcək

Ədəbi̇yyat

1 Yanvar 2014, 14:20

Nənəm inanclı adam idi. Namaz qılırdı, oruc tuturdu. Nəzir-niyaz paylamağı da öz yerində. Mən də uşaq idim. Böyük maraqla onun namaz qılmağına tamaşa edirdim. Xüsusilə də böyük vurğuyla “Allahu Əkbər!”, “Allahu Əkbər!” sözlərini. Sonradan başa düşdüm ki, bu ərəb dilindən tərcümədə “Allah ən böyükdür” deməkmiş. Bunu da təsadüfən bildim. Məni avam, savadsız bilməyin. Sadəcə sovet dövrüydü. Heç kim dini maariflənməyə can atmırdı. Baxmayaraq ki, bu, sadəcə sözlərin mənasını başa düşməkdən başqa bir şey deyildi.

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin 1-ci kursunda oxuyurdum. Professor Vaqif Vəliyev şifahi xalq ədəbiyyatından imtahan götürürdü. Atamı da, ailəmizi də gənclik illərindən çox gözəl tanıyırdı. İmtahan biletimi bilirdim. Birinci suala cavab verəndə qapı açıldı. İçəri bir kişi girdi. Gəlib oturdu Vaqif müəllimin, assisentin yanında. Demə bu adam kafedra müdiriymiş. Və hər hansı imtahanda iştirak etmək, sual vermək, tələbələrin diliylə desək “çaşdırmaq” hüququna o da malikmiş. Mən bunu bilmirdim. Amma Vaqif müəllim bilirdi. Ona görə də mən bileti danışa-danışa yavaşca “bu Qabil İmamverdiyevin oğludur”. Yəni ki, uşağı çaşdırma, bizim adamdır. Kafedra müdiri də qabağında balaca kağız nəsə yazmağa başladı. Mən isə ikinci sualı danışırdım. Vaqif müəllim bir də kafedra müəlliminin qulağına nəsə pıcıldadı. Bu dəm kafedra müdiri kağızı qabağıma qoydu:

-  Bileti bilirsən. Bu aydındır. De görüm bu sözlərin mənasın necə, bilirsən?

Kağıza baxdım. Alt-alta “Əkbər, Ələkbər, Əlövsət, Əsgər, Ələsgər, Kubra, Suğra” sözləri yazılmışdı. Dedim ki, bilmirəm.

-  Onda deyirəm, yadında saxla. Əkbər, Ələkbər ərəbcədən “kəbir” sözündəndir. Belə deyək də - “böyük qardaş”. Əsgər, Ələsgər isə “səğir” sözündəndir. Yəni ki, “kiçik qardaş”. Əlövsət isə ortancıl qardaş. Kubra, Suğra da böyük və kiçik bacılardır. Bildin? Get, bileti yaxşı danışdın “5”. Kağızı da saxla. Yadından da çıxarma.

O kağız haradadır bilmirəm. Amma bu izahlar o vaxtdan yaddaşıma həkk olunub. Deməli nənəm, yaxud da Təzə Pir məscidin azan verən molla “ Allah ən böyükdür” deyirmiş.

“GƏDA, QLYAUZNI SUALLAR VERMƏ”

Böyük Azərbaycan yazıçısı, romançı Məmməd Səid Ordubadi həm də kommunist əqidəsi, ateistliyi ilə seçilirmiş. Nümayişkaranə şəkildə Allahı, dini sərt sözlərlə qamçılamaqdan belə, çəkinmirmiş. İllər keçir. Qocalan, ölüm yatağına düşən sənətkara qələm yoldaşları baş çəkmək üçün, daha doğrusu son dəfə görüşmək üçün evinə gəlirlər. Çarpayının ətrafında sakitcə otururlar. Dinmirlər. Elə bu dəm Süleyman Rüstəm:

- Məmməd Səid, Allaha inanırsan?

Məmməd Səid bu sualı eşidəndə güc-bəla gözlərini açır. Və sakit şəkildə:

- Gəda, qlyauznı (rusca “klyauznı”) suallar vermə.

"ALLAH HAQQI, ALLAH YOXDUR"

Uşaqlıqdan and içməyi öyrənmişik. Amma ən çox andımız Allaha olub. “Yalandan and içmə... yoxsa Allah səni öldürər” deyə valideynlərimiz, böyüklər bizi qorxuzublar da. Bir elmi-ateizm müəllimimiz vardı. Dərs əsnasında belə bir əhvalat danışmışdı bizə.

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vardı – Mixail İvanoviç Kalinin. “Ümumittifaq ağsaqqalı” adı vermişdilər. Xaricən nurani kişiyə oxşasa da, repressiyanın ilhamverici qüvvələrindən biri idi. Sovet dövründə, qadağaların tüğyan etdiyi, çox hallarda Allaha inananların taqsırkar bilinib yerindəcə güllələndiyi bir dövrdə Kalininə sual verirlər:

- Allah varmı?

Özünü itirmədən cavab verir:

- Allah haqqı Allah yoxdur!

“...YAXŞI PARKET VURURAM”

Evlərin arasıyla addımlayıram. Divarlara müxtəlif elan kağızları yapışdırıblar. Müxtəlifdir. Onlardan biri nəzərimi cəlb edir.

“Allahu Əkbər. Yaxşı parket vururam”

“QAYIDANDA DA NƏZİR VERƏYDİNİZ DƏ...”

Elmi ateizm dərsi keçirdik. Müəllimimiz bir qızı durğuzdu ki, bəs Allaha inanırsanmı? Dedi ki, hə. Başladı guya ki, bu faktın əleyhinə hansısa dəlillər gətirməyə.

- Bax, ay uşaq. Qəbul imtahanına gələndə küçə boyu dilənçilər, qaraçılar əyləşirdi, düzdürmü? Hamısı da “Allah nəzirinizi qəbul eləsin” deyirdilər. Siz də onların qabağından keçəndə hamınız pul verirdiniz ki, arzunuz həyata keçsin... instituta girəsiniz, düzdürmü? İmtahandan çıxandan sonra da həmin yolu qayıdırdınız, dilənçilər də həmin yerlərindəydilər. Bəs Siz imtahandan “4”, “5” alanlar və ya kəsilənlər dilənçilərə niyə nəzir vermirdiniz? Belə çıxır ki, bu nəzir yox, mərc imiş? Bir qisminiz uduzmuşdu, digəriniz qazanmışdı?

“ALLAHLAR ŞƏHƏRDƏ QALDI. GÖRMÜRLƏR”

Bütpərəstlik dövründə iki gənc şəhərdən xeyli kənara çıxır. Biri uyuşdurucu götürüb çəkməyə başlayır. Dostu ona deyir ki, çəkmə, günahdır. Allahından qorxmursan? O biri isə cavab verir:

- Burda Allah yoxdur ki. Nə istəsək edə bilərik. Allahlar qaldı şəhərdə.

ALLAHDAN QORXMASAQ

Çox gözəl və qəribə dövrdə yaşayırıq. Azadlıq və demokratiyadır. Dini azadlıqdır. “Allahu əkbər” sözünün mənasını balaca uşaq da bilir, dərindən anlamasa da. O vaxt qadağa qoysalar da, əksəriyyət Allaha inanırdı, daha doğrusu Allahdan qorxurdu. Hətta Kalinin kimi başkəsənlər də. Ateistlər belə, ölüm ayağında, sonda çönüb Allaha inanırdılar.

Ömrü boyu Allahı yada salmayanlar, Allahdan qorxmayanlar o vaxt olduğu kimi bu gün də ölüm yatağında “Allah, məni bu xəstəlikdən qurtar” deyə yalvarır, yalnız Allaha pənah aparırlar. Öz ustalığını sübut etmək üçün parketvuran elanına “Allahu Əkbər” sözləriylə başlayır ki, ona inansınlar, dinli, imanlı olmasını bilsinlər. Bu gün də nəziri dilində “Allah nəzirini qəbul eləsin” kəlmələri əksik olmayan qaraçılara veririk. Amma küçədə dilənməyə utanan, ac-yalavac insanları axtarıb tapmırıq. Özünü yandıran əlilə haqq qazandırırıq. Onu bu vəziyyətə gətirib çıxaranları lənətləyirik. Əlilin borclarını silirik, kompensasiya veririk, təqaüd kəsirik. Bəs görəsən Allah necə, intihar edən əlilin və onu buna sürükləyənlərin günahını bağışlayacaqmı?

Cinayət törədirik, digərlərinin çörəyini kəsirik, pis-pis işlərlə məşğul oluruq. Sanki elə başa düşürük ki, hüquq-mühafizə, dövlət orqanları bunu görmürlər. Amma başa düşmürük ki, bütün bunları birinci Allah görür. Ona görə də heç kim demir ki, polis, prokuror, prezident cəzanı versin. Hamı deyir Allah cəzanı versin. Heç kim demir ki, səni polisə tapşırmışam. Hamı deyir ki, səni Allaha tapşırmışam. Heç kim onun qapısına üzrxahlıq üçün gələnə demir ki, səni bağışladım, get. Deyir ki, Allah bağışlasın. Bağışlayan da odur, cəzalandıran da. Allahdan isə sadəcə qorxmaq lazımdır. Axırda yox... lap əvvəldən.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır