Modern.az

«Millətin səlahı üçün hər bir nifrini canıma nuş bilirəm»

«Millətin səlahı üçün hər bir nifrini canıma nuş bilirəm»

3 Yanvar 2014, 22:30

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru

Azərbaycan türk ziyalılarından Məhəmməd Tağı Sidqi (1854-1903) mədrəsədə təhsil alsa da, özü sonralar Ordubadda «Əxtər» adlı yeni tipli məktəb açmışdır.  Daha sonra Naxçıvan şəhərində «Məktəbi-Tərbiyə» məktəbini (1894) təsis edən Azərbaycan aydını 7 dərsliyin («Nümuneyi-əxlaq», «Müxtəsər coğrafiya risaləsi» və b.) müəllifi olmuşdur. Eyni zamanda, «Məsnəviyyatı-mənəviyyə» mənzuməsinin müəllifi olan Sidqi Ordubaddakı «Əncüməni-şüəra» ədəbi məclisində də fəal iştirak etmişdir.

Onun yaradıcılığında İslam dini, Vətən və Millət anlayışları xüsusi yer tutmuşdur. İslam dini ilə bağlı Sidqinin mövqeyi ondan ibarət ki, müsəlmanlar tapındıqları dinin mahiyyətini səthi deyil, daha ağıllı şəkildə dərk etməlidirlər. Əgər müsəlmanlar İslamı dərindən öyrənsələr görərlər ki, burada elm və mərifət kəsb eyləmək ən vacib əməllərdəndir. Eyni zamanda, İslamda zəmanənin tələblərinə uyğunlaşmaq nəinki pislənir, əksinə təqdir olunur. Sidqinin fikrincə, bu da ondan irəli gəlir ki, İslam daha çox insanı, hər bir fərdi düşünür. Belə ki, onun mahiyyətində və məzmununda insanın bütün sosial, iqtisadi, mənəvi problemləri və onun həlli yolları göstərilmişdir.

Bizə elə gəlir ki, M.T.Sidqi bu cür düşüncələrini «Heykəli-insana bir nəzər» məqaləsində daha dolğun şəkildə ifadə etmişdir. Həmin məqaləsində o, ilk növbədə Allahın yaratdığı insanın necə əsrarəngiz olmasına toxunmuşdur. Azərbaycan mütəfəkkirinin fikrincə, Allah insanı elə bir yüksək, ali keyfiyyətdə yaradıb ki, bu mənada insan dəmirdən davamlı, ancaq gül yarpağından nazikdir. Belə ki, insan başına dalbadal gələn çox ağır müsibətlərə, bəlalara zəhmət çəkib dözdüyü halda, münasib olmayan acı bir sözə dözməyərək pərişan olub özündən çıxar. Yaxud da insan var öz nəfsinin ucbatından balasının başına kəsər, insan da var ki, bir millətin hifzindən ötrü özünü ölümə verməyi səadət hesab edər. Sidqi hesab  edirdi ki, Adəm övladı ilk gündən çətinliklərlə qarşılaşmış və daima mübarizə aparmışdır. Onun fikrincə, insanın yaxşını pisdən, doğrunu əyridən seçə bilməsində müqəddəs peyğəmbərlər mühüm rol oynamışlar. Belə ki, Allahın elçiləri olan bu peyğəmbərlər yollarını azan qövmləri doğru yola çəkməyə çalışmışlar.

Vətən və millət məsədəsinə gəlincə, M.T.Sidqi yazırdı ki, artıq dün­ya­da hər məmləkət əhalisi millət adını alıb, o məmləkəti «Vətən» ismi ilə adlandırır. Hər  bir millətin milli hüquqları, milli hökuməti vardır. Bu mənada, müsəlman xalqları da millət və vətən anlayışlarını dərk etməli, müasir dörün tələblərinə qarşı çıxmaqdansa onunla uzlaşma yolları tapmalıdır. Sidqiyə görə müsəlman dünyasının əsas problemi hələ də keçmiş mədəniyyətimizlə fəxr edərək bu günü və gələcəyimizi düşünə bilməməyimizdir. İslam-Şərq mədəniyyəti ilə müqayisədə Avropa-Qərb millətləri  bir tərəfdən milli və müasir dövlət yaradır, digər tərəfdən həmin ölkələrdə iqtisadiyyat və texnologiya sürətlə inkişaf edir. Halbuki müsəlmanlar da xristainlar kimi eyni peyğəmbərin Adəm peyğəmbərin övladlarıdır.

Əgər dünyanı bir qismində - Avropada  Adəm övladaları inkişafa və tərəqqiyə sahib çıxırlarsa - Eyfel qüllələri tikir, dəmir yolları çəkir, teleqraflar, təyyarələr icad edirlərsə, deməli o biri qisminqdə - Şərqdə də bütün bunları edə bilərlər. Bütün bunlar müsəlmanların indiyə qədər fəxr etdikləri qədim dövr mədəniyyətlərində də vardır. Sidqi yazırdı: «Və özünə mənzil qərar verdiyi qaranlıq mağaraları və sonra ağacdan və daşdan emal olunan dəkkə və talvarları xəyalına gətirəndə, bir tərəfdən Fransa (Eyfel) bürcünə baxıb, bir səmtdə London şəhərinin dörd yüz əlli arşın ucalıqda billur imarətini görüb və Paris şəhərinin idareyi-bələdiyyəsinin bir otağının on dörd min adam vüsət verəcəyini eşidib, bu təsəvvüratı bir xabi-xəyal fərc edəcəkdir».

Sidqi belə bir qənaətə gəlir ki, Qərb ölkələri bütün bu nailiyyətlərə (dəmiryolları, təyyarələr, teleqraflar, motorlu gəmillər və s.) dünyəvi elmləri öyrənərək əldə etmişlər. Əgər müsəlman dünyası da bu uğurlara çatmaq istəiyrsə ilk növbədə, dünyəvi elmləri öyrənməlidir. Onun fikrincə, bunun üçün isə əlifba islahatları aparılmalı, yeni tipli dünyəvi məktəblər açılmalı və qəzetlər nəşr olunmalıdır. Yalnız bu halda İslam ölkələri də Avropa millətlərinin səviyyəsinə çata biləcəkdir.

Qeyd edək ki, Məhəmməd Tağı Sidqi özü bir neçə dəfə qəzet nəşr etməyə cəhd göstərsə də, çar Rusiyasının məmurları buna əngəl olmuşlar. O, yalnız ömrünün solnu ilində - 1903-cü ildə Tiflisdə türkcə nəşr olunan «Şərqi-Rus» qəzetində bir neçə məqalə ilə çıxış etməyə nail olmuşdur. Onun yerdə qalan məqalələri ölmündən sonra başqa qəzet və jurnallarda nəşr olunmuşdur. Hər halda,  Sidqi dövründə qəzetin müsəlmanların maariflənməsi sahəsində əhəmiyyətini başa düşürdü. O, «Qazeta, yaxud qəzet» nədir məqaləsində yazırıd ki, bütün dünya qəzetin əhəmiyyətini və mahiyyətini dərk etdiyi halda, İran və Qafqaz müsəlmanlarının əksəriyyəti hələ də, onu şeytan əməli sayırlar: «Xülasə, uzun bir mərikə… və illa yerdə qalan əhalinin hamısı qəzetədən rugərdan olub və bəlkə qazet kəlməsindən tənəffür edirlər. Bu günə müsəlmanlar arasında ərəbi olsun, farsi olsun, türki olsun, adına ki, qazet dedin, iş tamamdır. Ondan sonra hər nə desən məhəlli-etina və layiqi-təvəccöh deyildir».

Sidqi açıq şəkildə yazırdı ki, din alimlərinin nəzərində qəzet almaq və oxumaq küfrdur. Din alimlərinin təsiri altında da varlılar, tacirlər, əsnaflar, avamlar və başşqaları da qəzet alıb oxumağı günah, yaxud da ümumiyyətlə, müsəlmanları yoldan çıxartmaq kimi başa düşürlər: «Qazeta almaq, qəzetə ozumaq üləma mülahizəsində küfrdür. Tüllab nəzərində günah, tüccar içində təzyin-ofqat, əsnaf arasında ləğviyyat və avam yanında lap heç zaddır.  Özgə yerləri bilmirəm. Hələ bu tərəflərdə bir para alimnuma nadan tələbələrin nəzərində (ki zatən türk oğlu türkdür) türki dilində hər nə yazılmış olsun şayani-etina deyildir. Qəzetə ki, olsa, pənah bər Xuda! Həmçinin onun əqidəsinə görə farsi dilində yazılan ruznamələrə də baxmaq günahdır. Bunu da mübaliğəsiz deyirəm. Hərgah eşitsə ki, ərəb lisanında qəzetə nəşr olunur, günahi-kəbirə (böyük günah) hesab edib və onun mühərririni kafiri-mütləq bilir.  Ondan ötrü ki, ərəb lisanı Allah və peyğəmbər lisanıdır ki, onunla Qurani-məcid nazil olub. O dildə qəzetə yazmaq, əlbəttə, cürmi-əzimdir.  Odur ki, bir para maarifpərəst binəvalar və millətdust  biçarələr labüd qalıb, qəzet kəlməsini zikr etməyi dillərində adət verməiyblər».

Sidqi böyük ürək ağrısı və yanğısı ilə sual edirdi ki, İlahi, görəsən bizlər qəzetin qədr və qiymətini, onun fayda və mənfəətini  nə vaxtsa biləcəyikmi? Başqa sözlə, nə vaxta qədər müsəlmanlar  onun üçün zərərli olanları faydalı, faydalı olanları isə şeytan əməli sayacaqdır? Azərbaycan mütəfəkkirini ən çox üzən isə, müsəlmanların əksəriyyətinin başqalarının sözləri ilə oturub-durması, öz ağılı və dərakəsi ilə hərəkət etməyə çalışmaması idi. Onun fikrincə, müsəlmanlar dərindən ağıl etsələr görərlər ki, nə qəzet, nə məktəb, nə teleqraf, nə təyyarələr, nə də başqa yeni texnologiyalar şeytan əməli deyil və onları günah hesab etmək nadanların işidir. Ona görə də, müsəlmanlar əcnəbi millətlərin inkişafını doğru dəyərləndirməli və öz həyatlarında bundan istifadə etməlidirlər: «Xüsusən məişət əmrlərində hər bir cəhətdən onların (əcnəbi millətlərin-F.Ə.) elmi və istinbatı və hər bir kəşfiyyat və məlumatı bizlərdən artıqdır. Əgər belə deyilsə, bəs nə üçün onlar bizləri hər bir işdə ötüb keçiblər? Məişət ləvazimatlarının hər bir cüziyyatında bizləri  özlərinə möhtac ediblər? Hətta iynədən tutmuş pambıq və əmammədən kəfənə kimi onlara ehtiyacımız vardır»

Sidqini ən çox təəsüfləndirən vəziyyət o idi ki, müsəlmanların, o cümlədən Qafqaz müsəlmanların mütəfəkkirləri əcnəbi millətlərin əldə etdikləri uğurları öz millətləri arasında etmək, mövcud olan bir neçə qəzetlərində cəmiyyəti maarfiləndirmək əvəzinə, bir-birləri il yola getmir, hətta təhqirə yol verirlər. Bu mənada, o, «Şərqi-Rus»da nəşr olunan «Təəsüf, yenə də təəssüf» məqaləsində Azərbaycan mütəfəkkirlərindən Məhəmməd Ağa Şahtaxtlı ilə Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağaoğlu arasında baş verən münaqişəni pisləyirdi. Sidqi onların üçündən də xahiş edirdi ki, Azərbaycan türk millətinin çar Rusiyasının əsarəti altında olduğu bir durumda bir-birlərinə qarşı cəbhə açmasınlar, əksinə birləşib onun milli oynaşına və tərəqqsinə çalışsınlar. Bu mənada, yalnız millətini sevən insan bu sözləri yaza bilərdi: «Məni lənət və söyüşə layiq bilib hər nə qədər ki, dilhaxınızdır söyün. Çünki mən dostların islahı və millətin səlahı üçün hər bir nifrin və narəba sözləri kəndi canıma nuş və guvara bilirəm. Mənim də qabaqca qəlbi nifrinim budur».

Sidqinin bu üç Azərbaycan türk mütəfəkkirinə son sözü isə bu olmuşdur: «Bundan sonra nə «Kaspi»də, nə də «Şərqi-Rus»da bu günə məlal gətirən və küdrət artıran bəndlər nəşr olunmasın, qonşularımızın hərəkətlərindən ibrət alayım. Qəzet yazan və qəzet oxuyan, xüsusən «Kaspi»də və «Şərqi-Rus»da nəşr olunan bəndləri oxuyan sair millətlərdən xəcalət çəkəlim. Dostları məhzun və düşmənləri məmnun etməyəlim».

Fikrimizcə, Məhəmməd Tağı Sidqinin yalnız bu örnək hərəkəti belə onun adını tarixmizin qızıl səhfilərinə yazılması üçün yetərlidir. Hər halda, o, Azərbaycan türk övladı və müsəlman mütəfəkkiri kimi, öz rolunu çox doğru oynamışdır. Sidqi bir tərəfdən müsəlman ölkələrində müasirləşməyin vacibliyini görməklə yanaşı, digər tərəfdən bunun təqlidi xarakter daşımaması üçün milli və dini keyfiyyətlərdən çıxış edilməsinin vacibliyini də dərk etmişdir. Ən önəmlisi odur ki, Sidqi bütün bunları əldə etmək üçün milli birliyin vacibliyini görmüş və bu yolda özünün hər hansısa əzab-əziyyətlərə düçar olmasına belə razılaşmışdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi