Modern.az

Kirvə müqəddəs adam olmalıdır, erməni yox!

Kirvə müqəddəs adam olmalıdır, erməni yox!

Ədəbi̇yyat

9 Yanvar 2014, 22:40

- Mahir, səni təbrik edirəm. Qonaqlıq verməlisən.

- Niyə?

- Necə yəni niyə? Bəs İsmayıl Şıxlı haqqında böyük kitab yazmışam.

- Mən niyə qonaqlıq verməliyəm ki? Get Elçin versin.

- Oğlu öz yerində... sənin də kirvəndir axı. Ona görə də birinci qonaqlığı sən verməlisən.

Dostum professor yaman yerdə tutmuşdu məni. Cavab axtarırdım ki, qonaqlıq yükünün altından siyrişib çıxım. Tapdım da.

- Ay professor, mənim kirvəm xalq yazıçısı, atamın dostu, gözəl insan, qonşumuz, müəllim İsmayıl Şıxlıdır e, oliqarx yox. Əgər oliqarx olsaydı, sənə nəinki qonaqlıq verərdim... kitabını da çap etdirərdim, təqdimat mərasimini də keçirdərdim, üstəlik altına bir maşın da alıb qoyardım. Bildin?

Mən bu sözləri dedikcə professor dostum qımışdı, çöhrəsində sevinc yarandı. Bir anlıq özünü təqdimat mərasimində, güllərin-çiçəklərin ağuşunda hiss etdi. Birdən ayıldı. Ciddi görkəm aldı:

- Amin, Mahir. Amin,- deyərək çevrilib getdi.

KİRVƏ. Tam əminliklə deyə bilərəm ki, bu sözdən, bu adı daşıyanlardan bütün Azərbaycan kişilərinin zəhləsi gedir. Əlbəttə ki, uşaqlıqda aldıqları mənəvi travmaya görə. Mənim də bu mərasimdən iki şey yadımda qalıb. Əmbiya adlı dəllək, bir də kirvəm İsmayıl Şıxlı. İndi də 3 yaşlı Mahirin kirvəsinə dediyi “xoş” sözlərə görə xəcalət çəkirəm. Söyüş leksikonum məhdud olmasına baxmayaraq. Məndə olan məlumata görə Böyük İsmayıl Şıxlı həyatında bir dəfə belə məsuliyyətli yükün altına girib. O da Qabilə görə. Bilmirəm bilərəkdən, ya bilməyərəkdən Xəlil Rza Ulutürk mənim ad günlərimdə çaşıb İsmayıl əmiyə həmişə “Qabilin kirvəsi İsmayıl müəllim” deyə müraciət edirdi. Özünün kirvə seçilməsi prosesi İsmayıl Şıxlıya da ləzzət eləmişdi. Hətta onu “Dostum Qabilin qəribə əhvalatları”nda xüsusi qeyd etmişdi:

“Bir səhər Qabil bizə gəldi. Narahat idi. Sözlü adama oxşayırdı. Ortaya çay qoyuldu. Stəkanı axıracan içməyə səbri çatmadı.

- Bilirsən, nə var, Mirzə, oğlumu sünnət eləmək istəyirəm.

- Lap yaxşı eləyirsən, çox mübarək.

- Sağ ol, amma bir məsələ var.

- O nədi, elə?

- Kirvə axtarıram.

Gülməyim tutdu.

- Gülmə, Mirzə, bizdə - Abşeronda – kirvəlik o qədər dəb deyil. Amma siz tərəfdə dəbdir.

- Dəb salarsınız, dəbdə olar.

- Elə məsələ də orasındadır. Bilirsən, Mirzə, Mahir mənim gözümün ağı-qarası bircə balamdır. İstəyirəm onun kirvəsi müqəddəs adam olsun.

- Yaxşı eləyirsən. Nə çoxdu dost-aşnan.

- Var. Amma onları istəmirəm.

- Bəs kimi istəyirsən?

- Səni.

- Məni?

- Həri. Mənə səndən yaxın kim var? Səndən əməllisini hardan tapacam. Düz iki aydır, götür-qoy eləyirəm, əl çəkən deyiləm.

Mən Qabilə etiraz etdim. Ürəyimin zəif olduğunu, uşağın əziyyətinə dözə bilməyəcəyimi söylədim. Qabil üz vurdu, mən boyun qaçırdım. Axırda əlacı kəsilib susdu. Gördüm yaman pərt oldu. Axı, indiyəcən onun bir sözünü iki eləməmişdim. Birdən gözü söhbətimizə qulaq asan həyat yoldaşıma sataşdı. Dərhal dirçəldi:

- Ümidə bacı, indi ki, belə oldu, sən Mahirin kirvəsi ol.

- Boy, nə danışırsan, Qabil, heç arvaddan da kirvə olar?

- Niyə olmur, dəbə salarsan, olar.

Razılaşmaqdan başqa yolum qalmadı“.

Bu kiçik xatirədə atamın bir sözü məni yaman tutdu. “İstəyirəm onun kirvəsi müqəddəs adam olsun”.
Deməli kirvəlik var-dövlət, cəmiyyətdə tutduğu mövqeyə görə seçilmir. Kirvə müqəddəs adam olmalıdır. Axı, ilk kişilik pasportunu o verir.

Bir anlıq xatirələrdən uzaqlaşıram. Nəcəf bəy Vəzrovun “Yağışdan çıxdıq, yağmura düşdük” əsərindəki erməni Qıdı Kirvələr gəlib dayanır göz önümdə. Azərbaycanda görəsən nə qədər erməni türk övladlarına kirvəlik edib? Bu ermənilər nə qədər Azərbaycanlıya kişilik pasportu veriblər? Erməni kirvələr öz kəndlərindədirlər. Bəs balaca kişilər hardadırlar?

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır