Modern.az

İsmayıl bəy Qaspıralı və «Dildə, işdə, fikirdə birlik» ideyası

İsmayıl bəy Qaspıralı və «Dildə, işdə, fikirdə birlik» ideyası

Ədəbi̇yyat

10 Yanvar 2014, 12:31

AMEA Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun böyük elmi işçisi,
fəlsəfə doktoru, dosent
 

XIX əsr türk və müsəlman dünyasının nəhəng fikir adamlarından, mütəfəkkirlərindən biri də İsmayıl bəy Qaspıralıdır (1851-1914). Kırımın Baçxasaray yaxınlığındakı Avçı kəndində dünaya göz açan Qaspıralının dünyagörüşünün formalaşmasında  dini elmlərlə yanaşı, dünyəvi elmləri də mənimsəməsi mühüm rol oynamışdır. Kiçik yaşlarından əvvəlcə Ağməsciddə rus orta məktəbində, daha sonra Voronej və Moskvadakı hərbi məktəbdə təhsil alması onun həyatında əsasldı dönüş nöqtəsi olmuşdur. O, bu məktəblərdə türkçülüyə və islamçılığa qarşı yönəlmiş slavyançılıq ideyasını əyani şəkildə görmüşdür. Bütün bunlar, onda xüsusilə, türkçülük ideyasının formalaşması üçün bir zəmin olmuşdur. Hətta, bu təsirin altında Türkiyənin düşmən dövlətlərə qarşı apardığı Kirit müharibəsində iştirak etmək üçün İstanbula qaçmaq istəmiş, ancaq onu yolda saxlayaraq ailəsinə geri qaytarmışlar.


Bütün bunlara baxmayaraq, gənc yaşlarından Kırımın türk kəndlərindəki mədrəsələrdə müəllimlik fəaliyyətinə başlayan bu talantlı mütəfəkkir, ilk gündən etibarən əski tədris usuluna qarşı çıxmışdır. Onun yeni tədris üsulunun yaradılmiası uğrunda başladığı bu mübarizəyə ilk qarşı çıxanlar arasında mühafizəkar din xadimləri oldular. Hələ, çox gənc olduğu üçün mühafizəkar ruhanilərlə başa-baş mübarizə apara bilməyən Qaspıralı Parisə gedərək üç ilə yaxın Fransada yaşamışdı. Burada Avropa mədəniyyəti ilə yaxından tanış olan türk mütəfəkkiri çox keçmədən «Avropa mədəniyyətinə bir nəzəri müvazinə» adlı kiçik əsər də qələmə almışdı. Beləliklə, Qaspıralı dünyagörüşcə yeni bir mərhələyə qədəm qoymışdu.

Ancaq burada hökmən qeyd etməliyik ki, ilk dövrlərdə Qaspıralı avropalaşmaq ideyasının təsiri altında olmuşdu. Bu özünü, Qaspıralı Krıma-Baxçasaraya döndükdən sonra bir müddət hiss etdimişdir. O, avropalaşmağın təsiri altında yazırdı ki, müsəlman ölkələrində, o cümlədən Turkiyədə də Avropada olduğu kimi sözün həqiqi mənasında, ciddi islahatlar həyata keçirmək lazımdır. Onun fikrincə, Türkiyə indiyə qədər bu işdə yalnız Avropanı təqlidlə məşğul olmuşdur.

O, 1895-ci ildə «Tərcüman»da nəşr olunan «Şərq məsələsi» məqaləsində yazırdı ki, vaxtilə Qərb maarif yolunu tutmaqla tərəqiyyə üz tutdu. Bu baxımdan Şərq məsələsinin həllində də başlıca yeri maarif tutmalıdır. Onun fikrincə, bu mənada Şərq məsələsi, maarif məsələsi deməkdir. Bu məsələni Qaspıralı doğru qoyurdu ki, Qərb millətlərinin maarifdə tutduqları yolla, Şərq dünyasının maarfidə tutduqları yol tamamilə eyni ola bilməz. Halbuki maarif bütün dünyada eyni bilgi və məna daşıyır.  Ancaq Şərq millətlərinin xüsusiyyətləri ilə Qərb millətlərinin milli özünəməxususlaqları  xeyli dərəcədə fərqləndiyi üçün maariflənmə məsələsi tamamilə eyni ola bilməz. Qaspıralı Qərb və Şərq millətlərinin maarif məsələsindəki fərqliliyə bir qədər də aydınlıq gətirmək üçün yazırdı: «Avropada intişari maarif onların üləması məqamında olan əhli kilsə sinfinin nüfuzunu qırmaqla meydan aldığı halda, məmaliki şərqiyyədə İslam üləmasının pərişan halını tədafi edib ilərləttikcə ilərilətməklə meydan alacaqdır. Bunun da hikməti Qərbin əhli kilsəsilə Şərqin üləması beynində əsasən mövcud olan böyük fərqlilikdədir. Tarixi İslama bir gözatalım, zamanı səadətdən ta Moğol hücumlarına gəlincəyə qədər məmaliki şərqiyyə maarif bağçasıydı. İmami Bəsrilər, Qəzalilər, İbnisinalar, Fərabilər, Buxarilər, Fəxrədinirazilər və sairlər həp bu bağçanın meyvələridir. Yenə bu zamana məxsusdur ki, tüccarı İslam yelkən gəmisi və böyükcə qayıqlarla mühiti qərbidə və mühiti kəbirdə dolaşıyorlardı. Müsəlman ta Ural dağlarına və Sibiryaya qədər soxuluyordu. Bədəvilər və məcusular arasına girib fədəkar üləmalar mədəni və dini nəsihətlərlə ömür keçirirlərdi. Məşhur üləmayı və bu əhli qeyrəti meydana gətirən nə idi? Bunlarda görülən zəkayı, həmiyyəti, əfkarı və qeyrəti bəsləyən nə idi? Maarif…Maarif…Maarif».

Gördüyümüz kimi, ilk dövrlərdə o, avropallaşmağın təsiri altında Rusiyada yaşayan türk-müsəlman xalqlarını oyatmaq fikrini həyata keçirmək yollarını arasa da, sonralar üzünü Şərq maarifçiliyinə tutmuşdur. Bu baxımdan əvvəlcə daha çox Avropa üsulu ilə Rusiya müsəlmanlarının oyanışına çalışan Qaspıralı, çox keçmir ki, dini elmləri dərindən mənimsəməklə də bunun reallaşa bilməsi etiqadına gəlir. Eyni zamanda, buna türk ruhunu da əlavə edən türk mütəfəkkiri beləliklə, ideyalarını yaymaq və müsəlmanları birləşdirmək üçün vasitə axtarışına çıxmışdı.

Qaspıralı yaxşı anlayırdı ki, həmin dövrdə Rusiya müsəlmanlarını vahid əqidə ətrafında toplamağın ən yaxşı vasitələrindən biri mətubatdır. Xüsusilə, Həsən bəy Zərdabinin «Əkinçi» qəzetinin az bir müddətdə Rusiya türkləri arasında məşhurlaşması Qaspıralını bu işə daha çox həvəsləndirmişdir. Ancaq çar hökuməti «Əkinçi»dən sonra Rusiya türklərinin qəzet çıxartması məsələsinə bir o qədər də isti yanaşmırdı. Ona görə də,  İsmayıl bəyin qəzet çıxartmaqla bağlı müraciətləri bir müddət nəticəsiz qaldı.

İsmayıl bəy isə ruhdan düşməyərək türkçülük ideyalarını rus dilində çıxan «Tavrida» qəzetində sisilə şəklində nəşr olunan «Rusiya müsəlmanları» əsərində yaymağa başladı. Bu əsərində çar Rusiyasının ruslaşdırmaq siyasətini sətiraltı mənalarla ifşa edən Qaspıralı yazırdı ki, Rusiya müsəlmanlarının şüurunu bu yola dəyişdirib «rus milləti» yaratmaq müddəası gülüncdür. Çünki Rusiya türklərinin min illərə sığmayan tarixi və mədəniyyəti vardır. Bu mənada, o yazırdı ki, rus hakimiyyəti nəinki türk-tatar xalqlarına mədəniyyət gətirmiş, əksinə mövcud olan mədəniyyəti əlindən almağa, məhv etməyə qalxmışdır. Ona görə də, türklərin ruslaşdırılması imkan xaricindəddir. Qaspıralı yazırdı: «Əgər Rusiyada türk qövmlərini ruslaşdırmaq imkanı yoxsa, bunların ədəbiyyatları, mətbuatları yoxdur. Onlara bunlar verilməlidir. Buna cavab olaraq deyəcəksiniz ki, qoy rus məktbələrində oxusunlar. Ancaq bu fərdlər üçün mümkündür, kütlə üçün qəbul edilə bilməz. Rus məktəbi tatar xalqı üçün ölü doğulmuş bir müəssisədir. Rusiyada ali təhsili dövlət dili olan rus dilini bilməklə almaq olar. Ancaq ibtidai, orta və kiçik sənət məktəbləri tatar dilində olmalıdır. Bu halda elm xalq arasında daha sürətlə yayılar». Beləliklə, Qaspıralı açıq şəkildə olmasa da, ümumilikdə çar Rusiyasının assimilyasiya siyasətinə qarşı çıxmaqla yalnız Krım türklərinin deyil, bütün Rusiya türklərinin oyanışında mühüm rol oynamışdı.

 Təsadüfi deyil ki, türk ideoloqlarından Ziya Gökalp M.F.Axundzadəni və İ.Qaspıralını Rusiyada yetişən iki böyük türkçü kimi qələmə vermişdir. Onun fikrincə, Osmanlı İmperiyasında türkçülük cərəyanının qarşısı alındığı bir zaman çar Rusiyasında, xüsusilə Azərbaycanda türkçülük ideyaları inkişaf etmişdir. Ancaq biz daha çox başqa türk ideoloqu Yusif Akçuraoğlunun bu məsələ ilə bağlı fikri ilə razılaşaraq hesab edirik ki, Kırım türklərindən İ.Qaspıralı M.F.Axundzadə ilə müqayisədə həm nəzəriyyədə, həm də əməldə türkçülüyə daha çox xidmət etmişdir.

İ.Qaspıralı «Türküstan üləması» əsərində yazırdı ki, islam fəlsəfəsinin və elminin tarixi araşdırlarsa, bir çox alimlərin türk və türküstanlı olduqları görülər. Onun fikrincə, vaxtilə türk alimləri müsəlmanların-türklərin indi-indi alışdığı dünyəvi elm və təhsili tədris etmişlər: «Avropada dünyəvi elmlər az olan bir zamanda Türküstanda müstəqil əqli və nəqli elmlər olmuşdur». Bununla da, o, bir tərəfdən İslam dinin həyatında türklərin mühüm mövqe tutmasını, digər tərəfdən isə onların həmişə dünyəvi bir millət olmasını göstərmək istəmişdi. Başqa sözlə, Qaspıralının bu fikirləri türkçülük adına yeni bir dönəmin əsasını qoymuşdur.

Türkçülük şüarı «dildə, fikirdə və əməldə birlik» olan Qaspıralı bu ideyalarını bütün türklərin ortaq qəzeti olan «Tərcüman»da ifadə etmişdi. 1883-cü ilin aprelindən başlayaraq Baxçasarayda «Tərcüman» qəzetinin nəşrinə başlayan böyük türk mütəfəkkiri qısa bir müddətdə böyük uğurlar əldə etmişdir. Belə ki, ilk sayı 300 olan, ancaq üstündən bir neçə il keçdikdən sonra 20 000-ə qədər yüksələn «Tərcüman» bütün türklərin ortaq qəzeti halına gəlmişdi. Şübhəsiz, bütün bunlar Qaspıralının çox uğurlu bir yol seçməsi ilə bağlı idi.

Xüsusilə, Rusiya türkləri arasında ortaq ədəbi türk dilinin yaradılması onun əsas qayələrindən biri idi. Onun fikrincə, nəcib və cəsarətli olan türk millətinin Çin sədindən Ağ dənizə qədər parçalanmasının səbəbi ilk növbədə, ortaq türk dilinin olmaması ilə bağlıdır. Bu mənada, Qaspıralı hesab edirdi ki, ən azı Rusiya türklərinin vahid dili olmalı və həmin dil məktəblərdə tədris olunmalıdır. Yeri gəlmişkən, məşhur türkoloq Əhməd Cəfəroğlu hesab edir ki, ilk dəfə Mirzə Kazımbəy ortaq türk dili ideyasını ortaya atmış, sonralar bu ideya İ.Qaspıralı tərəfindən mənimsənilmiş və ümumrusiya türkləri ilə bağlı belə bir təşəbbüs irəli sürülmüşdür.

Qeyd edək ki, ortaq türk ədəbi dilinin yaradılması üçün yeni tipli məktəblərin yaradılması ideyasının müəllifi də Qaspıralıdır. Böyük türk mütəfəkkiri hesab edirdi ki, mədrəsələr əvvəlki ruhunu bərpa etməli və yenidən zəmanə ilə ayaqlaşmalıdır. Bunun üçün, din xadimlərinin  də çiyinlərinə böyük yük düşür. Belə ki, üləmalar artıq zəkat və sədəqə yığmaqdansa əski mədrəsələrlə yeni məktəblər açılması məsələsində öncül rol oynamalıdırlar. Bu mənada, onun türkçülk məfkurəsi «Üsuli-cədid» adlı yeni tipli məktəblərin açılması ilə davam etdirilmişdi. Əslində bu məktəblər dünyəvi elmləri tədris edən ilk türk məktəbləri idi.  Qaspıralı bir tərəfdən ortaq türkcənin yaradılmasına çalışır, digər tərəfdən fikirdə də milli birliyin yaradılmasına nail olmaq istəyirdi.

İ.Qaspıralı 20-ci əsrin əvvəllərində yaranan «Rusiya Müsəlmanları İttifaqı» təşkilatında da yaxından iştirak etmişdi. Bu təşkilatın qurultaylarında (1906) Qaspalının təklifi ilə Türk məktəblərində vahid türk dilinin həyata keçirlməsi istiqamətində ortaq türk ədəbi dili ilə yazılmış kitabların oxudulması haqqında qərar qəbul edilmişdi. Bu baxımdan, həmin dövrdə Qaspıralı Azərbaycan türk mütəfəkkirlərinin (Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Nəsib Yusifbəyli və b.) əsərlərinə «Tərcuman»da geniş yer vermişdir. Bu mənada, Qaspıralı Azərbaycan türklərinin oyanmasında da müəyyən rol oynamışdı. Xüsusilə, Azərbaycan Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəyli də türkçülük ideyasının yaranmasında və formalaşmasında İ.Qaspıralının mühüm rolu olmuşdu. Belə ki, Nəsib bəy bir müddət Baxçasarayda yaşamış və «Tərcüman» qəzetinin nəşrində yaxından iştirak etmişdir. Tale elə gətirmişdir ki, Nəsib bəy İ.Qaspıralının qızı Şəfiqə xanımla ailə də qurmuş və ondan övladaları dünyaya gəlmişdir.

Milli ideoloqlarımızdan Əhməd bəy Ağaoğlu «İsmayıl bəy Qasprinski» məqaləsində yazırdı ki, o, həmişə türk millətinin ürəyində diri və canlı bir şəxs olaraq qalacaqdır: «O daima canlı,  darima diridir və mən onu indi görürəm, onun üçün bu sətirləri yazarkən söhbət edirəm! Dünyada Türk  və Türkçülük qaldıqca, İsmayıl bəy də bərhəyatdır, yəni İsmayıl bəy əbədi və daimidir. İsmaylı bəy indi də yaşayır, yetişdirmiş olduğu yüzlərcə şagirdlərində, tərbiyə etmiş olduğu minlərcə ruhlarda yaşayır».

Qeyd edək ki, türkçülük ideyasını yayamaq və türk-müsəlman dünyasının oyanışına nail olmaq üçün Qaspıralı bir neçə dəfə Türküstana, Türkiyəyə, Hindistana, Misirə və başqa ölklərə səyahət etmişdir. «Müsəlman konqresi» məqaləsində o, bu səyphətinin mənası ilə bağlı yazırdı: «Əsrin dörddən birindən bəri Rusiya müsəlmanlarının ümumi ictimai problemləri məşğul olduğumdan və Buxaradan Əlcəzairə qədər olan səyahətlərimdəki müşahidələrim məni bir tərəfdən məyus, digər tərəfdən ümidvar edirdi». Bu mənada, Qaspıralı hesab edirdi ki, türkçülüyün inkişafı həm də din birliyinin güclənməsi ilə bağlıdır. Ona görə də, Qaspıralı türkçülük və islamçılığı eyni şəkildə mənimsəmiş və təbliğ etmişdir. Onun fikrincə, türkçülük və islamçılıq birliyinin mövcuduluğu dövründə türkçülük həmişə yaşayacaqdır.

Qaspıralı ölümqabağı türk milləti üçün dəyərli vəsiyyətlər belə etmişdir. Onun vəsiyyətlərindən biri «Tərcüman»ın daim nəşr olunması idi. Çünki onun əsas ideyaları məhz «Tərcüman» vasitəsilə gerçəkləşmişdi. Özünün də dediyi kimi, ömrünün böyük bir hissəsini müsəlmanların tərəqqisinə, təhsilinə və təkamülünə həsr etmişdir ki, bu da daha çox «Tərcüman»la bağlı olmuşdur. Bu mənada, Həsən bəy Zərdabi və «Əkinçi» necə vəhdətdirsə, eyni sözləri İ.Qaspıralı və «Tərcüman» haqqında demək olar. Bütün bunlar, bir daha göstərir ki, İ.Qaspıralı türk-islam dünyasında öz izini qoymuş, özəlliklə Rusiyadakı müsəlmanların milliyyət və azadlıq ruhlarını qaldıran böyük mütəfəkkir olmuşdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı