Modern.az

Müsavatdan sərt cavab: “Əli Kərimli sözündə bütöv adam deyil”

Müsavatdan sərt cavab: “Əli Kərimli sözündə bütöv adam deyil”

14 Yanvar 2014, 13:10

“Onlar Müsavatı hakimiyyətə işləməkdə ittiham edirlər. Nəzərə alsınlar ki, Əli Kərimli 2003-cü ildə hakimiyyətin sifarişi ilə Etibar Məmmədovu dəstəklədi. Həm 2010-cu il parlament seçkilərində, həm də 2013-cü il prezident seçkisində AXCP ilə bir blokda olmuşuq. Bu müddətdə bunlar bizə qarşı kampaniyanı dayandırmayıblar. Bu gün Fuad Qəhrəmanlı öz adı ilə yazılar yazır. Müsavat Milli Şurada olan vaxtı Fuad Qəhrəmanlı sosial şəbəkələrdə saxta profillərlə Müsavat əleyhinə təbliğatı aparırdı. Bir dəfə Milli Şuranın sessiyasında “El” Hərəkatının sədr müavini Köçəri Nağıbəyli dedi ki, AXCP üzvləri “Facebook”da gizli profillərlə Müsavata qarşı kampaniya aparırlar. Bunlar bir an da kampaniyanı dayandırmayıblar. Yəni biz belə adamlarla müttəfiq olmuşuq. İndi bunlar saxta profillərin arxasında çıxıblar. Əslində, onlar ifşa olunublar, öz simalarını göstəriblər”.

Bunu Modern.az-a Müsavat Partiyası başqanın müşaviri Mustafa Hacıbəyli AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının ittihamlarına cavab verərkən deyib. O bildirib ki, Əli Kərimli ilə bir yerdə yol getmək mümkün deyil: “Bunu əvvəlcədən demişəm, yenə də deyirəm. Əli Kərimli ilə kim yaxınlaşırsa, onun necə adam olduğunu görür. O, sözündə bütöv adam deyil. Bir zamanlar hakimiyyətin AXCP-yə qarşı təzyiqlərinin olması ilə bağlı partiya yetkililəri təbliğat aparırdılar. Bəli, müəyyən dövrdə hakimiyyət Əli Kərimliyə qarşı aqressiv olub. Bu da ona görə idi ki, müəyyən dövrdə hakimiyyətlə Əli Kərimli yaxın olub və onun nə olduğunu görüblər. Mən “525-ci qəzet”də çalışarkən Əli Kərimliyə sual vermişdim, niyə bu qədər hakimiyyətə loyal münasibət göstərir? O dedi ki, biz kiməsə, nəyəsə qarşı mübarizə aparmırıq, biz nəyinsə uğrunda mübarizə aparırıq. Bu, həmin dövr idi ki, saxta seçkilər nəticəsində dalbadal parlamentə düşə bilirdi. Hakimiyyətin hədəfində yeganə partiya Müsavat idi. İsa bəy bunların günahlarını 2010-cu ildə bağışladı. 2010-cu ildə-bunların iflasa uğradığı dövrdə-Lalə Şövkətin komandası bunları xətm etmişdi-bunları o çamurdan çıxarmamalı idik. Amma biz çıxardıq. Çamurdan çıxar-çıxmaz yenidən Müsavatın əleyhinə təbliğat apardılar”.

M.Hacıbəyli Müsavata qarşı aparılan kampaniyanı həyasızlıq adlandırıb: “Müsavat harada konstruktivlik nümayiş etdirib? Müsavat Partiyası “Azadlıq” meydanına girən yeganə partiyadır. Başqa partiya var idi?     Başqanın bir müavini, bir müşaviri həbsdədir. Əli Kərimlinin hansısa müavini, müşaviri həbsdədir? Bütün icazəsiz mitinqlərdə Müsavat öndə olub. Dediyilən sözün əsası olmalıdır. Bunlar qışqırıq salmaqla özlərini müxalifətçi kimi qələmə verirlər. Bunlar Müsavatı gözdən salmaqla hakimiyyətə görünməmiş xidmət göstərirlər. Müsavat demokratik mübarizə deyiləndə göz önünə gələn birinci partiyadır. Siyasətlə maraqlananlar İsa Qəmbəri də, Müsavat Partiyasını da yaxşı tanıyırlar. Tərəfdarlarımıza müraciət edirəm, Əli Kərimlinin və onun yanındakı adamların təbliğatına uymasınlar. Müsavat Partiyası etibarlı əllərdədir. Nə qədər ki, Müsavatda İsa Qəmbər, Arif Hacılı, Arzu Səmədbəyli, Tofiq Yaqublu, Yadigar Sadıqov, Gülağa Aslanlı, Mustafa Hacıbəyli kimi insanlar var, heç kim mandat sövdələşməsinə və ya iqtidarla hansısa separat danışığa gedə bilməz. Onsuz da heç kim Əli Kərimliyə inanmır”.

M.Hacıbəyli qeyd edib ki, AXCP illərdir Müsavata qarşı kampaniya aparır: “2005-ci ildən 2010-cu ilə qədər bizə böhtan atırdılar, deyirdilər ki, Müsavat iqtidar partiyasıdır. Sonra da bizə təklif etdilər ki, bir yerdə seçkiyə gedək. Onlar Müsavatın resurslarından istifadə etmək üçün bu cür təkliflər ediblər. 2010-cu ildə Fuad Qəhrəmanlı imza toplaya bilmirdi, Müsavatın üzvlərindən kömək istədi. Biz də kömək etdik. Onun görüşlərində iştirak edənlərin yarıdan çoxu müsavatçılar idi. Düzdür, sonda o, mənə təşəkkürünü bildirdi. Müsavatın onlara kömək etməsinə baxmayaraq, Cəbhənin heç bir strukturu Müsavata kömək etmədi. Onlar hamısı öz namizədləri üçün işləyirdilər”.

Qeyd edək ki, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı Müsavat Partiyasını hakimiyyətə işləməkdə ittiham edib.

İlkin

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi