Modern.az

Uşaq doğmaq - kitab doğmaq

Uşaq doğmaq - kitab  doğmaq

16 Yanvar 2014, 01:43

 HALALLIQLA DOĞMAQ

Hamiləyəm. İlk uşağımdır. Ərimlə xoşbəxt yaşayıram. Dolanışığımız da ortadır. İndidən gedib həkim nəzarətinə düşmüşəm. Hər ay qan, sidiy analizindən, USM müayinəsindən keçirəm. Ginekoloqa da demişəm ki, necə başlamısan doğuşu da özün başa çatdırarsan, inşallah. Uşağın adın da əvvəlcədən qoymuşuq.  İndidən aya 60-70 manat qırağa atıram. Ərim deyinəndə ki, axı tibbi xidmət pulsuzdur, borclarıdır... deyirəm ki, yox! Hər şey halallıqla olmalıdır.  Getmə ayda üç toya, atma 50-100 manat. Özün görəcəksən doqquz ayın tamamında xəstəxana pulum tam düzələcək.. Muştuluq pulunu da nəzərə almışam.  Hələ “Bon Appetit”dən iri bir tort da kəsdirəcəm. Qoy doğuşda iştirak etməyənlər də balamın şirinliyindən dadsınlar.  Qoy uşağım dünyaya gələn  doğum evində hamı desin: “Ay ayağı yüngül olsun, ruzulu olsun. Ata-anasına arxa olsun. Yarıyanlardan olsun!”.

“Hamiləyəm”. Əlbəttə ki, məcazi mənada . İlk kitabıma hamiləyəm. Yazmışam, o qədər yazmışam ki, ilk kitabımı çıxarmaq iddiasına düşmüşəm. Bütün araşdırmaları aparmışam. Kitab neçə səhifə olacaq, mətbəə xərcləri, dizayn. Hətta adını da qoymuşam. Hamısını nəzərə almışam. Öz cibimdən verəcəyəm. Necə deyərlər “Əkə bilərsən, bəs doğanda  boğazından kəsib niyə doğmayasan ki?” Kitab çıxan gün yaxın dostlarla ilk siqnal nümunəsinin qonaqlığı, təqdimat mərasimi, təqdimatdan sonra kitabı bir az da geniş tərkibdə araqla dezinfeksiya və digər rəsmi tədbirlər. Bütün bu xərclərə də hazıram. Axı, ilk kitabımdır. Hamı deməlidir ki, Allah xeyirli eləsin. Axırıncı yox, axarıncı olsun. Müəllifinin nə arzuları var həyata keçsin!

SPONSORLA DOĞMAQ

Hamiləyəm. İndidən dərd alıb canımı. İkinci gün gedib həkimə qeydiyyata düşməliyəm. Bilirəm o saat da göndərəcəklər analizə, ordan da UZİ-yə. Xərci də ki, nə qədər. Bilmirəm qaynanama deyim, yoxsa anama. Ərimə dünən eşitdirdim ki, pul ver. Üzünü o yana çevirib yatdı. Anama desəm yaxşıdır. Yəqin etiraz etməz. Bəs doğum evi. Eybi yox orda yığışanda bir şey fikirləşərlər. Qaynatam jurnalistdir. Qışqır-bağır salacaq, o saat qorxacaqlar. Demaqoqluğu əla bacarır. Elə bərkdən bağıracaq  ki, mən doğanda qışqırmağım onun yanıda toya getməli olacaq. Muştuluq yerinə də yeni çıxan 100 qramlıq kitabını avtoqraf yazıb verəcək.

Hə. Bunu da yoluna qoyduq. Dalımızca deyinəcəklər? Qoy deyinsinlər. Nə olacaq ki? Xeyir-duanı Allah verir, roddom yox!

 Kitab çıxarmalıyam. Ona görə yox ki, onu kimsə oxuyacaq. Əsla. Sadəcə bir yerə yığım ki, toplu şəklində qalsın. Bir də ki, qohum var, tanış var. Bir yerə gedəndə desinlər ki, böyük yazardır. Hələ kitabı da çıxıb.  Nə olsun ki, çəkisi 100 qramdır.  Bəs sponsor hardan tapım? Kimin yanına gedim? Kimin qapısın döyüm? Bəlkə borca çıxarım? Sonrasına Allah kərimdir. Qapı-qapı düşüb kəndimizdən olan vəzifəli adamlara paylayaram. Hərəsi 50 manat versə bəs edər. Heç olmasa kitabın pulu çıxar. Bəs borcu hardan tapım? Hələ dost-tanış boynuma qonaqlıq da qoyacaq. Eybi yox, telefonu söndürərəm. Bəs sonra? Əsas kitabın dünyaya gəlməsidir, sonrasına isə Allah Kərimdir!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir