Modern.az

Gülər Əhmədova İsa Qəmbərlə rəqib olmağa necə baxır?

Gülər Əhmədova İsa Qəmbərlə rəqib olmağa necə baxır?

17 May 2010, 19:24

 

 

Bu il noyabrın 7-də keçiriləcək parlament seçkilərinin vaxtı  yaxınlaşdıqca tanınmış simaların da hansı dairədən namizəd olacağı dəqiqləşir.

Bu gün yayılan məlumata görə, Müsavat Partiyasının başqanı İsa Qəmbərin və partiyanın rəhbərliyində təmsil olunan bəzi şəxslərin seçkiyə hansı dairələrdən qatılacağı bilinib. Ötən seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizəd olmuş Müsavat başqanının budəfəki seçkilərə 15 saylı Yasamal seçki dairəsindən qoşulacağı bildirilib. Qeyd edək ki, 15 saylı Yasamal seçki dairəsinin hazırki deputatı Gülər Əhmədovadır. Xanım millət vəkilinin qarşıdakı seçkilərdə yenidən namizəd olacağı gözlənilir. Maraqlıdır, Gülər Əhmədova İsa Qəmbərlə seçki marafonunda rəqib olmağa necə baxır? Modern.az bununla bağlı G.Əhmədovaya müraciət edib. Millət vəkili Gülər Əhmədova bildirib ki, indiyə qədər seçkilərdə onun rəqibləri cəmiyyətdə tanınan adamlar olublar. Buna baxmayaraq onlara qalib gəlməyi bacarıb.

Qarşıdakı seçkidə 15 saylı seçki dairəsindən namizədliyini irəli sürüb-sürməyəcəyi məsələsinə gəlincə deputat qeyd edib ki, bu onun səlahiyyətində olan məsələ deyil: “Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Təbii ki, hansı dairədən namizədliyimin irəli sürülməsi partiyadan asılıdır. Partiya namizədliyimi hansı dairədən məsləhət biləcəksə, mən də həmin dairədən namizəd kimi seçkilərə qatılacam”.

 

“Müsavat başqanı ilə yarışmaq istərdinizmi” sualını isə deputat belə cavablandırıb: “İndiyə qədər qalib gəldiyim namizədlər ondan zəif olmayıb. Partiya məsləhət bilsə, təbii ki, 15 saylı seçki dairəsindən namizədliyim irəli sürəcəm. Bu zaman qələbə çalacağıma da tam əminəm”.

  G.Əhmədovanın sözlərinə görə, İsa Qəmbər ötən seçkilərdə

20 saylı Nərimanov ikinci seçki dairəsindən namizəd olarkən demişdi ki, o, həmin ərazidə liderdi: "Əgər 20 saylı Nərimanov ikinci seçki dairəsində lider olduğunu deyib seçicilərinə əmin idisə, onda niyə indi namizədliyini başqa dairədən vermək istəyir. Bu qərar onda qeyri-ciddi siyasətçi imici formalaşdırır".

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir