Modern.az

Şəhid anası

Şəhid anası

18 Yanvar 2014, 13:14

Mehman  QAYIBOV

Qardaşım Nizaməddənin xatirəsinə ithaf edirəm. Allah şəhidlərimizə rəhmət eləsin!

Zeynəb arvad həmişəki kimi yuxudan erkən oyanmışdı. Toyuq-cücələrə dən verib, həyət-bacanı da silib-süpürmüşdü. Bir az narahat görünürdü. Bu gün o, şəhərə gedəcəkdi, oğlunu görməyə. Böyük oğlu Səlim xeyli vaxt idi ki, xəstəxanada yatırdı. Müharibədə aldığı kontuziyadan əziyyət çəkirdi, əsəbləri isə son vaxtlar heç sözünə baxmırdı.

Zeynəb arvad dodağının altında nəsə pıçıldaya-pıçıldaya boğçasını əlinə alıb, həyət-bacaya göz gəzdirdi. Darvazaya yaxınlaşanda balaca köpək Toplan artıq onu qapının ağzında gözləyirdi. O, küçəyə çıxıb qapını yarıaçıq örtdü. Çünki Toplan onu yola salandan sonra geri qayıdacaqdı.

Zeynəb əsasını yerə möhkəm dirəyərək, yavaş-yavaş, kənd arası ilə avtobus dayanacağına sarı yollandı. Yırğalana-yırğalana, dayana-dayana bir müddətdən sonra dayanacağa çatdı. Toplan küçənin başında durub onun avtobusa minməsini gözləyirdi, sonra adəti üzrə geri-evə dönəcəkdi.

Dayanacaqda xeyli adam vardı. Şəhərə gedəcəkdilər. Avtobusu gözləyənlər danışırdılar ki, bu gecə də oğrular Qulu kişinin toyuqlarını aparıblar. Son vaxtlar yaman dəb düşmüşdü, gecə oğurluğu. Kənddə daha o qapı qalmamışdı ki, kiminsə toyuqlarını ya da mal-qarasını aparmasınlar. Təkcə Zeynəbin toyuq-cücələri sayılı qoz kimi yerindəydi.

Dayanacaqda bir müddət gözlədikdən sonra avtobus da gəldi. Yenə basa-bas idi. Deyəsən, Zeynəb arvad bu dəfə də avtobusa minə bilməyəcəkdi. Avtobusun qapısından  sallanan Qulu kişinin oğlu Vəli Zeynəb arvada baxıb, dilləndi:

- Sən hara, ay arvad? Bircə sən çatmırdın.

Dayanacaqdakılar bir-birlərini itələyə-itələyə, birtəhər avtobusa minməyə çalışırdılar. Zeynəb bir qədər kənarda dayanıb, bu hadisəni özünəməxsus şəkildə seyr edirdi. Bu dəmdə qara rəngli bir maşın avtobusu sürətlə ötüb keçdi. Bir qədər getdikdən sonra dayandı. Maşın sonra arxaya hərəkət edərək düz Zeynəb arvadın ayağının dibində dayandı. “Cip”-dən düşən qara eynəkli oğlan Zeynəb arvada yaxınlaşıb salamlaşdı. Sonra maşının arxa qapısını açdı. Onun maşına əyləşməsinə kömək edib, əsasını da özünə verdi. Qapını örtüb sükan arxasına keçdi. Arxadan avtobusa minmək üstündə dava-dalaş salan qadınlardan birinin səsi eşidildi. Bu Hürü arvadın səsi idi.

- Bəxtəvərə bax, qara maşında gedir, özü də tək.

Bayaqdan avtobusun qapısı ağzında basabas salanlar qeyri-ixtiyari dayanıb qara maşına sarı boylandılar...

Kənddən çıxandan sonra qara eynəkli oğlan Zeynəbə sarı çönüb soruşdu:

- Yenə xəstəxanaya gedirsən, ana?

Zeynəb arvad dillənmədi. “Cip”-in sürücüsü kənddə böyük hörmət sahibi olan Nəsir idi. O, şəhərə çatanda maşını xəstəxananın qarşısına sürüb, dayandı. Maşından düşüb, Zeynəbə yerə enməyə kömək etdi.

- Aptekdən nəsə alacam, ana? - deyə o, soruşdu. Zeynəb arvad  gödəkcəsinin cibindən bir parça kağız çıxarıb, ona uzatdı. Bu dərmanların resepti idi. Nəsir resepti alıb yaxınlıqdakı aptekə getdi. Tezliklə dava-dərmanla geri qayıtdı. O, Zeynəb arvadı xəstəxananın qapısından içəri ötürdü. Sonra isə maşına oturub yüksək sürətlə gözdən itdi. Çox bərk sürürdü maşını Nəsir. Həmişə də bunun üstündə Zeynəb arvaddan danlaq yeyərdi.

Xəstəxanada bir müddət qalan Zeynəb oğlunun vəziyyəti ilə maraqlandı. Özü ilə gətirdiyi boğçanı açıb onunla birlikdə nahar etdi. Bir qədər oğlu ilə dərdləşdikdən sonra Nəsirin aldığı dərmanları bayaqdan onları müşahidə edən tibb bacısına verib, ağır-ağır addımlarla oranı tərk etdi.

Kəndə qayıdanda artıq axşama doğru idi. Bu gün nəsə heç özünü yaxşı hiss etmirdi Zeynəb. Elə hey dodağının altında nəsə deyinirdi. Bir azdan qızı gəlib baş çəkəcəkdi ona. Buna görə özünü ələ alıb, bir qədər sakitləşməyə cəhd edirdi...

Bütün günü keçirdiyi narahatlıq gecə də özünü göstərdi. Tez-tez yuxudan oyanardı Zeynəb arvad. Yatağın içində dağı arana, aranı da dağa aparırdı. Gecə çox sakitlik idi. Həmişəki kimi evin zirzəmisində gecələyən Toplanın da səsi çıxmırdı. Səhərə yaxın bir hənirti duydu Zeynəb arvad. Elə bil, həyətdə kimsə var idi. Toplanın bir-iki ağız hürdükdən sonra sakitləşdi. İsti olduğuna görə yatdığı otağın pəncərəsini açıq qoymuşdu Zeynəb. Tərslikdən, bu gecə kəndin işıqları da sönmüşdü. Ayın qabağını isə buludlar tutmuşdu. Lap cəhənnəm qaranlığı idi. Birdən bu qaranlıqdan süzülüb gələn vahiməli səs eşidildi:

Sən məni hara gətiribsən, ay evin yıxılsın?

Əşi, qorxma, burada qoca bir arvad yaşayır, iti də adam tutan deyil, görmürsən heç səsi də çıxmır. Toyuqları götürüb, sakitcə çıxıb gedərik.

Dayan görüm ayə, yoxsa bu Nazimin anasının həyətidir?

Sənin üçün fərqi nədir? Toyuqları satarıq, bir azını yeyib içərik, birazını da xərclik edərik. Damdan təzə çıxıbsan.

- Sənin başına at təpib? O dünyada bizi şişə çəkərlər. Mən bu işə qol qoya bilmərəm, gəl gedək.

Zeynəb arvad getmək istəyəni səsindən tanıdı. Bu Xalidənin həbsdəki oğlu Malikin səsi idi. Görünür azadlığa çıxıb.  Bir qədər keçdikdən sonra tam sakitlik yarandı.

Səhər açıldı, o, həmişəki kimi yatağından qalxıb, həyət-bacanı dolandı. Hər şey yerində idi. Ancaq adəti üzrə toyuq-cücəni çölə buraxmadı. Zəng edib, küçənin o biri başında yaşayan qızını çağırdı. Hindən ən yekə xoruzu tutub, onu Xalidə gilə verməyi tapşırdı. Yalnız bundan sonra bir qədər sakitləşdi...

Günortaya yaxın darvaza döyüldü. Gələn bacısı oğlu Sahib idi. O, hər saat bu qapıya gəlməzdi. Açığı Zeynəb arvadın ondan heç xoşu da gəlmirdi. Niyəsini heç özü də bilmirdi. Bir qədər söhbətdən sonra Sahib gəlişinin məqsədini bildirdi:

- Ay xala, uşaqlar böyüyür, böyüdükcə problemləri də artır. Odur, indi oğlum Kərimin əsgərlik vaxtıdır. İnstituta da girə bilmədi. Deyirəm hökumət Nazimə görə sənin pensiyanı artırıb, varındısa mənə bir az pul verəydin.

Bayaqdan sakitcə ona qulaq asan Zeynəb ayağa qalxdı. O arxa evdən pul gətirməyə hazırlaşırdı. Ancaq birdən dayanıb, pulun nəyə lazım olduğunu soruşdu. Sahib dedi:

- Neynəyim axı, xala, gözüm görə-görə uşağı əsgərliyə göndərim? Odur, sən Nazimi göndərdin nə oldu? Heç meyidini də qaytarmadılar. Göndərəcəm Uruset, qoy gedib bir müddət orda qalsın, sonrasına baxarıq.

Hər şey ani baş verdi... Zeynəb arvad özünə gələndə əsasının ortadan parçalandığını, bacıoğlunun başından isə qan axdığını gördü. Sahib - Ay arvad, sən neynirsən? Lap ağlını itirmisən, deyərək, əli ilə başını tutub, ufuldaya-ufuldaya qapıdan çıxdı.

Zeynəb bir xeyli oturduğu stuldan qalxa bilmədi. Boğazı qurumuşdu. Su içmək istəyirdi. Ancaq bütün bədəni  titrədiyindən ayaqları sözünə qulaq asmırdı. O, qırılmış əsasına baxır, öz-özünə düşünürdü: gərək təzə əsa alım, onsuz keçinə bilmərəm.

Bir müddətdən sonra özünə gələn Zeynəb bu günü birtəhər başa vurmağa çalışırdı. Axşamüstü qapı yenə döyüldü. Bu dəfə gələn qonşu Mahmud kişi idi. Mahmud kişi kənddə söz sahibi olan ağsaqqallardan idi. Bayram günlərində Zeynəb arvadın payını həmişə gəlinindən göndərirdi. Bu qapıya özü nadir hallarda gələrdi. Görünür nəsə vacib bir iş üçün gəlmişdi. Hal-əhval tutub, gəlişinin məqsədini bildirdi. O, Zeynəbi kiçik oğlunun toyuna dəvət edirdi. Mahmudun kiçik oğlu Nazimlə həmyaşıd idi. Toy sabah idi...

Bir qədər söhbətdən sonra Zeynəb Mahmud kişini yola salıb, evə qalxdı. Sabahkı toya hazırlaşmaq lazım idi. Zeynəb çox ciddi görünürdü. Axı sabah o, cavanlara xeyir-dua verəcəkdi. Bütün kənd ağsaqqalları, ağbirçəklər, cavanlar orda olacaqdı, təkcə...

Zeynəb səhərin açılmasını səbirsizliklə gözləyəcəkdi. Sabah özü ilə yeni bir gün gətirəcəkdi. Bu gün Nazimsiz bir gün olsa da inam və ümid dolu bir gün olacaqdı!  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir