Modern.az

“Gənclər Təşkilatları Milli Şurası olaraq bu tipli görüşlərə qatılmağın əleyhinəyik”

“Gənclər Təşkilatları Milli Şurası olaraq  bu tipli görüşlərə qatılmağın əleyhinəyik”

Parlament

18 May 2010, 13:43

Modern.az saytının suallarını millət vəkili, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov cavablandırır

- Gənclər Təşkilatları Milli Şurası hər il yay düşərgələri təşkil edir. Bəs bu il necə, hansı belə tədbirləriniz olacaq? - Hər ilin yay aylarında olduğu kimi, bu il də “yay məktəbləri” təlim düşərgələrini həyata keçirməyi planlaşdırırıq. Bu il ilk tədbirimiz mayın 28-dən iyunun 4-dək Azərbaycanın Cənub bölgəsində - 6 rayonumuzda keçiriləcək. Bu tədbir gənclər və uşaqlar arasında düzənlənəcək ki, mövzu da sağlam həyat tərzi, gənclərin özlərinə məxsus davranışları ilə bağlı cəmiyyətdə yeni proqramların həyata keçirilməsi olacaq. Bildiyiniz kimi, Azərbaycanın bir sıra bölgələrində, xüsusilə Cənub bölgəsində bəzi narahatçılıq yaradan problemlər var. Bu problemlərin başında da uşaqların, yeniyetmələrin, gənclərin yaşının az olmasından istifadə edərək, bəzi qüvvələrin onları müəyyən hallarda narkotik maddələrdən istifadəyə istiqamətləndirməsi dayanır... Budəfəki təlimdə 40 nəfər uşaq və gənc iştirak edəcək ki, onlara da BMT-nin mütəxəssisləri təlim keçəcəklər və onlar çalışacaqlar ki, sağlam həyat tərzi, reproduktiv sağlamlıq məsələləri ilə bağlı öz tövsiyələrini versinlər. Həmçinin iyul ayında da böyük bir düşərgə təlimi həyata keçiriləcək. Nəzərdə tuturuq ki, bu düşərgə bütövlükdə Azərbaycanı əhatə etsin. Çalışacağıq ki, burada da uşaqlarımızı və gənclərimizi narahat edən məsələlər, xüsusilə onların sağlamlıqları ilə bağlı problemlər müzakirə mövzusuna çevrilsin. Nəzərinizə çatdırmaq istəyirəm ki, artıq bu istiqamətdə də işlərə başlanılıb. Paralel olaraq mayın 30-da parlamentin bir neçə üzvü – vitse-spiker Valeh Ələsgərovun rəhbərliyi ilə Moskvada Rusiya-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Qrupunun görüşündə iştirak edəcək. Bildirmək istəyirəm ki, sözügedən qrupun üzvü kimi mən də həmin tədbirə qatılacağam...

- Bu səfər çərçivəsində planlaşdırılan görüşlərdə hansı  məsələlər müzakirə mövzusu olacaq?

- Budəfəki görüşdə əsasən Rusiyanın qanunverici orqanı ilə Azərbaycanın qanunverici orqanı arasında əməkdaşlıq və bu əməkdaşlıqdan irəli gələn məsələlər müzakirə mövzusu olacaq. Hesab edirəm ki, budəfəki səfərimiz çox əhəmiyyətli və uğurlu olacaq.

- Rusiyada keçirilən görüş çərçivəsində erməni parlamentarilərilə də bir araya gəlmə baş verə bilərmi?

- Xeyr. Bu, ikitərəfli görüşdür. Bu cür görüşləri də Rusiya Federasiyası Dumasının sədr müavini xanım Orlova və onun başçılıq etdiyi nümayəndə heyəti, həmçinin vitse-spiker Valeh Ələsgərov və onun rəhbərlik etdiyi nümayəndə heyəti reallaşdırır. Görüşün gündəliyinə çıxarılacaq məsələləri də məhz bu qrupun üzvləri özləri müəyyən edirlər. Adətən də bu cür görüşlərdə 3-4 məsələ müzakirə mövzusu olur. Yəqin ki, bu dəfə də belə olacaq.

- Ümumiyyətlə, müxtəlif formatlarda keçirilən tədbirlərdə Azərbaycan və erməni nümayəndə heyətləri mütəmadi olaraq bir araya gəlirlər. Yadınızdadırsa, bir müddət öncə iki ölkənin ziyalıları, o cümlədən millət vəkilləri arasında da bu cür təmaslar olmuşdu. Bu baxımdan, siz bu tipli təmaslara necə yanaşırsınız?

- Gənclər Təşkilatları Milli Şurasının Qarabağ münaqişəsi, Ermənistan-Azərbaycan konflikti başlayan vaxtdan mövqeyi belə olub ki, heç zaman bu tipli görüşlərə, təmaslara qatılmasın. Eyni zamanda, Milli Şura müxtəlif beynəlxalq təşkilatların üzvü və həmin təşkilatlarda Ermənistan nümayəndə heyəti də təmsil olunduğuna görə, təbii ki, həmin çərçivədə müəyyən müzakirələr aparılıb, təmaslar olub. Amma bir daha qeyd edim ki, bu görüşlər heç zaman ikitərəfli görüşlər olmayıb. Bu görüşlər məhz o beynəlxalq təşkilatların məramnaməsi çərçivəsində reallaşdırılıb. Ona görə biz indi də öz mövqeyimizdə qalırıq və hesab edirik ki, bəli, insanlar arasında ünsiyyət vacibdir, amma bu ünsiyyətin qurulmasının bir vacib şərti var: bu da Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunmasıdır. Bu gün bizim apardığımız siyasət də ondan ibarətdir ki, daha doğrusu, erməniləri başa salmalı, onları vadar etməliyik ki, Azərbaycanla hər hansı bir məsələdə əməkdaşlıq həyata keçirmək istəyirlərsə, bu əməkdaşlıq məhz Azərbaycan torpaqlarının azad olunmasından keçir...

- Sözlərinizdən belə çıxır ki, siz xalq diplomatiyasını o qədər də məqbul saymırsınız...

- Bilirsiniz, dünya praktikasına da nəzər salanda görürük ki, xalq diplomatiyası çox nadir hallarda hansısa münaqişənin həllinə gətirib çıxarır və ya ona müsbət töhfəsini verir. Sadəcə, münaqişənin hansısa bir həll istiqaməti bəlli olur və yalnız bu zaman bu istiqamətdə artıq xalq diplomatiyası işə düşür. Yəni, əvvəlcədən, belə demək mümkünsə, heç bir istiqamətdə irəliləyiş əldə olunmamış xalq diplomatiyası işə düşmür, yaxud düşürsə də öz müsbət təsirini göstərmir. Onu da qeyd edim ki, Ermənistan tərəfi Madrid prinsirlərini, Azərbaycanın tələblərini qəbul etmir və bununla da bir daha konstruktiv mövqeyə gəlməyə hazır olmadığını nümayiş etdirir. Belə olan halda, xalq diplomatiyasının da heç bir əhəmiyyəti yoxdur.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı