Modern.az

Nəsib bəy Yusifbəylinin faciəsi və ailə dramı - ARAŞDIRMA

Nəsib bəy Yusifbəylinin faciəsi və ailə dramı - ARAŞDIRMA

21 Yanvar 2014, 23:46

Azərbaycan ideyasına siyasi məna verən, müstəqillik savaşının ideoloqu, Azərbaycan Xalq Cümhuriyyətində iki dönəm baş nazir vəzifəsini yerinə yetirən Nəsib bəy Yusifbəylinin həyat və fəaliyyəti təəssüf ki geniş tədqiqatdan kənardadır. Çox sadə həyat tərzi keçirən, Odessada hüquq təhsilini yarımcıq buraxıb Türkiyədə və Azərbaycanda hürriyyət savaşına qatılan Nəsib bəyin ailə hekayəti də kifayət qədər maraq doğurur.

Çox qısa cəmi 39 il ömür sürən Nəsib bəyin İsmayıl Qaspralı kimi böyük şəxsiyyətin qızı Şəfiqə xanımla evliliyi, ailəsi və övladlarının taleyi sanki bir savaşla üz-üzə qalıb.Görünür böyük amallar uğrunda savaşanların taleyi, ailə həyatı da qalmaqallardan mübarizələrdən gəlib keçir.

Odessadakı yarımçıq təhsilini Xarkovda davam etdirən Nəsib bəy Yusifbəyli 1907-ci ildə Baxçasaraya gəlir və Rusiya müsəlmanlarının milli oyanışı üçün böyük maarifçilik missiyasını həyata keçirən İsmayıl bəy Qaspralının “Tərcüman” qəzetində calışır. İsmayıl Qaspralı ilə aralarında ata-bala münasibəti yaranır. Nəsib bəy Yusifbəyli ilk sevgisini də elə burada “Tərcüman” qəzeti redaksiyasında tapır. İsmayıl Qaspralının qızı Şəfiqə xanımla tanış olur və aralarında böyük sevgi yaşanır. Nəriman Nərimanov da Şəfiqə xanıma evlənmək təklif edir. Lakin Şəfiqə xanım Nəsib bəyi seçir.

Nəsib bəyin bu evlilikdən Zöhrə və Niyazi adlı iki övladı dünyaya gəlir. Çox keçmir ki, səbəbi indiyə qədər sirr olan bir ailə ixtilafı üzündən Nəsib bəylə Şəfiqə xanım ayrılır.Nəsib bəy sonradan başqa bir xanımla ailə qursa da, Şəfiqə xanım Qaspralı, ömrünün sonunadək Nəsib bəyə və övladlarına sadiq qalır, ailə həyatı qurmur.

N. Yusifbəyli ailəsindən ayrılıb Azərbaycana dönsə də övladları ilə daima əlaqə saxlayır.Şəfiqə xanım da buna etiraz etmir. İsmayıl bəy Qaspralı da qızının ayrılmasına baxmayaraq, Nəsib bəyə böyük hörmət bəsləyir.1914-cü ildə İ.Qaspralı ömrünün sonunu duyub Nəsib bəyi Baxçasaraya cağırır və vəsiyyətini də ona söyləyir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini qurulduqdan sonra Nəsib bəy ailəsini Bakıya gətirir.Hec iki il tamam olmur ki, Azərbaycanın bolşevikləşməsindən dolayı ailə yeni bir faciə ilə üz-üzə qalır. N.Yusifbəyli 1920-ci ilin mayında Gürcüstana keçmək istərkən Kürdəmirdə bolşevik xəfiyyələri tərəfindən qətlə yetirilir.

Bu zaman Şəfiqə xanım, Niyazi və Zöhrə  Nəsib bəyin qətlindən xəbərsiz idi.

27 aprel faciəsinin arxasınca baş nazir Nəsib bəy Yusifbəylinin qəlbağrıdan ailə dramı başlayır. 1992-ci ildə İstanbula Xalq Cümhuriyyəti liderlərinin taleyini araşdırmağa yollanan jurnalist Xanlar Bayramov Nəsib bəyin qızı Zöhrə xanımla görüşür və bəzi məlumatlarla  vətənə dönür. “Azərbaycan deyib yana-yana yaşayıb Türkiyəni özünə vətən seçən” Zöhrə xanım jurnalistə ailə dramını belə nəql edir:

- Aprelin 27-də Nəsib bəy pərişan halda rus millətindən olan sürücüsü Mitya ilə evə gəldi. Həyəcanla bildirdi ki, fəna bir zaman başladı. Hər yerdə tutatutdu. Sonra cibindəki pulun bir hissəsini stolun üstünə qoyaraq bizimlə vidalaşdı. “Özünüzü qoruyun” - deyərək dərhal qapıdan çıxaraq, hansısa istiqamətə getdi.

Və bu Azərbaycanın baş naziri Nəsib bəy Yusifbəylinin ailəsi ilə son görüşü olur.


Bir neçə gün sonra baş nazirin ailəsi Flarmoniya ilə üzbəüz binadakı mənzillərindən bayıra atılır. Şəfiqə xanım Qaspralı və iki övladı xeyirxah insanların köməyi ilə şəhərin kənarında kiçik bir daxmada yaşayır. İki il də belə gəlib keçir. Türkiyənin Bakı konsulu Məmduh Şövkət bəy, Nəsib bəy Yusifbəylinin ailəsinin ağır durumundan xəbər tutur. Gizlincə Şəfiqə xanımın yanına adam göndərir. Saxta sənədlər düzəldərək onları Türkiyəyə keçirir. Zöhrə xanım, Niyazi və Şəfiqə xanım çətinliklə Batumdan kiçik bir gəmiylə Trabzona keçə bilirlər. Trabzonda xoş bir təsadüf onları Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən Şəfi bəy Rüstəmbəyli ilə rastlaşdırır.

Şəfi bəy, Nəsib bəyin ailəsinə böyük hörmətlə yanaşır və onları İstanbula gətirir. Şəfiqə xanım İstanbulda Qaspralı nəslinin nüfuzlu nümayəndələrinin köməyi ilə ayaqda durmağı bacarır.

Nəsib bəyin övladlarını taleyi bax beləcə savaşlardan keçir. Qızı Zöhrə Cümhuriyyətin Avropaya ali təhsil almaq üçün göndərdiyi yüz tələbədən biri olan Mirzə bəy Hacızadə ilə ailə qurur. M.Hacızadə Almaniyada Kənd Təsərrüfatı İnstitutunu bitirir, sereksiya sahəsi üzrə çox məşhur alim olur. Bolşevik istilasından sonra Azərbaycana dönmür, ömrünün sonunadək İstanbulda yaşayır. M.Hacızadə sonra Göygöl soyadını götürür. 

Niyazi Yusifbəyli isə atasının yolunu davam etdirir. Türkiyədə qurulan mühacirət təşkilatlarında və mətbu orqanlarda calışır. Niyazi Yusifbəylinin mühacirətdəki fəaliyyəti demək olar ki böyük bir araşdırmanın  tədqiqatın mövzusudur.

***


Niyazi Yusifbəyli 1910-cu ildə dünyaya göz açıb. İlk ibtidai təhsilini Qalatarasay liseyində alıb.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulandan bir il sonra atasının təkidindən və yazışmalarından dolayı anası və bacısı Zöhrə ilə birgə Azərbaycana dönüb. N.Yusifbəyli “Mücahid” dərgisinin 1957-ci il may buraxılışında “1920-ci ilin apreli və bir xatirə” yazısında qeyd edir ki, aprel çevrilişini Bakıda Ağayevlərin (Əhməd bəy Ağayevi nəzərdə tutur) evində eşidiblər. Evə dönərək təcili yır-yığış edib, atasının “baş vəkalət” maşınına axırıncı dəfə minərək dəmir yolu vağzalına yollanıblar. Ailəsini əmisi Eyyubun qatarla Gəncəyə apardığı zamanı çəkdikləri əziyyəti xatırlayan Niyazi bəy atası Nəsib bəy Yusifbəylini “əziz böyüyümüz” deyə anır.

N.Yusifbəylinin qətl xəbəri İstanbula köçən Şəfiqə xanım Qaspralıya gec çatır. Maddi sıxıntı içində iki övladı ilə tənha yaşayan Şəfiqə xanım, bir müddət İstanbulda “Hilali-əhmər” cəmiyyətində çalışır. Türkiyədə nəşr olunan “Şəfiqə Qaspralı və Rusiyada Qadın Hərəkatı (1893-1920)” kitabında verilən bilgilərə görə, Nəsib bəydən ayrı yaşamasına baxmayaraq Şəfiqə xanım öz ilk sevgisinə ömrünün sonunadək sadiq qalıb. Nəsib bəyin yoxluğundan sarsıntı keçirən Şəfiqə xanımın gündəliyindəki qeyd olduqca  ibrətamizdir: “Nəsib, hardasan? Suda, ya torpaqdasan? Heç nə bilmirəm. Harda olursan ol, ətrafın nurla dolsun. Səni çox sevirəm”.

Azərbaycan Cümhuriyyəti lideri N.Yusifbəylini qətlə yetirənlər yanlış informasiyalar yaymaqla məşğul olurlar. İz azdırmaq üçün guya N.Yusifbəylinin ac-susuz İstanbulda, sərkərdan gəzdiyi şayəsini ortaya atırlar. Şəfiqə xanım isə övladlarının atası barədə həqiqətləri öyrənməyə çalışır. İstanbulda təsadüfən Nəsib bəyin sürücüsü ilə qarşılaşır, onu sorğu-suala çəkir və qətlin təfərrüatını öyrənir. N.Yusifbəyli Yevlaxda dostu Cümhuriyyət parlamentinin üzvü Qarxunlu Əşrəf bəyin evindən ayrılıb Gürcüstana keçmək istəyərkən Kürdəmir ətrafında bolşevik xəfiyyələri tərəfindən qətlə yetirilir. Sürücü yaralı halda qaçmağa macal tapır.

Qətlin boşlşeviklər tərəfindən deyil, Nəsib bəyin öz əqidədaşı, Qarxunlu Əşrəf tərəfindən tamah məqsədilə törədildiyi xəbəri yayılır. Bolşevik  xəfiyyələri tərəfindən uydurulan bu şayiə günümüzədək gəlib çıxır və Nəsib bəyin qətlinin öz əqidədaşı tərəfindən həyata keçirildiyi bəzi tədqiqatçıların, o cümlədən Mövsüm Əliyevin yazılarında əks olunub. Tarixi araşdırıcı Şəmistan Nəzirli uzun tədqiqatdan sonra, həqiqəti ortaya çıxarır. Qətlin Qarxunlu Əşrəf bəy tərəfindən törədilmədiyi ortaya çıxır.

Anası və bacısı ilə İstanbulda çətin şəraitdə yaşayan Niyazi Yusifbəyli atasının qətlə yetirildiyi Kürdəmiri çox sonralar özünə soyad seçir. Bu barədə Niyazi bəyin qızı,   Ankarada hüquq məsləhətxanasında vəkil işləyən Şaika Qaspralı Kürdəmir Ankara Türk Ocaqları təşkilatının konfransında məlumat verir:  “Babam Nəsib bəy Yusifbəyli M.Ə.Rəsulzadə ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusudur. Atam Niyazi bəy babamızın qətlə yetirildiyi Kürdəmiri özünə soyad seçib. Biz də bu soyadı daşıyırıq”. Qeyd edək ki, Niyazi bəy mühacirət mətbuatındakı məqalələrini Kürdəmir və Yusifbəyli imzasıyla dərc etdirib.

***


Qalatasaray liseyindən sonra N.Yusifbəyli İstanbul universitenin dil, tarix və coğrafiya fakültəsində təhsilini davam etdirib. Bir müddət müxtəlif təhsil ocaqlarında müəllimlik edib. Ali təhsil aldığı illərdə Azərbaycan mühacirlərinin sırasına qatılan Niyazi bəy M.Ə.Rəsulzadənin ideya müəllifi olduğu Azərbaycan Gənclər Birliyində və Azəri-Türk Tələbələr birliyində ictimai-siyasi fəaliyyətə başlayıb. Publisistik fəaliyyətə də elə bu dönəmlər başlayıb.

1930-cu illərdən sonra mühacirətdə olan liderlər arasında fikir ixtilafı yaranır və Müsavat Partiyasına qarşı müxalifət formalaşır. N.Yusifbəyli də müxaliflərin cərgəsinə qatılaraq qatı millətçi mövqeyə keçir. Nağı bəy Şeyxzamanlının, Şəfi bəy Rüstəmbəylinin, Sadiq Aranın, İsgəndər xan Xoyskinin, Əhməd Ulusoyun, Çingiz Göygölün, Mehmet Altunbayın formalaşdırdıqları Turançı, Türkçü Azərbaycan cəmiyyət və dərnəkləri, mətbu yayım orqanları liberal dünyagörüşlü təşkilatlara qatı müxalifət mövqeyində dayanırlar. 1952-ci ildə Azərbaycan Kültür dərnəyinə paralel olaraq Azərbaycan Milliyyətçilər Dərnəyi qurulur və Niyazi Kürdəmir Yusifbəyli də bu təşkilatın idarə heyətinə qatılır. Dərnəyin “qurucu üyeləri” sırasında Həsən bəy Zərdabinin oğlu Səffət Zərdabi də var. Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyatdan keçən nizamnaməsində əsas qurucular barəsində verilən məlumatda bəlli olur ki, Niyazi Kürdəmir Yusifbəyli müəllimdir, Ankaranın İşıqlar küçəsi Arıklı “apartmanında” qeydiyyatdadır.

Azərbaycan Millətçilər Dərnəyinə Çingiz Göygöl rəhbərlik edir və az sonra təşkilatın mətbu orqanı “Türk izi” dərgisinin nəşrinə icazə alınır.

***

Niyazi Yusifbəyli siyasi-publisistik fəaliyyətə “Türk izi” dərgisiylə başlayır. 1952-ci ilin mayında dərginin ilk sayı işıq üzü görür. Baş məqalədə dərginin ideya-siyasi istiqaməti barədə ətraflı  məlumat verilir və konkret tələblər səsləndirilir: “Azərbaycan davasını şəxsi mənfəətlərinə alət edən professional sehirbazları və onlara kor-koranə itaət edən  qapıqullarının təsvirə sığmayan hərəkətlərini qəbul etmədiyimizi və bunlarla münasibətdə olmadığımızı açıqlamaq istəyirik”. Kəskin müxalifətçi və millətçi mövqeyi ilə seçilən “Türk izi”nin ilk sayında Niyazi bəy Kürdəmir imzasıyla “Azərbaycan və mühacirətlər” məqaləsini çap etdirib. Azərbaycanın ən qədim dövrünə nəzər yetirən müəllif bu elmi tədqiqat mahiyyəti daşıyan məqalədə yetərincə tarixi biliyə sahib olduğunu, xalqımızın soy-kökünə bələdliyini ortaya qoyur. Miladdan öncə 655-ci ildə saka türklərinin Şimali Qafqazda yaşayan kimmerləri təqib edərək Azərbaycana gəlməsi və sakaların Kür boyunca Gəncə vilayətinin Qərbində yerləşdiyini yazan N.Yusifbəyli, Azərbaycanı öz türk soyundan ayırmaq istəyənlərə tutarlı faktlarla cavab verir: “Son zamanlar ortaya atılan və qulaqlara doldurulmağa başlayan Türk Albaniya tezisi nədənsə Azərbaycan Türkünə Alban damğası vurmaq istəyi daşıyır. Bunun səbəbi bir çoxları üçün məlum olmasa da, bizcə bu “orjinal tezis” maddi düşüncələr səbəbindən ortaya atılıb”.

Qərb tarixşünaslarından A.P.Laister və G.F.Çursindən misallar gətirən N.Yusifbəyli yazır: “Azərbaycan türkləri müxtəlif türk boylarından təşəkkül edib. Bu boylar çox əski dövrlərdən etibarən Məvareyi-Qafqaziyanın şimal və cənubunu istila edərək çeşidli bölgələrdə yerləşib. Son böyük axınlar XI və XIII əsrlər arasında olub. Səlcuq boylarının  bəzi qolları Azərbaycana gələrək hakimiyyətini təşkil etdikləri kimi XIII əsrdə də Hülakü xanın iradəsi ilə Orta Asiyada yaşayan 150 min türk ailəsi Azərbaycana yerləşdirilib”.

Milli və türkçü baxışlara sahib olan N.Yusifbəylinin bu düşüncələrini tək onun tarixi dərindən mənimsəməsində deyil, soy-kökündən, genindən doğduğu da diqqətdən yayınmamalıdır.

Maraqlıdır ki, əlimizdə olan “Türk izi” dərgisinin ilk sayı  Niyazi bəyin anası Şəfiqə xanıma hədiyyə etdiyi nüsxədir. Avtoqrafında Niyazi bəy yazır: “Ən dərin sevgilərimlə anama. N.Kürdəmir. 29.5. 1952”

“Türk izi”nin iyun-iyul aylarını əhatə edən ikinci sayında N.Yusifbəyli ilə yanaşı, Həsən bəy Zərdabinin oğlu Səffət Zərdabinin də məqaləsi dərc edilib. Türkiyədə mühacirət ömrü yaşamağa məcbur olan Niyazi bəylə Səffət Zərdabi əqidə və məslək dostları idi. Hər ikisi həm “Türk izi”, həm də “Mücahid” dərgisində uzun müddət birgə çalışıb, yorulmadan Azərbaycanın istiqlalının bərpası uğrunda mübarizə aparıblar.

Jurnalın ikinci sayında N.Yusifbəyli bu günümüz üçün də aktual olan “Erməni və gürcü ittihadı”na toxunur, Qafqaz Konfederasiyası ideyası tərəfdarlarına bu ittihadın qorxulu və təhlükəli tərəflərini təqdim edir. 1952-ci ildə Parisdə ermənilərin “Daşnaksütyun”, gürcülərin “Menşevik” partiyalarının yayımladığı bəyannaməyə diqqət yönəldən müəllif yazısına qısa giriş verərək bəyannaməni çap edir və sonra öz təhlillərini ortaya qoyur. Bəyannamədə erməni və gürcülərə müraciət edən hər iki partiya təmsilçiləri bu iki xalqı eyni irqin, tarixi birliyin, mədəniyyətin daşıyıcıları olduğunu vurğulayır və yazır: “Əsrlərlə yan-yana yaşayan erməni və gürcülər heç bir zaman bir-biri ilə hərb etmədilər. Bunların ittihadına o qədər böyük əhəmiyyət verildi ki, erməni və gürcülər arasında oğlan uşaqlarının dəyişdirilməsi adət oldu. Bu sürətlə bunlar ana südü ilə əski qardaşlıq bağları qüvvətləndirildi. Gürcü və erməni tarixçiləri kraliça Tamara dövründə əldə etdiyi parlaq nəticələri bilirlər. O zaman erməni və gürcü qüvvətləri Ermənistanın və Gürcüstanın mərhəmətsiz səlcuq ordularından qurtardı”.

Anti-türk, anti-azərbaycan ruhunda yazılan bəyannamənin digər bəndləri də Cənubi Qafqazın əzəli və əbədi sakinləri olan Azərbaycan türklərinə qarşı çevrildiyindən, Qafqaz Konfederasiyası ideyasının mümkünsüzlüyü Niyazi bəyin qənaətlərindən biri idi. Müəllifin yanaşması bu cürdür: “Türkiyə əleyhinə olan hər hansı bir iedya, əməl Azərbaycana qarşıdır və buna yol vermək olmaz”.

Müəllif, məqalənin yekununu maraqlı bir fikirlə tamamlayır: “Dörd odalıq bir evə bənzədilən konfederasiya fikri 30 ildən bəri heç bir halda qapanmadı. Uzun zaman içində “tikintisi bitməyən” inşaat çökməyə məhkumdur. Bizdən yalnız söyləmək qalır”.


***

Bir müddət sonra, 1955-ci ildən etibarən Niyazi Kürdəmiri Yusifbəyli imzası ilə mühacirətdəki ziyalıların ərsəyə gətirdikləri “Mücahid” dərgisində görürük. Təsisçisi Çingiz Göygöl, nəşriyyat müdiri Səffət Zərdabinin rəhbərliyi ilə oxuculara çatdırılan və “qızıl təhlükəyə qarşı yürüdülən hürriyyət və istiqlal mücadiləsinə qatılan” dərgi rus işğalına məruz qalan türk ellərinin mühacirətdə birliyini qorumaqda böyük rol oynadı. Dərginin ilk sayı 1955-ci ilin iyulunda işıq üzü gördü.

Bu ilk, nübar nüsxədə türk düşüncə tarixində böyük rol oynayan Zəki Vəlidi Toğanın, Peyma Safanın, A.Avaroğlunun, Ç.Göygölün, M.Altunbayın, Teymur Atəşlinin, Səffət Zərdabinin məqaləsi ilə yanaşı Niyazi Yusifbəylinin də kifayət qədər maraq doğuran yazıları, mühacirətdəki ziyalıların birliyi ətrafındakı düşüncələri əks olunub. Azərbaycanın istiqlalının bərpası yolunda əngəl olan siyasi iddiaların bir kənara qoyulmasını önə çəkən N.Yusifbəyli “Yaxınlaşma ətrafında” sərlövhəli məqaləsində yazır: “Bu günə qədər bir çox ömürsüz təşkilatlar quruldu, fəqət bunların heç biri ehtiyaca tam cavab vermədi. Bu nədən belə oldu? Cavabı möhtərəm oxucu aşağıdakı sətirlərdə özü tapacaqdır. Ortada bir dava var. Bu dava məmləkətimizin quruluş davasıdır, bunu hər bir vətəndaş mənimsəmiş və bu yolda əlindən gələni etməyə çalışmışdır. Halbuki bu milli məsələlərimizə aid mövzu olduğundan, bu məsələdə əlaqəli çevrələrə müraciət etdikdə, bu xüsusda belə bir cavabla qarşı-qarşıya qalırdı: “Davanın sahibi vardır”. Bu lazımsız və qısa cümlə bütün birləşmə imkanlarını alt-üst edirdi. Hal-hazırda müştərək davamız ortadadır. O müxtəlif qruplar tərəfindən yürüdülməkdədir. Bu qruplar da eyni qayə ilə çalışmaqdadır. Bu davanı bərabər aparmaq üçün hamımızın müştərək əməli olmalıdır”.

Azərbaycanın müstəqilliyinin bərpası amalı ilə qurulan bütün təşkilatların birlik modelini təklif edən N.Yusifbəyli yazırdı: “Bunun üçün bütün vətəndaşların bir araya gəlmələri, kimin adı olmasına baxmayaraq içərilərindən mərkəz seçmələri və bu mərkəzə seçilənlərin də rahat çalışmaları təmin olunmalıdır”.

N.Yusifbəylinin toxunduğu problem, azərbaycanlı mühacirlər arasında 1950-ci ildən sonra yarandı. Parisdə, Amerikada, Almaniyada, Türkiyədə və dünyanın müxtəlif ölkələrində ayrı-ayrı qruplar formasında fəaliyyət göstərən Azərbaycan təşkilatlarının birləşməsi və vahid cinahdan mübarizə aparmaları müşkülə çevrildi. Amerikada, Avropanın bir çox ölkələrində Azərbaycanın müstəqilliyinin bərpası üçün çalışan mühacirlər birliyin yaranmamasında istiqlal savaşının ideoloqu M.Ə.Rəsulzadə suçlu hesab olunurdu. M.Ə.Rəsulzadəni ittiham edənlərin gətirdikləri arqumentlər o qədər də əsaslı deyildi. Ən azından ona görə ki, Rəsulzadə Moskvadan ayrılıb 1923-cü ildə Türkiyəyə gələnədək Azərbaycan mühacirləri pərakəndə fəaliyyət göstərirdi, əllərində heç bir mətbu orqan yox idi.

Bəzi mühacirət mətbuatımızda, o cümlədən “Türk izi” və “Mücahid” dərgilərində M.Ə.Rəsulzadəyə qarşı haqsız hücumların şahidi oluruq. Parisdə yayımlanan “Azərbaycan” dərgisində çap edilən məqalədən kiçik bir sitat dərc etməklə mühacirətdəki liderlərin qarşıdurmasının mahiyyətinə varmaq mümkündür. Guya mühacirlərin birlik təklifinə Rəsulzadə belə bir cavab verib: “Azərbaycan Müsavat deməkdir, Müsavat isə Rəsulzadə. Birlik istəyənlər bu düsturu qəbul etməlidir”.

Mühacirət dövrü tarixinin tədqiqi zaman isə Rəsulzadənin 1950-ci ildən sonra niyə azərbaycanlıların birlik məsələsində sərt, barışmaz mövqe tutduğunu aydınlaşdırmaq mümkündür. Bu dövrdə bolşevik təhlükəsinə qarşı mübarizəyə rəhbərlik edən Amerika, Rusiyada yaşayan qeyri-millətlərin bir araya gəlməsini və vahid ideoloji cəbhədə birləşməsini məqbul hesab edir, mühacir liderləri bir araya gətirməyə çalışırdı. Amerikanın SSRİ-ni çökdürmək üçün qurduğu bu qurumda vaxtilə Rusiyada müvəqqəti hökumətə rəhbərlik edən Gerenski, bütün bir diviziyanı almanlara əsr edən Vlasov və qeyriləri mühacirətdəki qeyri-millətlərin təmsilçilərinə Rusiyanın daxilində özünüidarəetmə təklif edirdilər. Amerika da bir növ bu ideyanı məqbul hesab edirdi. Qeyri-millətlərin Rusiya daxilində özünüidarəetmə imkanlarının verilməsini M.Ə.Rəsulzadə qəbul etmir, hər millətin istiqlalını, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri daxilində bərpasını tələb edirdi. Məhz buna görə, Rəsulzadə Amerikanın bu planında yer almadı və bəzi qurumlar tərəfindən tənqidlərə məruz qaldı. Amerikanın siyasətinə  loyal yanaşan “Mücahid” və “Türk izi” dərgisi də bəzən açıq-aydın olmasa da, sətiraltı M.Ə.Rəsulzadəni tənqid edirdi. N.Yusifbəylinin ad çəkmədən yazdığı “Yaxınlaşma ətrafında” məqaləsi də bu mövzuya həsr olunmuşdu. Məqalənin sonunda müəllif yazır: “Qüvvət birlikdədir, Don Kixotçuluğu buraxmaq lazımdır”.

Məcmuənin digər saylarında dərc etdiyi analitik təhlillərdə  N.Yusifbəylinin beynəlxalq münasibətlər sahəsində xüsusi bilik və bacarığını da müşahidə edirik. “Yaxın Şərqdə gözlənən təhlükə” məqaləsi Rusiyanın Misirə hakim olmaq yolunda apardığı siyasət təhlil edilir, baş verəcək hadisələrə baxış sərgilənir. Qeyd edilir ki, Rusiyanın “Qızıl siyasəti”nin əsas məqsədi öz hərbi gücünü Süveyş kanalında yerləşdirməklə Misirə hakim olmaqdır. Rusiyanın ərəb dövlətlərinə “hədiyyə” adı altında silah verilməsi də bu siyasətin nəticəsidir. N.Yusifbəylinin geniş siyasi təhlilə çəkdiyi bu məqalə “Mücahid”in 4-cü sayında işıq üzü görüb. Dərginin növbəti 5-ci sayında da N.Yusifbəyli yenə də Rusiya faktoruna toxunub və Qızıl imperiyanın doğuşu ətrafında öz mülahizə və təhlillərini oxuculara çatdırıb.

***

Azərbaycan istiqlalının bərpası uğrunda yorulmadan çalışan, bu yöndə fəaliyyət göstərən bir çox təşkilatlarda aparıcı simalardan olan, atası Nəsib bəy Yusifbəyli kimi liderlik keyfiyyətlərinə sahib Niyazi bəy Yusifbəyli, Türkiyənin idman həyatında da fəallıq göstərib. 1950-ci illərdən başlayaraq N.Yusifbəyli Türkiyə Bədən Tərbiyəsi komitəsində beynəlxalq əlaqələr şöbəsinə rəhbərlik edib. Ruscanı və fransız dilini mükəmməl bilən Niyazi bəy, Türkiyə idmançılarının beynəlxalq idman yarışlarında iştirakını təmin edib, onların uğur qazanmasına köməkliyini əsirgəməyib. Niyazi Yusifbəyli Kürdəmirin Türkiyənin idmanın inkişafında xidmətləri bu gün də unudulmur, bir çox idmançılar bu Azərbaycan mücahidi barədə xoş xatirələrini dilə gətirirlər.

N.Yusifbəyli Kürdəmir 1964-cü ildə dekabrın 28-də Ankaradakı evində ürək tutmasından dünyasını dəyişib. Bu acı xəbər Türkiyənin “Hürriyyət” və “Milliyyət” qəzetlərində çap edilib, Azərbaycan mühacirlərinə vətənsevər türk xalqına başsağlığı verilib. N.Yusifbəyli Kürdəmir Ankara məzarlığında dəfn olunub.

N.Yusifbəyli Kürdəmirin iki övladı var. Şahika Qaspralı Kürdəmir Ankara kollecini  bitirdikdən sonra Ankara Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib. Türkiyənin bir neçə bankın hüquq müvəkkili olub. Hazırda təqaüddədir. Ailə qurmayıb.

Babasının adını daşıyan Nəsib bəy isə 1945-ci ildə doğulub. Ali iqtisadi təhsil alıb. Müxtəlif sahələrdə çalışıb, 1988-ci ildə ailə qurub. İzmirdə əczaxanada çalışır. Övladı yoxdur.

Bəli, ömrünü Azərbaycanın müstəqilliyinə qurban verən Nəsib bəy Yusifbəylinin qısaca olaraq ailə dramı bu kiçik hekayətlərdən ibarətdir.



Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub