Modern.az

Qalib QHT-lərin narazı QHT-lərə cavabı: “Nə işçi Qrupu? Onu kim yaradıb?!”

Qalib QHT-lərin narazı QHT-lərə cavabı: “Nə işçi Qrupu? Onu kim yaradıb?!”

Qarabağ

18 May 2010, 14:35

Milli donor təşkilatların müsabiqələrində layihəsi qalib gəlməyən bir sıra QHT-lər (“Ekstremal Jurnalistika İnstitutu”, “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi,  “Hərbi Jurnalistlər” İctimai Birliyi,  “Müdafiə və Təhlükəsizlik Sektoruna İctimai Nəzarət” Mərkəzi,  “21-ci Əsr” Təhsil Mərkəzi, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi) QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətini təftiş etmək üçün İşçi Qrupu yaradıb. İşçi Qrupu şübhələrə aydınlıq gətirilməsi məqsədilə 2009 və 2010-cu illərdə qalib elan edilmiş 39 layihənin müstəqil şəkildə monitorinqinin aparılması və qiymətləndirilməsi üçün donor qurumların rəhbərləri Azay Quliyev və Vüqar Səfərliyə müraciət edib. Müraciətdə bu qurumlar tərəfindən maliyyə ayrılmış 39 layihənin layihə təklifi və büdcə forması istənilib. Q

eyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurası İşçi Qrupuna artıq cavab verib. Cavab məktubunda deyilir ki, İşçi Qrupun 2010-cu ildəki birinci maliyyə yardımı müsabiqəsinin bir neçə qalibinin layihəsini monitorinq etmək təşəbbüsü ümumi işin xeyrinə olan müsbət addım kimi qiymətləndirmək olar. Daha sonra monitorinq üçün 9 təşkilatın özü ilə fərdi qaydada əlaqə saxlamaq tövsiyə olunub. Ancaq bu cavab İşçi Qrupu qane etmədiyi üçün Şuraya yenidən məktub ünvanlayacaq. Bu dəfə də cavab İşçi Qrupu qane etməzsə,  məsələni məhkəməyə daşıyacaq.

 

Modern.az saytı narazı QHT-lərin yaratdığı İşçi Qrupu tərəfindən layihələri monitorinq edilməsi planlaşdırılan ötənilki qalib QHT-lərdən də məsələyə münasibət öyrənib.

“Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Vüqar Qədirovun fikrincə, narazı QHT-lərin yaratdığı İşçi Qrupun mövqeyi qərəzlidir: “QHT-lərə Dövlət Dəstəyi Şurasının keçirdiyi birinci müsabiqə normal şəkildə başa çatdı. Ancaq ikinci müsabiqədə bəzi təşkilatların layihəsi keçmədi, bəziləri isə aldıqları qrantdan imtina etdilər. Məhkəmə prosesi oldu, narazı QHT-lər uduzdular. Təəssüf ki, layihəsi keçməyən təşkilatların Şuraya qarşı aqresssiv münasibəti var. Azərbaycanda milli, hərbi vətənpərvərliyi təbliğ edən təşkilatlara beynəlxalq donorlar qrant ayırmırlar. Ancaq Şurada həmin təşkilatlara maliyyə yardımı ayırır. İşçi Qrupu yaradan təşkilatlar bu il parlament seçkiləri olduğu üçün beynəlxalq donorların diqqətini cəlb etməkdən ötrü bu addımı atırlar. Onların əsas məqsədi də budur. QHT-lərə Dövlət Dəstəyi Şurasında hansısa bir günah axtarmaq düzgün deyil. Çünki bütün layihələr kodlaşdırılmış şəkildə ekspertlərin rəyindən sonra Şuraya təqdim olunur. Həmin təşkilatlar elə zənn edirlər ki, 90-cı illərdəki kimi indi də özbaşınalıq var. Mən başa düşə bilmirəm ki, onlara bu səlahiyyəti kim verib?! Hər bir təşkilatı aidiyyatı qurumlar yoxlaya bilər. Keçən il bizim təşkilatı Şuradan monitoriq etmək istəmirdilər. Ancaq mən özüm onları dəvət etdim ki, bizim təşkilatda da monitorinq aparsınlar. Bizim layihə çox uğurla həyata keçirildi. Hətta nəzərdə tutulmayan addımlar da atdıq. Bizim təşkilat ciddi təşkilatdır. Təşkilatımızda monitorinqi də ciddi qurum apara bilər. Biz qərəzli olan bir şeyi qəbul etmirik. Narazı QHT-lərin haradan qaynaqlandıqları barədə də məlumatım var. Bu təşkilatlar barədə vaxtı gələndə çox şey deyəcəm. Ümumiyyətlə, həmin İşçi Qrup məni maraqlandırmır. Onlar getsin İşçi Qrup kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçsinlər və monitorinq aparmaq hüququnu nizamnamələrinə salsınlar, sonra bizim təşkilatda monitorinq apararlar. Necə ola bilər ki, qeyri-rəsmi bir qurum Prezident yanında fəaliyyət göstərən təşkilatı məhkəməyə versin?! Yaxud onun gördüyü işdə korrupsiya axtarsın?!”.

 

“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyinin rəhbəri  Rəhim Hüseynzadə İşçi Qrupunun fəaliyyəti haqqında məlumatsız olduğunu bildirdi: “Belə çıxır ki, sabah biz gedib Prezident Aparatında təftiş apara bilərik?! Onlar kimdirlər ki, mənim layihəmin büdcə sənədini əldə etsinlər, yaxud da monitorinq aparsınlar? Mən işçi qrupunu tanımıram”.

 

Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili İşçi Qrupunun məsələyə obyektiv yanaşmasını tövsiyə edir: “Biz İşçi Qrupun bu barədə məlumatını bir az fərqli prizmadan qəzetimizdə verdik. Bizim keçən il layihəmiz qalib gəlmişdi. Layihəmiz 20 min manat məbləğində nəzərdə tutulsa da, bizə cəmi 3 min manat pul ayırdılar. Əvvəlcə bu maliyyədən imtina etmək istədik, ancaq sonra reallıqla barışmalı olduq. Bu il isə biz Mətbuat Şurasının bizə olan soyuq münasibətinə etiraz əlaməti olaraq KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna layihə təqdim etmədik. Biz işçi Qqrupunun mövqeyinə də hörmətlə yanaşırıq. Ancaq bu hüquq müstəvisində araşdırılsa, daha yaxşı olar. Məncə İşçi Qrup keçmiş layihələri təftiş etməkdənsə, müvafiq qurumlar vasitəsilə, Auditorlar Palatası, Maliyyə Nazirliyinin xətti ilə məsələni araşdırsalar daha yaxşı olar. Mən onların fəaliyyətindən nə narazıyam, nə də onlara bəraət qazandırıram.

 

“İctimaiyyətlə Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədri Anfisa Şeydayeva ümumiyyətlə məsələdən xəbərsiz olduğunu dedi: “Nə İşçi Qrupu, kim yaradıb? Bu barədə məlumatsızam. Çünki bu, mənimçün maraqlı deyil. Ümumiyyətlə, görünür bu İşçi Qrup özü korrupsiya ilə məşğul olduğu üçün başqalarına da qondarma iddia irəli sürür. Mən öz layihəmi düzgün və uğurla həyata keçirmişəm. Onların mənim layihəmi monitorinq etməyə, yaxud büdcə formamı istəməyə səlahiyyəti çatmır”.

 

Günay MUSAYEVA

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır