Modern.az

Partbilet

Partbilet

22 Yanvar 2014, 11:23

Kəndimizin  qoçaq kişilərindən idi. Yeyib-içən, qoluna, gücünə, güvənən birisiydi Topuş kişi. Adı İsgəndər olsa da, uşaqlıqdan hamı ona Topuş deyərdi.   Atası rəiyyət (azad kəndli) olmuşdu.  İmkanlı adam idi. Oz torpaqlarından   hər il kifayət qədər məhsul götürərdi. Biçin vaxtı  ermənilərin kəndə ayağı açılardı.  Taxılını daim onlara biçdirərdi. Kirvələri də hər daim bəhməz çaxırı gətirməyi unutmazdılar. Bəhməzin də ayrı dadı olardı...

Topuş kişi həyətində bişmiş kərpicdən geniş otaqlar tikdirmişdi. Bəylərlə yaxşı dil tapdığından, hörmət-izzəti ətraf kəndlərə də yayılmışdı…

İnqilabdan sonra qaynı Alıkişinin məsləhətiylə partiya sıralarına qəbul olundu. Rayon partiya təşkilatının ilk  üzvlərindən  idi, iclaslarda daim  sözünü deyər, çəkinməzdi…

Topuş kişi yaddaşlarda  maraqlı hadisələrlə qalıb…

***

Bir gün elə olur ki,  sovet sədri rayon qəzetinə məktub göndərib, yazır ki, bəs Topuş kişi  faydalı iş görmək əzəvinə gününü yeyib içməklə keçirir. Bunu tez bazar  ünvana çatdırırlar. Hamı Topuş kişinin cavabını gözləyir. Əvvəlcə inanmasa da, sonradan qəzeti görəndə beyni qızır, nə qızır… Vəziyyətdən hali olan  sovet sədri qorxusundan bir həftə evindən çolə çıxmır…

Topuş isə beşatılanla sovet sədrinin dərsini verir, amma öldürmür…

O gündən sonra heç kim kənddən donos yazası  olmur…

***

Bir gündə evinə gələrkən qarşısına qonşusu Vəliş kişi çıxır.

-Yenə hara getmişdin ay Topuş , deyə qonşusu soruşur.

- Azad bəy  çağırmışdı, qonalıq uduzmuşdu, onu verirdi, noolub ki ?

- Özək partiya təşkilatının iclasıydı. Bircə sən yoxuydun.

- Neynədiniz. Nə qərar verdiniz, - deyə Topuş kişi sual verir.

- Mənsuma ilə, Heybəti partiya sıralarına qəbul etdik.

Qonşusunun cavabı Topuş kişini kefinə soğan doğrayır...

-Nətər yanı, mən iştirak etdiyim  iclasda bundan sonra Mənsuma da, üstəlik Heybət də olacaq? Bu mümkün olan iş deyil axı…

Topuş onların hər ikisini yaxşı tanıyırdı. Heybətin üstündən daim bit tökülər, danışığını belə bilməzdi... Mənsumə isə “cırtı-pırtıdan”  başqa beş dəfə ərə getmişdi. Bu işdə kənddə ona tay olan  arvad yoxuydu…

Partiyaya daha samballı adam qəbul etmək olardı, deyə düşündü…

Vəliş qonşusunun xasiyyətinə bələd idi. Hiss etdi  ki, sözü Topuşu bərk tutmuşdu. O du ki, yağlı dilini işə salıb yastı-yastı danışmağa başladı:

-Partiyamız fəhlə-kəndi partiyasıdı, ay Topuş.  Burda nə var ki, bu partiya elə onların partiyasıdı də…

Vəlişin sözü ağzında qaldı.  Cibindəki  partbileti çixarıb, “Tüpürüm belə biletə. Mənsumaynan Heybətin partiyasında  mən olmayacağam,”- deyib biletini Vəlişin üstünə tulladı. Üzünü sol tərəfə çəkməsəydi, partbilet Vəlişin gözünə dəyəcəkdi...

Vəliş bileti qaytarmaq istəsə də,  ancaq artıq gec idi...

 Uzaqdan Topuşun atının tozanağı görsənirdi...   

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir