Modern.az

Səthi və yanlış dərketmələr...

Səthi və yanlış dərketmələr...

22 Yanvar 2014, 21:55

Sahib Əsədbəyli

Absurd inikaslarla zəngin olan cəmiyyətimizin səthi yanaşdığı subyektlərdən biri də bilik, savad, məntiq, bir sözlə intellekt anlayışıdır. Xalqımızın əksər nümayəndələrinin intellekt anlayışına qəribə yanaşma tərzi var. İntellekti texnologiyanın son məhsulu olan "yaddaş kartı" ilə səhv salan Azərbaycan bəşəri üçün konkret hadisə və faktları, onlarla bağlılığı olan şəxslərin adlarını əzbərləmək daha məqbuldur, nəinki məsələnin mahiyyətini dərk edib, nəticə çıxarmaq. Bunun da nəticəsidir ki, tarixi hadisələri onların  xronoloji ardıcıllığı və mövcud olmuş şəxslərin adı ilə dərk edir, fikir yürüdürük. Milli ədəbiyyata konservator meyllərlə yanaşıb, kor-koranə şəkildə sovet dövrünə qədərki ədəbi mühiti bütləşdirir, müasir ədəbiyyata dırnaqarası yanaşırıq.  Beləliklə də yeni fikri rədd edib, köhnəliyə ifrat meyl edirik. Qısası, instrumental məntiqə meyl edib, eksperimental məntiqi təkzib edirik...

Günümüzdə bir çox tələbələrin düşüncəsində belə bir fikir var :"Nə öyrənmişiksə hamısı orta məktəblə bağlıdır, universitet bizə nə verir ki". Bu cür düşünərək, ali təhsil illərinə gənclik dövrünün əyləncəsi kimi baxan şəxslər "N" qədərdir. 1992-ci ildən etibarən ali məktəbə qəbul imtahanların test üsulu ilə keçirilməsindən sonra humanitar elmlərin mənimsənilmə və dərk edilməsində köklü yanlışlıqlar yaranmağa başladı. Ədəbiyyat və tarix kimi geniş analitik təhlil tələb edən fənnlərin lakonik  suallar  şəklində təqdim edilməsi nəticəsində müasir gəncliyin ədəbi bilikləri yazıçı və şairlərin adı, onların yaratmış olduğu əsərlərin adı və qısa süjet xəttini əzbərləməklə məhdudlaşır. Eləcə də parçalanmalarla zəngin olan tariximizin dərk edilməsində bu özünü bütün çılpaqlığı ilə göstərir.

Buna misal olaraq QAN YADDAŞI başlığı altında xronoloji ardıcıllıqla sadalanan  işğal olunmuş ərazilərimizin adlarının hansı patriatik düşüncə inqilabına səbəb olmasını aydınlaşdıraq. Razıyam, bunları bilmək vacibdir. Ancaq təəssüf ki cəmiyyətimizin patriatizm dərketməsi əksər hallarda bu rəqəmlərlə məhdudlaşır. İyirmi faizədək ərazisi işğal olunmuş ölkənin kütləvi informasiya vasitələrində üç yüz altmış beş günün tamamında yada düşən faciənin əsas mahiyyətinin çatdırılması, bütün bu yanlış dərketmləri bir daha təsdiq etmiş olur. Televiziyalarda şoufason verilişlərə ayrılan efir vaxtının beşdə biri qədər bu faciənin mahiyyətini səthi emosiya partlayışı və bunun nəticəsində meydana çıxan psevdopatriatizmdən xilas edə biləcək ziyalı fikri ilə zəngin olan verilişlərə yer verilmir. Bu vəziyyətdə isə, təbiidir ki patriatik hisslərin hər hansı bir şəxsin vəfatının ildönümünə hörmətdən fərqi olmayacaq. Belə olan halda isə özündə geniş patriatizm ehtiva etməyən quru rəqəmlər hansı sarı sim anlamına gələ bilər ki ?

Müasir dövrdə cəmiyyətin əsas güzgüsünə çevrilən sosial şəbəkələrdə zaman-zaman vətəndaşlar arasında sorğu keçirən bəzi dırnaqarası intellektuallar peyda olmaqdadır. Sorğunun əsas etibarilə süjet xətti  hər hansı ədəbi və ya elmi xadim ilə  bir şou adamının daha çox tanınmasını müqayisə etmək olur. İlk baxışdan bu müqayisənin özü elə savad və məntiqdən uzaqdır. Bəlli məsələdir ki, çağdaş dövrdə televiziyaların hər gün ikinci kateqoriyadan olan şəxsləri nümayiş etdirməsi müqabilində Nadir və Namiq daha çox tanınacaq, nəinki, Məhəmməd Füzuli və ya Şah İsmayıl Xətai. Bu səthi elm, bilik fədailəri nəzərə almalıdır ki, nəzər yaddaşı ilə zehni yaddaş tamam fəqli subyektlərdir.

Əksər hallarda isə özündə heç bir məntiqi mülahizə yeritməyə imkan verməyən  "Memar  Əcəmi kimdir?" və ya bu kimi özündə cavabı ehtiva edən suallarla respondentlərin məntiq və savadını yoxlamaq qərarına gəlirlər. Memar Əcəminin kim olmasını bilməyin hər hansı bir şəxs üçün həyati əhəmiyyət kəsb etməməsini və anidən kameranın qarşısına keçməsini nəzərə alsaq, onun diqqətinin yayınması ucbatından sualdakı cavaba fikir verməməsi nəticəsində bu sorğunun nəticələrinə savadsızlıq və məntiqsizlik adı vermək heç də düzgün deyil. Diqqətlə düşünsək,  görərik ki, ən azından  pul xərcləməyi bacaran məxluq suala diqqət yetirsə, Əcəminin memar olmasını diqqətdən qaçırmayacaq.

Unutmaq olmaz ki, əsl məntiq instrumental təfəkkürə yox geniş ekspreimental təfəkkürə söykənməlidir. Əsl intellekt özündə humanizm prinsipləri aşılamalıdır, eqoizm yox... Həmçinin, bunu  da anlamaq lazımdır ki o sorğu-sual edib, sonradan ironiyayla "Youtube"a yerləşdirdiyiniz videodakı şəxslər  də elə siz qədər savadlıdır.  Dərindən düşünsəniz,  bunu anlamış olarsınız. Nə isə, gələn görüşlərədək...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi