Modern.az

“Maydan”ın qəhrəmanı - Vitali Kliçko - Rinqdən siyasətə gedən yol

“Maydan”ın qəhrəmanı - Vitali Kliçko - Rinqdən siyasətə gedən yol

23 Fevral 2014, 21:21


Ötən ilin sonunda başlayan və bu günlərdə ən qızğın dövrünü yaşayan “Maydan” hərəkatı Ukrayna xalına yeni qəhrəman qazandırdı. Daha doğrusu, köhnə qəhrəmanı yenidən üz çıxardı. Uzun illər boks rinqlərində Ukrayna xalqının qüruru olan Vitali Kliçko bu dəfə siyasi arenada parlamağa başladı. Həm də təkcə Ukrayna xalqının gözündə yox, eləcə də dünyanın siyasi taleyinin həll olunduğu Avropa paytaxtlarında....

Uğursuz ilk cəhd

Kliçkonun siyasətə qarışması Ukraynadakı “Narıncı inqilab” zamanı başladı. 2004-cü il prezident seçkilərində Kliçko qardaşları açıq şəkildə Viktor Yuşşenkonun namizədliyini dəstəkləyirdi. Bunun məntiqi nəticəsi olaraq, 2005-ci ildə o prezident Yuşşenkonun məsləhətçisi təyin olunur. Prezidentin məsləhətçisi olan keçmiş boksçu həm də Kiyev meri seçilmək arzusuna düşür. 2006-cı ildə keçirilən mer seçkilərində Kliçko 23,7 % səs toplamaqla, Leonid Çernovetskiyə uduzur. 2008-ci ilə keçirilən növbədənkənar seçkilərdə Vitali Kliçko yenidən namizədliyini irəli sürdü. Ancaq bu dəfə nəticə daha aşağı oldu: 205 316 nəfər seçici və 17,97 % səs.

Həmin il həmçinin, Kiyev şəhər Şurasına seçkilər baş tutur. Kliçko bu dəfə də uğursuzluğa düçar olur. Onun Ukrayna Xalq hərəkatı, “Avropa paytaxtı” və Ukrayna sosial-demokrat partiyalarından ibarət bloku seçkilərdə yalnız 10,6 faiz səslə kifayətlənir. Bu nəticədən sonra, siyasi blokdan istefalar başlayır. Ukraynanın nüfuzlu simalarından olan L.Partsxaladze, D.Andriyevskiy, P.Deminskiy, A.Mirqorodskiy və İ. Plaçkov da Kliçkonun blokundan gedənlərin arasında idi. Kliçko özü də siyasi fəaliyyətinə fasilə verərək, 4 ildən sonra  yenidən rinqə çıxdı.


UDAR-la qayıdış

2010-cu ilin 24 aprelində Vitali Kliçkonun rəhbərlik etdiyi “Yeni ölkə”(“Nova Krayna”) partiyasının adı dəyişdirilərək, UDAR (Украинский Демократический Альянс за Реформы) olur. Cəmi 2 il sonra keçirilən parlament seçkilərində bu partiya 42 mandat qazanmağı bacarır. Kliçkonun özü isə Ali Radanın dövlət quruculuğu və yerli özünüidarəetmə komitələrinin üzvü, həmçinin UDAR fraksiyanın rəhbəri olur. Kliçko və onun partiyası Ali Radada bir sıra aktual məsələləri qaldıraraq, əsas müxalif qüvvəyə çevrilməyə çalışır. UDAR fraksiyasə Kiyevdə yaşayış binalarının qanunsuz özəlləşdirilməsinə qarşı çıxır. Kliçko parlamentdəki çıxışlarında dövlət məmurlarının bu satışlardan qanunsuz gəlir əldə etməkdə günahlandırırdı. Onun siyasi platformasında uşaqlar xüsusi yer tutur. Partiya ölkədə uşaq baxçalarının bağlanmasına və satışa çıxarılmasına kəskin etirazını nümayiş etdirir.

2013-cü ilin 19 aprelində isə UDAR fraksiyası Ali Radada növqəti qalmaqalla yadda qalır. Kliçkonun tərəfdarları Baş Nazir Nikolay Azarovu istefaya göndərməyə cəhd edir. Lakin Vitali Kliçko bu vaxt Almaniyada idi. O, Varştayn şəhərindəki pivə zavodunda oturub, “Mersedes Benz” in yeni markalarının təqdimatını izləyirdi.


Siyasətdə “yumruq gücü”

Məlum olduğu kimi, Ukrayna Ali Radasında millət vəkilləri yumruq davalarına çıxmağı xoşlayır. Boks əfsanəsi isə çox vaxt bu davaları kənardan izləməklə kifayələnməli olur. Yalnız bir dəfə Kliçkonun fraksiyası Kiyev şəhər Şurasında iclasın qanunsuz hesab olunması tələbi ilə tribunanı zəbt edir. Kliçko özü tribunada durmuşdu. Blokadanı yarmaq istəyən L.Çernovetskinin blokuna kömək üçün “Regionlar” partiyasından olan millət vəkilləri də gəlir. Onların arasında bosketbol üzrə dünya və olimpiya çempionu Aleksandr Volkov və güləş üzrə dəfələrlə dünya və olimpiya çempionu adını qazanmış  Elbrus Tadeyev da vardı. Lakin onların heç biri Vitali Kliçkonu tribunadan itələyə cəsarət etmir. 

2010-cu ildə Kiyev meri uğrunda seçkilər ərəfəsində hazırkı prezident Viktor Yanukoviçin komandası Kliçkoya əməkdaşlıq təklif edir. “Regionlar” partiyası seçkilərdə onun namizədliyini dəstəkləmək istəyirdi. Kliçkonun bu təklifə cavabı isə qəti olur: “Mən paytaxtın meri seçilmək istəyirəm, təyin olunmaq yox”

Siyasi ambisiya

Mer seçilə bilməyən Vitali Kliçko 14 avqust 2013-cü ildə Ümumdünya Boks Şurasının rəhbəri Xose Süleymanla görüşündə bildirdi ki, qarşıda gələn seçkilərdə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir. Lakin, o vaxt siyasi ekspertlər 2015-ci ildə keçiriləcək seçkilərdə onun şansını elə də yüksək qiymətləndirmirdi. Ölkədə keçirilən sorğularda seçicilərin yalnız 15-20%-i prezident seçkilərində Kliçkoya səs verəcəklərini açıqlamışdı. Ötən ilin noyabrında başlayan “Meydan” hərəkatı isə Kliçkoya gözlənilməz fürsət yaratdı. Avrointeqrasiya tərəfdarlarının başladığı etiraz aksiyası məşhur boksçunu əsas müxalifət liderinə çevrilməsi ilə nəticələndi. Qərbpərəst mövqeyinə görə, Kliçko bir sıra Avropa ölkələri tərəfindən də prezidentliyə ən layiqli namizəd hesab olunur.  


Qərbin sevimli siyasətçisi

 Meydan hərəkatı başlayan gündən xalqın dəstəyini qazanan xarici siyasətçilərində  əsas tərəf müqabilinə çevrilməsi aydın sezilir. Meydan hərəkatının ilk günlərində, 2013-cü noyabrında Kliçko Fransanın Xarici İşlər Naziri Laron Fabiusla məsləhətləşmək üçün 2 dəfə Parisə dəvət olundu.  Ukrayna xalqı ilə həmrəy olduğunu göstərmək üçün bu ölkəyə gələn Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və Moldovanın keçmiş Baş naziri Vladimr Filatın da məhz Kliçko ilə görüşməsi, onunla birlikdə Müstəqillik Meydanına gəlməsi artıq keçmiş boksçunun siyasi liderliyinin əksəriyyət tərəfindən qəbul olunduğunu göstərir. Bundan başqa, Almaniya kansleri Angela Merkelin yaxın ətrafının da Kliçko ilə bir neçə görüşü olub. Bütün onu deməyə əsas verir ki, məşhur boksçu artıq Avropada təkcə müxalifətin lideri kimi yox, Ukraynanın gələcək rəhbəri kimi də qəbul olunub.

Ruslan Herayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir