Modern.az

49-u geridə qoyub, 50-yə adladın... Jurnalistin ad günü

49-u geridə qoyub, 50-yə adladın... Jurnalistin ad günü

25 Yanvar 2014, 11:52

Bu gün tanınmış jurnalist İlham Cəmiloğlunun 49 yaşı tamam olur. İlham Cəmil oğlu Xudiyev 1965-ci ildə Xankəndində müəllim ailəsində anadan olub. Orta təhsilini həmin şəhərdəki 4 saylı orta məktəbdə alıb. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Qarabağ müharibəsi veteranıdır. “Mən Azərbaycan vətəndaşıyam”, “Şuşadan Şəhidlər Xiyabanına”, “Müstəqil Azərbaycan”, “Bizim ziyalılar”, “Qarabağ müharibəsi – faktlar və həqiqətlər”, “Erməni təcavüzünün Qarabağ ünvanı”, Ukrayna dilində “Xocalı – yaddaşlardan silinməyən tarix” və digər kitabların müəllifidir.

50-yə nə qaldı ki... 1 il... Papağını at göyə 1 il də ildırım sürətilə gəlib keçəcək. Hərçənd, sən özün etiraf edirsən ki, papağın yoxdur... Daha dəqiq desək nə vaxtsa olub, amma onu Qarabağda qoyub gəlmisən...

Mən bildiyim qədər hələ Gəncədə - Sovet rejiminə qarşı çıxıb Azərbaycana müstəqillik istəyən tələbə-gənclərin arasında olanda, SSRİ Baş Prokurorluğu müstəntiqlərinin çək-çevirli sorğu-suallarını cavablandıranda başında olan papaq, Qarabağ savaşında da öz yerində imiş... Sonralar əyalətdən paytaxta gəlməyə məcbur olanda bu böyük şəhərdə də başıpapaqlı bir iş tapa bilmisən. Qarabağın yoxluğunu “Qarabağ”da tapmısan... Bu qəzetin bir ayağı Bakıda, bir ayağı Qarabağda olan əməkdaşı kimi işləmisən, çalışmısan, düşünmüsən ki, “bəlkə də qaytardılar...”. Sonra gələcəkdə başı papaqlı, papaqsız insanların üzünə dik baxa biləsən... Daha sonra tiftiklənib yeyilmiş, kohnəlib əldən (üzr istəyirəm, başdan!) düşmüş papağını zabit furaşkasına dəyişmisən.

Bax, o illərinin şahidi şəxsən özüm olmuşam...

Yadımdadır, soyuq bir dekabr səhəri kimsə bizi tanış elədi... Əynində hərbi-səhra geyimi, damağında arxada qoyub gəldiyin Qarabağ kimi yanıb tüstülənın siqaret, əlində “Azərbaycan Ordusu” qəzetinin son nömrəsi vardı... O gündən etibarən sən mənim yaxşı gündə də, dar gündə də yaxın dostum, sirdaşım, yol-yoldaşım, məsləkdaşım oldun. Təcrübəli hərbi jurnalist, kifayət qədər ciddi həyat və döyüş yolu keçmiş bir zabit kimi məsləhət və tövsiyyələrinlə yanımda oldun. Qələm dostluğumuz da belə başladı... Biz səninlə Azərbaycanın bütün yollarını əriş-arğac elədik... İndi sevinirəm ki, neçə illər ərzində qət etdiyimiz o yollar istirahət yerlərinə, bəzi üzdəniraq yazı-pozu adamlarının şəhərin səs-küyündən baş götürüb qaçdıqları kef məclislərinə yox, – cəbhə zonasına aparırdı... Hərbi jurnalistlik fəaliyyətimiz səngərlərdə, əsgərlərin, zabitlərin arasında keçdi və bu səngərlər bizim Azərbaycan adlı yaralı bir məmləkətdə döydüyümüz yeganə dost qapıları idi...

Amma asan deyildi... Gedirdik - soyuq nədir, şaxta, qar, sazaq nədir – bilmirdik... İstidə, küləkdə, yağışda – gedirdik... Nə bacarırdıqsa etməyə çalışırdıq...   

Soyuq bir qış gecəsində, ön cəbhədə - cəngavər kimi oğlanların – Habilin, Çingizin aylarla görmədikləri övladlarını xatırlayıb göz yaşlarını saxlaya bilmədiklərinə bir yerdə şahidlik etmişdik... Tərxis olunmasına 4-5 gün qalmış könüllü olaraq düşmən arxasına kəşfiyyata gedib “dil” gətirən, qayıdanda minaya düşüb iki ayağını itirən Aqilin “peşiman deyiləm, lazımdırsa canım da qurban olsun Vətənə” sözlərini birlikdə eşitmişdik... Ağır xidmət həyatının çətinliklərinə dözməyib cəbhə zonasında yerləşən hərbi hissəni özbaşına tərk edərək sonradan məsuliyyətə cəlb edilmiş 18 yaşlı gəncin anasının hərbi-səhra məhkəməsində ürək dağlayan fəryadına birlikdə acımışdıq... “Başqa gördüklərimizin yanında bu nə idi ki?” – deyəcəksən... Əslində haqlısan...

Aradan illər keçdi... Çox dostların üzü dönük çıxdı... Etibarsızlıqları, çətinlikləri, iztirabları – bəzən hətta çarəsizlikləri də görüb yaşadıq... Amma çox şükür ki, yıxılmadıq – ayaq üstəyik. Sonuncu dəfə görüşəndə yenə xatırlatdım sənə - “soyuqdur, papaq al qoy başına” dedim. Başında mənim başım kimi tük də qalmayıb. Dedin yox – öz papağımı istəyirəm, Qarabağda qalan papağımı... Amma, bilirsən, əslində biz bu çətin zamanda, qəliz dünyada başımızı qorumalıyıq. Təkcə övladlarımıza, onların gələcəklərinə görə yox... Həm də ona görə ki, Qarabağa qayıda bilək. Yenidən, illər sonra papaqlarımızı başımıza qoya bilək. Bu böyük sevinci yaşamaq bizə qismət olacaq ya yox, bunu bilmirəm. Amma...

Doğum günün mübarək, İlham Cəmiloğlu!!! 49 yaşı geridə qoydun, 50-yə adladın... Mən bilmirəm sənə nə arzu edim...

Hər halda çox əziyyət, çox zəhmət çəkmisən!!!

Sənə sevinc, sevinc, yenə də sevinc arzulayıram!!!

Axı böyük zəhmətin böyük də sevinci olmalıdır...      

İlham Nərmin

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir