Modern.az

QHT Koalisiyası: "Daşqınların baş verməsində günahkar olan məmurlar cəzalandırılmalıdır"

QHT Koalisiyası: "Daşqınların baş verməsində günahkar olan məmurlar cəzalandırılmalıdır"

19 May 2010, 11:24

Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası ölkə ərazisində baş ekoloji fəlakətlə bağlı bəyanat verib. Koalisiyadan Modern.az-a daxil olan bəyanatda deyilir ki, 2003-cü ildə keçən sərt qış zamanı Kür cayının daşması ilə başlamış ekoloji gərginlik 2010-cu ildə artıq geniş vüsət alıb və ölkəmiz sosial və ekoloji fəlakətlə üzləşib. “Dövlət tərəfindən  2003-2004-cü illərdə müəyyən tədbirlər görülməsinə (yeni qolun çəkilməsi, deltanın təmizlənməsinə başlanmasına və böyük vəsaitlərin xərclənməsinə) baxmayaraq, məmur səhlənkarlığı ucbatından problem həll edilməmiş və bu günki ağır şərait yaranmış, əhalimiz, ev təsərrüfatları, sahibkarlıq qurumları böyük maddi ziyan və ekoloji fəlakətlə qarşılaşmış, dövlətə ciddi ziyan dəymişdir. Hər zaman daşqınların səbəbini qrunt sularının səviyyəsinin qalxmasında və baş verən problemlərdə əhalini günahlandıran məmurlar, artıq öz səhvlərini anlamış, bu gün ekoloji fəlakətin qarşısını almaq üçün səfərbər olmağa başlamışlar”-deyə bəyanatda bildirilib.

QHT Koalisiyası bəyan edib ki, sovetlər dönəmində periodik olaraq Xəzər Dəniz Gəmiçilik İdarəsi tərəfindən təmizlənən deltada və çayın dibində müstəqillik dövründə təmizlənmə işləri aparılmayıb. MHŞT Koalisiyası hesab edir ki, ekoloji fəlakətin qarşısını alınması, gələcəkdə təkrar olunmaması və bu fəlakətin yaratdığı fəsadların hezliklə aradan qaldırılması üçün təcili aşağıda göstərilən tədbirlər həyata keçirilməlidir:

1. Kür cayının deltası, Xəzər dənizi daxilində delta ətrafı ərazi daxil olmaqla lildən təmizlənməli. Kür və Araz çaylarının dibi lildən təmizlənməli. Kür  çayının dibi Mingəçevir su anbarına qədər təmizlənməli. Mütəmadi olaraq təmizlik işləri aparılmalı.  Gələcəkdə belə bir problemin təkrar olunmaması və mütəmadi olaraq bu təmizlik işlərini aparmaq üçün xüsusi torpaq sovuran gəmi alınmalı;

2. Bankə qəsəbəsi su daşqınlarından azad olduqdan sonra orada dəniz limanı yaradılsın, həmin alınan gəmi  mütəmadi olaraq təmizlik işləri aparmaq üçün həmin limana təhkim olunmalı;

3. Problem aradan qaldırıldıqdan sonra bir daha onun yaşanmaması üçün müasir üsullarla yeni bənd vurma işləri aparılmalı;

4. Kür boyu ərazilərdə çox su içən ağaclardan ibarət olan və daşqınların qarşısını almaq üçün təbii üsul hesab edilən “Tuqay” meşələri bərpa edilməli;

5. Xəzər dənizində olan qiymətli balıq növlərinin təbii miqrasiya yolu açılmalı;

6. Ölkə ərazisində  torpaq sürüşməsi aktiv olan  zonalarında baş verə biləcək qəzaların qarşısını almaq üçün ağacların qırılmasına qoyulan cəzalar kəskin sərtləşdirilməli;

7. Çayların ölkə ərazisində məişət tullantıları ilə çirklənməsinin qarşısı alınmalı;

8. Ekoloji fəlakət nəticəsində əhaliyə dəyən maddi ziyan ödənilməli və onun yaşam şəraiti bərpa edilməli;

9. Ev təsərrüfatlarına, biznesə dəyən zərər dəqiqləşdirilsin və onlara gələcək dövrün gəlirləri də nəzərə alınmaqla kompensasiya odənilməli;

10. Əhali arasında maarifləndirmə işi aparılmalı;

11. Görülən işlərə Vətəndaş Cəmiyyəti üzvlərinin nəzarəti və monitorinqi təmin edilməli;

12. Fəlakətin baş verməsində günahkar olan məmurlar cəzalandırılmalıdır.

Koalisiya ümid edir ki, bütün bu işlər aidiyatı dövlət qurumları tərəfindən təxirə salınmdan həyata keçiriləcək.  Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir