Modern.az

“Nağıl biliciləri araşdırmaçılardan pul istəyir” - MÜSAHİBƏ

“Nağıl biliciləri araşdırmaçılardan pul istəyir” - MÜSAHİBƏ

Ədəbi̇yyat

27 Yanvar 2014, 12:50


Modern.az-
ın müsahibi AMEA Folklor İnstitutunun “Folklorun toplanması və sistemləşdirilməsi” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadədir. O, Azərbaycanda nağılların və nağıl süjetlərinin  sistemli kataloqunu tərtib edən ilk və hələlik yeganə folklorşünasdır. İ. Rüstəmzadənin sistemləşdirərək tərtib etdiyi nağıllar süjeti kataloqunda 302 süjet tam olaraq orijinaldır və onlar yalnız və yalnız Azərbaycana məxsusdur.

– 1928-ci ildə Stiv Tompson nağıl süjetlərini sistemləşdirərək onu ingilis dilində çap edib. Həmin sistem daha sonra 1957-ci ildə ikinci dəfə nəşr olunub. Bundan sonra həmin sistem beynəlxalq aləmdə geniş yayılmağa başlayıb. Avropanın demək olar ki, bütün xalqları bu sistem əsasında öz kataloqunu tərtib ediblər. Qonşu xalqlardan ruslar və gürcülər bu sahədə xeyli iş görüblər. Onlar öz nağıl süjetlərini sistemləşdiriblər. Bu cür sistemli kataloq qonşu xalqlarda olsa da, Azərbaycanda yox idi. Bu sahədə o qədər də çox iş görülməyib. Yalnız ötən əsrin ortalarında çap olunmuş folklor toplularında nağılların süjet göstəriciləri verilirdi. Amma bütün nağıl materiallarını özündə əhatə edən sistemli göstərici yox idi. 2011-ci ildə aspiranturaya qəbul olunanda bu işi mənə tapşırdılar. Həmin göstəriciləri hazırlayarkən 2000-ə yaxın nağıl mətni araşdırmışıq. Azərbaycan nağıllarına məxsus 692 süjet müəyyən etdik. Bunların hardasa 40 faizi, yəni 302-si sırf Azərbaycana məxsus, dünyada qarşılığı olmayan nağıl süjetləridir. Beynəlxalq aləmdə bu süjetlərin qarşılığına rast gəlinmir. Belə nağıllar əsasən dini mövzudadır. Xalqın dini inanclarını, adət ənənəsini özündə əks etdirdiyi üçün qarşılığı gözə dəymir.

- Kəndbəkənd gəzərək müxtəlif bölgələrin folklor nümunələrini toplayırsınız. Hazırda ən çox diqqəti hansı bölgəyə yetirirsiniz?

– Son illər Folklor İnstitutu Qarabağ folklorunun araşdırılması, toplanması və sistemləşdirilməsi ilə bağlı işlər görür. Qarabağ işğal olunandan sonra milyona yaxın insan torpaqlarından didərgin düşdü, hərəsi bir tərəfə səpələndi. Bu səbəbdən də onların folkloru itmək üzrə idi. Çünki folklorun daşıyıcıları olan yaşlı nəslin nümayəndələri get-gedə azalırdılar. Həmin insanlar rəhmətə gedəndə folklor örnəkləri də özləri ilə aparırdılar. Biz də 6 cildlik “Qarabağ: folklor da bir örnəkdir” adlı kitab çap etdik. Bundan əlavə Qarabağın xalq musiqisindən ibarət iki CD də tərtib etdik.

– Sinəsi sözlə dolu olan yaşlılar həqiqətənmi tükənmək üzrədir?

– İki ildə Azərbaycanın müəyyən bölgələrindən 300-ə qədər nağıl toplamışıq. Bu üç yüz nağıl süjetinin 50-si tam yenidir. Bu toplamalar zamanı zəngin repertuara malik söyləyicilər aşkarlamışıq. Məsələn, Ağcabədi rayonunun Avşar kəndində Bayramova Narınc adlı bir söyləyicidən hardasa 15-16 nağıl qeydə almışıq. Bu nağıllar onun öz dil-üslubuna uyğun olaraq qeyd olunub və kifayət qədər də maraqlı süjet xətlərinə malikdirlər. İndiki zamanda 15-16 yeni nağılı öz hafizəsində saxlayan adama çox az rast gəlinir. Daha sonra Bərdənin Seyid Yusifli kəndində Bayramov Musadan 13 nağıl qeydə almışıq ki, onlardan üçünün  süjeti tam yenidir. Laçınlı Abbasəliyeva Güllü var. Özü mərsiyəçidir. Ondan 220-yə qədər yeni bayatılar almışıq.

- Nağılları köçürərkən bu yaşlı nənə-babaların öz ifadə tərzi, fərdi üslubunu qoruyursuzmu?

– Nağılları topladığımız zaman söyləyicilərin dil, üslub və təhkiyə formalarını olduğu kimi saxlayırıq. Çünki hələ ki, bu folklor örnəklərini kütlə üçün yox, araşıdırmaçılar, tədqiqatçılar üçün toplayırıq. Ona görə də üsluba toxunulmur. Kütləvi nəşrimiz hələ ki, nəzərdə tutulmayıb. Amma təbii ki, gələcəkdə onları sadələşdirib kütlənin dilinə uyğun çap edəcəyik. İnstitut hələ ki, xam materialların toplanmasına gücünü yönəldib.  

–Amma deyəsən, son illərə qədər bu “xəzinə insan”lardan o qədər də çox istifadə olunmayıb Yəni folklor nümunələri 2000-ci illərə qədər intensiv toplanıb çapa verilməyib...

- Əvvəllər Azərbaycan Folkloru Külliyyatı çıxırdı. Sonradan onun çapı dayandı. Çap prinsipləri folklor üçün nəzərdə tutulan standartlara cavab vermirdi. Amma külliyyatın 30 cildi buraxıldı ki, bunun da onu nağılların payına düşürdü.

- Bəs, indi bu çatışmazlıqlar aradan qaldırılırmı?

- İndi biz diqqəti bölgələr yox,  konkret rayonlar üzrə cəmləyirik. Cənub zonasında da toplama işləri apardıq. Masallı folklorunun iki cild kitabda sistemləşdirdik. İndi də Yardımlı rayonu üzrə toplama işləri aparırıq. Hazırda şöbədə Sabirabad, Saatlı rayonları üzrə də araşdırmalara başlayacaq. Artıq Saatlı folkloru hazırlanıb. Bu il çapa veriləcək. Gələcəkdə də İmişli Sabirabad rayonlarının folklorunu hazırlayacağıq.

Şöbəmizin iş qaydası belədir: toplayıcılar bölgələrdən folklor nümunələrini topladıqdan sonra onların üzünü, səs yazılarını köçürür və bizim şöbəyə təhvil verir. Biz də burada araşdırma işləri aparırıq. Toplanılan folklor nümunəsinin təkrar olmamasına, orijinallığına diqqət yetiririk. Araşdırma işləri aparılandan sonra dəyərli keyfiyyətli folklor nümunələri seçilərək toplulara daxil edilir.  

- Hansı çətinliklərlə üzləşirsiniz?

- Çətinliklərimiz də var. Əsas çətinliyimiz odur ki,  bizə ekspedisiya statusu verilməyib. Ezamiyyət statusu ilə hərəkət edirik.  Ezamiyyənin də bəzi problemləri var. Belə ki,  getdiyin bölgədə çox qala bilmirsən. Cəmi 10-15 gün ezamiyyət verilir. Verilən vəsait də ezamiyyətdən qayıtdıqdan sonra sənə çatır. Sən də məcbursan ki, ezam olunduğun müddətdə otelin, yanacağın və yeməyin pulunu öz cibindən xərcləyəsən. Pul isə qayıdandan sonra ödənilir. Biz də bir bölgəyə gedəndə ən azı orada bir ay qalmalıyıq ki, toplama işlərini apar bilək. Ezamiyyə şərtləri bizə imkan vermir. Başqa problem də var. Bir də görürsən elə professional söyləyici var ki, danışdığının əvəzində səndən haqq umur. Qarşılıq tələb edir. Məsələn bir aşıq dastanı, danışırsa deyir ki mən əziyyət çəkirəm, vaxtımı ayırıb dastan danışıram. Sən bunun əvəzində mənə nə verəcəksən? Ezamiyyət şərtlərində təbii ki, bunlar nəzərə alınmır. Amma ekspedisiya halında gedəndə isə qalmaq yerindən tutmuş, yemək məsələsi, hətta söyləyicilərə verilən pullar da nəzərdə tutulur. Arxeoloqla dilçilərin ekspedisiya statusu var. Amma bizdə isə ezamiyyət statusudur. Əslində sovet vaxtında bizdə də ekspedisiya idi, sonradan ləğv olundu. Belə olanda da biz gedib orada çox qala bilmirik, əsaslı toplama işləri apara bilmirik.

– El-el, kəndbəkənd düşüb topladığınız nağıllar arasında dünyada qarşılığı analoqu olmayan nağılları aşkarladınız. Bunların orijinallığı necə müəyyən olundu?

- Məsələn, deyək ki, Qarabağda topladığımız 50 yeni süjetin otuzu dünyada yenidir. Beynəlxalq nağıllar sisteminin kataloqu var. Biz də tapdığımız süjetləri o kataloqla tutuşdururuq.

- Sizin yenilikləri xaricdə maraqla qarşılayıblarmı?

- Bu tərcümə olunandan sonra baş verə bilər. Amma hələ ki,  özümüz aşkarladığımız yeni, süjetləri o kataloqla müqayisə edirik və görürük ki, bunlar lap təzədir.

- Onların yeni olması hələ ki, sizə məlumdur?

- Bəli, hələ ki,  ancaq bizə məlumdur. Arada bu mövzularda məqalələr də yazırıq.

- Bir az da yazılı ədəbiyyatda istifadə olunan nağıllardan danışaq. Bu ənənə ədəbiyyatda və folklorda necə tənzimlənir?

- Azərbaycan ədəbiyyatında müəyyən yazıçılar, şairlər olub ki, onlar folklor materiallarından istifadə ediblər. Seyid Əzim Şirvani, Qasım bəy Zakirin təmsilləri, Mikayıl Müşfiq, Abdulla Şaiqin uşaqlar üçün yazdığı şeirlərində folklor materiallarından istifadə olunub. Təbii ki, istənilən yazar folklordan istifadə edə bilər. Süjetləri, motivləri götürərək uşaqlar üçün onların yaş psixologiyasına uyğun yazılar hazırlaya bilərlər.

- Folklordan istifadə edən yazıçılardan kimlərin əsərlərini qənaətbəxş sayırsınız?

- Mövlud Süleymanlı xalqdan gələn motivlərdən istifadə edib. Onun özü də yazdıqları da çox maraqlı qarşılanır. Xalq motivlərini,  inanclarını ədəbiyyata gətirdiyindən yazıları çox maraqla qarşılanıb.

– Bəs Avropada bu ənənə özünü doğrulda bildimi?

- Anderson nağılların motivlərindən, süjetlərindən istifadə edib. Amma yazdıqları sırf onun fantaziyasıdır. Onun məhsuludur. Qrimm qardaşları nağılları toplasalar da, öz əlavələrini də ediblər. Yəni beş-altı nağıl süjetini bir araya gətirib kamil bir süjet yaradıblar. Bu da təbii ki, onların əlavəsidir.  

- Nağılların müasir durumu barədə danışaq. Bu gün nağıl söyləyiciləri azalmaq üzrədir. Bu yeni nağılların aşkarlanmasına nə dərəcədə mənfi təsir edir?

- Son toplama işləri onu göstərir ki,  nağıl söyləmə ənənəsi öləziməkdədir. Onların sayı get-gedə azalır. 10-15 il bundan əvvəl Saatlı rayonunda folklor ezamiyyətində olanda orada 7-8 sehrli nağıl qeydə almışdıq. Amma keçən il isə cəmi bir sehrli nağıl qeydə ala bildik. Sehrli nağıllar demək olar ki, itmək üzrədir. Çünki bu nağıllara əsasən uşaqlar qulaq asır. İndinin uşaqları isə daha çox vaxtlarını kompüter, televiziya qarşısında keçirir. Nağıllara meyl azalıb. 

- Nağıl dinləməyin uşaq psixologiyasına hansı təsirləri var?

– Təbii ki, var. Çünki nağıllarda başlıca olaraq qorxmazlıq əzmkarlıq, zəhmətsevərlik və s. aşılanır. Bu da uşaqların şüuraltına təsir edir. Onlar bu nağılları hafizələrində saxlayır. Nağıllar demək olar ki, ömrü boyu onlarla olur. Daha sonra özləri söyləyiciyə çevrilirlər. Həm də nitq prosesinin inkişafına və yaradıcı potensialının artımına da təsir edir. Yaşlı söyləyicilərimizdən hər dəfə soruşuruq ki, necə olub ki, siz bunu eşidib yadda saxlamısınız. Böyük əksəriyyət deyir ki, uşaq vaxtından böyüklərimiz deyib, biz də yadda saxlamışıq. İndi yaşlı olmasına baxmayaraq, uşaq vaxtı eşitdikləri hələ də yadlarında qalıb.

- Yazıçılar folklor materialından istifadə  etsələr nə qazanarlar?

– Çingiz Aytmatovu misal götürək. Əsərlərində xalqdan gələn nə qədər detallar var. Bunların hamısı əsər üçün önəmli rol oynayır. 

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı