Modern.az

Ağahəsənin “tutma”sı

Ağahəsənin “tutma”sı

27 Yanvar 2014, 15:24

Kəndimizdəki dəyirmanı Əliş kişi işlədərdi. Hər gün qonşu kəndlərdən onlarla adam at arabasında taxılını gətirib ununu aparardı. Biz isə heç nəyə məhəl qoymadan, əlimizdə taxta tapança ilə binanın başına dövrə vurub “düşmən” öldürməklə məşğul idik. Bəzən də atın qarşısında, eşşək arabasında gizlənib “düşməni” nişan alardıq...

Əliş kişi isə öz işindəydi... Dəyirmanın çaqqılltısı kəsəndə isə bilirdik ki, indi Əliş kişi həyətə çıxacaq, buradakı palıd götüyünün üstündə oturub “Kazbekini” yandıracaq...

Bir gün yanından keçən qarıyla nə danışdısa kefi pozuldu. Elə bil adam axtarırdı ki, söhbət etsin. Bu məqamda əlinə mən keçəsi oldum:

- Gəl qonşu, gəl otur. Əmi-bala dərdləşək...

Görüşdüyüm arvad qonşum Alıkişinin bacıydı. Yazıq Alıkişinin on illik evliliyindən sonra bir oğlu dünyaya gəldi. Beş qız üstündə tapılan oğlana atasının adını-Ağahəsən qoyurlar.
Yeriyib yüyürən vaxtı Ağahəsən də xəstəlik başladı. Atası Alıkişi olan-olmazını satıb oğlunun müalicəsinə xərclədi. Amma faydası olmur. Ayda bir dəfə Ağanın “tutması” tuturdu. Özündə olmurdu. Birdən sutkalarla yatmır, elə hey danışırdı. Hec başa da düşmək olmurdu ki, nə danışır, nəyi danışır və nə demək istəyir. Amma vaxtı tamam olanda özü müalicəsiz düzələrdi. Beləcə ailə Ağanın bu xəstəliyinə öyrəşmişdi. Elə müalicəyə də satılası bir mal-mülk qalmamışdı... Alıkişi taleyi ilə barışmışdı...
Əliş kişi danışır. Danışdıqca yerində qurcalaxlanırdı.

“Kazbek”dən bir qüllab vurub söhbətinə davam etdi:

- Bir gün Ağa dəyirmana gəldi. Danışıb güldüyü yerdə “tutması” tutdu nə tutdu. Özündən getdi. Üzünə su səpib bir təhər ayıltdıq. Tam başqalaşmışdı. Qarğıdan olan atı minib çapmağa başladı. On beş yaşı olsa da, özünü “nazir” hesab edirdi. Mənə də “vəzifə” verdi. Hətta dedi ki, “Brejniye” deyəcəm sənə maşın versin, çox əziyyət çəkirsən...

Bu məqamda Əliş kişiyə sual verdim:

- Bəs sonra nə oldu Əliş əmi?

- Nə olajaq. “Tutması” tutan vaxtı bütün ailə üzvlərini öldürmüşdü. Hökumətdə onu aparıb dəlixanaya saldı. Deyirlər hələ sağdı...

Ağahəsənin “tutması” heç yadımnan çıxmır. İndi nə Əliş kişi sağdı, nə də Ağahəsən. Amma o xəstəlik yaşayır...

Demək düz deyiblər ki, insan özü-özünə elədiyini el yığılsa eləyə bilməz...

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər