Modern.az

Zakir Həsənov Səfər Əbiyevin qoyduğu qaydanı dəyişib - Hərbi ekspertin ŞƏRHİ

Zakir Həsənov Səfər Əbiyevin qoyduğu qaydanı dəyişib - Hərbi ekspertin ŞƏRHİ

Təhsil

28 Yanvar 2014, 14:35



Bir neçə gün bundan qabaq Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərlə bağlı müraciət yaymışdı. Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəsin pozulduğu ərəfədə belə bir bəyanat isə diqqət çəkir. Onu da bildirək ki, adətən hərbi birləşmələr və briqada komandanlığı səviyyəsində belə müraciətlər edilirdisə, indi birbaşa nazirliyin özü məlumat yaydı.

Mövzu ilə bağlı hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov Modern.az-a şərh verib. Onun sözlərinə görə, zaman-zaman müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlər üçün Müdafiə Nazirliyi elanlar dərc etdirsə də, fərqlər də mövcuddur.

“Yeganə fərq ondan ibarətdir ki, sabiq müdafiə naziri Səfər Əbiyev bir sıra obyektiv səbəblərdən müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçuların öz yaşadığı ərazidən ən azından yüz kilometr məsafədə xidmət keçməsini müəyyənləşdirmişdi. İndi isə, Zakir Həsənov bu qaydanı dəyişərək, hərbi hissə və birləşmələr yaxın ərazilərdə yaşayan ali təhsilli gənclərə müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunu reallaşdırmaq üçün imkan yaradır. Bunun üçün də onlar hərbi xidmət keçmək istədikləri hərbi hissələrin komandanlığına müraciət edə bilərlər. Mən də o fikirlə tamamilə razıyam ki, məhkumluğu olan, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalayiq hərəkətlər törətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların təkrarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunması yasaqlanıb. Bu da ona görə edilib ki, gələcəkdə bu kateqoriyadan olan şəxslər arasında nizam-intizamın yüksəldilməsi, məsuliyyətinin artırılmasına xüsusi diqqət yetirilsin”.

Ü. Cəfərov qeyd edib ki, prinsip etibarı ilə yaxşı təklif olsa da, bunun reallaşması ilə əlaqədar çətinliklər də istisna edilmir. “Təki bunun reallaşması üçün həm Müdafiə Nazirliyi, həm də əlaqədar qurumlar əl-ələ verib işləsinlər və ortaya lazım olan nəticəni qoysunlar”.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır