Modern.az

Tiflis küçələrində Azərbaycan dilənçiləri

Tiflis küçələrində Azərbaycan dilənçiləri

Reportaj

20 May 2010, 12:37

st1:*{behavior:url(#ieooui) }

“Hər gün əllərimi göyə açıb Allaha dua edirəm. Deyirəm bizə kömək etsin, küçədə-zadda olmayaq. Hamımız bir ailə kimi evə yığışaq, işləyib pul qazanaq, dilənməyək. Dilənəndə adama hər söz deyirlər. Bir də Allaha dua edirəm ki, kim atasız-anasızdır, kimsəsizdir, onlara kömək etsin”.

10 il əvvəl ailəsi ilə birgə Azərbaycanın Ağstafa rayonundan Gürcüstanın paytaxtı Tiflisə pənah gətirən 16 yaşlı Sara Məmmədovanın ən böyük arzusu atasının işləməsidir. Kişilərinin işləmədiyini deyən Sara buna görə gürcülərin onları “qaraçı” adlandırdıqlarını bildirir. Saranın sözlərinə görə, əslində onlar qaraçı deyil, kürddülər. Amma onların da çörəkpulu qaraçılar kimi dilənməkdən çıxır. Tiflis sakinləri hər gün onları ya metronun “Rustaveli” stansiyasının qarşısında, ya da digər metro stansiyalarının içərisində rəngli ətəkdə, başı çalmalı vəziyyətdə dilənən görürlər. Kiçik yaşlarından Tiflisdə böyüdüklərindən gürcü dilini də bilirlər. Bundan başqa, Azərbaycan və kürd dillərində də danışmağı bacarırlar. Modern.az-ın əməkdaşı Tiflisin 16 yaşlı dilənçisi Sara Məmmədova ilə söhbətləşib.

«Azərbaycan bizim namus torpağımızdır, orda dilənmirik» - Yezidlər var, onlar da bizim millətdi, onlar xristian olublar, biz müsəlman olmuşuq. Türkiyədə də var bizim millətdən. Mənim də nənəm-babam Türkiyədən Azərbaycana gəlib, atam, əmilərim Azərbaycanda böyüyüblər, əsgərliyə də gediblər.   - Bəs niyə Azərbaycandan Gürcüstana gəlmisiniz? Tiflisdə daha çox qazanırsınız? - Yox, biz Azərbaycanda qazana bilmərik. Ora bizim əsl namus torpağımızdır. Öz torpağında nə təhər gəzə (Sara dilənməyə çox vaxt «gəzmək» deyir) bilərsən? Amma bizim millətdən olan elələri var ki, utanmırlar, həyasızlıq edib Azərbaycanda gəzirlər. Ora da gedib-gəlirik, amma orda dilənmərik. Azərbaycandakı evimizə gedəndə orda pul borc edirik. Sonra da Tiflisyə gəlib gəzir, borcumuzu qaytarırıq. - Azərbaycana tez-tez gedirsiniz? - Anamgil tez-tez gedir. Biz ildə bir-iki dəfə gedirik. Bu il Novruz bayramında atamla anam getdilər. Anam deyir ki, Novruz bayramında gərək evin qapısı açıq olsun, həm də bayramda qəbirüstünə gedirlər. - Gündəlik qazancın nə qədər olur? - Gündə 10-15 lari (5-7,5 manat-L.M.), yaxşı gün olmayanda 5-8 lari (2,5-4 manat-L.M.) qazanıram. Əvvələr daha yaxşı qazanardıq. Ruslarla müharibə olandan sonra gürcülər arasında da dilənçilərin sayı çoxaldı. Buna görə bizim qazancımız da azaldı. Metroda hər addımbaşı bir dilənçi durur. - Gürcülərdən pul qoparmaq üçün hansı üsuldan istifadə edirsən? - Zorla istəyirəm. «Sən sevgilinin canı» deyib alıram. Eləsi var 5-10 tetri (2,5-5 qəpik-L.M.), eləsi var 1-2 lari (50 qəpik-1 manat-L.M.) verir. - Bəs, pul verməyənləri öz dilində söyürsən? - Yox. Anam-atam bizə tapşırıb ki, tərbiyəli olun, camaata söyməyin, həyasızlıq etməyin. Bir dəfə bacım söydü, vurdular onu. Elə kürd uşaqları var ki, pul verməyəni həmişə söyürlər, pis söz deyirlər. Hələ elələri var ki, həyasızlıq edib qızların başından «şpilka»larını çıxarırlar. Onların ana-atasına deyəndə də uşaqlarına təpinmirlər. Deyirlər “yaxşı edib”. Hər şey ana-atadan asılıdır, heç nə deməyəndə, uşaqlarına təpinməyəndə onlar da pis şeylərə öyrənirlər. - Evə pul aparmayanda, yaxud az aparanda heç valideynlərin səni cəzalandırıb? - Yox, heç vaxt valideynlərim məni pula görə cəzalandırmayıb, döyməyiblər. Bircə dəfə balaca olanda uşaqlarla oynadım, pul yığa bilmədim. Evə gedəndə ata-anam üstümə qışqırdılar. Əslində günah məndə olmuşdu, amma mən də yalandan dedim ki, pul istədim vermədilər. Atam da dedi ki, “uşaqlar deyir pul yığmaq əvəzinə oynamısan”. Mən də yalandan qışqır-bağır saldım ki, «nağayırım vermədilər». Onlar da dedilər ki, yaman qudurubsan. Amma pis qızlar var, onlarla danışanda atam məni  döyüb, anam da saçımı qoparıb ki, «o qızlara yaxın getmə. Səni aldadarlar, pis yerə apararlar». - Gündə neçə saat işləyirsən? - Səhər saat 12-dən axşam 6-7-yə qədər gəzirəm. Hava soyuq olanda evdə otururam. Amma elə ailələr var ki, uşaqları pula görə səhər saat  9-dan 11-ə kimi küləkdə, yağışda eşikdə qalırlar. Onların ana-atası uşaqlarını başa düşmür. Allaha and olsun, hələ elə qızlar var ki, ata-anası az pul apardığına görə döyməsin deyə pis yola gedirlər. Bu halda artıq günah ata-anadadır, uşaqda deyil. Mənim ata-anam deyir ki, “Allah verəndən 5-10 lari (2,5-5 manat-L.M) qazanıb evə gəlin, lap heç nə qazanmasanız da evə gəlin”. Qazandığımızdan da gündəlik 4 lari (2 manat-L.M.) kirayə haqqı veririk.

Sara deyir ki, ailədə 8 uşaq-  5 qız, 3 oğlandırlar. Amma yalnız 3 qız «gəzməyə» çıxır. Çünki o biriləri hələ balacadır. Ən kiçik qardaşı 8 aylıqdır. 1 otaqlı evdə 10 nəfər bir yerdə yaşayırlar.

- Sara, ilk dəfə «gəzməyə» çıxdığın vaxtları necə xatırlayırsan? - Altı-yeddi yaşım olardı. İlk dəfə çox utanırdım. Adam birinci dəfə əl açıb pul istəməyə utanır. Çünki pul istəyəndə adamın gözünün içinə baxırlar axı. Sonradan utanmaq hissim azalsa da, hələ də keçməyib. Gürcülərə elə gəlir ki, bizim işimiz asandı, amma elə deyil. 10-20 lari (5-10 manat-L.M.) yığanacan yüz söz eşidirik.   - Məktəbə gedirsən? - Hə, gedirəm. Yanımızda kasıblar üçün məktəb var, həftədə 2 dəfə dərs keçirlər. Vaxtım olanda mən də gedirəm. Elə gürcü dilini, hərflərini də orda öyrənmişəm. - Böyüyəndə kim olmaq istərdin? - Həkim olmaq istəyərdim. Amma bilirəm ki, heç vaxt həkim ola bilməyəcəm. Axı məktəbə gündə getmirəm. Amma məktəbə gedən qızlara baxanda elə istəyirəm mən də oxuyum… (doluxsunur - L.M.) «Hələ ərə getmək istəmirəm, neynirəm, uşağam» - Səhv etmirəmsə, sizdə qızlar, elə oğlanlar da tez ailə qurur. Bəs sən nə vaxt ailə qurmaq fikrindəsən? - Hələ atam-anam qoymur. Həm də özüm istəmirəm, hələ uşağam, neynirəm. 18 yaşım olsun, sonra ailə quracam. Anam deyir ki, «sənə icazə vermirəm ki, bəzi qızlar kimi 13-14 yaşında qaçasan, yoxsa səni vurub öldürəcəyik». Anamın dayısı qızının hələ 16 yaşı olmamışdı, qaçdı, sonra ata-anasının üstünə qayıtdı. Anam deyir ki, valideynlərinin icazəsi olmadığından ata-anasının qarğışı onu tutdu. - Heç gözaltın da yoxdu? - Yoxdu. Amma mənimlə evlənmək istəyən var. O da kürddü, 16 yaşı var. Xoşum gəlir  ondan, amma hələ ürəyim alışmayıb. Azərbaycanda qalır. Xalam da məni oğlu üçün istəyir. Mən də deyirəm ki, xalam oğlu öz qardaşımdı, onunla nətəhər evlənim. Özü də indi istəyirlər. Mən də istəmirəm, nağayırım, buna görə də fikir çəkirəm. - Xalan oğlu da «gəzməyə» çıxır? - Yox, evdə oturur. Ata-anamın evində «gəzirəm», istəmirəm ərə gedəndə də dilənim. İstəyirəm ki, ərim işləsin, mən yox. Mən də başqa qadınlar kimi evimin içində qalım. Elə ata-anama da deyirəm bunu. - Ata-anan nə deiyr? - Deyirlər ki, hələ gözlə. Allah sənin qarşına nə çıxarsa, o olacaq. - Gürcü oğlanla ailə qurarsan? Axı onlarda kişilər də işləyir? - Yox, nə danışırsan? Biz xristianlara getmərik, müsəlmanıq axı, bizə elə icazə yoxdu. «Bir dəfə də kişi qazansın, arvadı yesin, noolar ki…»

- Atan niyə işləmir, iş tapmır, yoxsa işləmək istəmir? - İş var, amma mənim atam özü işləmək istəmir. Kürd qonşumuz var, onun arvadı işləmir, əri taksidə işləyir. Ayda paçka yarım qazanır. Anam da, mən də atama deyəndə atam işləmək istəmədiyini deyir. Valideynlərimizin də umudu bizik. - Bəs atan bütün günü nə edir? - Gəzir, evdə kişilərlə oturur, yeyib yatır. Kişilərimiz elə adət götürüblər ki, işləmirlər. - Sən bu adətlə razısan? - Yox. Qadın işləməli deyil. Qadın uşaqlaramı, evəmi baxsın, gedib dilənsinmi? Day bu adamda heç hal da qalmaz. Bir dəfə də kişi qazansın, arvadı yesin, noolar ki? Bunlar tərk etmir də bu adəti, öyrəşiblər bu işə.

 

 

Şəkil çəkdirməyə hazırlaşırlar.

 

"Biz hazırıq".

 

Balaca Günəş hamıdan çox pul qazanır.

 

Yoldan keçən gürcü Günəşə bir "paçka" şirin qarğıdalı çubuğu verib.

 

"Dilənəndə adama hər söz deyirlər"

 

Yorğunluq onu əldən salıb.

Lalə Musaqızı, Tiflis, Gürcüstan

P.S. Azərbaycandan fərqli olaraq Gürcüstanda dilənçi mafiyası yoxdur, onlar bir mərkəzdən idarə olunmur, qazanclarından heç kimə «haqq» vermirlər 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi