Modern.az

Jurnalistlər musiqi dinləməyə vaxt tapanda kimə qulaq asırlar? (sorğu)

Jurnalistlər musiqi dinləməyə vaxt tapanda kimə qulaq asırlar? (sorğu)

20 May 2010, 14:35

Musiqi ruhun qidasıdır deyirlər. Bəzən insan yorğun vaxtlarında hansısa həzin bir musiqiyə qulaq asmaqla yüngülləşir, dincəlir. Elmi araşdırmalar da müsiqinin müalicəvi xüsusiyyətlərini təsdiqləyib. Musiqinin növləri çoxdur və onlar sərhədd tanımadan dünyaya yayılıb. Hər kəs əhval-ruhiyyədən və zövqdən asılı olaraq müxtəlif musiqilərə qulaq asır.   Modern.az jurnalistlər arasında kiçik bir sorğu keçirərək onların musiqi dinləməyə vaxt tapıb-tapmadıqlarını, hansı müsiqi növünə və kimə qulaq asdıqlarını öyrənməyə çalışıb.

APA-nın baş direktoru Vüsalə Mahirqızı musiqini adətən maşında dinlədiyini deyir: “Əsasən Azərbaycan və Türk musiqilərinə qulaq asıram. Bir də ispan melodiyalarını çox sevirəm. Onlarda bizim musiqiyə oxşar nələrisə tapa bilirəm. Muğama isə çox sakit vaxtlarımda və düşünmək istəyəndə qulaq asıram.

Azərbaycan estradasının və milli musiqisinin bütün nümayəndələrinə qulaq asa bilirəm. Türk müğənnilərindən Leman Sam, Funda Ararı çox sevirəm. Lirik mahnılara daha çox üstünlük verirəm. Həmçinin Xədicə Abbasovanın səsini çox sevirəm. Flora Kərimova şəriksiz sevdiyim müğənnidi. Demək olar ki, onun bütün mahnılarını əzbər bilirəm. Əhvalımın ən pis vaxtında Flora Kərimovanın mahnılarına qulaq asıram. Onun səsində, ən həzin mahnılarında belə məncə, bir üsyan, həyata çağırış var. Digər müğənnilərdən də ayrı-ayrı mahnıları dinləyirəm”. 

“Xalq Cəbhəsi” qəzetinin redaktoru Arzu Şirinova əsasən milli musiqiləri dinlədiyini deyir: “Bayağı musiqilərə ümumiyyətlə qulaq asmıram. Xalq və klassik musiqilərinə üstünlük verirəm. Mənsum İbrahimov, Güllü Muradova, Eldəniz Məmmədov və Nəzakət Teymurovanın ifalarını bəyənirəm. Həmçinin Şövkət Ələkbərova, Rəşid Behbudov, Gülağa Məmmədov, indiki müğənnilərdən Röya və Tünzalənin mahnılarını bəyənirəm. Xarici musiqilərdən də bəzilərinə qulaq asıram”.

 

“Kaspi” qəzetinin əməkdaşı Həqiqət İsabalayeva da işdən-gücdən musiqi dinləməyə vaxt tapdığını deyir: “Demək olar ki, janrından asılı olmayaraq ürəyimcə olan bütün musiqiləri dinləyirəm. Musiqini məhz kim ifa etdiyi üçün deyil, qəlbə nə qədər yaxın olduğu üçün dinləməyi üstün tuturam. Azərbaycan müğənnilərindən daha çox

İslam Rzayev, Əlibaba Məmmədov, Rübabə Muradova və başqalarının ifaları xoşuma gəlir. Xaricilərdən Xulio İqlessias, Demis Russos, Madonnaya yeri gələndə qulaq asıram. Təbii ki, bu musiqiləri əhvalıma uyğun olaraq dinləyirəm. Gün ərzində əhvalımı musiqi də tənzimləyə bilər”.

 

“Reytinq” qəzetinin redaktoru Seymur Verdizadə musiqini çox sevdiyini deyir: “Qarabağda doğulduğum üçün beşiyimin başında musiqi çalınıb. Həm yerli, həm də xarici musiqi parçalarını dinləməkdən zövq alıram. Klassik musiqini də, estrada musiqisini də dinləyirəm. Ən çox Şövkət Ələkbərovanı dinləyirəm. Həmçinin muğam musiqisinə də böyük rəğbətim var. Onlardan

Arif Babayevi, Alim Qasimovu, Mənsum İbrahimovu və Ağaxan Abdullayevə qulaq asıram. Gənc muğam ustalarından İlkin Əhmədovu bəyənirəm.

Estradamızın korifeylərindən olan Flora Kərimovanın sənətinin vurğunuyam. Türkiyə sənətçisi Sezen Aksunun da pərəstişkarıyam. Röyanın da səsi xoşuma gəlir”.

 

Müstəqil jurnalist Aynur Elgünəş də musiqi dinləməyə vaxt tapdığını deyir: “Əsasən evdən işə, işdən də evə gedən zaman dinləyirəm. Musiqini əsasən əhvalıma uyğun olaraq seçirəm. Son vaxtlar türk müğənnilərindən Ajda Pekan, Funda Arar və Sertap Erenerə qulaq asıram. Kefim olmayanda özümü depressiyadan çıxarmaq üçün roka qulaq asıram. Azərbaycan müğənnilərinə tək-tük hallarda qulaq asıram. Bəyəndiklərim var. Amma daim dinləmirəm”.

 

“Olaylar” qəzetinin redaktoru Elman Cəfərli deyir ki, gün ərzində zamanı olsa, musuqiyə qulaq asır: “Muğam ustalarından Alim Qasımovun, Fərqanənin, Təyyarın, mərhum Hacıbaba Hüseynovun ifalarını dinləyirəm. “Savalan” qrupunun mahnılarını cox sevirəm. Aşıqlardan Ədalətin, Samirənin ifalarını bəyənirəm. Türküləri sevirəm. "Həkimoğlu", "Bir fırtına türküsü", "Halil İbrahim" türkülərini dinləyirəm. Mərhum Barış Manco, Ebru Yaşar, İbrahim Ərkal, Tarkan dinlədiyim müğənnilərdi. Mehtər marşlarını, Araz Elsəsi, Ahmed Safakı saatlarla dinləsəm, doymaram. Çünki türkülər

elə bil adamı başqa aləmə aparır. Xarici musuqilərdən də bəzilərini dinləyirəm. Öz şou-biznesimizi təmsil edən heç bir müğənnini sevmirəm. Çünki saxtakar və pula hərisdirlər. Həm də yaxşı oxumurlar”.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Sevil Hilalqızı vaxt tapıb mobil telefonla musiqiyə qulaq asdığını deyir:

“Azərbaycan müğənnilərindan daha çox Röyanı dinləyirəm. Onun səsi sanki müalicəvidir. İnsanın əsəblərini sakitləşdirir. Gənc muğam ifaçılarından Eldəniz və Elnurun ifalarını bəyənirəm. Türk müğənnisi Sezen Aksunun mahnılarını bəyənirəm. Maykl Cekson və Mira Kerinin də gün ərzində mahnılarına qulaq asıram”.

 

“Azərbaycan” qəzetinin idman yazarı Elçin Cəfərov musiqi dinləməyə vaxt tapan jurnalistlərdəndir: “Xalq mahnıları və klassik musiqiləri dinləməyə üstünlük verirəm. Arif Babayev, Feyruz Səxavət, Aygün Bayramovanın muğamlarını dinləyirəm. Estrada müğənnilərindən İlqar Muradovun ifasını bəyənirəm. Başqalarına ümumiyyətlə qulaq asmıram. Türk sənətçilərindən Muazzez Ersoy, İbrahim Tatlısəs və Sərdar Ortacın mahnıları xoşuma gəlir. Enriki Englesesin mahnılarını da arada dinləyirəm”.

Müstəqil jurnalist Azər Həsrət hər səhərini musiqi ilə açdığını deyir: “Hətta səhər yeməyini də musiqi sədaları altında yeyirəm. Araz Elsəs, Ozan Arif, Azərin, Şəmistan Əlizamanlını daha çox dinləyirəm. Milli-vətənpərvərlik ruhunda olan musiqilərə qulaq asıram. Üstəlik də bizim balacalar mənim kimi bu musiqiləri çox sevirlər”.

 

525-ci qəzet”in əməkdaşı Ülkər Nəbiyeva klassik musiqi dinləməyə üstünlük verir: “Fidan Hacıyeva, Vaqif Mustafazadənin musiqilərini dinləyirəm.

Skripkani çox sevirəm məsələn, maestro Ceyhun, Natiq Nuriyevi.

Xarici musiqilərdən Bethoven, Haydn, Motsarta qulaq asıram. Estrada müğənnilərindən Röya və Faiqi daha çox dinləyirəm. Arada bir xarici musiqilərə də yer ayırıram”. Günay Musayeva

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir